Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-711/2023 11.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə (X10, X5 və X6 iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: «qanunsuz həbsdə saxlanmaya görə kompensasiya ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X7 və X4 ibarət tərkibdə, X16 katibliyi, Üçüncü şəxs (eyni zamanda iddiaçının hüquq varisi) X6, onun və digər üçüncü şəxslərin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə (X10, X5 və X6 iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “qanunsuz həbsdə saxlanmaya görə kompensasiya ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1798/2022 saylı 19 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı, cavabdeh və üçüncü şəxslər tərəfindən verilmiş apelyasiya şikayətlərinə 11 yanvar 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Şəki Rayon Məhkəməsinin 02 aprel 2014-cü il tarixli 1(075)-20/2014 saylı hökmü ilə təqsirləndirilən şəxs İddiaçı Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli tutulduğu 20 avqust 2013-cü il tarixdən hesablanmış, icrası ölkə ərazisində məcburi olan digər göstərişlər qeyd edilmişdir.
2. Şəki Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 11 noyabr 2014-cü il tarixli 1(107)-89/2014 saylı hökmü ilə təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki rayon Məhkəməsinin 02 aprel 2014cü il tarixli 1(075)-20/2014 saylı hökmü ləğv edilmiş, İddiaçı təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə bəraət verilmiş, barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilərək, dərhal məhkəmə zalından həbsdən azad edilmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 05 mart 2015-ci il tarixli 1(102)-429/2015 saylı qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 11 noyabr 2014-cü il tarixli 1(107)-89/2014 saylı bəraət hökmü dəyişiklik edilmədən saxlanılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 100.000 manat maddi, 100.000 manat mənəvi ziyan olmaqla, cəmi 200.000 manat pul vəsaitinin alınaraq ona verilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8, X2 və X1 iztiraba görə hər birinin xeyrinə 5.000 manat mənəvi ziyanın tutulması, həmçinin rüsum və məhkəmənin digər xərclərini məhkəməyə keçirməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Şəki ŞRPŞ tərəfindən Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə şübhəli bilinib həbs edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə ona bəraət verilmişdir. Bildirir ki, BDU-nun hüquq fakültəsini bitirmişdir, peşəkar hüquqşünasdır, 1999-cu ildə rəsmi ailə qurmuşdur, 2000-ci il təvəllüdlü X6 adlı oğlu (BDU-nu bitirib) və X5 adlı qızı var. Həyat yoldaşı evdar qadındır. Həbs edilərkən oğlunun 13, qızının isə 9 yaşı var idi. 15 ay qanunsuz həbsdə olarkən ona 100.000 manat maddi, 100.000 manat mənəvi ziyan dəymişdir. Ona dəyən maddi ziyan - 15 ayda ona gələn sovqatlar ayda 200 manat olmaqla, 3.000 manat, 3 ailə üzvünün minimum yaşayış həddi 3 x 15 x 250 = 11.200 manat, vəkillərə 3 instansiyaya x 500 = 1.500 manat. Əldən çıxmış fayda və gəlir 85.000 manat. Ona və ailəsinə 100.000 manat mənəvi ziyan dəymişdir. Qeyd etdiyi kimi, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2014-cü il tarixli 1(107)-89/2014 saylı hökmünə əsasən bəraət almışdır. Bunadək haqsız yerə xx.xx.2013-cü ildən xx.xx.2014-cü il tarixədək 1 il 2 ay 24 gün həbsdə saxlanılmışdır.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 19 may 2022-ci il tarixli 2(006)-1798/2022 saylı qətnaməsi ilə (hakim Anar İbadzadə) iddia qismən təmin edilmiş, İddiaçı vurulmuş mənəvi zərərə görə 15.000 manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə istintaq orqanının səhvi nəticəsində iddiaçının 1 il 5 aya yaxın həbsdə olmasını və bunun nəticəsində mənəvi iztirab çəkməsini nəzərə alaraq 15.000 (on beş min) manat məbləğində mənəvi ziyan tutulması qənaətinə gəlmiş, maddi ziyan hissəsində tələbi isə iddiaçının ona maddi zərər vurulmasına dair mötəbər sübutlar təqdim etməməsi əsası ilə rədd etmişdir. Məhkəmə həmçinin, üçüncü şəxslərin xeyrinə vurulmuş mənəvi zərərə görə pul tutulmasına dair hissədə də iddianı təmin etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı həmin iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyil, üçüncü şəxslər mülki işə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər, onların bu barədə iddia tələbləri olmamışdır.
8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1096, 1100, 1101.1, 1101.2, Cinayət Prosessual Məcəllənin 57.1, 58.1, 58.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4 maddələrinə, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanuna və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
9. Qətnamədən iddiaçı, cavabdeh və üçüncü şəxslər tərəfindən apelyasiya şikayəti verilmişdir.
10. İddiaçı və üçüncü şəxslər tərəfindən birgə verilmiş apelyasiya şikayətində qətnamənin qismən-iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə vurulmuş maddi zərəri ümumiyyətlə nəzərə almamış, mənəvi zərəri reallıqdan dəfələrlə aşağı həddə təmin etmiş, 3-cü şəxslərə kompensasiya ödənilməsinə münasibətdə isə iddianı ümumiyyətlə təmin etməmişdir.
11. Cavabdehin apelyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. Məhkəmə tərəfindən heç bir sübut tədqiq olunmadan iddiaçıya 15000 manat vəsaitin ödənilməsi qət edilmişdir. Maliyyə Nazirliyi tərəfindən heç bir qanunsuz hərəkət edilmədiyi halda cavabdeh qismində tanınmış və tələb yönəlmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
13. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə 2022-ci il noyabrın 24-də vəfat etmiş İddiaçı hüquq varisləri – arvadı X10, uşaqları X6 və X5 ilə əvəz edilmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs (eyni zamanda iddiaçının hüquq varisi) və onun və digər üçüncü şəxslərin nümayəndəsi-vəkili öz apelyasiya şikayətlərini müdafiə edərək, təmin edilməsini, cavabdehin apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
“Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu
16. Maddə 1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir.
17. Maddə 6. 1-ci bəndi. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
18. Maddə 7. 1-ci bəndi. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
19. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
20. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
21. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdı.
22. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
23. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
24. Həmin Qərarın 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyələri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Qətnamə tam yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. İşin mübahisəsiz halıdır ki, iddiaçı 1 il 5 ay müddətə yaxın qanunsuz azadlıqdan məhrum edilmişdir. O, bu müddət ərzində ailəsindən və cəmiyyətdən təcrid olunmaqla ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır.
34. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin dəlillərini qəbul etməyərək qeyd edir ki, fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə Azərbaycan Respublikası ödəyir və vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
35. Kollegiya iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini və ağırlığını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq iddiaçıya ödənilməsi qət olunmuş mənəvi ziyanın məbləğini ağlabatan və ədalətli sayır.
36. Maddi zərərə aid hissədə isə Kollegiya qeyd edir ki, tələb etdiyi maddi zərərin dəydiyini təsdiq edən hər hansı sübut təqdim edilmədiyindən məhkəmə haqlı olaraq bu hissədə iddia tələbini təmin etməmişdir.
37. Eyni zamanda üçüncü şəxslərə aid hissədə də məhkəmə düzgün nəticəyə gəlmişdir, apelyasiya şikayətini dəlilləri əsassızdır. Belə ki, üçüncü şəxslər iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər, onların özlərinin müstəqil tələbi olmamışdır.
38. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1798/2022 saylı iş üzrə 19 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.