Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7103/2025 03.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Bayramlı Möhtəbər Arif qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 oktyabr 2025-ci il tarixli, 2(006)- 3692/2025 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubuna əsasən 10 iyul 2023-cü il tarixdə təxminən saat 13:30 radələrində DİN-nin Xətai RPİ-nin müvəqqəti saxlama yerindən gətirilərək Bakı İstintaq Təcridxanasına təhvil verilmiş, xx.xx.1980-cı il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, hazırkı iş üzrə Xətai RPİ-nin İŞ-si tərəfindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmuş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda Xətai RPİ-nin İŞ-nin hesabında olan həbs olunmuş şəxs İddiaçı, xx.xx.2023 cü il tarixdə saat 10:30 radələrində müəssisənin tibbi-sanitar hissəsində müayinədən keçirilən zaman sol böyründə bənövşəyi rəngli qançır izləri və yumşaq toxumaların əziyi aşkar olunmuşdur. Həbs olunmuş şəxs İddiaçı fakt ilə bağlı bildirmişdir ki, həmin xəsarəti Xətai RPl-nin müvəqqəti saxlama yerində olarkən almışdır.
2. Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, həbs edilmiş şəxs İddiaçı xx.xx.2023-cü il tarixdə Bakı istintaq təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinə zamanı hər iki yuxarı və aşağı ətraflarda postinyeksion çapıq toxumaları, sol saidin ön səthində köhnə çapıq toxumaları aşkar edilmişdir. xx.xx.2023-cü il tarixdə Xətai RPİ-nin MSY-dan Baki İstintaq təcridxanasına daxil olarkən sol bel nahiyyəsinin yumşaq toxumalarının əziyi və kiçik ölçülü bənövşəyi rəngli qançırı aşkar edilmişdir.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(011)-13/2025 nömrəli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilməsi və onun, Azərbaycan Respublikasının adından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirsiz elan edilməsi, İddiaçı barəsində seçilmiş «həbs» qismində qətimkan tədbiri ləğv edilməsi və onun dərhal məhkəmə iclas zalından həbsdən azad edilməsi hökm edilmişdir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(011)-289/2023 nömrəli qərarından görünür ki, İddiaçı barəsində qətimkan tədbiri qismində “həbs” seçilməklə prosessual məcburiyyət tədbiri tətbiq edilməklə həbsdə saxlama müddəti 02 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 25 aprel 2023-cü il tarixdən hesablanmışdır.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cinayət prosesini həyata keçirən orqanların səhvi və ya sui-istifadəsi nəticəsində ona, yəni İddiaçı vurulmuş mənəvi ziyan 23000 manat məbləğində pulun Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(011)-13/2025 saylı hökmü ilə onun, yəni İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilmiş və o Azərbaycan Respublikasının adından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirsiz elan edilmişdir. İddiaçı barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri ləğv edilmiş və o dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Həmin hökümdə ona, yəni İddiaçı cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilmişdir. Həmin hökmdən apellyasiya protesti verilməmiş və müvafiq hökm 09 aprel 2025-ci il tarixdə qanuni qüvvəyə minmişir. O, əsassız olaraq xx.xx.2023-cü il tarixdən 19 mart 2025-ci il tarixədək, yəni 01 il 11 ay həbsdə saxlanılmışdır. Hesab edir ki, heç bir təqsiri olmadan həyatının 1 aydan çoxunu dəmir barmaqlıqlar arasında keçirməyi, bu müddət ərzində yaşadığı stress, iztirabın, mənəvi ziyanını pulla ödənilməsilə, keçmiş həmin zamanı kompensasiya edə bilməsə də, ona vurulmuş mənəvi ziyana görə 23000 manat kompensasiya ödənilərsə bundan sonrakı həyatını qaydasına salmasına qismən kömək ola bilər.
7. Daha sonra İddiaçı “iddia tələbinin həcminin artırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı vurulmuş maddi ziyana görə 50000, fiziki ziyana görə 35000, mənəvi ziyana görə 45000 manat olmaqla, cəmi 130000 manat məbləğində pulun və vəkilə ödənilmiş 620 manat müqavilə pulunun Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, Xətai rayon Pİ-nin İŞ-nin müstəntiqi polis baş leytenantı Kənan Bayramlı İddiaçı ilə bir sıra istintaq hərəkətləri aparılmasından ötrü həbsdə saxlandığı Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından 05 (beş) gün müddətinə Xətai rayon Polis İdarəsinin X5 keçirilməsi məsələsinə baxılması barədə Xətai rayon Prokuroruna xx.xx.2023-cü il tarixli vəsatətlə müraciət etmişdir. Həmin 05 beş gün ərzində, yəni X5 gətirildikdə xx.xx.2023-cü il tarixli "Təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi barədə" "ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə və onun müdafiəçisinə məlumat verilməsibarədə", "təqsirləndirilən şəxsi və onun müdafiiçisinin cinayət işinin materialları ilə tanış etmək haqqında" protokolları imzalamadığı üçün təkrar döyülmüşdür və protokollarda isə qeyd olunmuşdur ki, guya heç bir səbəb göstərmədən imza etməkdən imtina etdi və xx.xx.2023-cü il tarixdə Xətai rayon Pi-nin MSY-dən Bakı İstintaq təcridxanasına daxil olarkən bədən xəsarətləri olmuşdur. Bununlada İddiaçı təqsirsiz olduğunu bildirdiyi üçün 2- ci dəfə döyülərək təzyiq və təsirə məruz qalmışdır. Bu fakt aşağıdakı sübutlarla öz təsdiqini tapmışdır: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının rəisi ədliyyə polkovniki Eldar İsmayılovun Bakı şəhər prokuroru İİİ dərəcəli Dövlət ədliyyə müşaviri Elşən Abbasova və Xətai rayon prokuroru baş ədliyyə müşaviri Sərdar İmanova göndərdiyi xx.xx.2023-cü il tarixli 3-16-17 /38/2-4736/2023 No-li Məlumatda bildirilmişdir ki, 10 iyul 2023-cü il tarixdə təxmiynən saat 13:30-da radələrində Xətai RPİ-nin müvəqqəti saxlama yerindən gətirilərək Bakı İstintaq Təcridxanasına təhvil verilmiş İddiaçı xx.xx.2023-cü il tarixdə saat 10:30 radələrində müəssisənin tibbi-sanitar hissəsində müayinədən keçirilən zaman sol böyründə bənövşəyi rəngli qançır izləri və yumşaq toxumaların əziyi aşkar olunmuş və İddiaçı həmin xəsarəti Xətai RPİ-nin müvəqqəti saxlama yerində olarkən almışdır. İddiaçı ona qarşı verilmiş ittihamın saxta olması almışdır. Həmçinin, İddiaçı ona qarşı verilmiş ittihamın saxta olması döyülməsi, fiziki və psixoloji işgəncələlərə məruz qalması barədə aidiyyatı yuxarı instansiyalara - Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmanına), Azərbaycan Respublikası Məhkəmə-Hüquq şurasına şikayət ərizələri ilə müraciətlər etmiş və həmin şikayətlər qanunamüvafiq araşdırılıb ədalətli qərar qəbul olunması və işin materiallarına əlavə olunması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bundan sonra 03 avqust 2023-cü il tarixli, 1(011)-456/2023 nömrəli Xətai rayon məhkəməsi tərəfindən İddiaçı Polis bölməsində döyülməsi faktının həqiqətə uyğun olub-olmaması barədə məlumatın verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına müraciət olunmuşdur. 08 avqust 2023-cü il tarixli 3-16-17 /38/2-5427/2023 nömrəli Bakı İstintaq Təcridxanasının Tibbi-sanitar hissəsinin rəisi vəzifəsini müvəqqəti icra edən tibb xidməti mayoru Emin Səmədovun cavab məktubunda bildirilmişdir ki, həbs edilmiş İddiaçı 28 aprel 2023-cü il tarixdə Bakı İstintaq təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibbi-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. İlkin müayinə zamanı hər iki yuxarı və aşağı ətraflarda postinyeksion çapıq toxumaları, sol saidin ön səthində köhnə çapıq toxumaları aşkar edilmişdir. Həmçinin, xx.xx.2023-cü il tarixdə Xətai RPİ-nin MSY-dən Bakı İstintaq Təcridxanasına daxil olarkən sol bel nahiyyəsinin yumşaq toxumalarının əziyi və kiçik ölçülü bənövşəyi rəngli qançırı aşkar edilmişdir. Odur ki, mənəvi sarsıntı keçirmişəm və mənə vurulmuş mənəvi ziyana görə 45000 manat pul tələb edirəm. Həmçinin, "Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir.
9. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, iddia tələbinin tam həcmdə rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 oktyabr 2025-ci il tarixli, 2(006)- 3692/2025 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən İddiaçı xeyrinə 34500 manat manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi və iddia tələbinin qalan hissələrdə rədd olunması qət edilmişdir.
11. Qətnamənin əsaslarına görə, iddiaçı ona 50000 manat maddi ziyanın vurulduğunu tələb etsə də, iddiasını əsaslandıracaq sübutları məhkəməyə təqdim edə bilməmişdir. İşin mübahisəsiz halıdır ki, iddiaçı barəsində 22 ay 24 gün müddətinə həbs qətimkan tədbiri tətbiq edilmişdir. O, həmin müddət ərzində ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. Bundan əlavə, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Bakı istintaq təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinə zamanı hər iki yuxarı və aşağı ətraflarda postinyeksion çapıq toxumaları, sol saidin ön səthində köhnə çapıq toxumaları aşkar edilmişdir. xx.xx.2023-cü il tarixdə Xətai RPİ-nin MSY-dan Baki İstintaq təcridxanasına daxil olarkən sol bel nahiyyəsinin yumşaq toxumalarının əziyi və kiçik ölçülü bənövşəyi rəngli qançırı aşkar edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş ziyanın məbləğinin ağlabatan və ədalətli hesab edilməsi üçün 22 ay 24 gün müddətinə həbs qətimkan tədbirinə görə 34500 manat (bir ay üzrə 1500 manat x 22 ay 24 gün) məbləğində müəyyən olunmalıdır. Məhkəmə mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsini qismən, yəni 34500 manat həcmində (22 ay 24 gün yuvarlaqlaşdırılaraq) təmin olunmasını ədalətli hesab edir. Belə ki, iddiaçının azadlıqdan məhrum olunması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi kifayət qədər ağlabatan deyildir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1097, 1101-ci maddələrinə, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair” 19 mart 2002-ci il tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi “Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında” Bəyannaməsinə, Avropa Məhkəməsinin “Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları”na istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayətinin dəlillərinə əsasən, iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən, müvafiq qərarlar qəbul edən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Maliyyə Nazirliyi iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. İstər iddiaçı ilə bağlı bəraət hökmündə (qərarında), istərsə də mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir. Analoji məhkəmə təcrübəsindən göründüyü kimi (məsələn: yerli icra hakimiyyəti orqanlarının hərəkət və hərəkətsizliyi ilə bağlı iddia tələbləri üzrə məhkəmə işlərində və s.) ziyanı vuran qurum delikt törədən şəxs kimi müəyyən edilməklə, ziyanın əvəzinin ödənilməsi öhdəliyi həmin qurumun üzərində qalır. Bəraət almış (barələrində cinayət təqibinə xitam verilmiş) şəxslərlə bağlı vurulmuş ziyanın hansı qurum və ya hansı şəxs tərəfindən ödənilməli olması məsələsi hazırda məhkəmələr tərəfindən araşdırılmır və köhnə (vaxtı keçmiş) məhkəmə praktikasının təsiri altında bu məsələ hər dəfə Maliyyə Nazirliyinə yönəlir. Halbuki, ədalət mühakiməsi müstəqil surətdə və azad şəkildə qərar qəbul etməyə bocludur. Tam şəkildə aydındır ki, iddiaçıya ziyan vuran tərəf hüquq-mühafizə orqanı (orqanın məsul əməkdaşı, əməkdaşları) və bu orqanın ittihamı əsasında şəxsin həbsə alınması barədə qərar qəbul etmiş məhkəmədir (hakimdir). Lakin məhkəmə praktikasında bu məsələ hər dəfə Nazirlik tərəfindən qaldırılsa da məhkəmələr tərəfindən nədənsə buna əhəmiyyət verilmir və belə olanda iddiaçıya ziyan vurmuş həqiqi şəxslər məsuliyyətdən kənarda qalır. Qəbul edilmiş məhkəmə qərarlarında həqiqi ziyanı vurmuş şəxslərin kimliyi barədə izah belə verilmir. Bu məsələdə ziyan vuran şəxsin “dövlət” və ya “Azərbaycan Respublikası” məhfumu ilə eyniləşdirilməsi isə kökündən səhv yanaşmadır. Həqiqi ziyan vurmuş qurumun və şəxslərin məsuliyyətdən kənarda qalması yolverilməz hesab olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. İş materiallarından göründüyü kimi, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya onun hüquqlarını pozan, fiziki və mənəvi iztirablara məruz qoyan heç bir hərəkətə yol verilməmişdir. Hazırkı qətnamədə mənəvi ziyanın məbləği isə uyğunsuzluq təşkil edir və analoji məbləğdən dəfələrlə yüksəkdir. Ərizədə iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi. Göründüyü kimi məhkəmə işə mahiyyəti üzrə baxarkən məsələni hərtərəfli araşdırmamış, kifayət qədər əsaslar olmadan iddiaçının xeyrinə qətnamə çıxarmış və əsassız olaraq Maliyyə Nazirliyini iş üzrə cavabdeh qismində tanımışdır. Məhkəmə tərəfindən yalnız mülahizələrə əsaslanmaqla, heç bir sübut olmadığı halda və qanunsuz olaraq iddia tələbi üzrə öhdəlik Maliyyə Nazirliyinin üzərinə qoyulmuşdur. Məhkəmə qətnaməsinin nəticə hissəsi Mülki Məcəllə, Mülki Prosessual Məcəlləsi, “Büdcə sistemi haqqında” Qanun və digər qanunvericilik aktları ilə ziddiyyət təşkil etməkdədir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirmiş, apellyasiya şikayətinin təmin edilmədən və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 68. İİ hissə. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
19. 29 dekabr 1998-ci il tarixli “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: 1) barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması; 2) barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; 3) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi; 4) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsdən buna razılıq alınmasına baxmayaraq, həmin şəxs barəsində cinayət təqibinin davam etdirilməsi; 5) şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması; 6) cinayət təqibi üzrə icraat zamanı şəxsin qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 176-cı və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalması; 7) şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi; 8) şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Maddə 4. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ: 1) bəraətverici hökm çıxarıldıqda; 2) cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; 3) inzibati xəta haqqında işə xitam verildikdə yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Maddə 6. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Maddə 7. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir.
20. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarı: “Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.”
21. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli Qərarı: “8. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair” 19 mart 2002-ci il tarixli Qərarı: ““Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında” Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır”.
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.
24. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi: Maddə 56.0. Aşağıdakılar cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər: 56.0.1. bəraət almış təqsirləndirilən şəxs; Maddə 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir; Maddə 57.2. Vurulmuş ziyan aşağıdakı andan hesablanır: 57.2.1. Bu Məcəllənin 56.0.1, 56.0.2, 56.0.5 və 56.0.6-cı maddələrində göstərilən şəxslərə - cinayət prosesini həyata keçirən orqanın cinayət təqibini istisna edən müvafiq halları bildiyi və bilməli olduğu gündən 7 (yeddi) gün keçdikdən sonra; Maddə 58.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir; Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir; Maddə 58.3. Bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərə aşağıdakılara görə kompensasiya verilir: 58.3.1. məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 58.3.4. müdafiəçiyə ödənilmiş pul məbləği. Maddə 60.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir; Maddə 61.2. Bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsi əks olunmayıbsa, bu məsələnin həlli cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir; Maddə 63. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair” 19 mart 2002-ci il tarixli Qərarı: “Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında” Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır”.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” 24 dekabr 2025-ci il tarixli, 20 №-li qərarı: “4.43.Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri, habelə təhqiqat orqanı hesab olunmayan dövlət hakimiyyəti orqanları və onların vəzifəli şəxslərinin inzibati xətalara dair işlər üzrə icraat çərçivəsində yol verdikləri qanunsuz hərəkətləri ilə vurulmuş zərərin ödənilməsinə dair işlərə baxılarkən pozuntunun növü və pozuntuya yol vermiş subyektlərin dairəsindən asılı olaraq tələbin maddi hüquqi əsasının fərqli olduğu nəzərə alınmalıdır. 4.45. Bundan fərqli olaraq, təhqiqat, prokurorluq və məhkəmə orqanlarının inzibati xətalara dair işlər üzrə eyni xarakterli və dairəsi qanunla nəzərdə tutulmuş digər qanunsuz əməlləri nəticəsində vurulmuş zərərin kompensasiyası tələbinin maddi hüquqi əsasını Mülki Məcəllənin 1101-ci maddəsi, habelə “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra - bu paraqrafda istinad edilən Qanun) təşkil edəcəkdir. Bu zaman nəzərə alınmalıdır ki, mənəvi zərərə səbəb olan hüquqazidd əməl dedikdə, orqanların səhvi və ya sui-istifadəsi başa düşülməlidir. 4.46. İlk növbədə qeyd edilməlidir ki, qeyd edilən orqanların bütün növ qanunsuz hərəkətləri nəticəsində vurulmuş zərərə görə Azərbaycan Respublikası birbaşa məsuliyyət daşıyır (təqsirsiz məsuliyyət). 4.47. Dairəsi Mülki Məcəllənin 1101.1-ci və bu paraqrafda istinad edilən Qanunun 1-ci maddələrində nəzərdə tutulmuş qanunsuz hərəkətlərə görə Azərbaycan Respublikası həmin orqanların vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq məsuliyyət daşıyır. 4.48.Təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının sözügedən normalarla əhatə olunmayan digər qanunsuz əməllərindən irəli gələn zərərə görə isə Azərbaycan Respublikasının məsuliyyəti yalnız həmin orqanların vəzifəli şəxslərinin bu əməlləri təqsirli olaraq törətməsi sübuta yetirildiyi halda yaranır. Məsələn, təhqiqat və ya ibtidai istintaq orqanının vəzifəli şəxsinin vəzifəsindən sui-istifadə etməklə, barəsində cinayət təqibi aparılan şəxsə işgəncənin verilməsində təqsirliliyi, onu qanunsuz tutması və ya digər şəxslərin ölkədən çıxışına qadağanın qanunsuz qoyulması qanuni qüvvəsini almış məhkəmə hökmü və ya digər qərarla təsdiq olunduqda, Azərbaycan Respublikası şəxsə bu əməllə vurulmuş zərərə görə məsuliyyət daşıyacaqdır. 4.50. Azərbaycan Respublikasının cavabdehlik daşıdığı bu iddialar üzrə ibtidai araşdırma orqanının və ya məhkəmənin qanuni qüvvədə olan qərarları ilə təsbit edilmiş pozuntunun zərərçəkənə vurduğu mənəvi zərərin həddinin müəyyənləşdirilməsi və onun dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi ilə bağlı məsələ həll edildiyindən, cavabdeh qismində məhz dövlət büdcəsi vəsaitindən istifadə və digər aidiyyəti məsələlər üzrə dövlət nəzarətinin həyata keçirilməsini təmin edən, mərkəzi icra hakimiyyəti orqanı olan Maliyyə Nazirliyi cəlb edilməlidir. 4.51. Bu halda qəbul edilən qətnamənin nəticə hissəsində mənəvi zərərin əvəzinin Maliyyə Nazirliyindən tutulması deyil, Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Maliyyə Nazirliyi vasitəsilə ödənilməsi göstərilməlidir. 4.52. Məhkəmələr nəzərə almalıdırlar ki, Mülki Məcəllənin 1100 və 1101-ci maddələri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 57-ci maddəsinin tələbləri baxımından qanunsuz cinayət təqibinə görə mənəvi zərərin ödənilməsini tələb etmək hüququ bəraət hökmünün, yaxud cinayət işinə bəraətverici əsaslara xitam verilməsi və ya şəxsin tam reabilitasiya olunması barədə qərarın qəbul edilməsindən sonra yaranır. Bundan fərqli olaraq, qanunsuz əməliyyat-axtarış tədbirləri nəticəsində vurulmuş mənəvi zərərin ödənilməsini tələb etmək hüququ isə belə tədbirlərin həyata keçirilməsindən dərhal sonra yaranır. 4.57.Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş mənəvi zərərin kompensasiyası tələblərinə baxılarkən zərərin həcminin müəyyənləşdirilməsi üzrə ümumi meyarlarla yanaşı, bu pozuntulara xarakterik olan digər xüsusiyyətlər də nəzərə alınmalıdır. 4.58. Bu xüsusiyyətlərə təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə zərərçəkmiş şəxsə qarşı tətbiq edilmiş məhdudiyyətlərin xarakteri, müddəti və digər əlamətləri aiddir. Belə ki, ittiham edilən əməlin ağırlığı, şəxsin barəsində tətbiq edilən qətimkan tədbirinin, inzibati tənbehin və cəzanın növü, azadlıqdan məhrum etmə cəzasını hansı tipli cəzaçəkmə müəssisəsində çəkməsi, işgəncə faktının mövcudluğu, cinayət təqibinin, həbsin və ya məhkumetmənin müddəti, iddiaçının qohumları və digər ailə üzvləri ilə yaxın ailə münasibətlərinin pozulması, onlara zəruri qayğı və köməklik göstərilməsindən məhrum olması və digər hallar mənəvi zərərin həcminin müəyyənləşdirilməsi baxımından fərqləndirilməlidir.”
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir”.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edilsə də, birinci instansiya məhkəməsinin bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edilən qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qətnamə apellyasiya şikayətinin dəlilləri üzrə iddianın təmin edildiyi hissədə yoxlanılmalı, apellyasiya şikayətinin dəlilləri ilə ehtiva olunmayan hissələrə toxunulmamalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
31. İlk öncə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi işin halları üzrə mənəvi zərərin tutulmalı olması ilə bağlı ümumən doğru nəticəyə gəlmişdir. Şikayətlərin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
32. Belə ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin hazırkı iddiaya cavab verməli olan orqan olmaması, Nazirliyin, ümumiyyətlə bu kateqoriya işlər üzrə qətnaməni icra etmək səlahiyyətinin olmaması ilə bağlıdır.
33. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamənin 1-ci bəndindən görünür ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
34. Göründüyü kimi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsinin kassa icrasını təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın dövlət büdcəsinin vəsaiti əsasında ödənilməsi isə birbaşa qanunun tələbi olduğundan Maliyyə Nazirliyinin hazırkı iş üzrə cavabdeh olması doğru olmuşdur.
35. Cavabdehin digər şikayət dəlili - məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxs müəyyən edilməməsi barədə dəlil də əsassızdır, ona görə ki, bu tələb hazırkı mübahisənin predmeti deyildir və cavabdehin göstərdiyi təqsirli şəxslər də hazırkı icraat çərçivəsində müəyyənləşdirilə bilməz.
36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” 24 dekabr 2025-ci il tarixli, 20 №-li qərarında da qeyd olunmuşdur ki, orqanların bütün növ qanunsuz hərəkətləri nəticəsində vurulmuş zərərə görə Azərbaycan Respublikası birbaşa məsuliyyət daşıyır (təqsirsiz məsuliyyət), dairəsi Mülki Məcəllənin 1101.1-ci və bu paraqrafda istinad edilən Qanunun 1-ci maddələrində nəzərdə tutulmuş qanunsuz hərəkətlərə görə Azərbaycan Respublikası həmin orqanların vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq məsuliyyət daşıyır. Azərbaycan Respublikasının cavabdehlik daşıdığı bu iddialar üzrə ibtidai araşdırma orqanının və ya məhkəmənin qanuni qüvvədə olan qərarları ilə təsbit edilmiş pozuntunun zərərçəkənə vurduğu mənəvi zərərin həddinin müəyyənləşdirilməsi və onun dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi ilə bağlı məsələ həll edildiyindən, cavabdeh qismində məhz dövlət büdcəsi vəsaitindən istifadə və digər aidiyyəti məsələlər üzrə dövlət nəzarətinin həyata keçirilməsini təmin edən, mərkəzi icra hakimiyyəti orqanı olan Maliyyə Nazirliyi cəlb edilməlidir. Bu halda qəbul edilən qətnamənin nəticə hissəsində mənəvi zərərin əvəzinin Maliyyə Nazirliyindən tutulması deyil, Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Maliyyə Nazirliyi vasitəsilə ödənilməsi göstərilməlidir.
37. Kompensasiyanın məbləğinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məbləği müəyyən edərkən iddiaçının istintaq zamanı işgəncəyə məruz qalmasını da nəzərə alaraq bu məbləği hər ay üçün 1500 manat müəyyən etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” 24 dekabr 2025-ci il tarixli, 20 №-li qərarının 4.57 və 4.58-ci bəndlərində əks olunan hüquqi mövqeyə uyğundur. Belə ki, həmin bəndlərdə qeyd olunmuşdur ki, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş mənəvi zərərin kompensasiyası tələblərinə baxılarkən zərərin həcminin müəyyənləşdirilməsi üzrə ümumi meyarlarla yanaşı, bu pozuntulara xarakterik olan digər xüsusiyyətlər də nəzərə alınmalıdır. Bu xüsusiyyətlərə təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə zərərçəkmiş şəxsə qarşı tətbiq edilmiş məhdudiyyətlərin xarakteri, müddəti və digər əlamətləri aiddir. Belə ki, ittiham edilən əməlin ağırlığı, şəxsin barəsində tətbiq edilən qətimkan tədbirinin, inzibati tənbehin və cəzanın növü, azadlıqdan məhrum etmə cəzasını hansı tipli cəzaçəkmə müəssisəsində çəkməsi, işgəncə faktının mövcudluğu, cinayət təqibinin, həbsin və ya məhkumetmənin müddəti, iddiaçının qohumları və digər ailə üzvləri ilə yaxın ailə münasibətlərinin pozulması, onlara zəruri qayğı və köməklik göstərilməsindən məhrum olması və digər hallar mənəvi zərərin həcminin müəyyənləşdirilməsi baxımından fərqləndirilməlidir.”
38. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
39. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 oktyabr 2025-ci il tarixli, 2(006)- 3692/2025 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 oktyabr 2025-ci il tarixli, 2(006)- 3692/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.