Məhkəmə qərarları › İş №2(103)-7140/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7140/2022

20.10.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7140/2022 20.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-15/2021 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 7 saylı Xüsusi Notariat Kontoruna qarşı bağışlama müqaviləsinin ləğv edilməsi və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi 146,5 kv.metr, yardımçı sahəsi 232,3 kv.metr, ümumi sahəsi 378,8 kv.metr olan fərdi yaşayış sahəsi və ünvan 2 ünvanında yerləşən 114,2 kv.metr qeyri-yaşayış sahəsinin üzərinə həbsin qoyulmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(003)-2273/2018 saylı qərardadı ilə ərizə təmin edilmişdir. Mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(003)-2273/2018 nömrəli qərardadına əsasən iddia tələbinin “alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” hissəsi üzrə mülki işin icraatına xitam verilməsi qərara alınmış, məhkəmənin həmin tarixli və nömrəli qətnaməsinə əsasən isə iddianın “bağışlama müqavilələrinin ləğv edilməsi” hissəsində rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-12978/19 nömrəli qərardadına əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(003)- 2273/2018 nömrəli qərardadı ləğv edilmişdir. Daha sonra Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)- 26/2020 nömrəli qərardadına əsasən İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 7 saylı Xüsusi Notariat Kontoruna qarşı “alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-4581/2020 nömrəli qərardadına əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)- 26/2020 nömrəli qərardadı ləğv edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-15/2021 nömrəli qətnaməsinə əsasən İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 7 saylı Xüsusi Notariat Kontoruna qarşı “alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-10173/2021 nömrəli qətnaməsinə əsasən İddiaçı apellyasiya şikayətləri təmin edilməyərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(003)- 2273/2018 nömrəli və xx.xx.2021-ci il tarixli 2(003)-15/2021 nömrəli qətnamələri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2294/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməyərək, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-10173/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Süleymanlı Bilal (Çingiz) Süleyman oğlu ərizə ilə məhkəməyə müraciət edərək, müvəqqəti təminat tədbirinin ləğv edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-15/2021 saylı qərardadı ilə ərizə təmin edilmiş, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi 146,5 kv.metr, yardımçı sahəsi 232,3 kv.metr, ümumi sahəsi 378,8 kv.metr olan fərdi yaşayış sahəsinin və ünvan 2 ünvanında yerləşən 114,2 kv.metr qeyri-yaşayış sahəsinin üzərinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(003)-2273/2018 saylı qərardadi ilə qoyulmuş həbsin götürülməsi qərara alınmşdır. Hazırda məhkəmənin həmin qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən şikayət verilərək qərardadın ləğv edilməsini qərardadın ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-15/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək... Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında qərardadın müvəqqəti xarakter daşıması onunla izah olunur ki, həmin qərardadın sonrakı hüquqi taleyi mübahisənin mahiyyəti üzrə yekun həllinin nəticəsindən asılıdır. Belə ki, müvəqqəti təminat tədbirlərinin görülməsi zamanı əsas tutulan iddianın əsaslılığı prezumpsiyası mübahisənin mahiyyətcə yekun həllinin nəticəsi ilə aradan qaldırıldıqda, yəni iddia rədd edildikdə, iddianı təmin etmə tədbirləri yalnız qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Müvəqqəti təminat tədbirlərinin görülməsi iddianın əsaslılığı prezumpsiyasına (ehtimalına) əsaslanır və qanunvericilik barəsində iddianı təmin etmə tədbiri görülmüş mübahisəyə dair iddianın gələcəkdə rədd edilməsi imkanını da nəzərdə tutur. Ona görə də müvəqqəti təminat tədbirlərinin görülməsi barədə qərardad aid olduğu işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Beləliklə, müvəqqəti təminat tədbirinin görülməsinin yeganə məqsədi qətnamənin gələcəkdə icrasını təmin etməkdən ibarətdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 mart 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. X1 Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, ... iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. ... İddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. ... Müvəqqəti təminat tədbirinin tətbiq edilməsi iddianın əsaslılığı prezumpsiyasına (ehtimalına) əsaslanır və qanunvericilik barəsində təminetmə tədbiri görülmüş mübahisəyə dair iddianın gələcəkdə rədd edilməsi imkanını da nəzərdə tutur. Ona görə də müvəqqəti təminat tədbirinin görülməsi barədə qərardad aid olduğu işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Beləliklə, müvəqqəti təminat tədbirinin görülməsinin yeganə məqsədi qətnamənin gələcəkdə icrasını təmin etməkdən ibarətdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan qanunvericilik normalarını, mübahisələndirilən işin hallarını, iş materiallarına əlavə edilmiş ilkin sübutları nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 7 saylı Xüsusi Notariat Kontoruna qarşı bağışlama müqaviləsinin ləğv edilməsi və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə iddia tələbləri təmin edilməmiş və bu barədə qəbul edilmiş yekun məhkəmə aktı qanuni qüvvəyə minmişdir. Beləliklə, iş üzrə müvəqqəti təminat tətbirinin tətbiq edilməsinə olan zərurət (əmlak üzərində həbsin qalmasına olan zərurət) aradan qalxmışdır. AR Mülki Prosessual Məcəlləsinin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən məsələ üzrə düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri məhkəmənin qərarının ləğv edilməsi üçün əsas deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(003)-15/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar