Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7134/2022 26.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 26 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 1(101)-992/2021 saylı hökmü ilə Cavabdeh2 və Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.178.3.2, 178.3.2, 32.4, 312.1, 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək hər birinə qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş cəzalar 2 il sınaq müddəti verilməklə şərti hesab olunmuşdur.
2. Həmin cinayət işində şahid qismində dindirilmiş İddiaçı ifadəsində Zərifə və Zenfiranın ondan saxta sənədlə torpaq satmaq adı ilə 104000 manat pulunu aldıqlarını, verdiyi pulun 57000 manatını Çingizin götürdüyün, sənədlərin düzəldilib çıxarışı hazırlamaq məqsədi ilə 47000 manat da qadınlarda qaldığını, istintaq zamanı dəymiş ziyanla bağlı Zenfira tərəfindən müəyyən məbləğlər verildiyini, lakin zərərçəkmiş kimi tanınmadığını bildirmişdir.
3. Həmin cinayət işində şahid qismində dindirilmiş X3 ifadəsində Məqsəd adlı şəxsin Zenfiranın torpağını almaq istədiyini, aralarında sövdələşdiklərini, köməklik üçün hüquqşünas kimi ona müraciət etdiklərini, onun həmin vaxt BTN-nın yanında ofisi olduğunu, Zenfiragillə torpağa dair razılaşandan sonra Məqsədin işləri pozduğunu və alqısatqının alınmadığını bildirmişdir.
4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 1(101)-92/2022 nömrəli hökmü ilə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.3.2 və 178.3.2-ci maddələri ilə təqsirli bilinərək, 6 (altı) il 6 (altı) ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinərək, 7 (yeddi) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ona qeyd olunan maddə ilə cəza təyin edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə X2 qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, İddiaçı Rüsxət oğlunun mülki iddiası təmin edilərək, təqsirləndirilən şəxs (mülki cavabdeh) X1 57000 (əlli yeddi min) manat pulun tutulub İddiaçı Rüsxət oğluna ödənilməsi qət edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 47.000 (qırx yeddi min) manat pulun, mənəvi ziyana görə 20.000 (iyirmi min) manat və 291 (iki yüz doxsan bir) manat ödənilmiş dövlət rüsumunun, cəmi 67291 (altmış yeddi min iki yüz doxsan bir) manat pulun cavabdehlərdən müştərək qaydada alınıb iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Zərifə və Zenfira ondan saxta sənədlə torpaq satmaq adı ilə 104.000 manat pul almışlar. Belə ki, sənədlər Zenfiragildə olmuş, sənədləri düzəlişlər edib alqı-satqı etmək üçün Çingiz kömək etməli idi. İddiaçının verdiyi pulun 57000 manatını Çingiz götürmüş, sənədlərin düzəldilib çıxarışı hazırlamaq məqsədi ilə 47000 manat da qadınlarda qalmışdır. İstintaq zamanı da dəymiş ziyanla bağlı Zenfira tərəfindən müəyyən məbləğlər verilmiş, lakin nədənsə korrupsiyada onu zərərçəkmiş kimi tanımamışlar. Beləliklə, məhkumlar cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ona qarşı cinayətin törədilməsi və ona 47000 (qırx yeddi min) manat ziyan dəyməsi faktı sübuta yetirilmişdir. Bundan başqa hadisə nəticəsində iddiaçı bu müddət ərzində istintaq orqanlarına və məhkəmələrə gedib-gəlmiş, bununla bağlı hər dəfə əlavə xərcləri olmuşdur, stress keçirtmişdir. Cavabdehlər tərəfindən onun aldadılması və pulunun qaytarılmaması nəticəsində ona vurulmuş mənəvi ziyan ölçüyə gəlməz dərəcədə ağırdır. Vurulmuş mənəvi ziyanı 20.000 (iyirmi min) manat məbləğində qiymətləndirir.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-2366/2022 saylı, 02 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.Novruzova) iddia qismən təmin olunmuş, cavabdehlərdən 39.000 manat pulun iddiaçının xeyrinə tutulması, ödənilmiş 291 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 21, 1091- 1093-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan məbləğin bir hissəsini qaytarıblar. Məhkəmə iş üçün əhəmiyyəti olan əsas sübutlardan biri kimi qeyd olunan məbləğin iddiaçı tərəfindən kimə verildiyini və hansı şəraitdə nəyə görə verildiyini araşdırmamışdır. Əslində qeyd olunan məbləğ Daşınmaz Əmlakın əməkdaşı olan Çingiz adlı şəxsə verilmişdir və onun tərəfindən qeyd olunan məbləğin onlara ayrılıb-ayrılmaması araşdırılmamışdır. Məhkəmə qətnamə çıxararkən həmçinin tələb olunan məbləğin bir hissəsinin ödənildiyini və cinayət işi üzrə hökmlə İddiaçı onlara qarşı iddiasının baxılmamış saxlandığını nəzərə almamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları 12 Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 276.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
13. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;
14. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;
15. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir;
16. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır;
17. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Hazırkı apellyasiya şikayətində qətnamə yalnız iş üzrə Cavabdeh2 tərəfindən mübahisələndirildiyindən, iddiaçı və digər cavabdeh apellyasiya şikayəti vermədiyindən qətnamənin əsaslılığı yalnız Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə apelyasiya qaydasında mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
21. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, işin müəyyən edilən hallarına əsasən iddiaçının cavabdehlərə 47000 manat pul verdiyi qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmişdir. Eyni zamanda iddiaçı həmin pulun 8000 manatının cavabdehlər tərəfindən ona qaytarıldığını etiraf etmiş, həmin məbləğ tələb olunan məbləğdən çıxılmış və cavabdehlərdən yekun olaraq 39000 manat pulun tutulması qət edilmişdir. Lakin cavabdeh iddiaçıya daha artıq məbləğ qaytarması barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir.
22. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinin tələbinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
23. Apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, cinayət işinə baxılarkən İddiaçı iddiası əsassız olduğundan baxılmamış saxlanılmışdır və ona görə də hazırkı iddia təmin edilə bilməz.
24. Adı çəkilən hökmlə göstərilən hal müəyyən edilmədiyindən məhkəmə kollegiyası bu dəlili əsassız sayır və qeyd edir ki, cinayət işi üzrə çıxarılmış hökmlə cavabdehlərin iddiaçıya ziyan vurduqları müəyyən edilmiş olsa da, İddiaçı həmin cinayət işində nə zərərçəkmiş, nə də mülki iddiaçı kimi tanınmamışdır. Bu baxımdan, yəni iş üzrə mülki iddia olmadığından cinayət işinə baxan məhkəmə olmayan iddianı baxılmamış saxlaya bilməzdi.
25. Apellyasiya şikayətinin digər dəlili iddia ərizəsində tələb olunan məbləğin bir hissəsinin iddiaçıya qaytarılmasının işə baxan məhkəmə tərəfindən nəzərə alınmaması barədədir.
26. Məhkəmə kollegiyası həmin dəlili də əsassız sayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə çıxararkən cavabdehlər tərəfindən 8000 manat ödənildiyini nəzərə almış və məhz elə ona görə də iddianı qismən təmin etmişdir. Yəni, ödənilmiş məbləğ çıxıldıqdan sonra cavabdehlərdən 39000 manat pulun tutulmasını qət etmişdir. Apelyator iddiaçıya 8000 manatdan daha çox məbləğdə pul qaytarmasına dair hər hansı sübut təqdim etməmişdir.
27. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır.
28. Məhkəmə kollegiyasının gənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən işin halları düzgün müəyyən edilmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə qanuni, əsaslı və ədalətli nəticəyə gəlinmişdir.
29. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
30. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.
31. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qismən sübut etsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları tam sübut edə bilməmişdir.
32. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68).
34. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
35. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə tərəfindən sübutlar qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur.
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i: Cavabdeh2 apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.