Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7084/2020 29.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi-vəkili X3, Cavabdeh2 nümayəndəsi-vəkili X1 iştirakı ilə, İlkin iddia tələbi üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “paylı mülkiyyətdə olan payın artırılması” tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia tələbi üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 cavabdeh İddiaçı qarşı “dəyəri ödənilməklə mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-cu il tarixli, 2(011)-232/2019 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia tələbi üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “paylı mülkiyyətdə olan payın naturada ayrılması” tələbinə dair ilkin iddiası tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəti Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılması ilə bağlı ərizə ilə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi 12 saylı evin 27 saylı 102 kv.m ümumi sahəsi olan onun Cavabdeh2 ilə birgə mülkiyyətlərində olan 34 kv.m sahəni təşkil edən 1/3 hissəsinin 22.6 kv.m sahəsinə 2/3 hissəsinə ümumi paylı mülkiyyətin 2/9 hissəsinə onun payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun paylı və birgə mülkiyyətində olan mənzilin hərrac vasitəsi ilə satılmasını istəmir. Mənzil hərracda satılsa, dəyərindən aşağı qiymətə satılacaq. Bu da, kimsənin mənafeyini təmin etməyəcək. Məhkəmədən onun payının artırılması barədə qətnamə qəbul edilməsini xahiş edir. İlkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilkin İddiaçı qarşı “19.500 manat dəyəri ödənilməklə mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzildə naturayla bölgü mümkün olmadığına görə ilkin iddianı əsassız və mümkünsüz hesab edir. İddia tələbi əsassız və qanunsuz olduğuna görə təmin edilməməlidir. Çıxarış sənədi üzrə mülkiyyətlərində olan Bakı şəhəri, Xətai Rayonu Seyid X17, ev 12, mənzil 27 ünvanında yerləşən ümumi sahəsi 102.18 kv/m, yaşayış sahəsi 60.1 kv/m yardımçı sahəsi 42.17 kv/m olan 5 otaqlı mənzilin reyest nömrəsi **********579-05101-093052. Daşınmaz əmlak dövlət reyestrində 1933 nömrəli reyest kitabının 178379 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2015-ci il tarixli Nəsimi Rayon Polis İdarəsinin HK-524 saylı qərardan göründüyü kimi, cavabdeh İddiaçı öz həyat yoldaşı F.Qəmbərovdan şikayət etmiş və mənzili ona bağışlamağı onlara təklif edilmişdir. Həmin qərarın məzmunundan aydın olduğu kimi, bağışlama proseduru qarşılıqlı razılıq əsasında deyil, şantaj yolu ilə əmlakı ələ keçirilmişdir. Bu hadisə ilə bağlı kifayət qədər şahidlər bunu təsdiq edə bilər. Qeyd olunan qərara əsasən zərəçəkmiş qismində çıxış edən şəxs birgə nikahda olduqları zaman zorlandığını iddia edir. Bununla bağlı cinayət təqibinin başlanması təmin edilir. Lakin “bağışlanmadan” dərhal sonra cinayət tərkibinin əlamətlərinin olmaması ilə bağlı cinayət təqibinə xitam verilir. Nəsimi Rayon Polis İdarəsinə xx.xx.2015-ci il tarixdə şikayət edilmişdir. Şikayətdən 24 gün sonra mənzili şantaj yolu ilə hədə qorxu gələrək bağışlama yolu ilə ələ keçirmişdir. xx xxxx 2015-ci il tarixində əmlakın bağışlama müqaviləsi bağlanmışdır. Cavabdeh1 (1/3 hissə)-hədiyyə alan İddiaçı və X10 arasında Bakı "Asan 2” Şöbəsində Bakı şəhəri, Xətai Rayonu Seyid X17, ev 12, mənzil 27 ünvanında yerləşən ümumi sahəsi 102.18 kv/m, yaşayış sahəsi 60.1 kv/m yardımçı sahəsi 42.17 kv/m olan 5 otaqlı mənzil xx xxxx 2015-ci il tarixində əmlakın bağışlama müqaviləsi bağlanmışdır. İlkin iddiaçı, faktiki cavabdehə ona aid hissədə mülkiyyətinin dəyəri ödənilməklə bölgünün aparılması mümkündür. Cavabdeh1 Qənbərov X9 Sona Neymət qızı bir övladı ilə X6 həmin ünvanda yaşayır. Qeyd olunan mənzilin naturada bölgüsünün aparılmasının mümkünsüzlüyünü nəzərə alaraq, ilkin iddia tələbi əsaslı olmadığına görə təmin olunmamalı və qarşılığlı iddia tələbi isə təmin olunmalıdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)-232/2019 nömrəli qətnaməsinə əsasən, ilkin iddia tələbi üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “paylı mülkiyyətdə olan payın naturada ayrılması” tələbinə dair ilkin iddiası təmin edilməmiş,qarşılıqlı iddia tələbi üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 cavabdeh İddiaçı qarşı “dəyəri ödənilməklə mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilmiş,İddiaçı 19.500 manat kompensasiya ödənilməklə onun Bakı şəhəri, Xətai rayonu, Seyid X17 12 saylı evin, 27 saylı mənzildəki paylı mülkiyyət hüququna xitam verilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-232/2019 saylı qətnaməsindən ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı nümayəndəsi Ümman Salehzadə apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual normalara zidd çıxarıldığından ləğv olunmalı, ilkin iddia təmin, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, mənzildə Cavabdeh1 oglu və X4 hər birinin ayrıca 1/3 payı, Cavabdeh2 oglu ilə onun birgə 1/3 payı müəyyən edilib. Cavabdeh1 və X7 ilə onun arasında paylı mülkiyyət, Cavabdeh2 ilə birgə mülkiyyət münasibətləri mövcuddur. Xətai rayon Məhkəməsi onun digər paylı mülkiyyətçilərlə müqayisədə payının cuzi olması qənaətinə gəlir və 19.500 mant kompensasiya ödənilməklə mübahisəli mənzilədəki paylı mülkiyyət hüququna xitam verir. Yəni 102 kv.m sahəsi olan mənzilin 1/3 hissədə (34 kv.m) Sona Qənbərovanın, 1/3 hissədə (34 kv.m) Cavabdeh1 mülkiyyətində olduğu halda, yerdə qalan 1/3 hissənin onunla Cavabdeh2 (34 kv.m ½ hissəsi) müəyyən olunub. Xətai Rayon Məhkəməsi payının cüzi olması - 102 kv.m sahədə 17 kv.m və ya Cavabdeh2la birgə 34 kv.m paya malik olmağına baxmayaraq onun payının cüzi olması qənaətinə gəlir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili X8 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən сavabdeh Cavabdeh2 nümayəndəsivəkili X5 apellyasiya şikayətinə etiraz edərək, rədd edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında gəlmədiklərindən və məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, İddiaçı ilə Cavabdeh2 ailə münasibətlərinə artıq xitam verildiyindən, digər cavabdehlərlə münasibətləri gərgin olduğundan, mübahisəli mənzildə paylı mülkiyyətçilərin təcrid olunmuş şəkildə yaşaması texniki cəhətdən qeyri-mümkün olduğundan, qarşılıqlı iddia tələbi təmin edilməli, İddiaçı digər paylı mülkiyyətçilərlə müqayisədə payı (1/3 hissənin ½ hissəsi) cüzi olduğuna görə ona 19.500 manat kompensasiya ödənilməklə mübahisəli mənzildəki paylı mülkiyyət hüququna xitam verilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razlaşmır, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddia tələbinə münasibətdə ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli RX seriyalı çıxarışın notarius tərəfindən təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Seyid X17, ev 12, mənzil 27 ünvanında qeydə alınmış mənzildə paylı mülkiyyətçilər kimi İddiaçı ilə Cavabdeh2 payı 1/3 hissə, X4 payı 1/3 hissə, Cavabdeh1 payı 1/3 hissə kimi qeyd olunmuşdur. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 1933 nömrəli reyestr kitabının 178379 nömrəli vərəqində qeydiyyata alınmışdır. Kollegiya qeyd edir ki,Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Konstitusiyası mülkiyyət hüququnu təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını müəyyən etmişdir. Lakin xüsusi nəzərə alınmalıdır ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafıəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Avropa Məhkəməsinin presedent hüququna əsasən, mülkiyyətə edilən istənilən müdaxilə qanuni olmalıdır. Mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Broniovski Polşaya qarşı iş üzrə qərarında göstərilmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfındən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfındən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfındən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz." Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfındən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı təmin edərkən, iddiaçının müllkiyyət hüququnu pozmuşdur. Belə ki, İddiaçı mübahisəli mənzilə dair mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmışdır. Mülkiyyə hüququnun qanunsuz olaraq ləğv edilməsi isə həm daxili, həmdə beynəlxalq qanunvericiliyin tələblərinə ziddir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinin müddəaları, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya ondan payın ayrılması amanı tədbiq edilir. Yəni paylı mülkiyyətçilərin hər birinin paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan pay ayrılmasına dair iradə ifadəsi olsun. Hazırkı halda isə iddiaçının onun paylı mülkiyyətində olan əmlakın bölünməsi və ya ondan pay ayrılması ilə bağlı iradə ifadəsi mövcud deyil. Bundan başqa iş materialları ilə müəyyən edilirki, iddiaçı ona təklif edilmiç kompensasiya məbləği ilə razı deyil. Belə olan halda qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Odur ki, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunan halları nəzərə almadan qarşılıqlı iddianı təmin etməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Kollegiya ilk iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçı məhkəməyə müraciət edərək, payın naturada ayrılmasını xahiş etsə də, sonradan ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəli paylı mülkiyyətdə olan payının artırılmasını xahiş etmişdir. Qüvvədə olan qanunvericilik isə hazırkı iş üzrə müəyyən edilmiş hallar əsasında paylı mülkiyyətdə olan payın artırılması mümkün deyil. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-cu il tarixli, 2(011)-232/2019 nömrəli qətnaməsi qismən ləğv edilməli, qarşılıqlı iddia tələbi üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 cavabdeh İddiaçı qarşı “dəyəri ödənilməklə mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-cu il tarixli, 2(011)-232/2019 nömrəli qətnaməsi qismən ləğv edilsin. Qarşılıqlı iddia tələbi üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 cavabdeh İddiaçı qarşı “dəyəri ödənilməklə mülkiyyət hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-7084/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7084/2020
29.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver