Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-709/2023 30.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh (Bakı şəhəri 27 saylı notariat ofisi mübahsə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (“pulun tutulması və etibarnamənin etibarsız hesab edilməsi“) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri 27 saylı notariat ofisi mübahsə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pulun tutulması və etibarnamənin etibarsız hesab edilməsi“ tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1440/2022 saylı işi üzrə 29 mart 2022-ci il tarixili qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı Cavabdeh 850 manat məbləğində pulun alınaraq ona ödənilməsi və onun tərəfindən Cavabdeh xx.xx.2014-cü il tarixdə Bakı şəhəri 27 saylı Notariat ofisində verilmiş 7E- 7098 nömrə ilə qeyd edilmiş etibarnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək, iddiaçının ziyanına hər hansı tədbir görmədiyini, iddiaçının müraciəti olmasa da, iddiaçının və uşaqlarının yaşayış yerinin olmaması və bununla bağlı onun əri tərəfindən hüquqlarının pozulması səbəbindən iddiaçının adından onun keçmiş ərinə qarşı "mənzilə köçürülmə” tələbinə dair iddia qaldırdığını, ona 850 manat məbləğində deyil, 770 manat məbləğində pulun verildiyini, həmin pulu iddiaçının uşaqlarına və məhkəmə xərclərinə sərf etdiyini, bu səbəbdən ondan həmin pulun tələb edilməsini əsassız hesab etdiyini, etibarnamənin ləğv edilməsinə isə etiraz etmədiyini bildirmişdir.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1440/2022 saylı işi üzrə 29 mart 2022ci il tarixili qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri 27 saylı notariat ofisi mübahsə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pulun tutulması və etibarnamənin etibarsız hesab edilməsi “ tələbinə dair iddiası rədd edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4; Mülki Məcəllənin 337.1, 362.1, 365.1, 365.1.3, 385.1, 777.1, 777.2, 778.1, 779.1, 781, 783.1, 784-cü maddələrinə istinadən qeyd edilmişdir ki, tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Həmin münasibətlər çərçivəsində iddiaçı Azərbaycan Respublikasından kənara getməsi ilə əlaqədar ölkə hüdudlarından kənarda olduğu müddət ərzində onun adından müəyyən hərəkətlərin edilməsini cavabdehə tapşırmış (etibar etmiş) və bununla bağlı ona xx.xx.2014-cü il tarixdə notarial qaydada təsdiq edilmiş etibarnamə vermişdir. Həmin etibarnaməyə əsasən iddiaçı cavabdehə həmçinin, qanunla iddiaçıya verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət verilməsi hüququna malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmaq və tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi etibar etmişdir. Cavabdeh də məhz həmin etibarnamə ilə ona verilmiş səlahiyyətlərindən istifadə edərək, iddiaçının adından məhkəmədə iddia qaldırmışdır. Başqa sözlə, cavabdeh iddiaçının adından məhkəmədə iddia qaldırmaq üçün tam səlahiyyətli olmuşdur. Cavabdehin iddiaçıya bu barədə hər hansı məlumat verməməklə onun adından iddia qaldırması, habelə həmin iddianın təmin edilməməsi bu etibarnamənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Etibarnamənin rəsmiləşdirilməsi zamanı da qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddiaçının müraciəti əsasında həmin etibarnamənin qüvvəsinə artıq xitam da verilmişdir. Bu səbəbdən, iddia tələbi "etibarnamənin etibarsız hesab edilməsi” hissəsində əsassızdır və rədd edilməlidir. Məhkəmə iddia tələbinin "pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı bu pulu cavabdehə saxlamaq niyyəti ilə verdiyini bildirir. Lakin nəzərə alınmalıdır ki, iddiaçı Azərbaycan Respublikasının hüdudlarını müəyyən müddətə tərk etməsi ilə bağlı cavabdehə etibarnamə verməklə yanaşı, həmin vaxt uşaqlarını (Salmanlı Məhəmməd Hicran oğlu və Salmanlı Zeynəb Hicran qızı) da cavabdehin himayəsində saxlamışdır. Müəyyən məbləğdə pulu da (iddiaçı həmin pulun 850 manat məbləğində olduğunu iddia etsə də, cavabdeh 770 manat məbləğində olduğunu bildirir) məhz həmin vaxt cavabdehə vermişdir. Cavabeh qeyd edilən pulu məhkəmə xərcləri ilə yanaşı, uşaqların saxlanılmasına sərf etdiyini bildirir. İddiaçı həmin vaxt ərzində cavabdeh tərəfindən uşaqlara lazımi və tələb olunan səviyyədə qulluğun göstərilməməsini bildirmir. Bu səbəbdən məhkəmə hesab edir ki, bu məsələdə də tərəflər arasında tapşırıq münasibətləri yaranmış və iddiaçı uşaqlarını cavabdehin himayəsinə verməklə onun ölkədə olmadığı müddət ərzində, müvəqqəti olaraq həmin uşaqlara qulluq göstərməsini cavabdehə tapşırmışdır. Pul vəsaiti də məhz cavabdeh tərəfindən uşaqlara tələb olunan səviyyədə xidmətlərin göstərilməsinin, o cümlədən bununla bağlı yarana biləcək xərclərin qarşılanmasının təmin edilməsi məqsədi ilə verilmişdir. Belə ki, bu xidmətin göstərilməsi (uşaqların qidalanması, tələb olunan yerlərə daşınması və sair), təbii ki, maddi vəsait tələb edir. Bu baxımdan iddiaçı tərəfindən cavabdehə verilmiş pul məhz uşaqlara xidmətlərin göstərilməsi barədə tapşırığın icra edilməsi zamanı çəkilən xərclərin əvəzi kimi qiymətləndirilməlidir. Bu da öz növbəsində iddia tələbinin bu hissədə də rədd edilməsini şərtləndirir.
4. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - AR-1 № 329699 xx.xx.2014-cü il tarixli etibarnamə ilə İddiaçı Cavabdeh xx.xx.2034-cü il tarixinə qədər qüvvədə olan etibaranmə verdiyi müəyyən edilir; - “Elektron notariat” X1 çıxarışa əsasən Bakı şəhəri 27 saylı notariat ofisi tərəfindən verilmiş reyestr nömrəsi 7098, xx.xx.2014-cü il qeydiyyat tarixli etibarnaməyə xx.xx.2021-ci il tarixində xitam verildiyi müəyyən edilir (səh.8,9). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
5. İddiaçı apellyasiya şikayəti verərək Binəqədi Rayon Məhkəməsinin 2(001)-1440/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə iclasında cavabdeh qeyd etdiyi pul vəsaitini yalandan danaraq 850 m yox, 770 manat olduğunu qeyd etsə də iddianı qismən qəbul etmiş olmasına, həqiqətən də ona verdiyim etibarnamənin kimisə məhkəməyə vermək niyyəti ilə vermədiyini etiraf etməsinə baxmayaraq məhkəmə formal mülahizələrlə iddianı rədd etmişdir. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində qeyd edir ki, guya cavabdeh onun uşaqlarını həmin 850 manatla saxlamışdır ki, bu hissədə də səhv nəticəyə gəlmişdir. Belə ki, o, xaricə gedərkən aliment kartını anasına vermişdir ki, uşaqların saxlanması həmin aliment hesabına və Türkiyədən göndərdiyi pul hesabına idi. Cavabdeh tərəfindən həmin pulun uşaqlara xərclənməsi deyilmədiyi halda məhkəmənin belə qənaətə gəlməsi tam absurddur. Əksinə cavabdeh həmin pulu ona tapşırmadığı məhkəmə işinə sərf etdiyini bildirmişdir ki, bu da həmin pulu verməməsinə əsas deyil. Çünki ilk olaraq o, cavabdehə məhkəməyə müraciət etməsini tapşırmamışdı, ikincisi isə məhkəməyə dövlət rüsumu və s bu qədər xərc tutula bilməzdi, cavabdeh tərəfindən iddianın qismən etiraf edilməsinə baxmayaraq məhkəmə əsassız olaraq iddiasını rədd etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı uşaqları ilə birlikdə Türkiyəyə gedən zaman anasına saxlaması üçün pul və burada hər hansı işi olarsa həll etməsi üçün etibarnamə verdiyini, anasının həmin pulu xərclədiyini və etibarnamədən istifadə edərək onun xəbəri olmadan ərizələr verdiyini, məhkəmədə uduzduğunu, keçmiş həyat yoldaşından uşaqların payını istədiyi zaman məhkəmə prosesində keçmiş həyat yoldaşının qətnaməni göstərməsindən sonra bütün bunlardan xəbərinin olduğunu bildirmiş, etibarnaməni ləğv etdirdiyini qeyd etmiş və iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir.
7. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh və mübahsə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 27 saylı notariat ofisinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
9. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Mülki Məcəllənin 337, 339, 347, 354, 359-366, 777-786; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə araşdıran məhkəmə kollegiyası diqqətə çatdırır ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlil əks edilməmişdir. Qeyd edilməlidir ki, əqdin bağlanması zamanı münasibətlərin etibarlılığı müqavilənin etibarsızlığına dəlalət etmir və tapşırıqların icrası üçün qanunvericiliklə müəyyən edilmiş normaların dispozitiv şərtlərinə uyğun iddiaçının sonradan iddia edilən halların təsdiq edilməsinə dair müvafiq sübutları təsdiq etməmişdir. Münasibətlərin mahiyyəti bir şəxsin hüququnun etibar edilmiş digər şəxs vasitəsi ilə həyata keçirilməsi məsələlərinə toxunur ki, ilk olaraq bunlar iddiaçı tərəfindən təkzibedilməz sübutlarla təsdiq edilməlidir. İddiaçı tərəfindən etibarnamə və pulun verilməsi üzrə etibar edilmiş şəxsin məhz hər hansı tapşırığın yerinə yetirilməsi ilə hərəkətlərinin (və ya onların təyinatının) məhdudlaşdırılması barədə sübutlar təqdim edilməmişdir.
10. Mülki Məcəllənin 359-cu maddəsinə əsasən: 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər; 359.2. Özgə mənafeyi üçün olsa da, öz adından fəaliyyət göstərən şəxslər (kommersiya vasitəçiləri, müflisləşmə zamanı müsabiqə idarəçiləri, vərəsəlik zamanı vəsiyyət icraçıları və i.a.), habelə gələcəkdə mümkün ola biləcək əqdlər barəsində danışıqlara başlamağa vəkil edilmiş şəxslər təmsilçi deyildirlər; 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz; 359.4. Xarakterinə görə yalnız şəxsən bağlana bilən əqdlərin, eləcə də bu Məcəllədə göstərilən digər əqdlərin təmsilçi vasitəsilə bağlanmasına yol verilmir.
11. Məcəllənin 362.1-ci maddəsinə əsasən Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
12. Mülki Məcəllənin 777-ci maddəsinə əsasən : 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür; 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir; 777.4. Bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir
13. Mülki Məcəllənin 778-ci maddəsinə əsasən: 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir; 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur; 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir.
14. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətlərinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir.
15. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1440/2022 saylı işi üzrə 29 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.