Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7101/2022 29.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X4 cəlb edilməklə) iş üzrə (Açar sözlər: dəymiş maddi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli, 2(006)-1184/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 29 noyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, Bakı şəhəri DYPİ tərəfindən xx.xx.2017-ci il tarixdə İddiaçı barəsində KYP 552347 nömrəli inzibati xəta protokolu tərtib edilmiş və baxılması üçün Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir.
2. İş materiallarında olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 3(010)-812/2017 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5 və 343.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə əlaqədar sürücü İddiaçı barəsində tərtib edilmiş 10 avqust 2017-ci il tarixli, KYP 552347 nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 3(103)-957/2017 saylı qərarı ilə şikayət təmin edilməmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli, 3(010)-812/2017 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
4. İş materiallarında olan Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin Kriminalistika şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 11 dekabr 2018-ci il tarixli qərarının surətindən görünür ki, Bakı şəhər Baş polis idarəsinin X7 İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının yol-patrul inspektorları X4 və X2 əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir.
5. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Təhqiqatlar İdarəsinin İddiaçı ünvanlandığı məktubdan görünür ki, YPX inspektoru Ş.Fərmanov iddiaçı barəsində İXM-nin 342.5 və 343.1-ci maddələri ilə inzibati xəta haqqında protokolu iştirakı olmadan tərtib etmiş, bu zaman protokolda hal şahidləri olmalarına dair həqiqətəuyğun olmayan qeydiyyat aparmış, YPX inspektoru E.Səfərov onun iştirakı ilə bağlı inzibati protokolun tərtib olunmasına təşəbbüs göstərməmişdir. Qeyd olunan nöqsanlara yol verdiklərinə görə YPX inspektorları Şamil Fərmanov və Elvin Səfərov DİN-nin müvafiq əmri ilə intizam məsuliyyətinə cəlb edilmişlər.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2017-ci il tarixli, KYP 552347 saylı inzibati xəta haqqında protokola əsasən başlanmış inzibati işə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 3(010)-812/2017 nömrəli qərarı ilə xitam verildiyinə görə, ona dövlət orqanlarının vəzifəli şəxsləri tərəfindən vurulmuş ziyanın - 4 ay ərzində dövlət orqanlarına və məhkəməyə gedib-gəlmək üçün çəkdiyi 480 (dörd yüz səksən) manat xərcin, rabitədən (poçt, teleqram, telefon və s.) istifadəyə çəkdiyi 300 (üç yüz) manat xərcin, xəsarətlə bağlı müalicə üçün çəkdiyi 1600 (min altı yüz) manat xərcin və 15000 (on beş min) manat fiziki mənəvi ziyanın, cəmi 17380 (on yeddi min üç yüz səksən) manatın dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci ildən xx.xx.2017-ci il tarixə keçən gecə, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin “D” massivindəki sonuncu 31 saylı binanın yanından torpaq yolla Zığ qəsəbəsindəki yaşadığı evinə doğru hərəkət edərkən (avtomobili qohumu idarə edirdi) arxadan YPX avtomobili arxadan “saxla” işarəsi vermiş, YPX inspektoru avtomobilini qanunsuz olaraq, inzibati xəta haqqında protokol tərtib etmədən əlindən alıb duracağa qoymuş, onu isə Zığ yolunun yaxınlığındakı Narkoloji Mərkəzə (hazırda fəaliyyət göstərmir) aparmışlar. Orada YPX inspektoru, sonradan adı ona məlum olan X1 oturduğu, xəbərsiz və gözləmədiyi halda qəfildən sinəsinə, ürəyinin üstünə ağır yumruq zərbəsi vurmuş, nəfəs almağı ağırlaşmışdır. Bu zaman mühafizəçi otağa girmiş və onu qucaqlayıb bayıra çıxartmışdır. Onun vəziyyətinin ağır olduğunu görüb Fərmanov Şamil xidmətdə olan daha iki YPX avtomobilini ora çağırıb. Onlar gələndə o, biraz özünə gəlmişdir. Gələn YPX əməkdaşlarından biri olan polis zabitinin (sonradan bilmişdir ki, o, Şamilin komandiri Hüseyndir) Şamili danladığının şahidi olmuşdur. Ertəsi gün səhər tezdən sinəsində böyük şiş əmələ gəldiyini, bərk ağrılar olduğunu və çox çətinliklə nəfəs aldığını görüb, günorta saat 14:20-də Bakı şəhəri DYPİ-dən arayış alıb, maşınını Neapol dairəsinin yaxınlığındakı duracaqdan götürəndən sonra Yeni Günəşli qəsəbəsindəki 24 saylı birləşmiş xəstəxanaya, həkim-cərraha müraciət etmişdir. Həkim döş qəfəsinin əzildiyini demiş və müalicə yazmışdır. Fakt barədə həkim-cərrah Xətai RPİnin 35-ci PB-nə məlumat da vermişdir. Bakı Şəhəri DYPİ-də onu beş gün get-gələ salandan sonra, yəni 14 və ya xx.xx.2017-ci il tarixdə köhnə xx.xx.2017-ci il tarixdə köhnə xx.xx.2017-ci il tarixə KYP 552347 nömrəli qanunsuz inzibati xəta protokolu tərtib etmişlər. Bu barədə Daxili İşlər Nazirliyinin rəhbərliyinə xx.xx.2017-ci il tarixdə etdiyi elektron müraciət nazirliyin rəhbərliyi tərəfindən nəzarətə götürümüş, nəticədə protokolun onun iştirakı olmadan tərtib edilməsi, eyni zamanda protokola iki nəfər olmayan hal şahidlərinin ad-soyadlarının daxil edilməsi DİN-nin Daxili Təhqiqatlar İdarəsində aparılmış, araşdırma zamanı təsdiqini tapmış və bununla əlaqədar YPX inspektorları Şamil Fərmanov və Elvin Səfərov DİN-nin müvafiq əmri ilə intizam məsuliyyətinə cəlb edilmişlər. Tərtib edilmiş həmin inzibati xəta haqqında protokol baxılaraq qərar verilməsi üçün Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 3(010)-812/2017 nömrəli qərarı ilə KYP 552347 nömrəli inzibati xəta haqqında protokola əsasən başlanmış inzibati iş üzrə icraata xitam verilmişdir. Qərardan Bakı şəhəri BPİ DYPİ-nin rəisi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində xx.xx.2017-ci il tarixdə 3(103)-957/2017 saylı iş üzrə baxılaraq, şikayət təmin edilməmişdir. Göstərilənlərə əsasən hesab edir ki, məhkəmənin xx.xx.2017-ci il tarixli, 3(010)-812/2017 saylı qərarı ilə xx.xx.2017-ci il tarixli, KYP 552347 nömrəli inzibati xəta haqqında protokol üzrə başlanmış inzibati işə xitam verildiyinə görə vurulmuş ziyanın Azərbaycan Respublikasının Konstitusiyası, Mülki Məcəlləsi və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi” haqqında Qanunu ilə müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranmış hesab olunaraq dəymiş ziyan dövlət vəsaiti hesabına ödənilməlidir. Belə ki, 4 ay ərzində BPİ-nin 15 dəfə, DİN-nin Daxili Təhqiqatlar idarəsinə 2 dəfə, Suraxanı Rayon Məhkəməsinə 5 dəfə, Bakı Apellyasiya Məhkəməsinə 2 dəfə, cəmi 24 dəfə ** HT *** dövlət qeydiyyat nişanlı şəxsi avtomobili ilə gedib-gəlmiş və hər dəfə ancaq yanacaq və sürtkü materialı xərci orta hesabla 20 manat olmaqla, cəmi 480 manat; 4 ay ərzində rabitə (poçt, teleqram, telefon və s.) xərci kimi cəm olaraq, təxminən 300 manat ziyana düşmüş; xəsarətlə bağlı müalicə üçün çəkdiyi xərclərə görə 1600 manat ziyana düşmüş (həmin xəsarətdən sonra ürəyində problemlər yaranmışdır); 2017-ci ildə, avqust ayının 10-u saat 23:30-dan 11-i tarixinə keçən gecə saat 03:30-dək Bakı şəhəri DYPİ-nin YPX inspektoru X4 şəxsi əmlakı olan avtomaşınını qanunsuz olaraq, heç bir sənədləşmə işi aparmadan və həmin an yerindəcə inzibati xəta haqqında protokol tərtib etmədən əlindən alınaraq müvəqqəti duracağa qoyduğuna və ona fiziki xəsarət yetirərək 4 saatdan artıq piyada vəziyyətdə yollarda qoyduğuna və narkoloji dispanserdə saxladığına görə, ertəsi gün isə Bakı şəhəri DYPİ ilə Neapol dairəsi yaxınlığındakı “müvəqqəti duracaq” arasında piyada vəziyyətdə hərəkət edərək çəkdiyi fiziki və mənəvi ziyanın əvəzi kimi 15000 manat ödənilməlidir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli, 2(006)- 1184/2022 saylı qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia tələbi təmin edilməmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 76.1, 76.2-ci maddələrinə, “İnsan Hüquqlarının və X3 Haqqında” Avropa Konvensiyasının 6-cı, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin 1-ci hissəsinə, 26-cı maddəsinin 2-ci hissəsinə, 60-cı maddəsinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 saylı Qərarına istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, barəsində tərtib edilmiş xx.xx.2017-ci il tarixli, KYP 552347saylı inzibati xəta haqqında protokola əsasən başlanmış inzibati işə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 3(010)-812/2017 saylı qərarı ilə xitam verilib. Məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, onun barəsində Bakı şəhəri BPİ DYPİ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq inzibati xəta haqqında protokol tərtib edilib. Əgər inzibati xəta protokolu qanunsuz tərtib edilibsə, deməli o nahaqdan olaraq Daxili İşlər Nazirliyinə, DİN-in qurumu olan Bakı şəhər DYPİ-nə, Suraxanı Rayon Məhkəməsinə və Bakı Apellyasiya Məhkəməsinə dəfələrlə (cəmi 24 dəfə) gedib-gəlmiş və şəxsi avtomobilindən bu məqsədlə istifadə edərək ancaq yanacaq-sürtkü materiallarının xərci kimi (avtomobilinin ümumi amartizasiya xərcini nəzərə almır) 480 manat ziyana düşmüşdür. Eyni zamanda hüquqlarını müdafiə edərək günahsız olduğunu sübut etmək üçün məktub, teleqram yazdırıb göndərməyə, telefonla danışıb əlaqə saxlamağa görə 300 manat ziyana düşmüşdür. Eyni zamanda ekspert rəyindən görünür ki, qanunsuz inzibati xəta protokolu tərtib edən dövlət məmuru ilkin olaraq qanunsuzluğu etiraf etməyi üçün ona fiziki xəsarət yetirib, lakin istəyinə nail ola bilməyibdir. O, mənəvi, fiziki və psixoloji sarsıntıya məruz qalmışdır. Nəsimi Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2022-ci il tarixli, 2(006)- 1184/2022 saylı qətnamənin əsaslandırıcı hissəsi qətnamənin nəticə hissəsinə gəlməyə əsas ola bilməz. Ona görə ki, əsaslandırıcı hissə qüvvədə olan mövcud qanunvericiliyə deyil, formal mülahizələrə əsasən tərtib edilib. Nəsimi Rayon Məhkəməsi ədalətli məhkəmə çəkişməsini təmin edib mübahisələndirilən məsələlərə obyektiv hüquqi qiymət verməli olduğu halda bunu etməyib, əvəzində, iddia ərizəsinin təmin edilməməsi üçün maddi və prosessual hüquq normalarını pozaraq və ya düzgün tətbiq etməyərək yalnız formal (şəxsi) mülahizələrdən istifadə edib. Qətnamənin əsaslandırıcı hissəsində (səh.3-4) məhkəmə Bakı şəhəri DYPİ-nin əməkdaşları tərəfindən xx.xx.2017-ci il tarixli, KYP 552347 saylı inzibati xəta haqqında protokol tərtib edilməsindən tutmuş, həmin protokol üzrə icraata Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 3(010)-812/2017 saylı qərarı ilə xitam verilənədək, həmin müddət ərzində baş vermiş bütün prosesləri əks etdirsə də, həmin dövrdə onun nahaqdan çəkdiyi əzab-əziyyətə, düşdüyü maddi, mənəvi zərərə, keçirdiyi fiziki, psixoloji sarsıntıya heç bir obyektiv hüquqi qiymət verməyərək, iddialarına yalnız “bununla bağlı sübutları məhkəməyə təqdim edə bilmədi” kimi qiymət verməklə kifayətlənmişdir. Əgər onun barəsində qanunsuz inzibati xəta protokolu tərtib edilibsə və 3 ay 5 gün ərzində (Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı qəbul edilənədək) nahaqdan olaraq dəfələrlə Daxili İşlər Nazirliyinə, DİN-in qurumu olan Bakı şəhər DYPİ-nə, Suraxanı Rayon Məhkəməsinə və Bakı Apellyasiya Məhkəməsinə (cəmi 24 dəfə) gedib-gəlmişsə və şəxsi avtomobilindən yalnız bu məqsədlə istifadə edərkən yanacaq-sürtkü materiallarının xərci kimi 480 manat ziyana düşmüşsə, bu hal üçün sənəd tələb edilməsi yox (hansı ki, bəzi sənədlər işin içərisində var), həmin halın həqiqiliyinin yoxlanılması üçün ekspertiza təyin edilməsi daha doğru olardı. Eyni ilə də bu cür proseduru rabitəyə (poçt, teleqram, telefon və s.) və aldığı fiziki xəsarətə çəkdiyi xərcin həqiqiliyinin dəqiqləşdirilməsi üçün də tətbiq etmək olardı. Bunların heç biri edilməyib və ona görə də nəticəyə gəlinməsi üçün bütün faktiki hallar araşdırılmayıb.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi.
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
16. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
17. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
18. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
19. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
“Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 1998-ci il tarixli Qanunu:
20. Maddə 4 . Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ: 1) bəraətverici hökm çıxarıldıqda; 2) cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; 3) inzibati xəta haqqında işə xitam verildikdə yaranır.
21. Maddə 5 . Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.
22. Maddə 7 . Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir.
23. Maddə 12. Bu Qanunun 5-ci maddəsinin 1-ci, 2-ci və 4-cü bəndlərində nəzərdə tutulmuş ziyanın məbləği qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin çıxarılmış qərarla razılaşmadığı hallarda, o, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həmin qərardan yuxarı məhkəməyə şikayət verə bilər. Fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi barədə işlər üzrə ziyan çəkmiş tərəf məhkəmə məsrəflərinin ödənilməsindən azad olunur.
24. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli Qərarının 10-cu bəndində izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü,peşə və sənəti,cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
28. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi qismən təmin edilməlidir.
33. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ona maddi ziyanın vurulmasını bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı nəqliyyat, poçt, teleqram, telefon və sair xərcləri iddia ərizəsində qeyd etsə də, onları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının iddia ərizəsində və məhkəmə baxışı zamanı izahatında hesablama apararaq qeyd etdiyi rəqəmlər iş materialları ilə öz təsdiqini tapmır. İddiaçının məhkəməyə təqdim etdiyi sübutlara (Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ambulator Xəstənin tibbi kartası, Siqnal qeydləri, epikriz, KompyuterTomoqrafiya Müayinəsinin Protokolu, Ekspert rəyi, məhkəmə aktları, müvafiq dövlət orqanının cavab məktubu) münasibətdə məhkəmə qeyd edir ki, həmin sübutlarda mübahisələndirilən hallar, yəni iddiaçıya maddi ziyanın vurulması konkret olaraq öz əksini tapmır, həmin sübutlar mübahisələndirilən halı təsdiq edə bilən sübut kimi çıxış edə bilmir. Ona görə də məhkəmə hesab edir ki, həmin sübutlar iddiaçıya maddi ziyanın vurulmasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.
34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır və qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
35. İşin müəyyən edilmiş hallarına əsasən Bakı şəhəri DYPİ tərəfindən xx.xx.2017-ci il tarixdə İddiaçı barəsində KYP 552347 nömrəli inzibati xəta protokolu tərtib edilmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 3(010)-812/2017 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5 və 343.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə əlaqədar sürücü İddiaçı barəsində tərtib edilmiş xx.xx.2017-ci il tarixli, KYP 552347 nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 3(103)- 957/2017 saylı qərarı ilə şikayət təmin edilməmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 3(010)-812/2017 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
36. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Təhqiqatlar İdarəsinin İddiaçı ünvanlandığı məktubdan görünür ki, YPX inspektoru Ş.Fərmanov iddiaçı barəsində İXM-nin 342.5 və 343.1-ci maddələri ilə inzibati xəta haqqında protokolu iştirakı olmadan tərtib etmiş, bu zaman protokolda hal şahidləri olmalarına dair həqiqətəuyğun olmayan qeydiyyat aparmış, YPX inspektoru E.Səfərov onun iştirakı ilə bağlı inzibati protokolun tərtib olunmasına təşəbbüs göstərməmişdir. Qeyd olunan nöqsanlara yol verdiklərinə görə YPX inspektorları Şamil Fərmanov və Elvin Səfərov DİN-nin müvafiq əmri ilə intizam məsuliyyətinə cəlb edilmişlər.
37. Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin Kriminalistika şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 11 dekabr 2018-ci il tarixli qərarının surətindən görünür ki, Bakı şəhər Baş polis idarəsinin X7 İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının yol-patrul inspektorları X4 və X2 əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir.
38. Göründüyü kimi iddiaçı icraatına xitam verilmiş həmin inzibati xəta haqqında iş üzrə müvafiq dövlət orqanlarına və məhkəməyə gedib-gəlmiş, rabitə xidmətindən (poçt, teleqram, telefon və s.) istifadə etmiş, nəticədə ona maddi və mənəvi ziyan dəymişdir.
39. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iddiaçının xeyrinə nəqliyyat xərcinə görə 200 manat, rabitə xərcinə görə 50 manat, mənəvi ziyana görə 300 manat pulun Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsi vəsaiti hesabına ödənilməsini ağlabatan və ədalətli hesab edir.
40. Kollegiya iddia tələbinin iddiaçının xəsarətlə bağlı müalicə üçün çəkdiyi 1600 (min altı yüz) manat xərc hissəsi ilə bağlı qeyd edir ki, iş materiallarında iddiaçının xəsarətləri ilə bağlı sənədlər mövcud olsa da, həmin xəsarətlərin məhz inzibati xəta haqqında ptorokolu tərtib edən şəxslər tərəfindən yetirilməsi iş materialları ilə sübuta yetirilmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz.
41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi qismən təmin edilməli, iddiaçıya nəqliyyat xərcinə görə 200 (iki yüz) manat, rabitə xərcinə görə 50 (əlli) manat və mənəvi ziyana görə 300 (üç yüz) manat, cəmi 550 (beş yüz əlli) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsi vəsaiti hesabına ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli, 2(006)-1184/2022 saylı qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin olunsun. İddiaçı nəqliyyat xərcinə görə 200 (iki yüz) manat, rabitə xərcinə görə 50 (əlli) manat və mənəvi ziyana görə 300 (üç yüz) manat, cəmi 550 (beş yüz əlli) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən kassasiya şikayəti verilə bilməz. Qətnamədən İddiaçı tərəfindən ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.