Məhkəmə qərarları › İş №2(103)-7084/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7084/2022

16.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7084/2022 16.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ iş № 2(103)-7084/22 (Açar sözlər: mənzilin boşaldılması, kirayə haqqı və yeni mənzil verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 16 noyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli 12, 12A, 14, 14A, 16, 16A, 83A və 85A saylı binaların texniki vəziyyətinin yolverilməz və həmin binaların kəskin qəzalı olması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin 03 mart 2020-ci il tarixli rəyi nəzərə alınaraq Bakı şəhər İcra Hakimiyyəti Başçısının 11 mart 2020-ci il tarixli 55 №li sərəncamı əsasında yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən həmin köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün 2,7520 ha torpaq sahəsi icarə əsasında İddiaçı MTK-nın istifadəsinə verilməsi qərara alınmışdır. Bakı şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli yerquruluşu planına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 2,7520 ha torpaq sahəsinin 49 il müddətinə İddiaçı MTK-nın istifadəsinə verilməsi haqqında Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında 1572 №-li 18 mart 2020-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqavilə” bağlanmışdır. Hazırda Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən və qəzalı vəziyyətdə olan 83a saylı binada yaşayan mülkiyyətçilərin əksəriyyəti ilə qarşılıqlı razılıq əsasında onların mənzillərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır və Həsənoğlu küçəsi 83a ünvanında yerləşən 49 saylı mənzilin mülkiyyətçisi olan Cavabdeh ilə də danışıqlar aparılmış, lakin razılıq əldə olunması mümkün olmamışdır.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş 28.24 kv.m-dən ibarət olan mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi və həmin mənzilin iddiaçı tərəfindən sökülməsi, həmin mənzilin əvəzinə yeni tikiləcək binada 45 kv.m ölçüdə təmirli mənzilin 2 (iki) il müddətinə cavabdehə təhvil verilməsi, sökülməsi nəzərdə tutulan mənzilin iddiaçıya təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək iddiaçı tərəfindən cavabdehə hər ay 350 (üç yüz əlli) manat məbləğində kirayə haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırmışdır ki, sözügedən ərazidə aparılacaq tikinti işləri ilə bağlı digər sakinlərlə olduğu kimi, Həsənoğlu küçəsi 83A ünvanında yerləşən 49 saylı mənzilin mülkiyyətçisi olan Cavabdeh ilə də danışıqlar aparılmağa çalışılmış, lakin cavabdeh QSC qarşısında əsassız tələblər irəli sürdüyündən nəticədə onunla razılıq əldə olunması mümkün olmamışdır. Cavabdehə digər mənzil sahibləri kimi, sahib olduğu ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinin əvəzinə yeni tikiləcək binada təmirli 45 kv.m yaşayış sahəsi və həmin yaşayış sahəsi tikilib təhvil verilənədək aylıq 350 manat kirayə haqqı təklif olunur. Cavabdeh ilə digər sakinlərdən fərqli olaraq daha artıq sahənin verilməsi və onunla daha güzəştli şərtlərlə müqavilə bağlanması ədalətsizdir və əsassız varlanmaya səbəb olur. Lakin cavabdeh özünün mülkiyyət hüququndan sui-istifadə edərək digər sakinlərə nisbətən qanunsuz üstünlüklər əldə etməyə çalışır və əsassız varlanmaq niyyətindədir.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2841/2022 saylı, 18 avqust 2022ci il tarixli qətnaməsi ilə (hakim A.Novruzova) iddia təmin olunmuşdur.

5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43-cü, Mülki Məcəllənin 16.1, 152.1, 152.6, 560.1, 560.2-ci, Mənzil Məcəlləsinin 18-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, öz öhdəliklərinin icrasına və gələcəkdə mənim mənzil hüququndan məhrum olmayacağına heç bir real təminat verməyən və müqavilə şərtlərini birtərəfli qaydada diktə etdirən şəxslə müqavilə bağlamağa məcbur edilməyi konstitusiya və qanunvericiliklə müəyyən edilmiş hüquqularının kobud surətdə pozulmasıdır. Məhkəmə nəzərə almamışdır ki, o, qəzalı vəziyyətdə olan yaşayış binasının sökülməsinə və yeni binanın tikilməsinə etiraz etmir və buna mane olmaq məqsədi yoxdur. O, iddiaçı ilə bağlanacaq və onun mülkiyyət hüququna təsir edəcək müqavilənin şərtlərinin birtərəfli qaydada müəyyənləşdirilməsi ilə razılaşmır və bu, hüquqdan sui-istifadə hesab edilməməlidir. Burada hər hansı əmlakın dövlət ehtiyacları üçün alınmasından söhbət getmir, tərəf qismində hər hansı dövlət orqanı çıxış etmir və cavabdehə verilən “vədlər”in vaxtında və lazımi qaydada yerinə yetirilməməsi və cavabdehin mülkiyyət hüquqlarının pozulması halında heç bir təminat müəyyən edilmədiyindən “ədalətli balans” prinsipi pozulur. Halbuki, Bakı şəhər İcra Hakimiyyətinin “Yeni yaşayış binalarının tikintisi üçün torpaq sahəsinin icarə əsasında İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi haqqında 55 nömrəli, 11 mart 2020-ci il tarixli sərəncamında da tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında tənzimlənməsi iddiaçının öhdəliyi kimi müəyyən edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

10. İddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

11. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir;

12. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir;

13. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir;

14. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

18. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1-ci maddəsinə görə, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ya ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir.

19. Həmin Məcəllənin 4.2-ci maddəsində Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri kimi göstərilmişdir.

20. Şəhərsalma və Tikinti Məcəlləsinin 17.5-ci maddəsinə əsasən, ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır.

21. Nazirlər Kabinetinin bu sahədəki Qərarı və Bakı şəhər İcra Hakimiyyəti Başçısının 11 mart 2020-ci il tarixli 55 №-li sərəncamı da insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi məqsədini daşıyır. Bu istiqamətdə hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması tikinti şirkətlərinin üzərinə bir vəzifə kimi qoyulur.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərinin müəyyən edilməsini vacib hesab edir, mülkiyyət hüququnun məhdudlaşdırılmasının əsasları Konstitusiyada və beynəlxalq aktlarda təsbit edilmiş və bu hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Bununla əlaqədar, nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnun təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını (hədlərini) müəyyən etmişdir (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” AzərbaycanRespublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi).

23. Həmin Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir.

24. Məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısının dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5 və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı).

25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi dövlət orqanlarının əmlakdan dinc istifadəyə hər hansı müdaxiləsinin qanuni olmasını tələb edir. Həmin maddənin birinci bəndinin ikinci cümləsi əmlakdan məhrumetmənin “qanunda nəzərdə tutulmuş şərtlərə uyğun olaraq” həyata keçirilməsinə icazə verir (İatridis Yunanıstana qarşı iş üzrə 1999-cu il 25 mart tarixli Qərar § 58; Yunanıstanın keçmiş kralı və digərləri Yunanıstana qarşı iş üzrə 2000-ci il 23 noyabr tarixli Qərar; Broniovski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar).

26. Mülkiyyətə müdaxilənin qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilmə şərti dövlətdaxili hüquq normalarında özbaşınalıqdan müdafiəni təmin edən kifayət qədər əlçatan və dəqiq normaların mövcud olmasını və onlara riayət edilməsini tələb edir (X3rşı iş üzrə 1986-cı il 8 iyul tarixli Qərar § 110; Vistins və Perepjolkins Latviyaya qarşı iş üzrə 2012-ci il 25 oktyabr tarixli Qərar § 95).

27. Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi isə özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar §148, 150; Skordino İtaliyaya qarşı iş üzrə 2006-cı il 29 mart tarixli Qərar § 93).

28. Beləliklə, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisi ilə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 8 oktyabr tarixli Qərarı).

29. Yuxarıda qeyd olunduğu kimi, mübahisəli ünvanda yerləşən bina qəzalı vəziyyətdədir, istismara yararsızdır. İddiaçı tərəfindən binanın sökülməsi və sakinlərin köçürülməsi səlahiyyətli dövlət orqanının qərarı (sərəncamı) və icazəsi əsasında və həmin qərarla (sərəncamla) müəyyən olunmuş qaydada həyata keçirilir. Sakinlərin 95 % -i ilə müvafiq razılıqlar əldə olunmuş və müqavilələr bağlanmışdır. Cəmi 28,24 kvm sahəsi olan cavabdehə həmin sahədən 55 % artıq, yəni 45 kvm yaşayış sahəsi təklif olunsa da cavabdeh bununla razılaşmamışdır.

30. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdehin iddiaçının təklifi ilə razılaşmaması onun hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirilməlidir.

31. Məhkəmə kollegiyası iddiaçının təkliflərini və tələbini ədalətli sayır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən “ədalətli balans”ı gözləmiş, tərəflərin hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını təmin etmişdir.

32. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları nəzərə alaraq birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən iddiaçının cavabdeh istisna olmaqla digər mülkiyyətçilərlə razılıq əldə etdiyini nəzərə alır.

33. İddiaçı tərəfindən təklif edilmiş şərtlərin cavabdehin mülkiyyət hüququndan məhrum edilməsinə mütənasib olub-olmamasının tam araşdırılmaması ilə bağlı apellyasiya şikayətinin dəlilinə gəldikdə, məhkəmə kollegiyası həmin dəlili də əsassız sayır və işin müəyyən edilmiş hallarına əsasən bir daha qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə çıxararkən “ədalətli balans”ı gözləmiş, tərəflərin hüquq və mənafelərinin ədalətli və ağlabatan tarazlığını təmin etmişdir. Belə ki, iddiaçının təklifi ilə cavabdeh mülkiyyətindən olan sahədən 20 % deyil, tam 55 % artıq olan eyni statuslu və tam təmirli yaşayış sahəsi ilə təmin olunur ki, bu da mülkiyyət hüququnun məhdudlaşdırılmasının ədalətli kompensasiyası kimi qiymətləndirilməlidir.

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 18 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar