Məhkəmə qərarları › İş №2(103)-7123/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7123/2022

13.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7123/2022 13.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X3 qarşı iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair 2(011)-3279/2022 saylı mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. X4 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Rusiya Federasiyasında yaşayan və işləyən bibisi oğlu İddiaçı etibarından suiistifadə edərək İddiaçı ona Astara şəhərində Xəzər dənizi sahilində restoran tikdirəcəyinə inandırıb aldadaraq ondan həmin işi görməsi adı ilə 2014-cü ilin aprel ayından həmin ilin iyun ayının 10-na kimi keçən dövr ərzində istintaqa dəqiq məlum olmayan ayrı-ayrı günlərdə və saatlarda 10000, 3000, 3000, 5000, 4000, 3000, 5000 ABŞ dolları, ümumilikdə həmin dövrün məzənnəsi ilə 25740 manata bərabər olan 33000 ABŞ dollarını, 2018-ci ilin mart ayının ortalarında istintaqa dəqiq məlum olmayan gündə, saat 19 radələrində arvadı Qahirə Yaqubovanın mərhum anası Səkinə Məmmədovaya məxsus ünvan 1 ünvanında yerləşən evin həyətində həmin dövrün məzənnəsi ilə 4250 manata bərabər olan 2500 ABŞ dollarını, ümumilikdə vahid niyyətlə 29990 manata bərabər 35500 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Həmin əməlinə görə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək Astara Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli hökmü ilə 4000 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir.

2. Şirvan Apellyasiya Məhkəməsinin 10 fevral 2022-ci il tarixli qərarı ilə X2 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair Astara Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli hökmü zərərçəkmiş şəxs İddiaçı vəkili və nümayəndəsi X5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.

a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin təqsirli sayıldığı hüquqazidd hərəkətləri nəticəsində iddiaçıya dəymiş və ödənilməmiş maddi ziyanın əvəzi qismində 30370 manat, əldən çıxmış faydanın əvəzi qismində 180000 manat, mənəvi ziyanın əvəzi qismində 20000 manat və tərəfindən ödənilmiş 520,37 manat dövlət rüsumunun cavabdehdən alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus olan torpaq sahəsinin və orada yerləşən yarımtikili obyektin indiki bazar qiyməti ilə 180000 manat məbləğində müəyyən edilib əldən çıxmış fayda kimi qiymətləndirilməklə ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Astara rayon sakini X4 iddiaçının etibarından sui-istifadə etmə və aldatma yolu ilə onun ümumilikdə 35500 ABŞ dolları məbləğində pulunu ələ keçirmiş, həmin əməlinə görə məhkəmənin hökmü ilə 4000 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. İbtidai istintaq dövründə Mehdi Əliyev iddiaçıya vurulmuş 35500 ABŞ dolları məbləğində ziyanın bir qismini, yəni 29990 manatını ABŞ dollarının Azərbaycan manatına nisbətən əvvəlki məzənnəsi ilə ödəmiş, qalan 30370 manatını ödəməmişdir. Bundan əlavə, həmin torpaq sahəsinin və orada yerləşən yarımtikili obyektin bazar qiyməti artdığından 180000 manat pul əldən çıxmış faydanın əvəzi kimi qiymətləndirilməklə ona qaytarılmalıdır. Cavabdehin təqsirli hərəkətləri nəticəsində o mənəvi əzab və iztirab keçirmiş, mənəvi zərərə məruz qalmışdır.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3279/2022 saylı mülki iş üzrə 19 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh X1 maddi ziyanın əvəzi kimi 30360 manat məbləğində pul vəsaiti və 452,37 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. (hakim Aygün Həsənova)

6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdeh tərəfindən İddiaçı 35500 ABŞ dolları miqdarında ziyan vurulmuş, istintaqın gedişi zamanı pulun müəyyən hissəsi 2014-cü ildə ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsi ilə 0,78 manat, bir qismi isə 2018-ci ilin məzənnəsi olan 1,70 manat hesabı ilə hesablanaraq 29990 manat olması müəyyən edilmiş və həmin məbləğ ona ödənilmişdir. İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək, ona ödənilmiş vəsaitin düzgün hesablanmadığını və dolların bu günkü günə məzənnəsi nəzərə alınmaqla ödənilməli olduğunu qeyd etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı bu iddiasında haqlıdır. Belə ki, xarici valyuta ilə alınmış borclara münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” 07 sentyabr 2018-ci il tarixli Qərarının müəyyən etdiyi hüquqi mövqeyə görə, xarici valyutada borc alan manatın məzənnəsinin dəyişməsi riskini öz üzərinə götürmüş olur. Belə olan halda, xarici valyutada götürülən borc ödəniş günü manatın məzənnəsi nəzərə alınmaqla ödənilməlidir. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdeh X1 maddi ziyanın əvəzi kimi 30360 manat pul (35500 ABŞ dolları x 1.70-29990=30360) tutularaq İddiaçı ödənilməlidir.

7. Məhkəmə iddia tələbinin əldən çıxmış fayda kimi 180000 manat pulun cavabdehdən onun xeyrinə tutulması tələbinə qiymət verərək belə hesab etmişdir ki, iddia həmin hissədə rədd edilməlidir. Belə ki, iddiaçı bu günkü gündə Astara şəhərinin Xəzər dənizi sahilində yerləşən restoranın qiymətinin 300000 manat olmasına istinad etsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda 180000 manat pulun hansı meyar və hesablama qaydasına uyğun olaraq hesablanması və hansı qanuni əsaslarla tələb edilməsi əsaslandırılmamışdır.

8. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı tərəf cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsi barədə məhkəməyə sübut təqdim edə bilmədiyinə görə mənəvi ziyana görə 20000 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə iddia tələbi rədd edilməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, 1096.1, 1096.2, 1097.1 və 1097.3-cü maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir. İddiaçı qətnamənin iddia tələbinin rədd edildiyi hissələrdə ləğv edilərək iddia tələbinin tam təmin edilməsini, cavabdeh Mehdi Əliyev isə qətnamənin ləğv olunub iddianın rədd edilməsini xahiş etmişdir.

11. İddiaçının apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdehin qanunazidd hərəkətləri nəticəsində iddiaçının faydadan məhrum olması və mənəvi zərərə məruz qalması şəksiz olduğu halda, məhkəmə iddianı həmin hissələrdə təmin etməmişdir.

12. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdeh tərəfindən cinayət əməli nəticəsində iddiaçıya 29900 manat məbləğində ziyan dəyməsi və həmin ziyanın tamamilə ödənilməsi məhkəmə hökmü ilə müəyyən olunsa da, məhkəmə heç bir əsas olmadan 30360 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını qət etmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki hallarını aydınlaşdırmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətlərinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İştirak etdiyi məhkəmə iclaslarında İddiaçı və onun nümayəndəsi Vəkil2 öz apellyasiya şikayətlərinin məzmununa uyğun izahat verərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər.

15. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil1 təmsil etdiyi şəxsin apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmasıdır. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. İddiaçının apellyasiya şikayətində qətnamənin iddia tələbinin rədd olunan hissəsi, cavabdehin apellyasiya şikayətində isə iddia tələbinin təmin olunan hissəsi mübahisələndirildiyindən, qətnamə apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi zərərin əvəzinin ödənilməsi barədə iddia tələbini qismən təmin edib əldən çıxmış faydanın əvəzinin ödənilməsi barədə iddia tələbini rədd etməklə düzgün, mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddia tələbini rədd etməklə yanlış nəticəyə gəlmişdir.

19. Belə ki, cavabdehin iddiaçıya qarşı dələduzluq edərək 2014-cü ilin aprel-iyun aylarında ümumilikdə 35500 ABŞ dolları məbləğində pulunu ələ keçirməsi, həmin ziyanın 29990 manat hissəsinin ibtidai istintaq dövründə ödənilməsi məhkəmə hökmü ilə müəyyən olunmaqla işin mübahisələndirilməyən hallarıdır. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs X3 ittiham elan olunarkən 35500 ABŞ dollarının həmin dövrün məzənnəsi ilə 29990 manata bərabər olması hal-hazırkı dövrdə də ziyanın məbləğinin 29990 manata bərabər olmasını ehtiva etmir. 1 ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsi barədə internet resurslarında olan məlumatlardan da görünür ki, 2014-cü ildə ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsi ortalama 0,78 manat, 2022-ci ildə isə ortalama 1,7 manat olmuşdur. Belə olan təqdirdə birinci instansiya məhkəməsi 35500 ABŞ dollarının hal-hazırkı dövrdə 60350 manata bərabər olmaqla ibtidai istintaq dövründə ödənilmiş 29990 manat pulu həmin məbləğdən çıxıb 30360 manat pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, əldən çıxmış faydanın əvəzi kimi 180000 manat pulun hansı meyar və qaydaya uyğun olaraq hesablanması və hansı qanuni əsaslarla tələb edilməsi əsaslandırılmadığına görə məhkəmə düzgün olaraq həmin hissədə iddianı təmin etməmişdir. Lakin məhkəmə kollegiyası iddia tələbinin mənəvi zərərlə bağlı hissədə rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, cavabdeh X2 İddiaçı qarşı dələduzluq hərəkətləri etməsi, uzun müddət ərzində ziyanın ödənilməməsi nəticəsində iddiaçının mənəvi əzab və sarsıntı keçirməsinin hər hansı sübuta ehtiyacı yoxdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməlidir. Kollegiya mənəvi zərərin məbləğinin 1000 manat məbləğində müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.2, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh X2 apellyasiya şikayəti təmin edilməsin. İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3279/2022 saylı iş üzrə 19 avqust 2022ci il tarixli qətnaməsi mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilsin. Mənəvi zərərin əvəzi kimi 1000 manat məbləğində pul cavabdeh X1 tutularaq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh X4 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu özünə aid edilsin. İddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 261 manat dövlət rüsumunun 130 manat hissəsi cavabdehdən alınıb iddiaçıya ödənilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar