Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7072/2025 21.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-7072/2025 (Açar sözlər: öhdəliyin həvalə edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X1, üçüncü şəxs «Dövlət Sosial Müdafiə Fondu” PHŞ-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu üçüncü şəxs qismində cəlb edilməklə) "cavabdehin üzərinə öhdəliyin qoyulması" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 3891/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə 21 yanvar 2026-cı il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu üçüncü şəxs qismində cəlb edilməklə) "cavabdehin üzərinə öhdəliyin qoyulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun "xxxx" QSCnin Dəmir yollarının və texniki qurğularının təmir-tikinti Departamentində xx.xx.2013xx.xx.2015-ci illərdə bənna, xx.xx.2015-xx.xx.2016-cı illərdə isə suvaqçı vəzifəsində işlədiyim illərə görə məcburi dövlət sosial sığorta haqları üzrə hesabatların təqdim edilməsi və həmin dövrlərə görə məcburi dövlət sosial sığorta haqlarının hesablanaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" QSC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı il tarixdə Quba rayonunun Rustov kəndində doğulmuşdur. xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək əyani təhsil almışdır. xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək müddətli həqiqi hərbi xidmətdə olmuşdu. Bundan başqa, xx.xx.1973-xx.xx.1996-cı illərdə müxtəlif idarələrdə müxtəlif vəzifələdə işləmişdir. Təhsil aldığı və hərbi xidmətdə olduğu illər nəzərə alınmaqla, xx.xx.2006-cı il tarixə 19 il 10 ay 3 gün sığorta stajı vardır. Bundan başqa, o "xxxx" QSC Dəmir yollarının və texniki qurğularının təmir-tikinti Departamentində xx.xx.2013-xx.xx.2015-ci illərdə bənna, xx.xx.2015-xx.xx.2016-cı illərdə suvaqçı vəzifəsində işləmişdir. Qeyd olunan hallar əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişləri, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişləri və sosial arayışla təsdiq olunur. O yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Müraciətinə cavab olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən mənə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. İmtina onunla əsaslandırılmışdır ki, «...xx.xx.2006-cı il tarixindən xx.xx.2018- ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq, sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün Sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildirirlər ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər...». O, işlədiyi dövrlər üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən müraciətinə cavab verilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən müraciətinə baxılmış və "xxxx" QSC-nə xx.xx.2022-ci il tarixdə məktub ünvanlamışdır. Məktubda qeyd edilmişdir ki, «İddiaçı müraciətində sığortaedən, ADD Texniki Qurğular və İnzibati binaların istismar tresti tərəfindən 2013- 2014-cü illər və sığortaedən, "xxxx" QSC tərəfindən 2015-2016-cı illər üzrə xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları fərdi şəxsi hesabında öz əksini tapmadığını bildirmişdir. Araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEİS) “Yoxlama” altsistemində sığortaedən, "xxxx" QSC tərəfindən İddiaçıla xx.xx.2013-cü il tarixində əmək müqaviləsinin bağlandığı və xx.xx.2016-cı il tarixində həmin əmək müqaviləsinə xitam verildiyi məlum olmuşdur. Həmçinin, araşdırma zamanı MEİS-in “Sığorta” (Hesabat) altsistemində ADD Texniki Qurğular və İnzibati binaların istismar tresti tərəfindən 2013- 2014-cü illər, "xxxx" QSC tərəfindən 2015-2016-cı illər üçün təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə hesabatlarda İddiaçı dair məlumatlar aşkar edilməmişdir. Əlavə olaraq qeyd etmək istəyirlər ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı dair məlumatların 2013- 2016cı illər üzrə təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə hesabatlarda öz əksini tapmaması ilə əlaqədar məsələnin araşdırılması və bu barədə məlumatın mümkün qısa müddətdə təqdim edilməsini xahiş edirik». Lakin cavabdeh tərəfindən məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. O işlədiyi illər üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yenidən "xxxx" QSC-nə müraciət etmişdir. "xxxx" QSC tərəfindən müraciətinə cavab olaraq bildirilmişdir ki,«"xxxx" QSC-nin Dəmir yollarının və texniki qurğularının təmir-tikinti departamenti xx.xx.2016-cı il tarixli 45/S nömrəli əmrlə ləğv edilmiş və departamentin mühasibatlıq sənədləri arxivə təhvil verilmişdir. Araşdırılmış arxiv sənədlərində Sizin əmək fəaliyyətiniz barədə heç bir məlumat aşkarlanmamışdır». Cavabdehin imtinası qanunsuz və əsassızdır. Yuxarıda qeyd etdiyi kimi onun "xxxx" QSC Dəmir yollarının və texniki qurğularının təmir-tikinti Departamentində xx.xx.2013xx.xx.2015-ci illərdə bənna, xx.xx.2015-xx.xx.2016-cı illərdə isə suvaqçı vəzifəsində işləməyi əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişləri, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişləri və sosial arayışla təsdiq olunur. Bundan başqa, "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, "xxxx" QSC Dəmir yollarının və texniki qurğularının təmirtikinti Departamenti tərəfindən mənə əmək haqqı ödənilmişdir. Həmin çıxarışdan görünür ki, onun əmək haqqı əmək müqaviləsi bildirişində 420 manat göstərilməsinə baxmayaraq, hesabına 324 manat əmək haqqı köçürülmüşdür. Bu isə o deməkdir ki, onun əmək haqqından müəyyən tutulmalar (vergi və digər ödənişlər) həyata keçirilmişdir. Hazırkı işin hallarına əsasən onun 65 yaşı xx.xx.2021-ci il tarixdə tamam olmuşdur. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr ərzində "xxxx" QSC Dəmir yollarının və texniki qurğularının təmir-tikinti Departamentində işləmişdir. Bank hesabından çıxarışa əsasən "xxxx" QSC Dəmir yollarının və texniki qurğularının təmirtikinti Departamenti tərəfindən ona əmək haqqından tutulmalar həyata keçirilməklə əmək haqqı ödənilmişdir. Bundan başqa, bildirir ki, xx.xx.2018-ci il tarixədək qeydə alınmış pensiya kapitalının minimal məbləği müəyyən edilməmiş, sadəcə olaraq hər hansı pensiya kapitalının qeydə alınması tələbi nəzərdə tutulmuşdur. Həmçinin, fərdi hesabda hər hansı pensiya məbləği qeydə alındığı halda, 25 illik sığorta stajının olması tələbi aradan qaldırılmışdır.
3. Bundan sonra cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, iddianın təmin edilməməsi barədə qətnamə qəbul eilməsini xahiş etmişdir.
4. Etiraz tələbini onunla əsaslandırmışdır ki, məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsinə münasibətdə: İddiaçı iddia ərizəsində xx.xx.2013-cü il tarixindən xx.xx.2016-cı il tarixinədək ADY-də müvafiq peşə və vəzifələrdə işlədiyini qeyd etmiş və lakin buna dair məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyini vurğulamışdır. Hazırki fərdi əmək mübahisəsi zəmnində iddiaçı əmək haqqına müvafiq olaraq məcburi dövlət sosial sığorta vəsaitinin onun hesabına köçürülmədiyini və nəticədə onun əmək pensiyasını almaq hüququnun pozulduğunu bildirmiş, lakin bunu əsaslandırmamış, əsaslandığı fakt və halları iddia ərizəsində göstərməmiş, bunu təsdiq edən sübutları əlavə etməmiş, formal xarakterli ifadələr qeyd etməklə kifayətlənmişdir. Sosial sığorta ödənişlərin fərdi şəxsi hesablarda əks etdirilməməsinə münasibətdə: Məlum olduğu üzrə dövlət sosial sığorta üzrə fərdi uçotun həyata keçirilməsi qaydası "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsi ilə tənzimlənir. Həmin Qanunun mübahisənin olduğu dövrdə qüvvədə olan mətninə əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu) aparır. Həmin Qanunun 10.2.1-ci maddəsi ilə müvafiq olaraq sığortaolunana dair məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsi, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək sığortaçının (Dövlət Sosial Müdafiə Fondu) vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Kollegiyasının 1997-ci il 09 iyul tarixli 7/1 nömrəli qərarı ilə təsdiq olunmuş və xx.xx.2016-cı il tarixədək qüvvədə olan "Məcburi dövlət sosial sığorta haqlarının toplanması qaydaları haqqında Təlimat'a əsasən 14-cü bəndinə əsasən: Dövlət Sosial Müdafiə Fondunun orqanları hesabat dövrünün hesablanmış məcburi dövlət sosial sığorta haqqını nəzərə almaqla sığortaedənlərlə hesablaşma aparılır. Bütün hesablaşmalar nağd və nağdsız hesablaşma qaydasında həyata keçirilir; - Sığortaedənlər məcburi dövlət sosial sığorta haqqı hesabına sosial sığorta ödəmələri üzrə xərclər çıxıldıqdan sonra qalan məbləği Dövlət Sosial Müdafiə Fondu orqanlarının hesabına köçürülür; Məcburi sosial sığorta haqlarının ödənilməsi əmək haqqı ödənişləri ilə eyni həyata keçirilir; Məcburi dövlət sosial sığorta haqları ödənilmədikdə və ya ödənilməsi yaranmış porc məbləğləri sığorta edənlərin hesabından qeyri-şərtsiz tutulur. "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin mübahisənin olduğu dövrdə qüvvədə olan 1-ci hissəsinin 8ci abzası ilə məcburi dövlət sosial sığorta haqqı ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə sığortaedəni xəbərdar etmək, xəbərdarlıq müddətində bu hərəkətlər aradan qaldırılmadıqda hesablaşma və digər hesabları üzrə köçürmə əməliyyatlarının aparılmasını qanunvericilikdə müəyyən olunmuş qaydada dayandırılmasını həyata keçirmək məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı (Dövlət Sosial Müdafiə Fondu) səlahiyyətlərinə aid edilmişdir. Sözügedən səlahiyyətlər çərçivəsində Dövlət Sosial Müdafiə Fondu tərəfindən cavabdehə xəbərdarlıq edilməmiş, həmçinin cavabdehə qarşı bundan irəli digər tədbirlər görülməmişdir. Eyni zamanda dövlət nəzarətini həyata keçirən orqan tərəfindən iddiaçının müraciəti əsasında elektron sistemə baxmaqla kifayətlənilmiş, kağız üzərində təqdim edilən hesabatlara nəzər yetirilməmiş sadəcə elektron fərdi hesabda əks etdirilməmiş qeydlərə istinad edilərək məsələyə münasibət bildirilmişdir. Qanunvericiliyin sözügedən məsələyə münasibətdə güddüyü məqsədlər və bununla bağlı qurduğu dövlət nəzarəti və idarəetməsinin bu məqsədlərə xidmət etməsi prinsipi nəzərə alındıqda elektron hökümətin tətbiq edildiyi mühitdə aidiyyəti dövlət orqanı tərəfindən cavabdehə qarşı sanksiyaların və digər icrası məcburi olan tədbirlərin görülməməsi əminliklə onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya münasibətdə hesabat təqdim edilmiş və zəruri ödənişlər aparılmışdır. Qeyd edilənləri nəzərə alaraq İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı "məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatların təqdim edilməsinin və hesablanılaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3891/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Əfsanə Heydərova) iddia təmin edilmiş, İddiaçı "xxxx" QSCnin Dəmir yollarının və texniki qurğularının təmir-tikinti Departamentində xx.xx.2013xx.xx.2015-ci illərdə bənna, xx.xx.2015-xx.xx.2016-cı illərdə isə suvaqçı vəzifəsində işlədiyi illərə görə məcburi dövlət sosial sığorta haqları üzrə hesabatların təqdim edilməsi və həmin dövrlərə görə məcburi dövlət sosial sığorta haqlarının hesablanaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi vəzifəsinin cavabdeh "xxxx" QSC-nin üzərinə qoyulması qət edilmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 2.2, 9cu maddəsinin “j” bəndi, 43-cü maddəsinin 2-ci hissəsi, 54.1, 87.1, 87.2, 87.5, 297, 304.1, 304.2, 306.2-ci maddələri, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 1, 2, 7.1, 9.2-ci maddələri, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2, 10, 14, 18, 29-cu maddələri, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 81, 217.3 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırılmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qeyd edir ki, cavabdehin məhkəmə icraatı zamanı öz mövqeyini əsaslandıracaq mötəbər sübutları məhkəməyə təqdim etmək üçün zamanı olmuş, lakin həmin mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bildirir ki, cavabdeh ADY İddiaçı ilə bağlanılan əmək müqaviləsi üzrə üzərinə düşən bütün öhdəlikləri layiqincə yerinə yetirmiş, bütün məcburi sığorta haqları tam ödənilmişdir. Dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmanın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 460-cı maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olduğu, cavabdehin həmin məsələlərlə bağlı, o cümlədən iddiaçıya münasibətdə inzibati məsuliyyətə cəlb edilmədiyi , dövlət sosial sığorta sahəsində idarəetməni həyata keçirən Dövlət Sosial Müdafiə Fondu tərəfindən buna dair cavabdehə bildiriş və icrası məcburi olan göstərişin daxil olmadığı və mübahisənin yaranmadığı, həmçinin, əmək müqaviləsi məlumatlarının elektron məlumat bazasına daxil edildiyi, bu barədə bildirişin əldə edildiyi və həmin orqan tərəfindən cavabdehin əmək münasibətlərində olduğu barədə məlumatlara sahib olduğu nəzərə alındıqda bunlar cavabdehin sözügedən ödənişlərdən yayınmadığını, ödənişləri vaxtında və dürüst şəkildə aparıldığını ehtiva edir. Məhkəmə qeyd edir ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Yəni, məcburi dövlət sosial sığorta haqqı ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə sığortaedəni xəbərdar etmək, xəbərdarlıq müddətində bu hərəkətlər aradan qaldırılmadıqda hesablaşma və digər hesabları üzrə köçürmə əməliyyatlarının aparılmasını qanunvericilikdə müəyyən olunmuş qaydada dayandırılmasını həyata keçirmək məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid edilmişdir. Qeyd olunmalıdır ki, 12 il ərzində bu sahədə idarəetməni həyata keçirən orqan, yəni Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçının məcburi sığorta haqqının ödənilməməsi ilə bağlı cavabdehə hər hansı məktub, bildiriş və ya protokol təqdim olunmamışdır. Belə olan halda, belə nəticəyə gəlmək olur ki, cavabdeh məcburi sığorta haqlarını vaxtında ödəmişdir. Lakin Məhkəmə bunu nəzərə almamışdır. Göstərişin 4.2-ci bəndinin 333-cü sətrinə əsasən əmək haqqı fondları, limitləri və onların bölüşdürülməsi üzərində nəzarət, əmək haqqının artıq xərclənməsi və borclar, əmək haqqından, sosial sığortadan tutulmalar, məzuniyyət və işdən azad olma üzrə vəsaitlərin ödənilməsi haqqında məlumatlar, hesabatların saxlama müddəti 3 il nəzərdə tutulub. 3 il müddətində saxlanılmalı olan sənədləri Məhkəmə 12 ildən sonra tələb edir və cavabdeh bunu haqlı olaraq uzun müddətin keçməsi səbəbindən verə bilmədikdə Məhkəmə müddəti nəzərə almadan səhv nəticəyə gəlir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondu” PHŞ tərəfindən isə iddia tələbi ilə bağlı mülahizə təqdim edilmişdir. c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, arxiv sənədləri 3 il müddətində saxlanıldığından, hazırda iddiaçının ödənişləri üzrə hesabat təqdim edə bilmirlər.
11. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilməsdən saxlanılmasını xahiş etdi.
12. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Həmçinin, iddiaçı ilə məhkəmə iclasında telefon vasitəsi ilə əlaqə yaradılmış, o, əməliyyat olunduğu üçün məhkəmə iclasında iştirakının mümkün olmadığını qeyd etmişdir. Həmçinin, iddiaçı iddiasını müdafiə etdiyini, işlədiyi dövrdə təxmini aylıq 300 əməkhaqqı aldığını qeyd etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
13. Maddə 2 2-ci bənd. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.
14. Maddə 9, “j” bəndi. İşəgötürən tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi sosial sığorta olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalarından istifadə etmək işçinin əsas hüquqlarından biridir.
15. Maddə 54, 1-ci hissə. İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir: - işçilərin qanunvericiliklə müəyyən olunmuş məcburi dövlət sosial sığorta edilməsi.
16. Maddə 87, 1-ci hissə. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
17. Maddə 87, 2-ci hissə. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır.
18. Maddə 87, 5-ci hissə. İşəgötürən tərəfindən bu Məcəllənin 173-cü maddəsində nəzərdə tutulmuş qaydada işçilərin əmək haqqının və digər ödənclərin verilməsi və qeydiyyatı aparılan haqq-hesab sənədi (kitabçası, vərəqi, çeki) tərtib edilir.
19. Maddə 297. Fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır.
20. Maddə 304, 1-ci hissə. Sosial sığorta — müvafiq normativ hüquqi aktlarda nəzərdə tutan hallarda işçilərin əmək münasibətləri prosesində itirdikləri gəlirlərinin — əmək haqlarının, əmək haqqına əlavələrin, başqa ödənclərin, həmçinin digər xərclərin müəyyən olunmuş qaydada və məbləğdə əvəzinin ödənilməsi, habelə onların itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır.
21. Maddə 304, 2-ci hissə. İşəgötürən hər bir işçini onunla əmək müqaviləsi bağladığı zaman qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması, o cümlədən onun əlavə sığorta olunub-olunmaması barədə müvafiq məlumatlar hökmən göstərilməlidir.
22. Maddə 306, 2-ci hissə. İşçilərin məcburi dövlət sığortası işəgötürənlər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə həyata keçirilən sosial sığortalanmadır.
“Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanunu:
23. Maddə 1. Fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır.
24. Maddə 2. Fərdi uçotun məqsədləri aşağıdakılardır: 2.1.1. dövlət sosial sığortasının həyata keçirilməsi, təkmilləşdirilməsi, əmək pensiyaların məcburi dövlət sosial sığorta haqlarının məbləğindən və sığorta stajından asılı olaraq hesablanması üçün informasiya bazasının yaradılması; 2.1.2. əmək pensiyası təminatı və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün staj, əməkhaqqı (gəlir) və məcburi dövlət sosial sığorta haqqı barədə məlumatların dəqiqliyinin təmin edilməsi; 2.1.3. məcburi dövlət sosial sığorta haqlarının ödənilməsində sığortaolunanların maraqlarının artırılması; 2.1.4. ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların fərdi şəxsi hesablarına köçürülməsinə nəzarət etmək üçün sığortaolunanlara şərait yaradılması; 2.1.5. sığortaolunanlara əmək pensiyaların təyin edilməsi qaydalarının sadələşdirilməsi və təyinolunma müddətinin tezləşdirilməsi; 2.1.6. hər bir sığortaedən tərəfindən fərdi uçot üçün hesablanan və köçürülən məcburi dövlət sosial sığorta haqqı məbləği ilə fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına daxil olan məcburi dövlət sosial sığorta haqqı məbləğinin uyğunlaşdırılması.
25. Maddə 7.1. Sığortaedən, məcburi dövlət sosial sığorta haqqını ödədiyi bütün işçiləri haqqında məlumatları qeydiyyatdan keçdikləri dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim edir.
26. Maddə 9.2. Sığortaedənin vəzifələri aşağıdakılardır: 9.2.1. dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək; 9.2.2. hər bir sığortaolunan haqqında təqdim olunmuş məlumatları dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına vermək; 9.2.3. sığortaolunanın dövlət sosial sığorta şəhadətnaməsində qeyd edilən məlumatların onun şəxsiyyətini təsdiq edən sənədlə uyğun gəlməsini yoxlamaq.
“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunu:
27. Maddə 2. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar.
28. Maddə 10. Müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək sığortaedənlərin vəzifələrindən biridir.
29. Maddə 14. Hər ay üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqı əmək haqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir.
30. Maddə 18. Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
31. Maddə 29. Sosial sığorta ilə əlaqədar sığortaedənlə sığortaolunan arasında yaranan mübahisələrə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, sığortaçı və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə sığortaedən arasında yaranan mübahisələrə isə bilavasitə məhkəmələrdə baxılır.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu
32. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.)
“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı:
33. Bənd 2.1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində, 23-cü maddəsinin birinci hissəsində və 24-cü maddəsində nəzərdə tutulmuş “məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
37. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
40. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
42. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tərtib olunmuşdur və qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə hər hansı hüquqi əsas yoxdur.
43. Belə ki, işin müəyyən olunmuş hallarına görə, iddiaçı ilə cavabdeh arasında əmək münasibətləri olmuş, iddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixədək "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Dəmir yollarının və texniki qurğularının təmir-tikinti Departamentində bənna, xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək isə həmin Departamentdə suvaqçı vəzifəsində işləmişdir. İddiaçı pensiya yaşına çatdıqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmiş, səbəb olaraq bildirilmişdir ki, onun şəxsi sığorta hesabında xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixənədək pensiya kapitalı qeydə alınmamışdır. Bu barədə iddiaçı tərəfindən cavabdehə məktub ünvanlanmış, lakin cavabdeh müraciətin nəticəsi barədə mahiyyəti üzrə cavab verməmişdir.
44. Hazırda cavabdehin nümayəndəsi iddiaçıya münasibətdə məcburi dövlət sosial sığorta haqlarının ödənildiyini bildirir, əks halda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçının məcburi sığorta haqqının ödənilməməsi ilə bağlı cavabdehə hər hansı məktub, bildiriş və ya protokolun təqdim olunması ilə əsaslandırır. Lakin DSMF-nin "xxxx" QSC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda İddiaçı dair məlumatların 2013-2016-cı llər üzrə təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə hesabatlarda öz əksini tapmaması ilə əlaqədar məsələnin araşdırılması və bu barədə məlumatın mümkün qısa müddətdə təqdim edilməsi xahiş edilmişdir. Üçüncü şəxs qeyd edir ki, müəssisə tərəfindən Fonda hər hansı məlumat verilməmişdir. Cavabdehin İddiaçı münasibətdə məcburi dövlət sosial sığorta haqlarını ödədiyini iddia etməsi yalnız ehtimala əsaslanır.
45. Qeyd edilməlidir ki, iddiaçının xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixədək "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Dəmir yollarının və texniki qurğularının təmir-tikinti Departamentində bənna, xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək isə həmin Departamentdə suvaqçı vəzifəsində işləməsi cavabdeh tərəfindən təkzib edilməmişdir. Hazırda mübahisəli məsələ iddiaçının işlədiyi həmin dövrlər ərzində aldığı əmək haqqı üzrə sosial sığorta ödənişinin edilib-edilməməsi ilə bağlıdır.
46. Kollegiya qeyd edir ki, hazırki iş üzrə iddiaçı barəsində müvafiq ödənişlərin edilməsi ilə bağlı sübutetmə yükü cavabdehin üzərinə düşsə də, bu barədə mötəbər dəlillər məhkəməyə təqdim edilməmişdir. Belə ki, cavabdeh tərəfindən sığortolunana münasibətdə ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi, iddiaçının məcburi dövlət sosial sığorta haqlarının onun fərdi şəxsi hesabına ödənilməsi üçün DSMF-nin müvafiq hesabına köçürülməsi barədə sübutlar təqdim etməmişdir.
47. Halbuki, məhkəmə qanunvericiliyin yuxarıda sadalanan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, sığortaedən olaraq cavabdeh sığortaolunanlar haqqında qanunla müəyyən edilmiş məlumatları dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim etməli idi. Bu, sığortaedənin vəzifəsidir.
48. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
49. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
50. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”.
51. Göründüyü kimi, nə qədər ki, cavabdeh tərəfindən məhz iddiaçı barəsində sosial sığorta ödənişlərinin edilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulan addımların atılmasına dair mötəbər dəlil təqdim edilməmişdir, bu halda apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil edə bilməz.
52. Beləliklə, kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.
53. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
54. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
55. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
56. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
57. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
58. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
59. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3891/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun dəyəri onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev