Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7112/2023 23.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyan tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-130/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Binəqədi Rayonu Goradil kəndində mülkiyyətindəki 269c saylı 0.12 ha torpaq sahəsindən ibarət bağ sahəsinə aid olan hasarın və darvaza üçün nəzərdə tutulan sütunların uçurulub məhv edilməsi ilə əlaqədar Cavabdeh maddi zərərin əvəzi olaraq 1.200 manat, mənəvi zərərin əvəzi olaraq 3.000 manat məbləğində pul vəsaitinin və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 130/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək maddi zərər olaraq 1.200 manat, mənəvi zərər olaraq 200 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 10 manatı, cəmi 1.410 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 manatın 33 manatı İddiaçı, 17 manatı isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
3. Cavabdeh apellyasiya şikayəti, eyni zamanda buraxılmış prosessual müddətin bərpası barədə vəsatət vermişdir.
4. Vəsatət onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsinin surətini aldıqdan sonra xx.xx.2023-cü il tarixdə “Elektron Məhkəmə’" sistemi vasitəsi ilə dövlət rüsumunu ödəyərək apellyasiya şikayətini digər qoşma sənədlərlə birlikdə göndərmişdir. Lakin, göndərdikdən sonra Nəsimi Rayon Məhkəməsi texniki səhvə yol vermiş, şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinə təqdim olunmamış və iş arxivləşdirmişdir. Bununla əlaqədar olaraq apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin pozulması onun tərəfindən olmadığını, həmin müddətin üzürlü hesab edilib bərpa edilməsini, həmçinin apellyasiya şikayətinin təmin olunmasım xahiş etmişdir.
5. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə vəsatət təmin edilməmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
6. Cavabdeh həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini, apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini və işin apellyasiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş emtişdir.
7. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə qətnamənin alınmasına dair poçt xəbərnaməsinə o, imza etməmiş və qətnaməni də almamışdır. Ona görə də yazılı qaydada məhkəməyə müraciət edərək qətnaməni sonradan, yəni xx.xx.2023-cü il tarixdə almaqla apellyasiya şikayətini xx.xx.2023-cü il tarixdə elektron kabinetə yerləşdirmişdir. Bundan sonra icra icraatına dair sənədləri aldıqda ona məlum olmuşdur ki, onun apellyasiya şikayəti baxılması üçün apellyasiya məhkəməsinə göndərilmədən icraya yönəldilmişdir. Ona görə məcburiyyət qarşısında qalıb ikinci dəfə müddət bərpası barədə ərizə və apellyasiya şikayəti vermişdir. Ancaq buna baxmayaraq məhkəmə elektron məhkəmə portalından çıxarışa əhəmiyyət verməmiş və qərarda bunu əsaslandırmamışdır. Hesab edirəm ki, o apellyasiya şikayətini vaxtında vermiş və müddət bərpa olunaraq iş baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.
8. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 130/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
10. İddiaçı şikayətə qarşı yazılı etiraz göndərərək göstərmişdir ki, işin materiallarına əsasən Nəsimi Rayon Məhkəməsi tərəfindən poçt vasitəsi ilə göndərilmiş xəbərnaməli məktub cavabdehin geydiyyatı üzrə poçt şöbəsindən və ya poçtalyonun məktubu həmin ünvana çatdırıldığı zaman imza qoyularaq götürülüb. Cavabdehin vəkili buna cavab olaraq bildirib ki, xəbərnamənin üzərində olan imza ona aid deyil. Əgər cavabdeh həmin ünvanda qeydiyyatdadırsa, deməli həmin ünvanda özü yaşamasa da, valideyinləri, övladları, qohumları və ya icarəyə götürənlər yaşayır və məktubu hər hansısa imza qoyub götürübsə mütlək ki cavabdehə bu məlumat çatardı. Poçt rabitəsi xidmətlərinin göstərilməsi qaydalarının 9.25-ci bəndinə əsasən ünvançı olmadıqda həmin məktub digər şəxslərə təhvil verilə bilər. Əslində cavabdeh əgər həmin ünvanda yaşamırsa, bunu elə əvvəldən məhkəməyə bildirməli idi. Etməyibsə, deməli qərəzli fikirləri olub. Cavabdeh işlə bağlı 8-9 məhkəmə iclaslarının hamısında iştirak etməsə də, birində iştirak edib, deməli məktublar cavabdehə çatırmış. Digər tərəfdən, cavabdehin elektron məhkəmə sistemində kabineti var, bunu onun vəkili də təsdiq etmişdir. Həmin elektron kabinet vasitəsilə bütün məlumatlar cavadehə də ötürülürdü. Deməli cavabdehin hər hası halda xx.xx.2022-ci il tarixdə çıxarılmış gətnamə haqqında məliumatı olmalı idi. Həmçinin, 2023-cü ilin yanvar ayının təxmini 16-18 aralığında o, Nəsimi rayon İcra şöbəsinə yaxınlaşıb gətnamənin icrası haqqda məlumat alanda, icra məmuru Qaralov Vüqar tərəfindən elə onun yanında cavabdehə zəng olunmüşdür. Buna baxmayaraq, cavabdehin artıq yanvar ayının əvvəlində məlumatı olsa da, apellasiya şikayyətini xx.xx.2023-cü il tarixdə vermiş, yəni hətta bu halda da müddəti ötürmüş sayila bilər. Artıq üç ildən çoxdur ki, bu məsələ davam edir və cavabdeh bütün hərəkətləri (hərəkətsizlikləri) ilə açıq aydın vaxt uzadaraq məsuliyyətdən qaçır.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası şikayətin və ona qarşı verilmiş etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-130/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
13. İş materiallarından aydın olur ki, məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi cavabdehin rəsmi qeydə alındığı ünvanına sifarişli məktubla göndərilmiş və poçt xəbərnaməsində “Pənahov” qeyd edilməklə və imzalanmaqla onun tərəfindən xx.xx.2022ci il tarixdə şəxsən qəbul edildiyi göstərimişdir.
14. Lakin cavabdeh tərəfindən qanunvericiliklə nəzərdə tutulan müddətdə apellyasiya şikayəti verilməmiş, cavabdeh xx.xx.2023-cü il tarixdə qətnamənin surətini təkrarən almaqla apellyasiya şikayətini xx.xx.2023-cü il tarixdə elektron kabinetinə yerləşdirmişdir.
15. Cavabdeh xəbərnamədə olan imzanın ona məxsus olmadığını hazırki şikayətində bildirsə də, bununla bağlı qeydiyyatda olduğu ünvana xidmət edən poçt xidmətinə müraciət etdiyini və araşdırma nəticəsində bildirdiklərinin təsdiq olunduğu barədə hər hansı sübut təqdim etməmişdir.
16. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
17. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, cavabdehin şikayətində göstərdiyi dəlillər prosessual müddətin bərpası üçün üzürlü səbəblər hesab edilə bilməz.
18. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-130/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kasssaiya şikayəti verilə bilməz.
Hakimlər: Məhəmməd Rüstəmli Akif İsgəndərov Vahid Sadıqov