Məhkəmə qərarları › İş №2(103)-7100/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7100/2025

02.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7100/2025 02.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş (Açar sözlər: «istehlakçı hüquqlarının pozulması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı və Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3710/2025 saylı, 09 oktyabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh MMC-nin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: İddiaçı xx.xx.2025-ci il tarixdə ayaqqabısını 35,10 manat xidmət haqqı olmaqla təmizlənməsi üçün Cavabdeh Quru Təmizləməyə təhvil vermişdir. Ayaqqabının geri təhvil alınması üçün təyin edilmiş vaxt xx.xx.2025-ci il, saat 12:00 kimi qeyd edilmişdir. Qəbzdə ayaqqabı qəbul edilərkən üzərində sürtünmə, ağarma, didilmə və digər defektlərin olduğu qeyd edilmişdir.

2. Təqdim olunmuş elektron məktublarda göstərilib ki, İddiaçı ayaqqabını geri təhvil alarkən içliyinin kimyəvi təmizləmədən sonra yararsız hala düşməsindən narazılıq etmiş, qarşı tərəf onun pretenziyalarını qəbul etməmiş, xidmətə görə ödəniş olunmayacağı halda ayaqqabının geri qaytarılmayacağı nəzərinə çatdırılmışdır. Bundan sonra, İddiaçı tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə şikayət etmişdir.

3. Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin 05 may 2025-ci il tarixli və 15 may 2025-ci il tarixli məktublarında İddiaçı qanunvericiliyin tələbləri sadalanmış, ona məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı Cavabdeh MMC-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi, əmlakın geri qaytarılması tələbinə dair iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ayaqqabının təmir olunmayan şəkildə zədələnməsi nəticəsində maddi dəyərinin (250 avro və ya təxminən 460 manat) ona ödənilməsi və ya eyni modelin yenisi ilə əvəz olunması; yaşadığı mənəvi narahatlıqla bağlı mənəvi zərərə görə 400 manat kompensasiyanın ödənilməsi; ayaqqabının ona təhvil verilməsi və ya lazım olduqda ekspertizaya təqdim olunmasına şərait yaradılması; Cavabdeh MMC-nin məsuliyyətinin müəyyən olunaraq qanunvericiliyə uyğun tədbirlərin görülməsi barədə qətnamə çıxarılmasını xahiş edib.

5. İddiada göstərilib ki, iddiaçı xx.xx.2025-ci il tarixdə şəxsi ayaqqabısını təmizlənməsi üçün Cavabdeh MMC-nin Nəsimi filialına təhvil vermişdir. Ayaqqabı orijinal keyfiyyətli brend məhsul idi və 2024-cü ilin avqust ayında alınmışdı. xx.xx.2025-ci ildə geri almaq üçün müəssisəyə yaxınlaşdıqda, ayaqqabının daxili örtüyünün ciddi şəkildə zədələndiyini, deformasiya olduğunu və əvvəlki formasını itirdiyini müşahidə etmişdir. Məsul əməkdaşlar – vətəndaşları qəbul edən Aynur adlı xanım və təmizləmə işçisi məsuliyyəti üzərilərindən atmağa çalışmışlar və vəziyyəti əvvəlcədən belə olduğunu iddia etmişlər. Halbuki təhvil prosesi cəmi bir neçə saniyə çəkmişdi və həmin vaxt heç bir baxış və qeydəalma prosesi aparılmamışdı. Bu səbəbdən müəssisənin ayaqqabının əvvəlki vəziyyəti ilə bağlı dedikləri yalnız subyektiv təxminlərə əsaslanır və əsassızdır. Hadisə zamanı təxminən 20-30 dəqiqəlik mübahisə müddətində əməkdaşlar - xüsusilə resepsiyada olan Aynur xanım və təmizləmə ilə məşğul olan işçi - özlərinin də səhv etdiklərini dolayı şəkildə etiraf etmişlər. Ayaqqabıya dərman vasitəsi tətbiq edildiyini, bu səbəbdən müəyyən deformasiya yarandığını bildirmişlər və sonda demişlər ki, «əgər ödəniş etməsəniz, əmək haqqımızdan tutulacaq». Ardınca ayaqqabının qalmasını, iç hissəsinin sabah təmirə göndəriləcəyini təklif etdilər. Bu, zədələnmənin onların məsuliyyətsizliyi nəticəsində baş verdiyinin dolayı etirafı idi. Daha sonra isə, telefonla əlaqə saxladığı zaman bildirildi ki, ayaqqabının iç hissəsini təmir etmək mümkün deyil və ödəniş etmədiyi halda onu qaytara bilməzlər. Bu yanaşma həm etik, həm də hüquqi baxımdan qəbuledilməzdir. Bundan əlavə, təmizləmə məntəqəsində ona bildirilmişdir ki, ayaqqabının alt hissəsi əvvəlcədən sarı olub. Lakin o, ayaqqabısını ağ rəngdə olan alt hissəsinin şəklini təqdim etdikdə, demişlər ki, «biz onu düzəldə bilərik». Bu da onu göstərir ki, ya əvvəl ayaqqabıya baxmadan yanlış fikir formalaşdırıblar, ya da onu təmizləyərkən yanlış müdaxilə nəticəsində bu cür deformasiya baş verib. Əməkdaşlar əvvəlcə ayaqqabının altının sarı olduğunu iddia etmişlər. Lakin bu iddialar əsassız olduğundan və özləri də zədənin orada yarandığını başa düşdüklərindən, daha sonra demişlər ki, «içini düzəltməyə çalışacağıq». Növbəti gün isə bildirilmişdir ki, təmir mümkün deyil və üstəlik, ödəniş etmədiyi təqdirdə ayaqqabısını da qaytarmayacaqlar. Bu isə açıq şəkildə onun mülkiyyət hüququnun pozulmasıdır. Bundan əlavə, onun narazılığı əsasında aldığı cavab məktubunda qeyd olunmuşdur ki, guya ayaqqabı 5 ilə yaxındır istifadə olunur. Bu iddia tam əsassızdır və rəsmi alış sənədi ilə təkzib olunur. Ayaqqabı 2024-cü ilin avqust ayında alınmış və təmizləməyə təhvil verilənədək normal istifadə olunmuşdur. İstifadəyə uyğun vəziyyətdə olan bir məhsulun cəmi bir təmizlik prosedurundan sonra zədələnməsi, onun məsuliyyətsiz şəkildə təmizlənməsindən xəbər verir. Ona təqdim olunmuş cavab məktubunda heç bir üzrxahlıq yer almamış, əksinə məsuliyyəti istehlakçının üzərinə atmaq cəhdi müşahidə olunmuşdur. Bu isə müştəri məmnuniyyətinə və qanunvericiliyə uyğun olmayan yanaşmadır. İstehlakçının maddi və mənəvi zərərə uğramasına laqeyd yanaşılan bu münasibət, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun birbaşa pozulmasıdır.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3710/2025 saylı, 09 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim Vüsalə Musayeva) iddia tələbinin qismən təmin edilərək Cavabdeh MMC-dən dəymiş maddi zərərə görə 70 (yetmiş) manat pul tutularaq İddiaçı ödənilməsi; İddiaçı məxsus “Pinko” markalı xx.xx.2025-ci il tarixdə kimyəvi təmizlənmə üçün Cavabdeh MMC-yə verilmiş ayaqqabı Cavabdeh MMC-dən alınaraq İddiaçı təhvil verilməsi; iddianın qalan hissədə edilməməsi; aparılmış qiymətləndirmə tədqiqatının dəyərini təşkil edən 300 (üç yüz) manat xərc İddiaçı və Cavabdeh MMC-dən müştərək qaydada tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, VÖEN: ********** H/h: № AZ33İBAZ******************** "xxxx" ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ******************** S.W.İ.F.T BİK: İBAZAZ2X) ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, işin faktiki hallarına əsasən iddiaçı xx.xx.2024-cü ildə İspaniyanın Barselona şəhərində 250 avro dəyərində əldə etdiyi «Pinko» markalı ayaqqabını xx.xx.2025-ci il tarixdə kimyəvi təmizlənməsi üçün cavabdehə təqdim etmiş, təqdim olunarkən üzərində sürtünmə, ağarma, didilmə və digər defektlər olsa da (iddiaçı müvafiq qəbzə imza etməklə ayaqqabı təhvil verilərkən ayaqqabının qeyd edilən vəziyyətdə olmasını etiraf etmişdir), ayaqqabının içliyində hər hansı qüsur olması qeyd edilməmişdir. Ayaqqabını kimyəvi təmizləmə xidməti göstərən cavabdehdən geri təhvil alarkən iddiaçı ayaqqabının içliyinin üzərində ayaqqabı markasının yazının silinməsindən narazı qalmasını bildirməklə, bunun aradan qaldırılmasını tələb etmişdir. İlkin olaraq xidmət göstərən cavabdeh müştərinin bu təklifi ilə razılaşsa da, (tərəflər arasında müvafiq tətbiq üzrə yazışmalar bunu deməyə əsas verir) sonradan razılaşma müsbət nəticələnməmişdir. Yəni xidmət göstərən müəssisə təmizləmənin qüsursuz icra edilməsini bildirməklə, yaranan qüsurun aradan qaldırılmasından imtina etmişdir. İddiaçı ayaqqabısının bu vəziyyətdə olmasının səbəbini araşdırmış, xidmətin keyfiyyətlə icra edilməməsi səbəbindən müvafiq xidmətə görə ödəniş etməmiş, nəticədə isə xidmət göstərən şəxs iddiaçının ayaqqabısını ona geri qaytarmamışdır. Cavabdeh iddiaçının bu tələbinə qarşı ayaqqabını təmizləməyə qəbul edərkən tərtib etdiyi qəbzdə ayaqqabıda olan qüsurlara dair apardığı qeydləri dəlil olaraq irəli sürsə də, göstərilən qeydlərin ayaqqabının adi təyinatına uyğun olaraq və müddət nəzərə alınmaqla (xx.xx.2024- xx.xx.2025) istifadəsindən irəli gələn hallar olması inkar edilmir. Lakin iddiaçının tələbi məhz ayaqqabının loqo yazısının silinməsindən irəli gələn halın aradan qaldırılmasından ibarətdir. İş üzrə təyin edilmiş qiymətləndiricinin rəyində həmin vəziyyətin kimyəvi təmizləmə nəticəsində yarandığı qeyd olunmuşdur. Belə ki, rəydə göstərilmişdir ki, qiymətləndirməyə təqdim edilən “Pinko” markalı ayaqqabıya ilkin vizual baxış zamanı ayaqqabının astarındakı yazı və işarələrin silindiyi müəyyən edilmişdir. Bu cür silinmə kimyəvi təmizləmə zamanı istifadə olunan güclü həlledicilər (xüsusən xlor tərkibli və ya ağır deterjanlar) çap olunmuş loqo və yazıları solğunlaşdırıb silə bilər. Ayaqqabının içindəki yapışqanlı hissələr də belə maddələrə həssas olur, bu da yazıların qopmasına səbəb ola bilər. Kimyəvi təmizləmə zamanı ayaqqabının rəng dəyişməsi (solma və qaralma), materialın sərtləşməsi və çatlaması, yapışqan hissələrin boşalması, daxili astarın zədələnməsi (astar parçası büzüşə və ya nazilib çırılmağa meyilli ola bilər, içdəki brend loqosu, ölçü yazısı, model kodu çap olunmuşsa, həll olub silinə bilər), metal və bəzək detalların korroziyası, daban və altlıq zədələnməsi müşahidə oluna bilər. Göründüyü kimi, ayaqqabının içliyi cavabdeh tərəfindən göstərilən xidmət nəticəsində, yəni aparılan kimyəvi təmizləmə zamanı yaranmışdır. Bununla da, ayaqqabıya 70 manat məbləğində ziyan vurulmuşdur. Həmçinin iddiaçıya məxsus əmlakın əsassız olaraq cavabdehə saxlanması aradan qaldırılmalı, əmlak qanuni sahibinə geri qaytarılmalıdır. Ayaqqabının dəyərinin azalması səbəbindən iddiaçıya 200 manat ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, ayaqqabı geyim olaraq insanın bədən kütləsinin təsiri altında bütün vücudun səthlə təmasından irəli gələrək daha çox amortizasiyaya məruz qalmışdır, belə olan təqdirdə ayaqqabının xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək gündəlik olmasa da, belə adi təyinatına uyğun istifadəsi təbii ki, əmlakın dəyər itkisinə səbəb olan haldır. Bu səbəbdən iddia tələbi bu hissədə təmin edilməməlidir. Eyni zamanda vurulmuş mənəvi zərərlə bağlı qeyd edir ki, iddia tələbinin iddiaçıya məxsus olan ayaqqabıya dəymiş maddi zərərin əvəzinin ödənilməsi hissəsində tam həcmdə təmin edilməsi onun ruhi vəziyyətinə xoş təsir edən hal kimi qiymətləndirilməklə kifayətlənməsi mümkün hesab edilməlidir. Odur ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, dəymiş maddi zərərə görə 70 manat maddi ziyan Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməli və iddiaçıya məxsus ayaqqabı Cavabdeh MMC-dən alınaraq İddiaçı təhvil verilməlidir. Aparılmış qiymətləndirmə tədqiqatının dəyərini təşkil edən 300 manat tərəflərdən müştərək qaydada tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh MMC apellyasiya şikayətində qətnamənin iddia tələbinin qismən təmin edilən hissəsində və qiymətləndirmə xərcinin cavabdehdən tutulması hissəsində ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin rədd edilməsi və qiymətləndirmə xərcinin iddiaçıdan tutulması barədə qətnamə çıxarılmasını xahiş edib.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməməsini xahiş etdi.

10. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Maddə 1128.1. Malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun. Maddə 1132. Malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında sübutetmə yükü zərərçəkənin öhdəsinə qoyulur.

12. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 9.8. İcraçı istehlakçıdan qəbul etdiyi əşyanı (materialı) itirdikdə, korladıqda, zədələdikdə istehlakçıya özünün keyfiyyətcə və qiymətcə oxşar əşyasını qaytarmalı (iş görməli və xidmət göstərməli), bu mümkün olmadıqda istehlakçının razılığı ilə əşyanın (materialın) dəyərini və dəymiş itkiləri ona bir aydan gec olmamaq şərti ilə ödəməlidir. Maddə 10. İş görülməsində və xidmət göstərilməsində, istehlakçının həyatını, sağlamlığını və ya əmlakının təhlükəsizliyini təmin etməyən materialların, avadanlıqların cihazların, alətlərin, qurğuların və başqa vasitələrin tətbiqi nəticəsində vətəndaşın həyatına, sağlamlığına və ya əmlakına zərər dəyərsə, icraçı onlar xassələrini bilib-bilmədiyindən asılı olmayaraq məsuliyyət daşıyır. Maddə 12. İstehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi üçün əsas ola bilməz.

15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

17. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

18. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

19. Mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin həmin hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

20. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə təmin edildiyi hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.

21. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

22. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

23. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyini müəyyən etdi. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz. Buna baxmayaraq, şikayətin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.

24. Əvvəla, cavabdeh apellyasiya şikayətində qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan hər hansı əsası göstərməmiş, üstəlik şikayətin məzmununda da hansısa əsasın olduğuna istinad olunmur. Bu cür vəziyyətdə yalnız qətnamənin iddianın təmin edilən hissədə ləğv edilməsini və həmin hissədə iddianın rədd olunmasının istənilməsi başadüşülən olmamışdır. Çünki iddianın təmin edilən hissəsində qətnamənin ləğv edib və iddianı o hissədə rədd etmək üçün mütləq ki, qanuni əsas olmalıdır. Cavabdeh buna dair dəlil göstərməsə də məhkəmə tərkibi də qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas müəyyən etmədi.

25. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın qismən təmin olunması həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən və deliktlərdən əmələ gələn öhdəliklər, həmçinin hüquqdan başqalarına zərər vurmaq üçün sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

26. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3710/2025 saylı, 09 oktyabr 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

qətetdi:

Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3710/2025 saylı, 09 oktyabr 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar