Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7116/2023 18.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Korkmaz oğlunun cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı mülki iş üzrə (Açar sözlər: dəymiş ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X11 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi ilə, İddiaçı Korkmaz oğlunun cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (Bakı şəhəri Qaradağ rayon Polis İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «istintaq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3603/2023 saylı, 26 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 28 oktyabr 2016-cı il tarixdə İddiaçı Korkmaz oğlu təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 180.2.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 may 2017-ci il tarixli, 1(101)-465/2017 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən, habelə əməlində cinayət tərkibi müəyyən edilmədiyindən ona bəraət verilmiş və barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilərək dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir; bəraət alması ilə əlaqədar İddiaçı cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın və məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunmuşdur. Həmin hökm qanuni qüvvəyə minmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş 10.000 manat məbləğində maddi, eyni zamanda 100.000 manat məbləğində mənəvi ziyanın cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, o, Qaradağ rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X1 xx.xx.2016-cı il qərarı ilə şübhəli, xx.xx.2016-cı il qərarı ilə isə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Həmin tarixdə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan olunmuşdur. xx.xx.2016-cı il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarına əsasən isə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Belə ki, ittihama əsasən, guya X7, o və X10 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək əvvəlcədən planlaşdırılmış formada xx.xx.2016-cı il tarixdə saat 23:20 radələrində Xocasən-Lökbatan yolunun Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisindən keçən 14-cü kilometrliyində, yoldan 20 metr Xocasən qəsəbəsi istiqamətində sağ tərəfdə yerləşən «G.E.Petrol» yanacaqdoldurma məntəqəsinə gələrək sürücülük vəsiqəsi və etibarnamə olmadan X2 idarə etdiyi, qardaşı X5 məxsus «Mitsubishi Airtrek» markalı **- BK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin yanacaq çəninə 1 litrinin qiyməti 70 qəpik təşkil edən 42,85 litr həcmində 30 (29,995) manat dəyərində 92 Aİ markalı benzini yüklətdirmiş, benzini yüklətdirdikdən sonra pulunu ödəməyib avtomaşını hərəkətə gətirib oradan uzaqlaşarkən yanacaqdoldurma məntəqəsində operator işləyən X8 benzinin pulunu vermək üçün qışqırıb onları səsləməsinə əhəmiyyət verməyib hərəkətlərini davam etdirərək 30 manat dəyərində benzini açıq yolla talayıb «G.E.Petrol» yanacaqdoldurma məntəqəsinin icraçı direktoru X6 30 manat dəyərində ziyan vurmaqla soyğunçuluq etmişlər. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-465/2017 saylı xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsiri sübuta yetirilmədiyi üçün ona bəraət verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 21 iyul 2017-ci il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-465/2017 saylı xx.xx.2017-ci il tarixli hökmü ona dair hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-421/2018 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 21 iyul 2017-ci il tarixli hökmü ona dair hissədə qüvvədə saxlanılmışdır. İbtidai istintaq orqanın elan edilmiş əsassız ittihamı nəticəsində o, xx.xx.2016-cı il tarixdən 04 may 2017-ci il tarixədək, yəni 8 ay İstintaq Təcridxanasında saxlanılmışdır. Barəsində çıxarılmış qanunsuz ittiham aktı əsasında şərəf və ləyaqəti ləkələnmişdir. Yəni ibtidai istintaq orqanının əsassız ittihamı nəticəsində ona həm maddi, həm də mənəvi ziyan dəyimişdir. Xüsusilə qeyd edir ki, o, qanunsuz olaraq həbs edildiyi günədək rəsmi şəkildə əmək fəaliyyəti ilə məşğul olmasa da, təmir, tikinti və digər işlərdə çalışır, hər ay müəyyən məbləğdə pul qazanırdı. Buna görə də, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş 10.000 manat məbləğində maddi, 100.000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmalıdır.
4. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi iddia ərizəsinə etiraz təqdim edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi bu prosesə cavabdeh kimi cəlb edilmişdir. Hesab edirlər ki, həmin iddia tələbi rədd edilməlidir. İddiaçı iddia ərizəsində heç bir əsas göstərmədən ona xeyli miqdarda ziyan vurulmasına görə zərərin əvəzinin ödənilməsini tələb edir. İddiaçı aylıq gəliri ilə bağlı hər hansı təsdiqedici sübutlar təqdim etmədən, xərcləri əsaslandırmadan maddi zərərə görə 10.000 manat məbləğində kompensasiya ödənilməsini tələb etmişdir. Belə ki, vergi ödəyicisi kimi qeydiyyatda olması və konkret ödənilən verginin miqdarı barədə, habelə ayda konkret qazancı barədə sənədlər işin materillarına əlavə edilməmişdir. Bundan əlavə, iddiaçı mənəvi ziyana görə də 100.000 manat kompensasiya ödənilməsini tələb etmişdir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən mənəvi ziyan dedikdə şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr başa düşülür. Qüvvədə olan qanunvericiliyə əsasən şəxsə vurulmuş mənəvi ziyan dedikdə, vətəndaşın fiziki və mənəvi iztirabları, onun şərəf və ləyaqətinin ləkələnməsi, ona böhtan atılması, ictimaiyyət arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılması, habelə mənəviyyatına, əxlaq normalarına, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Hesab edirlər ki, iddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli 7 №- li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bundan başqa, maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir, (ona qarşı xüsusilə ağır cinayət törədildikdə - üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə - yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə - əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə - on bir manat). Göründüyü kimi, mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. Həmçinin bildirirlər ki, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə»yə əsasən Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını (kredit sərəncamçılarını) yalnız onların sifarişinə və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsaitlər həddində maliyyələşməsini həyata keçirir. Maliyyə Nazirliyinin büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Mülki qanunvericiliyin tələblərinə əsasən hər hansı şəxsə zərər vurmuş şəxs (və ya şəxslər) ona münasibətdə mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının iddia tələbində Maliyyə Nazirliyini cavabdeh qismində göstərməsinin əslində də heç bir hüquqi əsası yoxdur. Eyni zamanda «Dövlət büdcəsi» ifadəsi ümumi anlayışdır və burada hər bir büdcə təşkilatına (kredit sərəncamçılarına) müvafiq məqsədlər üçün xərc maddələri üzrə vəsait nəzərdə tutulur. Xərc maddələri isə Qanunla təsdiq olunduğundan Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ yoxdur. «Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli, dövlətin funksiyalarının həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsini təmin etməkdir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.3-cü maddəsinin tələblərini də nəzərə almalıdır. Belə ki, Mülki Məcəllənin 1114.3-cü maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanlarının vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır. Qeyd olunan reqres hüququnun əsaslandırılması üçün isə məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsiri müəyyən edilməli və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktlar qətnamədə göstərilməlidir. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən iddiaçıya ziyanın vurulduğu həqiqi faktlarla müəyyən edilərsə, bu zaman dövlətin və onun büdcəsinin də mənafeyi nəzərə alınmalı və məhkəmə tərəfindən qəbul ediləcək qərarda iş üzrə təqsirkar vəzifəli şəxslərin (adı, soyadı, vəzifəsi göstərilməklə) təqsiri müəyyən edilməlidir. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Göründüyü kimi cinayət prosesini həyata keçirən orqan(və ya vəzifəli şəxs) hazırkı iddia tələbi ilə bağlı təqsirkar sayılmalı və iddia tələbinə həmin orqana (və ya vəzifəli şəxsə) münasibətdə baxılıb qətnamə qəbul edilməlidir. Ümumiyyətlə iddiaçı heç bir əsaslandırma və sübut göstərmədən maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandırılan halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, onun iddia ərizəsində bu zərəri sübut edəcək heç bir fakt mövcud deyildir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini rəhbər tutaraq İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddiasının rədd edilməsini xahiş etmişdir
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3603/2023 saylı 26 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı Korkmaz oğluna vurulmuş mənəvi zərərə görə 5.500 (beş min beş yüz) manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi qət edilmişdir.
6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qeyd olunan hissədə qismən təmin edilməli və iddiaçının xeyrinə ədalətli həddə, yəni 5.500 manat məbləğində mənəvi ziyan tutulmalıdır. Mənəvi zərərin ödənilməsi tələbi əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması faktının özü-özlüyündə onun psixoloji iztirab və sarsıntı keçirməsi, buna müvafiq onlara mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktın əlavə sübuta ehtiyacı olmur. İddiaçı əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində mənəvi sarsıntı və iztirablar keçirmişdir. Belə ki, qanunsuz olaraq istintaqa cəlb olunması, cinayət işinin məhkəməyə verilməsi və təqsirsizliyinin uzun sürən məhkəmə çəkişmələrinin predmeti olması nəticəsində onun azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılmış, sağlamlığına, şərəf və ləyaqətinə zərər dəymişdir.
7. Maddi ziyan tələbi ilə bağlı məhkəmə hesab etmişdir ki, iddiaçı tərəf həbs edilmədən öncə təmir, tikinti və digər işlərdə çalışmaqla hər ay müəyyən məbləğdə pul qazandığı halda qanunsuz həbs edilmə nəticəsində aylıq gəlirindən məhrum olduğunu və bunun nəticəsində ona 10.000 manat məbləğində maddi ziyanın ödənilməsini tələb etsə də, bunları təsdiq edəcək hər hansı bir əsaslı, mötəbər sənəd, sübut məhkəməyə təqdim etməmişdir.
8. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096, 1100, 1101.1, 1101.2-ci maddələri; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 57.1, 58.1, 58.2-ci madələrinə; «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4, 5, 6, 7, 12-ci maddələri; «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına istinad edərək iddia tələbinin qismən təmin olunması qənaətinə gəlmişdir.
Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3603/2023 saylı 26 sentyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxs müəyyən edilməmişdir. Göründüyü kimi məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Dəymiş mənəvi zərər isə fiziki və mənəvi iztirabları ehtiva edir. Lakin iş materiallarından da aydın olur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya onun hüquqlarını pozan, fiziki və mənəvi iztirablara məruz qoyan heç bir zərər vurulmamış və ümumiyyətlə qeyd olunanlarla bağlı məhkəmə tərəfindən hər hansı bir sübut tədqiq olunmadan iddiaçıya 5.500 manat məbləğində vəsaitin ödənilməsi qət edilmişdir. Maliyyə Nazirliyi tərəfindən heç bir qanunsuz hərəkət (hərəkətsizlik) edilmədiyi halda məhkəmə cavabdeh qismində Maliyyə Nazirliyini tanımış və iddia tələbini ona yönəltmişdir. Eyni zamanda hesab edirik ki, mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cımaddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Cinayət-Prosessual Məcəlləsinin yuxarıda sadalanan norması kontekstində iddiaçıya mənəvi zərərə görə 5.500 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır. Qətnamədən də göründüyü kimi məhkəmə baxışı zamanı qeyd olunanlarla bağlı, hər hansı faktlar göstərilməmiş, eyni zamanda, mənəvi zərərlə də bağlı hər hansı sübut tədqiq olunmamışdır. Şəxsin fiziki və mənəvi iztirabları barədə sübutlar mövcud olduğu halda məhkəmə onların hər birinə konkret istinad etməklə (sənədin adı, tarixi və digər rekvizitləri qeyd olunmaqla) hər bir xərci ayrıca göstərməli idi. Ərizədə iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
14. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
16. Məhkəmə kollegiyası qeyd edir ki, cavadeh tərəfindən verilmiş apellyasiya şikayətinin məzmunundan aydın olur ki, qətnamənin iddianın təmin olunan hissəsindən narazıdır. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunan hissəsinin yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
17.Azərbaycan Respublikası Konstitutsiyasının 28-ci maddəsinə görə, hər kəsin azadlıq hüququ; 68-ci maddəsinin 2-ci bəndinə əsasən isə, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
18.21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 19.1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunlamüdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 20.1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsinşəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 21.1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 22.Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. 23.58.1-ci və 58.3-cü maddələrinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərə aşağıdakılara görə kompensasiya verilir: məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; ödənilmiş məhkəmə xərcləri; müdafiəçiyə ödənilmiş pul məbləği; hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə.
“Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun
24.1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. 25.5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 26.6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 27.7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. 28.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 29.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X4rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
30.14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 31.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 32.88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 33.217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 34.220.4-ci maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. İşin mübahisələndirilməyən hallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 may 2017-ci il tarixli, 1(101)-465/2017 saylı hökmünə əsasən İddiaçı Korkmaz oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə verilmiş ittiham üzrə bəraət almış, həmin hökümdən verilmiş apelyasiya və kassasiya protestlərinin müvafiq məhkəmələrin aktlarına əsasən təmin edilməməsi qərara alınmışdır. İşdə olan materiallar ilə həmçinin İddiaçı Korkmaz oğlu təqsirləndirildiyi maddə üzrə ibtidai istintaq və məhkəmə araşdırması zamanı həbsdə saxlanıldığı müəyyən olunmuşdur.
37. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd etməyi zəruri sayır ki, iddiaçı əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması, barəsində həbs növündə qətimkan tədbirinin tətbiq edilməsi, cinayət işinin məhkəməyə verilməsi və təqsirsizliyinin uzun sürən məhkəmə çəkişmələrinin predmeti olması nəticəsində mənəvi sarsıntı və iztirablar keçirmişdir. Belə ki, onun azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılmış, sağlamlığına, şərəf və ləyaqətinə zərər dəymiş, barəsində mənfi fikir formalaşmışdır. Bu da özü-özlüyündə İddiaçı Korkmaz oğlunun psixoloji iztirab və sarsıntı keçirməsi, buna müvafiq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktın əlavə sübuta ehtiyacı olmur.
38. Kollegiya həmçinin birinci instansiya məhkəməsinin iddiaçıya dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar gəldiyi qənaətlə razılaşır, mənəvi zərərin tələb olunan məbləğdə deyil, 5.500 manat məbləğində təmin olunmasını ədalətli və ağlabatan hesab edir.
39. Kollegiya cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin verdiyi apellyasiya şikayətindəki dəlillər ilə əlaqədar isə qeyd etməyi zəruri sayır ki, yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyanın ödənilməsi təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
40. Belə ki, Аzərbаycаn Respublikаsı Prezidentinin 09 fevrаl 2009-cu il tаrixli, 48 nömrəli Fərmаnı ilə təsdiq edilmiş "Аzərbаycаn Respublikаsının Mаliyyə Nаzirliyi hаqqındа Əsаsnаmə"nin 1-ci bəndinə əsаsən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
41. Hazırkı iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində pul vəsaiti Dövlət büdcəsi hesabına Dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və Dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən ödənilməlidir. Yəni, hazırki halda Maliyyə Nazirliyi iddiaçıya bilavasitə zərərvuran şəxs olaraq deyil, Dövlətin adından Dövlət vəsaitini idarə edən orqan qismində məsuliyyət daşıyır. Bu səbəbdən Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunması və iddianın ona münasibətdə təmin olunması ilə hüquq normaların pozulmasına səbəb olmamışdır.
42. Оnа görə də hazırki iş üzrə tutulan pul məbləği məhz Аzərbаycаn Respublikаsı Mаliyyə Nаzirliyi vаsitəsilə dövlət büdcəsindən alınıb iddiaçıya ödənilməlidir.
43. Beləliklə, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq və işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3603/2023 saylı 26 sentyabr 2023cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova