Məhkəmə qərarları › İş №2(103)-7071/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7071/2022

23.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7071/2022 23.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X3 Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı X3 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı X3 Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(005)- 2668/2022 nömrəli qətnaməsindən iddiaçı X6 və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə 23 noyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. xx.xx.2020-ci il tarixli "xxxx" İnternational Hospitalın xx.xx.2020-ci il tarixli epikrizindən görünür ki, X4 (S522.5) Sol mil sümüyünün aşağı ucunun qapalı, qəlpəli yerdəyişən sınığı diaqnozu qoyulmuşdur.

2. xx.xx.2020-ci il tarixli "xxxx" İnternational Hospitalın faktura sənədindən görünür ki, X6 tibbi xidmətlərə toplam 3346,39 manat ödəniş etmişdir.

3. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-441/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilməklə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və iş üzrə icraata xitam verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı X6 Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələrlə məhkəməyə müraciət edərək, Cavabdeh maddi ziyana görə 3346.39 manat (üç min üç yüz qırx altı manat 39 qəp.), mənəvi ziyana görə 10000 (on min) manat olmaqla, cəmi 13346.39 (on üç min üç yüz qırx altı manat 39 qəp.) manat tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 31 avqust 2020-ci il tarixinə keçən gecə saat 2 radələrində, ünvan 1 ünvanda “Anar market” adı altında fəaliyyət göstərən ərzaq məhsullarının satışının aparıldığı mağazanın qarşısında onu qəsdən vuraraq yerə yıxmış, nəticədə ona sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş sol mil sümüyümün aşağı ucunun qapalı, qəlpəli, yerdəyişən sınığı ilə müşayiət olunan xəsarət yetirərək qəsdən sağlamlığıma az ağır zərər vurub. Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilərək barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının tətbiq olunmasını xahiş edərək buna dair yazılı ərizəni onun cinayət işinə baxan məhkəməyə təqdim edib. Nərimanov Rayon Məhkəməsinin 1(005)- 441/2021 №-li xx.xx.2021 -ci il tarixli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilməklə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və iş üzrə icraata xitam verilmişdir. Beləliklə, cavabdehin ona zərər yetirməsi faktı cinayət icraatı qaydasında baxılan iş üzrə təsdiq olunmuşdur. Aldığı xəsarətlə bağlı uzunmüddətli müalicəyə, o cümlədən cərrahi əməliyyatlara məruz qalmışdır. İndinin özündə də həmin xəsarətdən əziyyət çəkir. Tək cərrahi əməliyyat üçün 3625,95 manat ödəmişdir. Bundan başqa, əlavə olaraq 1341,39 manat vəsait də müalicəsinə xərclənmişdir. Müvafiq sənədlər əlavə olunur. Cavabdeh onun çəkməli olduğu xərcləri ödəyəcəyinə dair söz versə də, ona cəmi 1000 manat ödəmişdir. Sağlamlığına dəymiş zərərə görə kompensasiya vaxtında ödənilmədiyindən yerdə qalmış məbləğə Mərkəzi Bankın bu müddətdəki uçot dərəcələri tətbiq olunmalı, habelə inflyasiya nəzərə alınmalıdır.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(005)- 2668/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 3346,39 (üç min üç yüz qırx altı manat, otuz doqquz qəpik) manat məbləğində maddi zərər və 3000 (üç min) manat mənəvi zərər tutularaq iddiaçı X4 ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, X2 dəymiş zərərin Cavabdeh təqsirli hərəkətləri nəticəsində baş verməsi işin mübahisəsiz halı olduğundan, məhkəmə ilk növbədə 3346.39 manat məbləğində pulun cavabdehdən tutulmasına dair mübahisəyə münasibət bildirməyi zəruri hesab etmişdir. Belə ki məhkəməyə təqdim edilmiş hesab faktura və ödəniş qəbzləri ilə X3 tibbi xidmətlər üçün ümumilikdə 3346,39 manat ödəniş etdiyi sübut edilsə də, məhkəmə maddi ziyan hissəsində iddia tələbini təmin etmək qənaətinə gəlir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsində Cavabdeh tərəfindən ona 1000 manat ödənildiyi göstərsə də, məhkəmə prosesi zamanı həmin məbləği azaltmaqla maddi zərərə görə əvvəl cavabdehdən 7000 (yeddi min) manat, daha sonra maddi ziyana görə 6972,34 manat, nəhayət 3346,39 manat tələb etmişdir. Buna görə də, məhkəmə vurulmuş maddi zərərdən 1000 manat məbləğində pul vəsaitini 3346,39 manat məbləğdən çıxmaq barədə cavabdehin etirazı ilə razılaşmamış və qeyd etmişdir ki, iddiaçı X6 həmin pul vəsaitini də sağlamlığına vurulmuş zərərin aradan qaldırılması üçün sərf etmişdir. Belə ki, iddiaçı tərəfin təqdim etdiyi xx.xx.2020-ci il tarixli qəbzlə 400 manat, xx.xx.2020-ci il tarixli qəbzlə 796,39 manat tibb müəssisəsinə ödəniş etmişdir. Həmin məbləğlər isə xx.xx.2020-ci il tarixli "xxxx" İnternational Hospitalın fakturasında əks olunmamışdır. İddiaçının hazırda tələb etdiyi məbləğin cavabdeh tərəfindən ödənilməsi iş materialları ilə sübut olunmamışdır. Məhkəmə iddia tələbinin “mənəvi zərərin tutulması” hissəsində belə qənaətə gəlmişdir ki, iddia tələbi bu hissədə də qismən təmin edilməlidir. Belə ki, Cavabdeh hüquqizidd hərəkətləri nəticəsində iddiaçı X2 zərər vurulduğundan onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi və sarsıntılar keçirməsi danılmazdır. Belə ki, cavabdehin onun sağlamlığına vurduğu zərər nəticəsində X3 cərrahi əməliyyat keçirməsi, fiziki və mənəvi istirablar çəkməsi halı işin araşdırılmış halları ilə müəyyən edilmişdir. Ona görə də məhkəmə işin hallarını nəzərə alaraq, Cavabdeh mənəvi ziyana görə 3000 (üç min) manat məbləğində pulun iddiaçı X3 xeyrinə tutulmasını əsaslı və ədalətli hesab etmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 1096.1-ci 1096.2-ci maddələrinə, Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarına, Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına, “İnsan Hüquqlarının və X5 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə eləcə də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 77.3-cü, 78.1-ci, 78.2-ci, 80-ci, 82.4-cü, 88-ci, 119.1-cu, 217.3-cü və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apelyasiya şikayətlərinin dəlilləri

9. Qətnamədən iddiaçı tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin iddia tələbinin təmin edilməmiş – “mənəvi zərər” hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

10. Apelyasiya şikayətində göstərilmişdir ki, qətnamədə “..mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır.” qeyd edilsə də, mənəvi zərərin əvəzi kimi tələb edilmiş 10.000 manat məbləğə münasibətdə 3.000 manat tutulması olduqca əsassızdır. Halbuki məhkəmə iddiaçının sağlamlığına zərər vurulduğundan onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi və sarsıntılar keçirməsinin danılmaz olduğu faktını özü təsdiq etmişdir. Qeyd edilməlidir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti nəticəsində baş vermiş olması, qanunsuz hərəkətlə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirinin müəyyən edilmiş olması işin mübahisəsiz hallarıdır. Bundan əlavə, məhkəmə nəzərə almamışdır ki, iddiaçıya yetirilmiş bədən xəsarəti ehtiyatsızlıqdan törədilmiş əməl nəticəsində deyil, iddiaçının sağlamlığına xəsarət yetirmək qəsdi ilə törədilən cinayət nəticəsində yetirilmiş, hətta bundan sonra da onun müalicəsi üçün zəruri olan vəsaitləri ödəməkdən qəsdən yayınmış (bu günə kimi də yayınmaqdadır), iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, məruz qaldığı stress və iztirabları artmışdır. Göründüyü kimi, sübut etməyə ehtiyac yoxdur ki, qəsdən törədilmiş cinayət nəticədə sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş sol mil sümüyümün aşağı ucunun qapalı, qəlpəli, yerdəyişən sınığı ilə müşayiət olunan xəsarət yetirilərək qəsdən sağlamlığıma zərər vurulmuş, cərrahi əməliyyat keçirmiş və hazırda müalicəsi davam etdirilən şəxs ağır mənəvi sarsıntı və iztirablara məruz qalmışdır və bu mənəvi zərərin əvəzi kimi 10.000 manat məbləğ cavabdehdən tutulmalıdır.

11. Birinci instansiya məhkəməsinin qətnaməsindən həmçinin cavabdeh də apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə təqdim etdiyi 19 avqust 2022-ci il tarixli ərizədən də məlum olur ki, iddiaçı müalicə xərcləri üçün 3346.39 manat pul ödəmişdir və maddi zərər hissəsində iddia tələbi də 3346.39 manat olmuşdur. İddiaçıya dəymiş maddi zərərin məbləğini sübut edən 2-ci dəlil Nərimanov rayon Məhkəməsinin sorğusuna cavab olaraq "xxxx" MMC-nin təqdim etdiyi fakturadır. Belə ki, həmin fakturadan da göründüyü kimi, iddiaçı müalicə xərcləri üçün klinikaya ümumilikdə 3346.39 manat pul ödəmişdir. İddiaçı iddia ərizəsində onu da bildirir ki, cavabdeh onun çəkdiyi xərclərə görə 1000 (bir min) manat ödəniş etmişdir. Bu nəzərə alınsa, cavabdehin çəkdiyi xərclərdən 1000 manat pul çıxılmalı və iddia tələbi maddi ziyan hissəsində qismən (2246.39 manat hissəsində) təmin edilməli idi. İşə baxan məhkəmə isə bu məsələ barədə yanlış qənaətə gələrək bildirir ki, “iddiaçı tərəfin təqdim etdiyi xx.xx.2020-ci il tarixli qəbzlə 400 manat, xx.xx.2020-ci il tarixli qəbzlə 796,39 manat tibb müəssisəsinə ödəniş etmişdir. Həmin məbləğlər isə xx.xx.2020ci il tarixli "xxxx" İnternational Hospitalın fakturasında əks olunmamışdır.” Yəni, məhkəmə iddiaçıya dəymiş maddi ziyanın məbləğini, başqa sözlə iddia qiymətini öz mülahizəsinə görə artırmışdır. Halbuki, iş materiallarında olan sübutlar (iddiaçının iddia ərizəsi və klinikanın təqdim etdiyi faktura) sübut edir ki, iddiaçı müalicə xərcləri üçün cəmi 3346.99 manat ödəniş etmişdir. İddiaçının təqdim etdiyi mədaxil qəbzlərində göstərilən məbləğlər isə bütünlüklə fakturada qeyd edilən məbləğlə (3346.99 azn) ilə əhatə olunur, sadəcə olaraq iddiaçı həmin vəsaiti hissə-hissə klinikaya ödəmiş və buna görə də ayrı-ayrı qəbzlər əldə etmişdir. Beləliklə, iddiaçı ona dəymiş maddi ziyanı yekun olaraq 3346.99 manat miqdarında qiymətləndirsə də, məhkəmə əsassız olaraq dəymiş maddi ziyanın məbləğini daha çox qiymətləndirmiş və cavabdehin iddiaçıya ödədiyi 1000 manat vəsaiti nəzərə almamışdır. İddiaçının maddi ziyana görə tələb etdiyi məbləği əvvəlcə 7 000 (yeddi min) manat, daha sonra azaldaraq 3346,39 manat müəyyən etməsini səbəbi tərəflərindən məhkəməyə təqdim edilən etiraz olmuşdur. Belə ki, həmin etirazda tərəflərindən aşkar edilmişdir ki, 08 sentyabr 2020-ci il tarixli, 919000 saylı mədaxil qəbzin (400 manatın ödənilməsinə dair) “məhsul, iş və xidmətin adı” adlı bölməsindən də göründüyü kimi, bu pul “ORT pre-op” adlı xidmət üçün (əməliyyat öncəsi prosedur) ödənilib. Həmçinin, 11 sentyabr 2020-ci il tarixli, 921952 saylı mədaxil qəbzin (2150 manatın ödənilməsinə dair) “məhsul, iş və xidmətin adı” adlı bölməsindən də göründüyü kimi, bu pul “ORT (əməliyyat)” adlı xidmət üçün (yəni, əməliyyat üçün) ödənilib. Qeyd edilən bu 2 xidmət üçün toplam 2550 manat vəsaitin ödənilməsi xx.xx.2020-ci il tarixli fakturada məhz əməliyyat xərci kimi göstərilmişdir. Yəni, fakturada əməliyyat xərci kimi göstərilən 2550 manat ödənişi iddiaçı əlavə mədaxil qəbzləri təqdim etməklə 2 dəfə hesablamışdır. Amma, əslində 2550 manat vəsait bir dəfə ödənilib, iddiaçı isə eyni xidmətə dair ödənişi təsdiq edən faktura və qəbzi ayrı-ayırılıqda təqdim etməklə bir xidmətə görə ödədiyi məbləğin 2 qat hissəsini cavabdehdən tələb etmişdir. Yəni, iddiaçının fakturada göstərilən məbləği əlavə mədaxil qəbzləri təqdim etməklə 2 dəfə hesabladığı tərəflərindən aşkar edildikdən sonra (etiraz 10 avqust 2022-ci il tarixində təqdim edilib) iddiaçı iddia tələbini 3-cü dəfə dəqiqləşdirərək iddia tələbini 3346,39 manat məbləğində müəyyən etmişdir (19 avqust 2022-ci il tarixində). xx.xx.2020-ci il tarixli, 796,39 manat ödənilməsinə dair məsələ ilə bağlı qeyd ediməlidir ki, həmin mədaxil qəbzinin təqdim edilən surətindən də göründüyü kimi, həmin qəbzin “məhsul, iş və xidmətin adı” adlı bölməsində yazının üzəri qaraldıldığından həmin vəsaitin hansı xidmətə görə ödənildiyi qeyri-müəyyəndir. Şübhəsiz ki, həmin qəbz üzrə ödəniş də iddiaçının iddia ərizəsinə əlavə etdiyi xx.xx.2020-ci il tarixli fakturada qeyd edilən xidmətlərlə eynilik təşkil edir. Yəni, əməliyyat xərcində olduğu kimi, iddiaçı cavabdehə qarşı olan iddiasını əsaslandırmaq üçün eyni xidmətə (və ya xidmətlərə) dair ödənişi təsdiq edən faktura və qəbzi ayrı-ayırılıqda təqdim etməklə bir xidmətə görə ödədiyi məbləğin 2 qat hissəsini cavabdehdən tələb etmişdir. İşə baxan məhkəmə qeyd edilən nüansları ümumiyyətlə araşdırmamışdır. Lakin, xx.xx.2020-ci il tarixli, 796,39 manat ödənilməsinə dair mədaxil qəbzinin təyinatı, başqa sözlə bu pulun hansı xidmət üçün ödənildiyi iddiaçı tərəfindən gizlədildiyi (qəbzin həmin hissəsi qaraldılıb) halda, məhkəmə həmin qəbzin təyinatını araşdırmamışdır. Yəni, ən azından məhkəmə bütün bu ziddiyyətli məqamlara son qoymaq və dəymiş maddi ziyanı dəqiqləşdirmək üçün klinikaya sorğu verib, çəkilən real xərcləri müəyyən etməli idi. Beləliklə, cavabdeh tərəfindən iddiaçıya ödənilən 1000 (min) manat vəsaitin nəzərə alınmaması, bunun üçün məhkəmənin gətirdiyi dəlillər tamamilə əsassızdır. Bundan başqa iddiaçı mənəvi zərərə görə ona kompensasiya ödənilməsini, buna uyğun olaraq keçirdiyi mənəvi iztirabların konkret olaraq nədə ifadə olunduğunu, həmin mənəvi iztirablara görə iddia tələbində qeyd edilən məbləğdə kompensasiya ödənilməsini heç cürə əsaslandırmamışdır. Cavabdeh isə iddiaçının səhhəti ilə mütəmadi maraqlanmış, hətta müalicə xərclərini qarşılamaq üçün ona pul vəsaiti də vermişdir (iddiaçı bu faktı iddia ərizəsində də etiraf edir). Digər tərəfdən, iddiaçı iddia tələbini dəqiqləşdirmək üçün 3 dəfə ərizə vermiş və hər bir ərizədə heç bir əsaslandırma olmadan mənəvi zərərin məbləğini artırmış və son nəticədə 10 000 (on min) manat tələb etmişdir. Bu fakt bir daha onu təsdiq edir ki, iddiaçı ona dəymiş mənəvi zərərin məbləğini müəyyən edə bilməmiş və nə qədər çox pul tələb etsə, iddiasının bir o qədər çox təmin ediləcəyi qənaətinə gələrək əsassız olaraq 10 000 manat mənəvi zərərə görə kompensasiya tələb etmişdir. İşə baxan məhkəmə isə mənəvi zərərə görə 3 000 manat məbləğ müəyyən edərkən bu məbləğin hansı meyarlar əsasında müəyyən edildiyini, dəymiş mənəvi zərərin görə kompensasiya məbləğinin 3 000 manat olmasının ağlabatan olmasını heç bir mötəbər sübutla əsaslandırmamış və formal mülahizələrdən çıxış edərək bu məbləği müəyyən etmişdir.

b) Apelyasiya şikayətlərinə qarşı etirazların dəlilləri

13. Apelyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X3 nümayəndəsi və vəkili Vəkil1 tərəflərindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, iddiaçı sağlamlığına vurulmuş ziyanla bağlı sənədlərə əsasən ümumilikdə 3346.39 manat vəsait xərcləmişdir. xx.xx.2020-ci il tarixli qəbzlə 400 manat, xx.xx.2020-ci il tarixli qəbzlə isə ödənilmiş 796,39 manat, ümumilikdə çəkilmiş xərclərin tərkibinə daxil olmuşdur. Bundan başqa sağlamlığı ilə bağlı digər xərcləri olsa da bununla bağlı etdiyi ödənişlərə dair qəbzlər qalmamışdır. Həmçinin qeyd edilməlidir ki, hazırkı iş üzrə iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz qəsdən etdiyi hərəkətləri nəticəsində baş vermiş olması, qanunsuz hərəkətlə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirinin müəyyən edilmiş olması işin mübahisəsiz halları olduğu halda, birinci instansiya məhkəməsi mənəvi zərərin kompensasiyası kimi tələb edilən məbləği əsassız olaraq 3 dəfədən artıq məbləğdə azaltmışdır.

15. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh tərəflərindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, iddiaçı tərəfindən onun müalicə aldığı klinikaya müvafiq olaraq 400 manat və 796,39 manat ödənilməsinə dair mədaxil qəbzləri işə baxan məhkəmə tərəfindən tam və obyektiv araşdırılmamışdır. Belə ki, məhkəmə həmin mədaxil qəbzləri ilə ödənilən məbləğlərin iddiaçı tərəfindən təqdim edilən xx.xx.2020-ci il tarixli fakturada əks olunan 3346,39 AZN (üç min üç yüz qırx altı manat, 39 qəpik) vəsaitin tərkibinə daxil olub-olmadığını müəyyən etməmiş, formal mülahizələrdən çıxış edərək bildirmişdir ki, həmin qəbzlərdə qeyd edilən məbləğlər faktura məbləğinə daxil deyil. Qeyd edildiyi kimi fakturada əməliyyat xərci kimi göstərilən 2550 manat ödənişi iddiaçı əlavə mədaxil qəbzləri təqdim etməklə 2 dəfə hesablamışdır. Amma, əslində 2550 manat vəsait bir dəfə ödənilmişdir. Digər tərəfdən, xx.xx.2020-ci il tarixli, 796,39 manat ödənilməsinə dair mədaxil qəbzinin təyinatı, başqa bu pulun hansı xidmət üçün ödənildiyi iddiaçı tərəfindən gizlədildiyi (qəbzin həmin hissəsi qaraldılıb) halda, məhkəmə həmin vəsaitin hansı xidmət üçün ödənildiyini aşkar etmədən belə bir qənaətə gəlmişdir ki, o vəsait də iddiaçının üzləşdiyi ziyanın ödənilməsi üçün əlavə olaraq ödənilmişdir və iddiaçının ziyanı əvəzi olaraq ödədiyi 1000 manat vəsait bu səbəbdən nəzərə alınmamalıdır.

Tətbiq edilən maddi hüquq normaları:

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

18. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

19. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafıə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

20. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

Apelyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin “mənəvi zərər” hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş etmiş, cavabdeh isə qətnaməni bütövlükdə mübahisələndirmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə bütövlükdə yoxlanılmalıdır.

24. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti isə qismən təmin edilməli, qətnamə maddi ziyanın məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır.

26. Birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, X1 yaranmış zərərin hazırkı iş üzrə cavabdeh tərəfindən vurulması, təqsirinin olması sübuta yetirilir.

27. Bununla belə birinci instansiya məhkəməsi cavabdeh tərəfindən ödənilməli olan maddi ziyanın məbləği hissəsində işin hallarına düzgün qiymət verməmişdir.

28. Belə ki, iş materiallarında olan hesab faktura və ödəniş qəbzləri ilə müəyyən edilir ki, X6 tibbi xidmətlər üçün ümumilikdə 3346,39 manat ödəniş etmişdir.

29. Lakin iddiaçı tərəfin təqdim edilmiş xx.xx.2020-ci il tarixli qəbzlə 400 manat, xx.xx.2020-ci il tarixli qəbzlə 796,39 manat tibb müəssisəsinə edilmiş ödənişlər ümumilikdə edilmiş 3346,39 manat ödənişlərə aid olmuşdur. Belə ki, iddiaçının qeyd olunan hesab faktura və ödəniş qəbzlərindən əlavə tibbi xidmətlər üçün başqa ödəniş etməsi barədə hər hansı sübut təqdim edilməmişdir.

30. Göründüyü kimi xx.xx.2020-ci il tarixli qəbzlə 400 manat, xx.xx.2020-ci il tarixli qəbzlə 796,39 manat edilmiş ödənişlərin xx.xx.2020-ci il tarixli "xxxx" İnternational Hospitalın fakturasında əks olunmaması həmin məbləğlərin ayrıca ödəniş edilməsi anlamına gəlmir, çünki iddiaçı tərəfindən "xxxx" İnternational Hospital tərəfindən verilmiş fakturada iddiaçı tərəfindən tibbi xidmətlər üçün cəmi 3346,39 manat ödəniş edilməsi müəyyən edilir və iddiaçı tərəfindən təqdim edilmiş qəbzlər isə müxtəlif vaxtlarda edilmiş ödənişlərdi ki, sonda həmin ödənişlər cəm olaraq 3346,39 manat hesablanmışdır. Eləcə də iddiaçı tərəfindən təqdim edilmiş qəzblərdə olan ödənişlər cəm ödənişdən əlavə olmuş olsa idi, bu zaman iddia tələbinin həcmi də fərqli olmuş olardı.

31. Bundan başqa apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi eyni zamanda vəkili bildirmişdir ki, xx.xx.2020-ci il tarixli qəbzlə 400 manat, xx.xx.2020-ci il tarixli qəbzlə isə ödənilmiş 796,39 manat, ümumilikdə çəkilmiş xərclərin tərkibinə daxil olmuşdur.

32. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş ödəniş qəbzlərindəki məbləğlər "xxxx" İnternational Hospitalın fakturasında əks olunan və ümumilikdə ödənilmiş 3346,39 manat ödənişə daxil olmuşdur.

33. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddia ərizəsində iddiaçı qeyd etmişdir ki, cavabdeh tərəfindən 1000 manat ödəniş edilmişdir. Həmçinin cavabdeh tərəfindən 1000 manat ödəniş edilməsi işin mübahisələndirilməyən halı olmaqla yanaşı iddiaçı və cavabdeh tərəfindən qəbul edilmişdir.

34. Lakin birinci instansiya məhkəməsi cavabdeh tərəfindən edilmiş 1000 manat ödənişə də düzgün qiymət verməyərək, həmin məbləği iddiaçı tərəfindən ödənilmiş ümumi məbləğdən çıxmamışdır.

35. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən edilmiş 1000 manat ödəniş, ümumlikdə edilmiş 3346,39 manat ödənişdən çıxılmaqla, maddi ziyanın məbləği 2346,39 manat müəyyən edilməlidir.

36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti – maddi ziyanın məbləğinin müəyyən edilməsi hissəsində qismən əsaslı olmuşdur.

37. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehdən mənəvi ziyana görə tutulmalı olan məbləği düzgün müəyyən etmişdir və bu hissədə tərəflərin hər ikisinin apellyasiya şikayətləri əsassız olmuşdur.

38. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

39. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində qeyd olunmuşdur ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır.

40. Cavabdeh tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin dəymiş mənəvi zərərin görə kompensasiya məbləğinin 3 000 manat olmasının ağlabatan olmasını heç bir mötəbər sübutla əsaslandırmamasını və formal mülahizələrdən çıxış edərək bu məbləği müəyyən etməsini qeyd etsə də birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından həmçinin görünür ki, Cavabdeh hüquqizidd hərəkətləri nəticəsində iddiaçı X2 zərər vurulduğundan onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi və sarsıntılar keçirməsi danılmazdır və cavabdehin onun sağlamlığına vurduğu zərər nəticəsində X7 boğlunun cərrahi əməliyyat keçirməsi, fiziki və mənəvi istirablar çəkməsi halı işin araşdırılmış halları ilə müəyyən edilmişdir.

41. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etdiyi mənəvi ziyan məbləği də ağlabatan deyildir.

42. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir.

43. İddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri ümumiləşdirməklə yanaşı iddiaçıya mənəvi zərər vurulmasını, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığını, zərərvuran şəxsin təqsirini və əmlak vəziyyətini, zərərçəkən şəxsin fərdi xüsusiyyətlərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən tutulmalı olan mənəvi ziyanın məbləğini 3000 manat olmaqla düzgün müəyyən etmiş, həmin məbləğ ağlabatan və ədalətli olmuşdur.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

45. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

47. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi – maddi ziyanın məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməklə, cavabdehdən iddiaçının xeyrinə tutulmalı maddi ziyanın məbləği 2346,39 manat müəyyən edilməli və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

49. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı X6 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(005)- 2668/2022 nömrəli qətnaməsi – maddi ziyanın məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. Cavabdeh iddiaçı X3 xeyrinə tutulmalı maddi ziyanın məbləği 2346,39 (iki min üç yüz qırx altı manat, otuz doqquz qəpik) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun məbləği Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar