Məhkəmə qərarları › İş №2(103)-7127/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7127/2025

25.02.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7127/2025 25.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, qanun üzrə vərəsəlik hüququnun tanınması, miras əmlakda payın müəyyən edilməsi, çıxarışların ləğv edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: vərəsəlik hüququnun tanınması, miras əmlakda payın müəyyən edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X13 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Səmimə Elşad qızının katibliyi, Cavabdeh3 və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-3672/2025 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:

1. İddiaçı (qanuni nümayəndəsi X7 vasitəsilə) cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, qanun üzrə vərəsəlik hüququnun tanınması, miras əmlakda payın müəyyən edilməsi, çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bağışlanma müqaviləsinin etibarsız hesab edilməsini, vərəsəlik hüququnun tanınmasına, miras mülkdə pay hüququnun müəyyən edilməsinə və çıxarışların ləğv ediməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum X2 ilə anası X7 xx.xx.2007-ci ildə nikaha daxil olmaqla ailə qurmuşlar. Valideynlərinin birgə nigah dövründə xx.xx.2008ci il tarixdə o anadan olmuşdur. Valideynləri xx.xx.2014-cü ildə boşanmışdılar. xx.xx.2024cü ildə X2 vəfat etmişdir. Onun vəfatından bir neçə gün sonra Cavabdeh3, Yasamal rayonu, M.Muxtarov küçəsində olan miras-mülkü öz adına qeydə aldırmış, sonra isə digər cavabdeh - qızı Cavabdeh2 bağışlamışdır. Dünyasını dəyişmiş insanın adından sənədləşmələr aparılıb. Bu isə başqasının əmlakını mənimsəməkdir. Hesab edir ki, bağlanmış bağışlama müqaviləsi etibarsız hesab edilməli, çıxarışlar ləğv olunmalıdır. Qeyd edir ki, Asan Xidmət Mərkəzinə, 5 saylı Notariat Kontoruna müraciət etmişdir. Mərhumun əmlakı qalmadığından ona vərəsəlik haqqında şəhadətnamə vermədilər. Məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir. Vərəsəlik üzrə ona çatan paydan məhrum olmuşdur.

Birinci instansiya məhkəməsində icraat:

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)- 3672/2025 nömrəli qətnaməsi ilə (hakim A.Sultanova-Məmmədova) iddia tələbinin təmin edilməsi, X11 ilə Cavabdeh2 arasında 5 saylı notariat ofisində bağlanmış 4Ə-468 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh2 verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********09- 05101-093001 reyestr nömrəli xx.xx.2024-cü il tarixli çıxarışın ləğv edilməsi, X6 miras qalmış ünvan 1 ünvanda yerləşən X9 məxsus ümumi sahəsi 28,2 kv.m olan mənzil (2 yaşayış otağı) üzərində ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh3 miras payının müəyyən edilməsi, İddiaçı və Cavabdeh3 hər birinə ünvan 1 ünvanda yerləşən X9 məxsus ümumi sahəsi 28,2 kv.m olan mənzil (2 yaşayış otağı) üzərində ½ hissədə miras paylarının müəyyən olunmasına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Bakı şəhəri 5 saylı Notariat ofisinə həvalə edilməsi, ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

4. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixli, 4Ə-468 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsi X11 ilə Cavabdeh2 arasında bağlanmışdır. Lakin, ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən edilmişdir ki, X11 müqavilənin bağlanma tarixindən əvvəl, yəni xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. AR Mülki Məcəlləsinin müddəalarına görə, müqavilə yalnız tərəflərin iradəsinin ifadəsi nəticəsində yaranır. Vəfat etmiş şəxsin adından əmlakın özgəninkiləşdirilməsi, bununla bağlı rəsmiləşdirilmə aparılması qanunla yolverilməzdir, çünki fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Cavabdeh3 X11 tərəfindən 2012-ci ildə verilmiş ümumi etibarnaməyə əsasən əmlakı qızına bağışladığını bildirsə də, nəzərə alınmalıdır ki, Mülki Məcəlləyə görə etibarnamə verən fiziki şəxsin ölümü etibarnamənin qüvvəsinə xitam verir. X8 vəfatından sonra onun adından 2012-ci il tarixdə verdiyi etibarnaməsi əsasında bağışlama müqaviləsinin bağlanması qanunsuz olmuşdur. Beləliklə, müqavilə bağlandığı anda X5 olmadığı üçün, məhkəmə hesab etmişdir ki, həmin bağışlama müqaviləsi etibarsız hesab edilməlidir. Həmçinin məhkəmə hesab etmişdir ki, bağışlama müqaviləsi etibarsız hesab edildiyi üçün, bu müqavilə əsasında Cavabdeh2 adına verilmiş və iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli Çıxarış da ləğv edilməli, bağışlama müqaviləsinin predmeti olan, mərhum X9 məxsus Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsində yerləşən, ümumi sahəsi 28,2 kv.m 2 yaşayış otağı miras əmlaka daxil edilməli, X1 yeganə birinci növbə vərəsələri onun qızı İddiaçı və anası Cavabdeh3 olduğu üçün, hər birinin miras əmlakda payı 1/2 hissə olaraq müəyyən edilməli və Bakı şəhəri 5 saylı Notariat ofisinə İddiaçı və Cavabdeh3 hər birinə 1/2 hissədə miras paylarının müəyyən olunmasına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyi həvalə edilməlidir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) Apellyasiya şikayətinin dəlilləri:

5. Cavabdeh3 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, oğlu mərhum Elçin Qasımov tərəfindən 2012-ci ildə ona verilmiş ümumi etibarnamə əmlakın idarə edilməsi, alqı-satqısı və bağışlanması daxil olmaqla tam sərəncam hüququnu əhatə edirdi. Məhkəmə bu sənədin məzmununu, hüquqi səlahiyyətlərin həcmini və tərəflərin uzunmüddətli etimada əsaslanan münasibətlərini hüquqi qiymətləndirməyə məruz qoymamışdır. Mənzilin alınması (2002-ci il) tam olaraq onun şəxsi maliyyə vəsaiti hesabına baş tutmuşdur. Həmin vaxt oğlu tələbə idi və gəlir mənbəyi yox idi. Mənzildə daimi yaşayan, saxlayan, bütün xərcləri ödəyən, təmir edən şəxs özü olmuşdur. Mülkiyyətin rəsmiləşdirilməsi yalnız texniki səbəblərdən oğlunun adına sənədləşdirilmişdir. Mənzilin alınmasına görə pulu ödəyən şəxs kimi faktiki mülkiyyət subyekti özüdür. Məhkəmə 28.2 kv.m otağın birbaşa mərhuma məxsus olduğunu qəbul edib. Lakin bu mülkiyyətin alınmasının və maliyyələşməsinin onun tərəfindən olması, mərhumun həmin pay üzərində əslində sərbəst mülkiyyət hüququnun olmaması barədə təqdim etdiyi sübutları araşdırmayıb. Həmçinin, iddiaçı mərhumun ölümündən sonra (xx.xx.2024) vərəsəlik hüququ üçün nəzərdə tutulmuş 6 aylıq müddətdə müraciət etməmişdir. 10 ay keçdikdən sonra məhkəmədə iddia qaldırmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

8. Cavabdeh3 və onun nümayəndəsi və vəkili Vəkil, həmçinin Cavabdeh2 məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər.

9. İddiaçı və digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -337.1-ci maddəsinə əsasən, Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. -337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. -365.1.7-ci maddəsinə əsasən etibarnamənin qüvvəsinə etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması nəticəsində xitam verilir. -1133.1 və 1133.2-ci maddələrinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. -1134.1 və 1134.2-ci maddələrinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olubolmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. -1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. -1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. -1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. -1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbəli vərəsələr hesab olunurlar. -1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. -1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir.

11. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 59-cu maddəsinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.

Apellyasiya baxışının hədləri:

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

13. Hazırkı işdə iddia tələbi təmin edildiyindən və qətnamə Cavabdeh3 tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı Cavabdeh3 aid hissədə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

14. Məhkəmə kollegiyası cavabdeh tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə Cavabdeh3 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.

15. Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X11 xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə 4480 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X4, anası Cavabdeh3dır.

16. Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X11 və X7 13 may 2007-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə 374 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə “Qasımov”, arvada “Əliyeva” soyadı verilmişdir. Qeyd hissəsində göstərilmişdir ki, nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə pozulmuş və xx.xx.2014-cü il tarixdə 452 nömrəli akt qeydi ilə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır.

17. Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 350767 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2004 nömrə ilə qeyd edilmişdir. X2, anası X3r.

18. 3 saylı Bakı “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 499393 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində xroniki böyrək xəstəliyi səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 485 nömrə ilə qeyd edilmişdir.

19. Məhkəmə kollegiyasınn sorğusuna əsasən tələb edilmiş Cavabdeh3 (X11 əvəzinə) ilə Cavabdeh2 arasında Bakı şəhəri 5 saylı notariat ofisində bağlanmış 4Ə-468 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2024-cü il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən X11 ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 60.80 kv/m, yaşayış sahəsi 43 kv/m, yardımçı sahəsi 17.80 kv/m olan, 3 otaqlı mənzilin paylı mülkiyyət üzrə ona məxsus hissəsindən 2 (iki) y/otağı, 28.2 kv/m hissəsini hədiyyə alan Cavabdeh2 mülkiyyətinə vermişdir. Bağışlanan daşınmaz əmlak Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2002 tarixdə X9 verilmiş 30/20327 qeydə alma nömrəsi ilə 614 nömrəli kitabın 92159-cu səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən paylı mülkiyyət üzrə 2 (iki) y/otağı, 28.2 kv/m hissədə ona məxsusdur.

20. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********09-05101-093001 reyestr nömrəli Çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 60.80 kv.m olan mənzil paylı mülkiyyət hüququ əsasında 1 otaq (14.8 kv.m) hissəsində X10, 2 otaq (28.2 kv.m) hissəsində Cavabdeh2 adına (xx.xx.2024-cü il tarixdə) qeydiyyata alınmışdır.

21. Bakı şəhəri 5 saylı Notariat Ofisi birinci instansiya məhkəməsinin sorğusuna 554 nömrəli, xx.xx.2025-ci il tarixli məktubla cavab ünvanlayaraq bildirmişdir ki, 1993-cü ildə təsdiq edilmiş notariat işləri Dövlət notariat arxivinə təhvil verilmişdir. Bununla bağlı Dövlət notariat arxivinə müraciət edilməsi xahiş edilmişdir.

22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi birinci instansiya məhkəməsinin sorğusuna xx.xx.2025-ci il tarixli məktubla cavab ünvanlayaraq bildirmişdir ki, «Elektron notariat» İnformasiya sistemində X8 miras əmlakına dair 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində xx.xx.2025-ci il tarixdə 149 nömrəsi ilə vərəsəlik işinin açıldığı, lakin vərəsəlik hüququ haqqında şəhadətnamənin verilmədiyi müəyyən edilmişdir. 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində açılmış vərəsəlik işləri arxivə təhvil verilməmişdir. Qeyd olunanlarla bağlı 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət edilməsi məqsədəmüvafiqdir.

23. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışlardan görünür ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadırlar.

24. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, miras qoyan X11 xx.xx.2024cü il tarixdə vəfat etmişdir. İddiaçı (onun qızı) və Cavabdeh3 (anası) X1 qanun üzrə birinci növbəli vərəsələridir. Digər Cavabdeh2 isə miras qoyanın bacısıdır. Cavabdeh3 X11 əvəzinə onun verdiyi etibarnamə əsasında Cavabdeh2 ilə Bakı şəhəri 5 saylı notariat ofisində 4Ə-468 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2024-cü il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlayaraq, X9 məxsus ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 60.80 kv.m, yaşayış sahəsi 43 kv.m, yardımçı sahəsi 17.80 kv.m olan, 3 otaqlı mənzilin paylı mülkiyyət üzrə ona məxsus hissəsindən 2 (iki) y/otağı, 28.2 kv.m hissəsini Cavabdeh2 mülkiyyətinə vermişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən Cavabdeh2 adına xx.xx.2024-cü il tarixdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********09-05101-093001 reyestr nömrəli Çıxarış verilmişdir. İddiaçı 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etsə də, vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2025-ci il tarixli məktuba əsasən də, «Elektron notariat» İnformasiya sistemində X8 miras əmlakına dair 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində xx.xx.2025-ci il tarixdə 149 nömrəsi ilə vərəsəlik işinin açıldığı, lakin vərəsəlik hüququ haqqında şəhadətnamənin verilmədiyi müəyyən edilmişdir. Nəticə etibarilə, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

25. Cavabdeh3 apellyasiya şikayətində qeyd edir ki, mübahisəli miras mənzilin alınması (2002-ci il) tam olaraq onun şəxsi maliyyə vəsaiti hesabına baş tutmuşdur. Həmin vaxt oğlu tələbə idi və gəlir mənbəyi yox idi. Mənzildə daimi yaşayan, saxlayan, bütün xərcləri ödəyən, təmir edən şəxs özü olmuşdur. Mülkiyyətin rəsmiləşdirilməsi yalnız texniki səbəblərdən oğlunun adına sənədləşdirilmişdir. Mənzilin alınmasına görə pulu ödəyən şəxs kimi faktiki mülkiyyət subyekti özüdür.

26. Cavabdehin bu dəlilinə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2002 tarixdə verilmiş 30/20327 qeydə alma nömrəsi ilə 614 nömrəli kitabın 92159-cu səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən paylı mülkiyyət hüququ üzrə 2 (iki) y/otağı, 28.2 kv/m hissədə X9 məxsus olmuşdur. Göründüyü kimi, Cavabdeh3 mübahisəli miras mənzili faktiki mülkiyyətçisi olduğunu bildirsə də, rəsmi sənədlərə əsasən bu mənzil onun oğlu X1 mülkiyyətində olmuşdur. Buna görə məhkəmə kollegiyası cavabdehin bu dəlilini əsassız hesab edir.

27. Bundan əlavə, Cavabdeh3 apellyasiya şikayətində qeyd edir ki, iddiaçı mərhumun ölümündən sonra (xx.xx.2024) vərəsəlik hüququ üçün nəzərdə tutulmuş 6 aylıq müddətdə müraciət etməmiş, 10 ay keçdikdən sonra məhkəmədə iddia qaldırmışdır.

28. Məhkəmə kollegiyası cavabdehin bu dəlili ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilməməsi nəzərdə tutulsa da, lakin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına əsasən bu maddə qüvvədən düşmüş hesab edilmişdir.

29. Göründüyü kimi, iddiaçı vərəsəliyin qəbul edilməsi üçün müraciət etdikdə heç bir qanun pozuntusuna yol verməmişdir. Buna görə məhkəmə kollegiyası cavabdehin bu dəlilini də əsassız hesab edir.

30. Məhkəmə kollegiyası işin hallarına qiymət verərək qeyd edir ki, xx.xx.2024-cü il tarixli, 4Ə-468 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsi X11 ilə Cavabdeh2 arasında bağlansa da, lakin, ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən edilmişdir ki, X11 müqavilənin bağlanma tarixindən əvvəl, yəni xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Mülki Məcəllənin müddəalarına görə, müqavilə yalnız tərəflərin iradəsinin ifadəsi nəticəsində bağlanıla bilər. Vəfat etmiş şəxsin adından əmlakın özgəninkiləşdirilməsi, bununla bağlı rəsmiləşdirilmə aparılması qanunla yolverilməzdir, çünki fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xitam edilir.

31. Göründüyü kimi, X8 vəfatından sonra onun adından 2012-ci il tarixdə verdiyi etibarnaməsi əsasında bağışlama müqaviləsinin bağlanması etibarsız olmuşdur.

32. Beləliklə, müqavilə bağlandığı anda X5 olmadığı üçün, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, həmin bağışlama müqaviləsi etibarsız hesab edilməlidir.

33. Bundan əlavə, bağışlama müqaviləsi etibarsız hesab edildiyi üçün, məhkəmə kollegiyası hesab edir ki, bu müqavilə əsasında Cavabdeh2 adına verilmiş və iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli Çıxarış da ləğv edilməli olduğu barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

34. Həmçinin, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, bağışlama müqaviləsinin predmeti olan, mərhum X9 məxsus Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsində yerləşən, ümumi sahəsi 28,2 kv.m 2 yaşayış otağı miras əmlaka daxil edilməlidir. X1 yeganə birinci növbə vərəsələri onun qızı İddiaçı və anası Cavabdeh3 olduğu üçün, hər birinin miras əmlakda payı 1/2 hissə olaraq müəyyən edilməli və Bakı şəhəri 5 saylı Notariat ofisinə İddiaçı və Cavabdeh3 hər birinə 1/2 hissədə miras paylarının müəyyən olunmasına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyi həvalə edilməlidir.

35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-3672/2025 nömrəli qətnaməsi Cavabdeh3 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar