Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7078/2020 15.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X7 oğlunun katibliyi ilə, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 2 saylı Notariat Kontoruna qarşı “icra qeydinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 2 saylı Notariat Kontoruna qarşı “icra qeydinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 2 saylı notariat kontorunun notariusu Z.H.Abdullayeva tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli «İcra qeydinin» etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 2 saylı notariat kontorunun notariusu Z.H.Abdullayeva 7188,80 manatın iddiaçıdan Cavabdeh2 ASC-nin xeyrinə tutulmasına dair icra sənədi «İcra qeydi»ni qəbul etmişdir. Cavabdeh icra qeydi verərkən iddiaçının şəxsiyyət vəsiqəsini yoxlamamışdır. Bundan başqa notarius İcra qeydini verərkən aşağıdakı qanun pozuntularına yol vermişdir: 1. İcra qeydi verilən Kredit sazişi xx.xx.2015-ci il tarixdə 36 ay müddətinə bağlanıb, müddəti xx.xx.2018-ci il tarixdə bitdiyi halda cavabdeh bunu qəsdən görməməzlikdən gəlib. 2. Qanunun “borcun tələb etmək hüququnun yarandığı gündən 3 ildən çox keçməmişsə” ifadəsini diqqətə almayıb.
3. Qanunda “Borclunun olduğu yer üzrə notarius” deyilir, lakin cavabdeh Səbail rayonunda fəaliyyət göstərdiyi halda, iddiaçının ünvanı Cəbrayıl rayonundadır. Qeyd olunanlar iddiaçıya əsas verir ki, cavabdehin banklara xidmət etdiyini güman etsin.. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(009)-877/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh Bakı şəhəri 2 saylı Notariat Kontoru apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri notariat fəaliyyəti baxımından vahid ərazidir. 1-ci instansiya məhkəməsi iddianın təmin edilməsinin əsas dəlili kimi icra qeydinin borclunun olduğu yer üzrə çıxarılmamasını, bununla da "Notariat haqqında" AR qanununun 76-cı maddəsinin pozulmasını göstərmişdir. Cavabdeh hesab edir ki, həmin qanunun 76-cı maddəsinə əməl etmişlər. 2 saylı notariat ofisi Bakı şəhəri Səbail rayonu ərazisində yerləşir. İddiaçının hal-hazırda faktiki yaşadığı yer isə Bakı şəhərinin digər rayonu olan Qaradağ rayonudur. Yəni hər iki ünvan Bakı şəhəridir və Bakı şəhəri notariat fəaliyyəti baxımından vahid dislokasiya ərazisi sayılır. Qaradağ rayonu da Bakı şəhəri üzrə ərazi dislokasiyasına daxil olduğundan icra qeydinin Qaradağ rayonu deyil, Səbail rayonu ərazisində yerləşən notariat ofisində çıxarılmasını qanun pozuntusu saymaq əsassızdır. Ən azı bunun əksini təsbit edəcək heç bir hüquq norması yoxdur. Digər tərəfdən icra qeydini aparan notariat ofisinin borclunun faktiki yaşayış verini müəyyən etmək ücün sənəd toplama öhdəliyi voxdur. Notarius tələbkarın nəzərdə tutulmuş sənəd və məlumatları təqdim etdiyi üçün tərəfimizdən icra qeydi aparılmışdır. Notariat qurumu olaraq hər hansı pozuntuya yol verilməmişdir. Digər tərəfdən, icra qeydi çıxarılmamışdan öncə bank tərəfindən kredit müqaviləsi üzrə iddia müddətinin ötürülübötürülməməsi, dövlət rüsumunun lazımi qaydada ödənilməsi, öhdəlik barədə borclunın vaxtında məlumatlandırılması və s. məsələlərə əməl edilməsi notariat ofisi tərəfindən yoxlanılır. Yalnız bütün tələblər ödənildikdən sonra icra qeydi çıxarılır. Hazırki mübahisə üzrə yuxarıda sadalanan zəruri tələblər bank tərəfindən lazımi qaydada yerinə yetirildiyindən icra qeydi tam qanuni əsaslarla çıxarılmışdır. Bundan əlavə icra qeydinin Qaradağ rayonu deyil, Səbail rayonu ərazisində yerləşən notariat ofisində çıxarılması iddiaçının banka olan kredit borcuna, onun artıb-azalmasına, borclunun gediş-gəlişinin çoxalmasına heç bir formada təsir etmir. Hər bir halda icra qeydi borclunun iştirakı olmadan çıxarılır və həmin icra qeydi borclunun yaşayış yeri üzrə İcra və probasiya şöbəsində icra olunur. Bu iş də borclunun hazırkı faktiki yaşayış yeri üzrə Qaradağ Rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Danılmaz fakt ondan ibarətdir ki, iddiaçının kredit müqaviləsi üzrə Cavabdeh2 ASC- yə borcu vardır və İddiaçı ödənişi etməkdən yayınır. Məhkəmə isə işə formal əsaslarla deyil, işin həqiqi halları və tərəflərin qarşılıqlı hüquq münasibəti üzrə mahiyyəti üzrə baxmalı, bu mənada hansısa formal “əsasa” görə icra qeydini etibarsız hesab etməməli idi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İş materiallarında olan Bakı şəhəri 2 saylı Notariat Ofisinin notariusu X2 tərəfindən verilmiş icra qeydinin surətindən görünür ki, 7168,80 manat əsas borc və 20 manat dövlət rüsumu olmaqla ümumilikdə 7188,20 manat pul vəsaitinin İddiaçı Cavabdeh2 ASC-nin xeyrinə tutulması təklif edilmişdir. İş materiallarında olan notariat icra qeydi haqqında ərizənin surətindən görünür ki, Cavabdeh2 ASC ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış və tutulmalı olan cəmi məbləğ 7168,80 manat (3192,27 manat əsas borc və 3976,53 manat faiz borcu) hesablanmışdır. Qaradağ-Lökbatan 1441 saylı MKİS-nin arayışından qeyd olunmuşdur ki, Əliyev X4 rayonundan məcburi köçkündür və Qaradağ rayonu “Qobu park” yaşayış kompleksində xx.xx.2018-ci il tarixdən yaşayır. İddiaçı xx.xx.2019-cu il tarixli «İcra qeydi»nin ləğv edilməsi tələbini irəli sürərkən onun faktiki əsası qismində icra qeydinin borclunun olduğu yer üzrə notarius tərəfindən verilmədiyini, notariusun bankın təqdim etdiyi sənədləri lazımınca araşdırmadığını göstərmişdir. İş materiallarını araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 ASC-nin «Azneft» filialı ilə xx.xx.2015-ci il tarixdə 36 ay müddətinə kredit müqaviləsi bağlamış və həmin müqavilə üzrə onun 7188,80 manat məbləğində banka borcu yaranmışdır. Həmin borcla bağlı Bankın müraciəti əsasında Bakı şəhəri 2 saylı Notariat ofisi tərəfindən xx.xx.2019-cu il tarixdə icra qeydi verilmişdir. İcra qeydini verən notariat ofisinin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonunda, İddiaçı məcburi köçkün kimi müvəqqəti məskunlaşdığı ünvan isə Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşir. Notariat haqqında” Qanunun 76-cı maddəsində qeyd olunmuşdur ki, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri notariat fəaliyyəti baxımından vahid ərazi olduğundan icra qeydinin Bakı şəhəri Səbail rayonu ərazisində aparılması qanun pozuntusu hesab edilməməlidir. Belə ki, həm icra qeydini verən notariat ofisinin yerləşdiyi Səbail rayonu, həm də borclunun qeydiyyatda olduğu Qaradağ rayonu Bakı şəhərinin inzibati ərazi vahidləridir, Bakı şəhəri isə notariat fəaliyyəti baxımından vahid dislokasiya ərazisi sayılır. İcra qeydini vermiş notairat orqanının rəsmi adından da göründüyü kimi (Bakı şəhəri 2 saylı notariat ofisi) o, Bakı şəhərinin hər hansı bir rayonuna təhkim edilməmişdir və onun fəaliyyəti Bakı şəhərinin bütün ərazisini əhatə edir. Bundan başqa icra qeydinin Bakı şəhəri daxilində bu və ya digər notariat ofisi tərəfindən aparılması borclunun mahiyyət üzrə hüquqlarına təsir etmir. Belə ki, icra qeydinin Qaradağ rayonu deyil, Səbail rayonu ərazisində yerləşən notariat ofisində çıxarılması iddiaçının banka olan kredit borcuna, onun artıb-azalmasına, borclunun gediş-gəlişinin çoxalmasına heç bir formada təsir etmir. Hər bir halda icra qeydi borclunun iştirakı olmadan çıxarılır və həmin icra qeydi borclunun yaşayış yeri üzrə İcra və probasiya şöbəsində icra olunur. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə həll edilməli olan mübahisə barədə səhv nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdeh Bakı şəhəri 2 saylı Notariat Kontoruna qarşı “icra qeydinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1 maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin Apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ :
Cavabdeh Bakı şəhəri 2 saylı Notariat Kontoru tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(009)-877/2020 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov
Hakimlər: Məmməd Məmmədov
Şeyda Məhərrəmova