Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7101/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(001)-122/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (üçüncü şəxs X9 cəlb edilməklə) qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 1531 manat məbləğində sığorta ödənişinin əvəzi və 30,40 manat ödənilmiş dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, 30.07.2014-cü il tarixdə Cavabdeh1 mülkiyyətində olan “Mitsubishi Pajero” markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Zərdabi küçəsində Cavabdeh2 tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də sığortalanmış “Hyundai Santa-Fe” markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Bakı şəhəri Yasamal RPİ DYPŞ-nin 25.08.2014-cü il tarixli, 9/12 16805 saylı arayışa əsasən, CYP 209444 saylı inzibati xəta haqqında protokola və inzibati tənbehvermə haqqında qərara əsasən, Cavabdeh2 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və İXM-nin 151.3-cü maddəsinə əsasən 80 (səksən) manat məbləğində inzibati cərimə edilmişdir. “Mitsubishi Pajero” markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobil 07.03.2012-ci il tarixdən 14.02.2019-cu il tarixədək Cavabdeh1 mülkiyyətində olmuş və həmin avtomobilə dair istifadə və ya sərəncam hüququ 04.08.2015-ci il tarixinə kimi heç bir şəxsə verilməmişdir. Cavabdeh2 hadisə ilə bağlı izahatında avtomobili müvafiq etibarnamə olmadan idarə etdiyini bildirmişdir. İddiaçı tərəfindən tərtib olunmuş 23.09.2014-cü il tarixli hesabata əsasən **-RV-*** dövlət qeydiyyat nişanlı “X12” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 1831 manat məbləğində müəyyən edilmişdir. Sığorta şəhadətnaməsi ilə hər bir sığorta hadisəsi üzrə şərtsiz azadolma məbləği 300 manat məbləğində tərəflər arasında razılaşdırılmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(001)-122/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1531 manat (bir min beş yüz otuz bir) məbləğində pul vəsaiti və 30,40 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, 30.07.2014-cü il tarixində, yol-nəqliyyat hadisəsi nəticədə “Hyundai Santa-Fe” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Qeyd olunan avtomobilin mülkiyyətçisi ilə cavabdehlər arasında razılığa gəlinmiş və mülkiyyətçiyə dəymiş ziyan tam ödənilmişdir. Ziyan dəymiş avtomobilin mülkiyyətçisi ilə əldə edilmiş razılığa əsasən isə, bu barədə sığorta şirkətinə məlumat verilməmişdir. Yəni, hadisə zamanı sığorta şirkətinə məlumat verilməmiş və sığorta şirkəti tərəfindən hadisə yerinə baxış keçirilməmişdir. Bundan başqa, iddia müddətinin keçməsi ilə bağlı cavabdehlər tərəfindən məhkəməyə ərizə təqdim edilmiş, lakin məhkəmə tərəfindən ərizəyə münasibət bildirilməmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etmədi, iddia tələbi və apellyasiya şikayətinə etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, Cavabdeh2 və üçüncü şəxs X9 məhkəməyə gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, 23.09.2014-cü il tarixli zərərin hesablanması və sığorta aktına əsasən "xxxx" ASC tərəfindən texniki baxışdan keçirilmiş “X12” markalı avtomobilə bağlı zərər 1831 manat məbləğində müəyyən edilmiş, sığorta şəhadətnaməsində razılaşdırılmış 300 manat azadolma məbləği çıxılmaqla 1531 manat təşkil etmişdir. 26.09.2014-cü il tarixli kassa mədaxil orderinə əsasən Emil Əzizadəyə 1531 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsi tərəfindən verilmiş inzibati xəta haqqında qərardan görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.3-cü maddəsi ilə təqsirli bilinərək 80 (səksən) manat cərimə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin 12.08.2019-cu il tarixli, 016-72823-1219 saylı məktubuna əlavə edilmiş kompyuter çıxarışından görünür ki, “Mitsubishi Pajero” markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobil 07.03.2012-ci il tarixdən 14.02.2019cu il tarixədək Cavabdeh1 mülkiyyətində olmuş və həmin avtomobilə dair istifadə və ya sərəncam hüququ 04.08.2015-ci il tarixinə kimi heç bir şəxsə verilməmişdir. Bakı şəhəri, BPİ DYPİ-nə ünvanlanmış izahatlardan görünür ki, Cavabdeh2 hadisənin onun tərəfindən törədildiyini etiraf etmiş, hadisə zamanı xəsarət alan olmamışdır. Geriyə tələb (subroqasiya) məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehlərə subroqasiya hüququ ilə əlaqədar 1531 manat məbləğində vəsaitin 5 gün ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsi barədə məktub ünvanlamışdır. Məktubda həmçinin qeyd olunan müddət ərzində vəsaitin ödənilməməsi halında cavabdehlərə qarşı məhkəmə qaydasında subroqasiya tələbi irəli sürüləcəyi barədə məlumatlandırılmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 07.07.2020-ci il tarixli 4/315 nömrəli rəyə əsasən fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə MİB-RAZ-0074/12 saylı Sığorta Şəhadətnaməsində “Sığortalının S.A.A vı imza” qrafasındakı imza ilə 26.09.2014-cü il tarixli 001091 saylı kassa məxaric orderində “imza” qrafasındakı imza müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin 18.01.2021-ci il tarixli 9/4822 nömrəli rəyə əsasən, "xxxx" ASC-nin 23.09.2014-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “X12” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1908 manat müəyyən edilmişdir. Tədqiq edilmiş sübutlar əsasında müəyyən olunmuşdur ki, Cavabdeh2 təqsirliliyi, inzibati xəta haqqında protokolla və işdə olan digər sübutlarla təsdiq edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 936.1, 936.2, 936.5, 1096, 1099.1, 1108.1, 1108.2, 1114.1, “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddələrinə istinad etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1nın mülkiyyətində olan, lakin digər Cavabdeh2 idarə etdiyi **-MO-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi Pajero” markalı avtonəqliyyat vasitəsi ilə “X12” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə yol nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. X1 Teymur Fərəməz oğluna avtomobili idarə etmək üçün etibarnamə verməmişdir. Həmin yol-nəqliyyat hadisəsində müvafiq qərarla törətdiyi əmələ görə Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 151.3-cü maddəsi ilə təqsirli bilinmişdir. Kollegiya hesab edir ki, məhkəmə tədqiq olunmuş sübutlar əsasında iddianı təmin etməklə, düzgün nəticəyə gəlmişdir. Kollegiya cavabdeh tərəfin 3 illik iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə qiymət verərək, hesab edir ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən 3 illik iddia müddəti müqavilə tələblərindən irəli gələn öhdəliklər üzrədir. Hazırki iş üzrə tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmamışdır. İddiaçı dəymiş zərərə görə ödədiyi pula görə subroqasiya qaydasında pul tələbi irəli sürmüşdür. Buna görə də, hazırkı tələbə Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən 10 illik iddia müddəti tətbiq olunur. Göründüyü kimi, 26.09.2014-cü il tarixdə iddiaçı tərəfindən pulun ödənilməsi halında, hazırkı iddia tələbinin verilməsi üçün 10 illik iddia müddəti ötürülməmişdir. Buna görə də, cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsi əsaslı hesab edilə bilməz. Kollegiya apellyatorların avtomobil sahibinə hadisə zamanı pul ödəmələri ilə bağlı dəlillərini əsassız hesab edərək, qeyd edir ki, bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(001)- 122/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Ziya Şirinov
Məhkəmə qərarları › İş №2(103)-7101/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7101/2021
25.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver