Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7138/2021 27.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 İddiaçı, Cavabdeh MMC-nin vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə və Cavabdeh MMC-nin baş direktoru X4 qarşı “pul tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2800/2021 saylı, 17 may 2021-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə və "xxxx" MMC-nin baş direktoru X4 qarşı “pul tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-yə və Cavabdeh MMC-nin baş direktoru X3 5.860 manat əsas borc, dəymiş maddi zərərə görə 300 manat və 31 manat dövlət rüsumu alınaraq, cəmi 6.191 manat pul tutularaq ona ödənilməsi baradə qətnamə qəbul edilmisini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC TOURİSM COMPANY şirkəti vasitəsi ilə Türkiyə Respublikası “Armoniya Bodrum” istirahət mərkəzinə 15 günlük üçün 2700 manat və “İSİL BODRUM” 5 uluzlu istirahət mərkəzində istirahət edə bilmək üçün isə 3660 manat tur paket sifariş edərək, cəmi 6.360 manat pul ödəmişdir. Bu barədə ona 15 yanvar 2020-ci il tarixdə “V.İ.P. Travel LTD“ MMC tərəfindən (VÖEN **********) №-li 243272 saylı Mədaxil qəbzi verilərək həmin 6.360 manat pulu ilkin olaraq 2.000 manat beh verərək bir gün ara verməklə 4.360 manatını isə əlavə ödəyərək tam ödəməsi barədə həmin mədaxil qəbzində qeyd edilmişdir. Aralarında olan razılaşmaya əsasən ilkin olaraq o, 03.07.2020-ci il tarixdən 18.07.2020-ci il tarixə kimi “Armoniya Bodrum” istirahət mərkəzinə 15 günlük istirahət üçün gedib gəlməliymiş. İkinci Tura isə 16.08.2020- ci il tarxdən 31.08.2020-ci il tarixə kimi “İSİL BODRUM” 5 uluzlu istirahət mərkəzinə 15 günlük istirahətə getməli idi. “Covid-19” pondemiyası ilə bağlı bütün reyslər təxirə salındı deyə həmin tur paketdən yararlana bilməmişdir. Dəfələrlə şifahi müraciətlərindən sonra 02.10.2020-ci il tarixdə cəmi 500 manat pul qaytarılaraq 5.860 manat pulun turizm şirkətində qalmasına dair R.Ə.Rəhimov adlı şirkətin əməkdaşı qəbzə imza etmişdir. Ondan sonra təkrar dəfələrlə cavabdehə müraciət edərək, turizm şirkətinə ödədiyi pullarının geri qaytarılmasını xahiş etmişdir. Lakin heç bir nəticə əldə edə bilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2800/2021 saylı, 17 may 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı 15.01.2020-ci il tarixli ƏİÖ2 243272 nömrəli mədaxil qəbzinə əsasən Cavabdeh MMC-yə ödədiyi 6.360 manat vəsaitdən ödənilməmiş qalan 5.860 manat pul və ödənilmiş 31 manat dövlət rüsumu olmaqla, cəmi 5.891 (beş min səkkiz yüz doxsan bir) manat pul Cavabdeh MMC-dən (VÖEN **********) tutularaq İddiaçı ödənilməsi, iddia tələbi - Cavabdeh MMC-dən dəymiş ziyana görə 300 (üç yüz) manat tutulması hissəsində rədd edilməsi, iddia tələbi - Cavabdeh MMC-nin baş direktoru X4 qarşı hissədə tam rədd edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasının keçirilməsi barədə Cavabdeh MMC-yə hər hansı məlumat verilməmiş və cavabdehin məhkəmədə iddia tələbi üzrə öz arqumentlərinin təqdim edilməsinə şərait yaradılmamışdır. Bununla da Mülki Prosessual Məcəllə ilə təsbit edilən çəkişmə prinsipi pozulmaqla ilk baxışda iddia tələbi qismən də olsa təmin edilmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, mövcud pandemiya şəraitində məlum fors-major halının baş verməsi səbəbindən travel şirkətləri, eləcə də Cavabdeh MMC öz fəaliyyətini dayandırmış, bütün gəlirlərdən məhrum olmaqla müştərilərin əvvəlcədən edilmiş ödənişlərini hissə-hissə qaytarılması ilə məşğul olmuşdur. İddiaçı da eynilə ödəniş etdiyi məbləğin hissə-hissə ödənilməsi təklifi edilmiş və ödədiyi məbləğdən həftəlik minimum 500 manat olmaqla qısa müddətə ümumi məbləğin ona qaytarılması razılaşdırılmışdır. Lakin sonradan E.E. Ələkbərova fikrindən yayınaraq birdəfəlik ödəniş edilməsi barədə israrla müraciət etməklə Cavabdeh MMC-ni çətin vəziyyətdə qoymuşdur. Odur ki, şirkətdə baş vermiş hazırki maliyyə krizisi iddiaçı tərəfindən nəzərə alınmadan bir başa məhkəməyə müraciət edilmişdir. Məhkəmə ödənilmiş dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə münasib olaraq cavabdehə aid etməli idi. Lakin məhkəmə bu qaydaya riayət etməmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh MMC-nin vəkili X2 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının təmin edilmiş hissədə yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edildi ki, 15.01.2020-ci il tarixli ƏİÖ2 243272 nömrəli qəbzdən müəyyən olunur ki, İddiaçı ilkin ödəniş kimi 2000 manat, daha sonra isə 4360 manat olmaqla, ümümilikdə 6.360 manat pulu Cavabdeh MMC-yə ödəmişdir. Cavabdeh MMC ödənilmiş 6.360 manat puldan 500 manatını 02.10.2020-ci il tarixdə İddiaçı qaytarsa da, qalan 5.860 manat pulu hazırkı vaxta kimi qaytarmamışdır. 5.860 manat vəsaitin turizm şirkətində qalmasına dair R.Ə.Rəhimov adlı şirkətin əməkdaşı qəbzə 02.10.2020-ci il tarixli imza etmişdir. 31.10.2020-ci il tarixli ərizədən müəyyən olunur ki, İddiaçı Cavabdeh MMC-nin baş direktoru X4 borcun qaytarılması baradə müraciət etmişdir. Lakin yenidən müraciətləri cavabsız qalmışdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, hazırkı iddia tələbi qanuni və əsaslı olduğundan qismən təmin edilməli, İddiaçı 15.01.2020-ci il tarixli ƏİÖ2 243272 nömrəli mədaxil qəbzinə əsasən Cavabdeh MMC-yə ödədiyi 6.360 manat vəsaitdən ödənilməmiş qalan 5.860 manat pul və ödənilmiş 31 manat dövlət rüsumu olmaqla, cəmi 5.891 manat pul Cavabdeh MMC-dən (VÖEN **********) tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi - Cavabdeh MMC-dən dəymiş ziyana görə 300 manat tutulması hissəsində rədd edilməlidir. İddiaçı vəkilə 300 manat pul ödəməsini təsdiq edən yazılı sübutları məhkəməyə təqdim etməmişdir, yəni 300 manat dəymiş ziyanla bağlı tələbini sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci bəndinə görə turizm məhsulunun satışı müqavilə əsasında həyata keçirilir. Müqavilə yazılı formada bağlanır və o, Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən istehlakçıların hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyə uyğun olmalıdır. Həmin Qanunun 6-cı maddəsinin 1.4-cü bəndinə görə turist turizm məhsulunun pərakəndə alğı-satqı müqaviləsi şərtlərinin turoperator və ya turaqent tərəfindən yerinə yetirilmədiyi hallarda ona dəymiş maddi və mənəvi zərərlərin əvəzinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada ödənilməsini tələb etmək hüququ var. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 6360 manat məbləğində pul vəsaiti verilmiş, həmin vəsaitdən 500 manat iddiaçıya qaytarılmışdır. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən apellyatorun ünvanına məhkəmə iclasının vaxtı və yeri barərə məhkəmə bildirişləri və SMS bildiriş göndərilmişdir. Beləliklə, birinci instansiya məhkəməsi haqlı olaraq işə onun iştirakı olmadan Azərbaycan Respublikası Mülki- Prosessual Məcəllə 185-ci maddəsinə uyğun olaraq baxmışdır. Bundan başqa Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını nəzərə alıb məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, cavabdeh tərəfin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2800/2021 saylı, 17 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-7138/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7138/2021
27.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver