Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-712/2023 09.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: "maddi və mənəvi ziyanın ödənilməsi” hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi X1 ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4169/2022 saylı işi üzrə 13 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən maddi ziyana görə 10000 manat, mənəvi zərərə görə isə 150000 manat tutularaq ona ödənilməsi barədə iddiası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22(006)-4169/2022 saylı işi üzrə 13 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən mənəvi ziyana görə 6000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1101.1, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, "Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5, 6, 7-ci maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, iddiaçı ona vurulmuş maddi zərərlə bağlı (əmək haqqı, pensiya, başqa gəlirlərin itirilməsi, xərclər və sair) hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir.Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır və təmin edilməlidir. Belə ki, iddiaçının izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, İddiaçı əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi və ona prosessual məcburiyyət tədbirinin tətbiqi nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, İddiaçı xeyrinə ədalətli həddə, yəni vurulmuş mənəvi ziyana görə 6000 manat məbləğində pul vəsaiti tutulmalıdır
2. İşin icraatı zamanı müəyyən edilmişdir ki: -Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-580/2021 saylı, 07 oktyabr 2021-ci il tarixli Qərarına əsasən, İddiaçı Azərbaycan Respublikası CM-nin 228.1 -ci maddəsi ilə bəraət verilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 1(060)-303/2021 saylı hökmündən birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş prokuror-dövlət ittihamçısı X7 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 -ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməsinə dair Sumqayıt şəhər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 1(060)-303/2021 saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır; - Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-571/2022 saylı, 31 mart 2022-ci il tarixli Qərarına əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 1(105)-580/2021 nömrəli qərarından dövlət ittihamçısı Səyavuş Sadıqov tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş, bəraət almış şəxs İddiaçı barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 oktyabr 2021-ci il tarixli, 1(105)-580/2021 nömrəli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır; - Sumqayıt şəhər Məhkəməsinin 1(060)-303/2021 saylı, 25 iyun 2021-ci il tarixli Xüsusi qərarına əsasən, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 -ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin əməliyyat axtarış fəaliyyəti həyata keçirilməsi, təhqiqat və cinayət işinin ibtidai araşdırılması zamanı Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri tərəfindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin və "Əməliyyat axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması barədə tədbir görülməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirinə məlumat verilməsi, İddiaçı 19 yanvar 2021-ci il tarixdə yaşadığı Sumqayır şəhəri, Novxanı bağlar massivi, 398 nömrəli bağ evində saxlanılarkən evinə daxil olan 4 nəfər polis əməkdaşları tərəfindən onun evindən 5800 ABŞ dolları və 1500 Avronun götürülməsi barədə müraciəti araşdırılması üçün Azərbaycan Respublikasının Baş prokurorluğuna göndərilməsi qərara alınmışdır; - 28 avqust 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Qərardan görünür ki, İddiaçı müraciəti ilə bağlı toplanmış 462c-21 saylı yoxlama materialı üzrə hər hansı bir şəxsin əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. -Sumqayıt Şəhər Məhkəməsinin 6(060)-46/2022 saylı, 12 may 2022-ci tarixli Qərarına əsasən, Sumqayıt şəhər prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X2 "cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2021-ci il tarixli qərarından şikayətçi İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmuş, İddiaçı tərəfindən Sumqayıt şəhər prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X2 "cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarından verilmiş şikayət təmin olunmuş, İddiaçı tərəfindən Sumqayıt şəhər prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X2 "cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarı qanunsuz hesab edilməklə ləğv olunmuşdur; - Sumqayıt Şəhər Məhkəməsinin 6(060)-62/2022 saylı, 25 iyul 2022-ci tarixli Qərarına əsasən, Sumqayıt şəhər prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X2 "cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2022-ci il tarixli qərarından şikayətçi İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmuş, Sumqayıt şəhər prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X2 "cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2022-ci il tarixli qərarı ləğv olunmuşdur; - 19 avqust 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Qərardan görünür ki, İddiaçı müraciəti ilə bağlı toplanmış 462c-21 saylı yoxlama materialı üzrə hər hansı bir şəxsin əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir (səh 7, 25, 46, 71, 80, 94, 99, 104, 108 ). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
3. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 4169/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 aprel tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarına, Cinayət Prossesual Məcəlləsinin 58.2, Mülki Prossesual Məcəllənin 217.1 və 217.3-ci maddələrinə istinadən qeyd edilmişdir ki, azadlıqdan məhrum edildiyi hər bir aya müvafiq ortalama 1000 manat kompensasiya ağlabatan və ədalətli hədd olmamışdır. Azadlıqdan məhrumetmə cəzasının verdiyi iztirablar, mənəvi sarsıntı, psixi işgəncə, şəxsiyyətin alçaldılması ilə qeyri-maddi zərər vurulduğu üçün qeyd edilən halların qarşılığını maddi olaraq sübut etmək qeyri- mümkündür. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş kompensasiya məbləği nəinki vurulmuş olan ziyanı təmin etmiş, hətta qeyd edilmiş məbləğ polis əməkdaşları tərəfindən mənzilindən qanunsuz olaraq götürülmüş olan pul vəsaitinin məbləğindən belə az olmuşdur. Belə olan halda müəyyən edilmiş kompensasiya məbləği heç bir hala ədalətli və vurulmuş zərər uyğun hesab edilə bilməz. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Lakin birinci instansiya məhkəməsi tərəfindən onun və ailə üzvlərinin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümünü və s. diqqətəlayiq halları nəzərə almamış və bu halları qiymətləndirməmişdir. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində 05 ay 7 gün həbsdə saxlanılaraq azadlıq hüququndan məhrum edilməyinin ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, stres, əzab və əziyyətlər yetirməsi qaçılmazdır. Bu hərəkətlər onun fiziki və mənəvi sarsıntılar keçirməyini labüd etmişdir. Belə ki, baş vermiş hadisənin onun üzərində çox ağır mənfi psixoloji reaksiyaya səbəb olması mübahisəsizdir. Hazırki iş üzrə məhkəmə qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalı olduğu halda, birinci instansiya məhkəməsi qətnamə çıxarakən bu prinsipləri nəzərə almamış, bəraət almış şəxsəyəni ona dəymiş mənəvi zərərə görə kompensasiya olaraq 6000 manat məbləğin onun 05 ay 7 gün həbsdə qaldığı dövr üçün, habelə özünün və ailə üzvlərinin keçirdiyi mənəvi sarsıntı və iztirabların qarşılığı kimi qiymətləndirməsi adekvat qərar deyildir. Mənəvi təzminat hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fıziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir.
4. Cavabdeh apellyasiya şikayəti verərək Nəsimi Rayon Məhkəməsinin 2022-ci il 13 oktyabr tarixli 2(006)-4169/2022 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.Şikayətdə Mülki Məcəllənin 1101.1, 1114.3-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarına istinadən qeyd edilmişdir ki, məhkəmə iddiaçının mənəvi iztirab çəkməsini heç bir mötəbər sübutla təsdiqləməmiş, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq iddiaçıya mənəvi zərərə görə 6000 manat vəsaitin ödənilməsi qənaətinə gəlmişdir. Eyni zamanda mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə —əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Cinayət- Prosessual Məcəllənin yuxarıda sadalanan norması kontekstində iddiaçıya mənəvi zərərə görə 6000 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır. Ümumiyyətlə son zamanlar analoji işlər üzrə (eləcə də hazırkı məhkəmə mübahisəsində) Nəsimi Rayon Məhkəməsi tərəfindən mənəvi zərərin məbləği müəyyən edilərkən zərərçəkən şəxsin fərdi xüsusiyyətləri nəzərə alınmadan birmənalı olaraq həbsdə olma müddətinin hər ayının min manatdan hesablanması həm məntiqi cəhətdən aydın deyildir, həm də Ali Məhkəmənin Plenumunun tövsiyələri ilə ziddiyət təşkil edir. Bununla bağlı olaraq, iddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməsi barədə qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxs məhkəmə prosessinə cəlb olunmalı idi. Ali Məhkəmə tərəfindən bütün məhkəmələrə tövsiyyə xarakterli məktub yazılaraq izah edilmişdir ki, dövlət büdcəsi hesabına ödənilən pul tələbləri, o cümlədən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz cinayət məsuliyyətinə cəlb etmə, qətimkan tədbiri kimi həbsə alma və ya qanunsuz məhkum etmə nəticəsində fiziki və hüquqi şəxslərə vurulmuş zərərin ödənilməsi barədə iddialar üzrə işlərə baxarkən xüsusilə diqqətli olsunlar, ödəmə tələbinin əsaslarını ətraflı araşdırsınlar, ödəmələr üzrə hesablamalar apardıqda mütəxəssis rəyi alsınlar. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
5. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
7. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 28-71; 1966-cı ildə BMT tərəfındən qəbul edilmiş «Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»ın 9-cu maddəsinə; «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyanın 5-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56- 63; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına; Mülki Məcəllənin 21; 1101; Mülki Prosessual Məcəllənin 4.1, 39.1, 76.1, 77.1, 80-82, 89, 106.2, 119, 217.4, 220.5, 372, 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətlərinin faktiki və hüquqi əsasları olmayan dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 9 - c u maddəsinə görə Şəxsin tutulma, həbsdə olma, cəza çəkmə müddətləri və işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət həm ümumi əmək stajına, həm də ixtisas üzrə və fasiləsiz staja daxil edilir. Fəhlələrin və dövlət qulluqçularının, eləcə də üzvlük əsasında (kooperativ və digər müəssisələrdə) işləmiş şəxslərin, bu maddənin birinci hissəsində göstərilmiş müddətlərin əlavə edilməsi şərtilə hesablanmış əmək stajı, həmin şəxslərə imtiyazların və müavinətlərin, o cümlədən təqaüdlərin və dövlət sosial sığortası üzrə ödənişlərin təyin edilməsi zamanı nəzərə alınır. Bu staj fəhlələrə və qulluqçulara imtiyazlı təqaüdlərin və xidmət işlərinə görə təqaüdlərin təyin edilməsi, ixtisas üzrə iş müddətinin davamından asılı olaraq aylıq maaş dərəcəsinin (vəzifə maaşının) müəyyən edilməsi və birdəfəlik mükafatlandırma və ya xidmət illərinə görə faiz artırmalarının ödənilməsi zamanı nəzərə alınmalıdır. Bu maddənin birinci hissəsində göstərilmiş müddəalar, yaşla əlaqədar imtiyazlı təqaüdlərin təyin edilməsi zamanı, təqaüdün təyin edilməsi üçün müraciət etmiş şəxsin istəyi ilə, onun qanunsuz məhkum edilməsindən və ya cinayət, yaxud inzibati məsuliyyətə cəlb edilməsindən əvvəlki, yaxud cinayət və ya inzibati məsuliyyətdən və ya cəza çəkməkdən azad edilməsindən sonrakı işinə bərabər tutulur.
8. Mülki Məcəllənin 1101.1-ci maddəsinə əsasən Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Məcəllənin 1101.2-ci maddəsinin tələblərinə görə, Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.
9. Mənəvi zərərin məbləğinə gəldikdə isə qeyd edilməlidir ki, insana təbii hüquq olaraq anadangəlmə məxsus azadlığın əlindən alınması digər hüquqlarının da məhdudlaşmasına səbəb olur və iddiaçının azadlıqdan məhrumetmə yerində cəza çəkməsinin müddətini, hansı cinayətdə ittiham olunmasını, həbsdə saxlanmaların onun şəxsiyyətinə, sağlamlığına və mənəvi-psixoloji vəziyyətinə təsirini, həmin illər ərzində keçirdikləri mənəvi əzab və stressləri nəzərə alaraq və bunların dəyərləndirilməsi baxımından qət edilən məbləğ daha çox simvolik səciyyə daşıyır.İddiaçının apellyasiya şikayətinin əsasları maddi zərər hissədə deyil, mənəvi zərərlə bağlı olmuş olduğundan kollegiya hesab edir ki, maddi zərərə dair münasibət bildirmək məhkəmənin özünün qulluq mövqeyindən irəli gələn əsas kimi qiymətləndirilə bildiyindən yolverilməzdir. Belə ki, Mülki Prosessual Məcəllənin 9.3-cü maddəsinə əsasən, Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məcəllənin 372.6-cı maddəsinə əsasən, Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun mübahisə edilən hissəsi üzrə yoxlayır. Hər iki tərəfin şikayətlərinin verməsi və qətnamənin tam yoxlanıldığı nəzərə alınsa belə, hazırki münasibətlərdə dövlətin cavabdehlik daşıdığı məsələ üzrə məhkəmə kollegiyası maddi və mənəvi ziyanın tutulmasının əsasları və mənəvi ziyan hissədə məbləğinin fərqli tutulmalı olması ilə bağlı apellyasiya şikayətlərində təsbit edilmiş dayanıqlı (sübutlar) dəlillər müəyyən etmir. Cavabdehin apellyasiya şikayətində təqsirli vəzifəli şəxslərin iş üzrə prosesə cəlb edilməsi dəlillərinə dair isə kollegiya maddi və ya prosessual hüquqi əsaslar müəyyən etmir.
10. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
q ə t e t d i: İddiaçı və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4169/2022 saylı işi üzrə 13 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.