Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7103/2021 05.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mehtiyev X2 Sabir Qulam oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, rayonların birində torpaq sahəsi götürüb, əkin əkmək üçün investor kimi sərmayə qoymaq qərarına gəldiyini, bu barədə tanışı Həsən Bağırova dedikdə sonuncunun ona Zaqatala rayonunda Cavabdeh adlı tanışı olduğunu bildirdiyini, 2018-ci ilin noyabr ayında Həsən Bağırovla birlikdə Qax rayonuna gedərək cavabdehlə görüşdüyünü, cavabdehin Qax rayonunun Güllük kənd sakini Hidayət adlı şəxsə məxsus 23 hektar torpaq sahəsini göstərib orada əkin əkmək qərarına gəldiyini, bu işdə böyük təcrübəsinin olduğunu, kartof, qarğıdalı, tütün və soya bitkisi əkdiyini dediyini, cavabdehlə bu işi görmək qərarına gəldiyini, işin görülməsi üçün pulu onun qoymalı olduğunun, əkin və digər işlərin cavabdeh tərəfindən görülməli, əldə olunan gəlirin isə iki yerə bölünməli olduğunu razılaşdırdıqlarını, əkin üçün qoyacağı vəsaitə Sabirin cavabdehlik daşıdığını razılaşdırdıqlarını, torpağın icarə haqqı üçün 6900 manat, torpağın şumlanması (23 ha x 35 manat) 805 manat, gübrə (Nitra Amafos) 1955 manat (1 ha üçün 5 ədəd olmaqla bir ədədinin qiyməti 17 manat 23 x 5), toxum (soya) üçün (Serbiya sortu) hektarına 240 manat olmaqla 5520 manat, torpağın rusilnik olunması üçün 1380 manat, torpağın malalanması (1 ha 20 manat olmaqla 2-ci dəfə ütü mala çəkilməsi) 920 manat, toxumun səpini və gübrənin verilməsi 690 manat, torpağın kultivasiya olunması və Falyan gübrə vurulması 575 manat, alaq dərmanı və Falyan gübrəsi üçün 1650 manat, Falyan gübrəsinin vurulması üçün 345 manat, torpağın suvarılması üçün 920 manat, gözətçi pulu üçün 600 manat, məhsulun biçilməsi üçün 1380 manat, yəni cəmi 23 640 manat smeta hazırladıqlarını, sözügedən sahədə soya bitkisi becərmək üçün cavabdehə 13.03.2019-cu il tarixdə 15 180 manat, 07.04.2019-cu il tarixdə 1700 manat, 21.04.2019-cu il tarixdə 1265 manat, 28.05.2019-cu il tarixdə 1000 manat, 04.06.2-19-cu il tarixdə 1275 manat, 10.07.2019-cu il tarixdə 1400 manat, 12.07.2019-cu il tarixdə 1135 manat, 02.08.2019-cu il tarixdə 1000 manat, 04.08.2019-cu il tarixdə 210 manat, 05.08.2019-cu il tarixdə 250 manat olmaqla cəmi 24 415 manat, yemləmə və əlavə xərclər üçün (jele) yemləmə ilə bağlı 713 və 345 manat, fəhlə pulu 70 manat, su maşını üçün 50 manat, suçunun pulu 460 manat, bit dərmanı 276 manat, bit dərmanının vurulması üçün 230 manat, su maşını 50 manat, fəhlə pulu 42 manat və əlavə xərclərə görə 300 olmaqla cəmi 2536 manat pul verdiyini, 26 951 manatı cavabdehin şəxsən özünə verdiyini, 250 manatı isə 07.08.2019-cu il tarixdə poçt vasitəsilə göndərdiyini, məhsulun əkilməsində, gübrə verilməsində, suvarılmasında və yığılmasında iştirak etmək istədiyini bildirsə də, cavabdehin buna ehtiyac olmadığını dediyini, sonradan cavabdehin onu aldatdığını öyrəndiyini, cavabdehin əməli nəticəsində xeyli maddi ziyana məruz qaldığını, əlavə gəlir və qazanc əldə edə bilmədiyini, xeyli miqdarda yol pulu xərclədiyini, həmçinin bankdan götürdüyü kreditlə bağlı faizlər ödədiyini irəli sürmüş, buna görə də Cavabdeh əkin üçün verdiyi 27 201 manatın, əldən çıxmış faydaya görə 10 000 manatın, dəymiş maddi ziyana görə 3000 manatın, mənəvi ziyana görə 10 000 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh cəmi 17 160 manatın İddiaçı xeyrinə tutulması qət olunmuşdur. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək onun ləğv olunmasını və iddiasının tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını; cavabdeh apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsini və ondan iddiaçının xeyrinə 8500 manatın tutulmasını xahiş etmişlər. İddiaçı apellyasiya şikayətində mülki-prosessual qanunvericiliyin müxtəlif müddəalarına istinadla qətnamənin qeyri-obyektiv olduğunu, işin faktiki halları araşdırılmadan çıxarıldığını irəli sürmüş, cavabdehin şikayəti isə məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, iddiaçı ilə bir yerdə, müştərək qaydada gəlir əldə etmək məqsədilə təsərrüfat qurduğu, iddiaçı tərəfindən 16 000 manat vəsait xərclənsə də, bundan daha artıq məbləğdə vəsaitin özü tərəfindən sözügedən təsərrüfata sərf edildiyi, bütün təsərrüfatın məhv olduğu və hər iki tərəfə də zərər dəydiyi, bunun icra nümayəndəliyinin aktı, həmin prosesdə iştirak edən şəxslərin ərizələri, Bakı şəhəri Nizami RPİ-nin 21-ci PB-də aparılan araşdırmanın nəticəsi ilə təsdiq olunduğu, bu səbəblə yalnız iddiaçının çəkdiyi xərcin yarısından məsuliyyət daşıdığı arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı öz apellyasiya şikayətini müdafiə edərək iddiasının tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, işə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış cavabdeh isə məhkəməyə gəlməmişdir. Kollegiya iddiaçının izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən edilmiş hallarına əsasən fərdi sahibkar statusu olan iddiaçı ilə belə statusu olmayan, yəni vergi uçotuna alınmamış cavabdeh arasında, iddiaçının verəcəyi pul vəsaiti hesabına cavabdehin soya bitkisi əkib əldə ediləcək gəliri bərabər şəkildə bölmək barədə şifahi razılaşma olmuş, hazırkı mübahisə cavabdeh tərəfindən həmin razılaşmanın şərtlərinə əməl olunmadığı iddiası əsasında yaranmışdır. İş materiallarında olan, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 02.09.2020-ci il tarixli qərarından görünür ki, şikayəti əsasında aparılan araşdırma zamanı Mirzakir Mehdiyev aşağıdakı məzmunda izahat vermişdir: “2018-ci ildə torpaq sahəsi götürüb əkinçiliklə məşğul olmaq istəmiş, bu barədə iş yoldaşı Zahidə bildirmiş, sonuncu da onu bu sahədə təcrübəsi olan Həsən Bağırovla tanış etmişdir. Bundan sonra onlar Həsən Bağırovun təklifi ilə Qax rayonunun Günlük kəndinə gedib Sabir adlı şəxslə görüşmüşlər. Sabir onlara Hidayət adlı şəxsə məxsus 23 ha torpaq sahəsi olan ərazini göstərmiş və o, həmin ərazini bəyənmişdir. X9 hər ay ona 1000 manat məvacib vermək şərti ilə əkin işlərinin görülməsinin cavabdehliyini daşıyacağı barədə şifahi olaraq razılaşsalar da, Sabirlə görüşdükdən sonra Sabir bu işi öhdəsinə götürdüyü üçün əkin işlərini Sabirə həvalə etmişdir. Sabirlə belə razılaşmışlar ki, pulu o verəcək, lakin əkin, suvarma, biçin işlərini Sabir görəcəkdir. Bundan sonra 13.03.2020-ci il tarixdə Həsən, Həsənin qardaşı Məhəmmədlə birlikdə Sabirlə 20 Yanvar dairəsindəki Samovar çay evində Sabirlə görüşüb ona 15 180 manat pul vermiş, sonuncu pulu almasına dair onun kitabçasında imza etmişdir. Bundan sonra Sabirin istəyi ilə ona müxtəlif vaxtlarda ümumilikdə 26 951 manat pul vermiş, həmin pulun 7000 manatını Pənah Bayramovdan borc olaraq götürmüşdür. Sabir ona müxtəlif şəkillər göndərərək əkinin məhsuldar olduğunu bildirmişdir. 2019-cu ilin sentyabr ayında biçin vaxtı Qax rayonuna gedib Hidayətlə görüşərkən sonuncu ona həmin torpaq sahəsinin İlqar adlı şəxsə məxsus olduğunu, həmin sahəyə 16 000 manat pul xərcləndiyini, Sabirin isə Qax rayonunda bir neçə şəxslərə borcunun olduğunu bildirmişdir. Sabirlə görüşərkən sonuncu 23 ha sahədə deyil, başqa bir sahədə məhsul əkdiyini, lakin məhsulun yetişmədiyini demişdir”. Qərardan həmçinin aydın olur ki, X13 da izahat vermiş, izahatında aşağıdakıları göstərmişdir: “2017-ci il tarixdən Qax rayonunun Güllük kənd ərazisində əhaliyə məxsus pay torpaqlarını icarəyə götürərək tütün, qarğıdalı və soya bitkiləri əkməklə təsərrüfat işləri ilə məşğul olur. X1 əvvəldən tanıdığı X11 vasitəsi ilə tanımış, 2019-cu ildə X18 rayonuna gələrək sonuncunun təsərrüfat işləri ilə məşğul olmaq istəməsi barədə ona demişlər. Mirzakir qarğıdalı əkmək üçün pul vəsaiti ayıracağını, qalan işlərin onun tərəfindən görüləcəyini və əldə olunan gəlirin yarı bölünəcəyi barədə təklif vermiş, Mirzakirə torpaq sahəsinin suya olan təlabatını ödəyə bilməyəcəyini deyərək soya bitkilərinin əkilməsini təklif etmişdir. Mirzakir onun təklifi ilə razılaşmışdır. Bundan əlavə təbii fəlakət zamanı bitkilərin məhv olması və gəlir əldə etmək mümkün olmaması barədə Mirzakirə xəbərdarlıq etmiş, sonuncu “qismətimizdə varsa hər şey yaxşı olacaq” cavabını vermişdir. Həmin şifahi razılaşmada onların yanında heç kim olmamışdır. Bundan sonra Mirzakir müxtəlif vaxtlarda hissə-hissə olmaqla ona ümumilikdə 16 880 manat pul vermiş, həmin məbləği soya bitkilərinin toxumunun alınması, əkilməsi, gübrə alınması və sair işlər üçün xərcləmişdir. Bir müddət sonra ziyanverici həşəratların hücumu nəticəsində torpaq sahəsində əkilmiş bitkilər məhv olmuş, bu barədə Mirzakirə məlumat verərək sonuncunu əkin sahəsinə dəvət etmiş, lakin Mirzakir gəlməkdən imtina etmişdir. Mirzakirə bitkilərin dərmanlaması üçün əlavə pul vəsaitinin lazım olduğunu demiş, sonuncu lazım olan işləri görməsini, pulu isə sonradan ona ödəniləcəyini demişdir. Bitkilərin dərmanlanması üçün 1200 manat pul xərcləmiş və bu barədə Mirzakirə demişdir. Lakin sonradan Mirzakir poçt vasitəsilə ona cəmi 250 manat göndərmişdir. Həmin əkindən hər hansı gəlir əldə edə bilməmiş, 2019-cu ilin oktyabr ayında Mirzakir zəng vuraraq onunla görüşmək istədiyini demiş, onlar metronun Q.Qarayev stansiyasının yanında görüşmüş, olanlar barədə sonuncuya məlumat vermişdir. Həmin vaxt Mirzakir ondan pulunu tələb etmiş, o isə verilən pulların əkin üçün xərcləndiyini, Mirzakirə qarşı heç bir dələduzluq hərəkətlərinin olunmadığını, sonuncudan ümumilikdə əkin-biçin üçün 17 000 manat pul alındığını, məhsulun sonda zay olduğunu qeyd etmişdir”. İş materiallarında olan, X5, X6 və X13 tərəfindən tərtib edilmiş tarixi göstərilməyən aktda qeyd olunmuşdur ki, “təsərrüfatçı S.Q.Mahmudov H.H.Fətullayevə aid olan 23 ha torpaq sahəsində 2019-cu il mövsümü ərzində soya paxlalı bitki əkmiş və lazım olan bütün aqrotexniki qulluq göstərmiş, əvvəlki aylarda göstərilən aqrotexniki qulluq sayəsində çox gözəl soya bitkisi əmələ gəlmiş, belə nəticəyə gəlinmişdir ki, məhsuldarlıq yüksək olacaqdır. Onlar həmin sahələrin sulanmasını, qulluq göstərilməsini və gözətlənməsini təsərrüfatçı S.Q.Mahmudovla razılaşma əsasında öhdələrinə götürmüş, lakin iyul ayında bir gün ərzində mənşəyi bilinməyən həşəratlar sahədəki soya bitkilərinin yarpaqlarını deşik-deşik etmiş, iyul ayının axırında isə güclü dolu məhsulun qalan hissəsini də məhv etmişdir. Ümumilikdə təkcə bu təsərrüfatdan başqa Qax, Zaqatala rayonlarında soya, qarğıdalı əkən təsərrüfatlara güclü maddi ziyan dəymiş, ziyan çəkənlərdən biri də S.Q.Mahmudov olmuşdur”. İş materiallarında olan, X7, X4 və X13 tərəfindən tərtib olunmuş 03.07.2020-ci il tarixli aktda göstərilmişdir ki, S.Q.Mahmudov 2019-cu il tarixində 2 ha Gözbarax kənd ərazisində, 8 ha Mamrux kənd ərazisində soya bitkisi əkmişdir. "xxxx" MMC-nin iş materiallarına surəti əlavə edilmiş 07.08.2019-cu il tarixli mədaxil qəbzindən aydın olur ki, Mehtiyev X3 Sabir Qulam oğluna 250 manat göndərmiş, onların arasında tərtib olunmuş əlyazısında isə İddiaçı Qax rayonunun Güllük kəndində 23 ha sahədə soya bitkisi əkmək üçün hesablanmış xərclərdən Cavabdeh 13.03.2019-cu il tarixdə 15 180 manat, 07.04.2019-cu il tarixdə 1700 manat verdiyi göstərilmişdir. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091-ci maddəsinə görə isə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Kollegiya hesab edir ki, iddiaçı cavabdehə razılaşdıqları işin görülməsi üçün cəmi 27 201 manat verdiyini, cavabdeh isə özünün də vəsait sərf etdiyini, lakin ziyanverici həşaratların, baş vermiş təbii hadisənin vurduğu ziyan nəticəsində məhsul əldə edə bilmədiyini sübuta yetirə bilməmişlər və buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq, iddiaçının cavabdehə 17 130 manatı sonradan həyata keçirilməmiş və ya aradan qalxmış əsasla vermiş olduğu qənaətinə gəlmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kollegiya cavabdehin istinad etdiyi aktlara münasibətdə qeyd edir ki, tarixləri göstərilməyən və iddiaçının iştirakı olmadan şəxsiyyətləri qeyri-müəyyən şəxslər tərəfindən tərtib edilən aktlar, cavabdehin iddiaçının verdiyi pula tərəflər arasında olan razılaşmaya əməl etmək məqsədi ilə işlər görməsi, lakin ondan asılı olmayan səbəblərdən məhsulun yarasız vəziyyətə düşməsi qənaətinə gəlmək üçün əsas ola bilməz. Xüsusilə nəzərə alınmalıdır ki, cavabdeh iddiaya etirazında həmin aktlara istinad etsə də, məhkəmə iclaslarına gəlməyərək aktlarda əks olunan xüsusatların düzgünlüyünü, məhsulun yarasız vəziyyətə düşməsi barədə vaxtında iddiaçını xəbərdar etməsi arqumentini ağlabatan tərzdə əsaslandırmamışdır. Kollegiya iddiaçının digər tələbləri üzrə gəlinən nəticə ilə də razılaşır: Belə ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə görə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09.07.2009-cu il Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Kollegiyanın qənaətinə görə iddiaçı, cavabdehin ona məxsus pul vəsaitindən gəlir əldə etmiş olduğunu sübuta yetirə bilmədiyindən, məhkəmənin müvafiq tələblə bağlı gəldiyi nəticə əsaslı olmuşdur. İddiaçının, “maddi ziyana görə cavabdehdən 3000 manat tutulması” tələbinin araşdırılmasına imkan verəcək heç bir sübut da təqdim olunmamışdır və buna görə kollegiya həmin tələblə bağlı əlavə əsaslandırma aparılmasına zərurət görmür; onun mənəvi ziyanın ödənilməsi tələbi ilə bağlı isə qeyd olunmalıdır ki, o, iddiasının bu hissəsini konkret faktlarla sübuta yetirməmiş, ona konkret hansı mənəvi iztirabların vurulmasını müəyyənləşdirməmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarında da Plenum izah etmişdir ki, “...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır”. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2860/2021 saylı iş üzrə qəbul etdiyi 17 may 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-7103/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7103/2021
05.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver