Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7147/2021 16.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı “mənzillə bağlı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetstrində qeydə alınması (çıxarışın verilməsi) üçün tələb olunan kooperativ üzvlərinin ümumi yığıncağının qərarının və digər sənədlərin (plan-sxem və s.) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli 2(005)- 1711/2021 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməə müraciət edərək, ünvan 1 ünvanında olan 23 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 144,32 kv.m. olan 72 nömrəli mənzillə bağlı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetstrində qeydə alınması (çıxarışın verilməsi) üçün tələb olunan Mənzil- Tikinti Kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və digər sənədlərin (plan-sxem və s.) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış 26 fevral 2013-cü il tarixli, 72 nömrəli müqaviləyə əsasən ünvan 1 ünvanında olan 23 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 144,32 kv.m. olan 72 nömrəli mənzil onun tərəfindən satın alınmış, cavabdeh tərəfindən ona təqdim olunmuş maliyyə arayışına əsasən o ümumi sahəsi 144,32 kv.m. olan mənzilin pay dəyərini tam ödəmiş və onun "xxxx" MTK-ya borcu yoxdur. Mənzilin dəyərini tam ödədikdən sonra o və ailəsi 2016-ci ilin fevral ayından etibarən həmin mənzilə köçmüşlər və hazırda həmin mənzildə yaşayırlar. Onun tərəfindən kommunal və digər xidmətlərə ödəniş tam ödənilmiş və bu günə kimi heç bir borcu yoxdur. Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il Fərmanı son illərdə mülkiyyət hüquqlarının təmin olunması və qeydiyyat problemlərinin həlli istiqamətində inqilabi bir dəyişiklik və mühüm islahat kimi tarixə düşmüşdür. Fərman istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafelərini və Azərbaycan Respublikasının sosialyönümlü dövlət siyasətinin əsasını təşkil edən humanizm prinsiplərini əsas götürərək, həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə imzalanmışdır. Həmin Fərmanın icrası çərçivəsində ünvan 1də yerləşən çoxmənzilli binanın istismarına 16 avqust 2019-cu il tarixdə icazə verilmişdir. Qeyd etmək lazımdır ki, uzun müddətdən artıq həmin binanın sakini kimi orada yaşamaqlarına baxmayaraq bu günə kimi yaşayış mənzilinə xüsusi mülkiyyət hüququ haqqında dövlət reyestrindən çıxarışı ala bilmir. Məlum olduğu kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6cı maddəsinə əsasən mənzillər üzərində hüquqların dövlət qeydiyyatı üçün mənzil-tikinti kooperativi (MTK) binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) tələb olunur. Bununla bağlı onun tərəfindən dəfələrlə həm şifahi, həm yazılı formada, sonuncu dəfə 06 yanvar 2021-ci il tarixdə cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə müraciət olunaraq ümumi yığıncağın qərarını tələb etsə də, Mənzil-Tikinti Kooperativinin rəhbərliyi və müvafiq əməkdaşları həmin sənədi ona verməkdən imtina etmişlər. İmtinanın əsası kimi mənzilində artıq sahənin olduğu, yəni mənzilinin müqavilədə qeyd olunan ümumi sahəsinin 144,32 kv.m. deyil, 162 kv.m. olduğu və buna görə əlavə 27.000 manat məbləğində pul vəsaiti ödəməli olduğu ona bildirilmişdir. O bunun səbəbini soruşduğunda onlar mənzilin sahəsini bayır divarların yerləşdiyi sahələr da nəzərə almaqla ölçdüklərini, müvafiq şirkətin ölçmə işlərini bu formada apardığını ona bildirmişlər. Həmçinin, kooperativin eksperti də mənzildə olmuş, yenidən ölçmə işləri aparmış və mənzilin sahəsinin 162 kv.m. olduğunu bildirmişdir. Müqavilənin 2.4-cü bəndinə əsasən mənzilin tikinti və hesablaşma sahəsi 144,32 kv.m.-dir. O, payçı olaraq müqavilədə qeyd olunmuş 144,32 kv.m. sahəyə görə hesablanmış pay haqqını tam ödəyərək üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh mənzil tikinti kooperativi mənzilin müqavilədə qeyd olunan sahəsini əsassız olaraq əlavə 18 kv.m. artıraraq ondan həmin sahəyə görə hesablanmış 27.000 manat məbləğində pul vəsaiti tələb etməklə müqavilə ilə üzərinə düşən öhdəlikləri pozur. Onun 21 dekabr 2020-ci il tarixli müraciətinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssisi mənzilində ölçmə işləri aparmış və mənzilinin layihəsinin mövcud qanunverciliyin tələblərinə uyğun hazırlanmasına dair hesabat tərtib etmişdir. Həmin hesabatda ünvan 1 ünvanında yerləşən 23 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşən 3 otaqlı, 72 nömrəli mənzilimin ümumi sahəsinin 131,98 kv.m. olduğu qeyd olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli 2(005)- 1711/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. ünvan 1 ünvanında olan 23 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 144,32 kv.m. olan 72 nömrəli mənzillə bağlı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması (çıxarışın verilməsi) üçün tələb olunan “Mənzil-Tikinti Kooperativi üzvlərinin ümumi yığıncağının qərarı”nın və digər sənədlərin (plan-sxem və s.) verilməsi öhdəliyinin cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh MTK tərəfindən apelyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətinə görə qətnamə qanunsuz və əsassızdır. İddiaçıya satılmış mənzilin sahəsi texniki səhvlik səbəbindən yalnış olaraq mövcud vəziyyətdən az qeyd edilmiş, tikinti sahəsinə əsasən həmin mənzilin sahəsi 144,32 kv.m. deyil, 162 kv.m. olduğu müəyyən edilmişdir. Zəruri ekspertiza keçirilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Cavabdehin nümayəndəsi qismində iştirak edən X1 etibarnaməsinin vaxtı qurtardığından (həm də etibarnamə birinci instansiya məhkəməsində təmsil olunmaq üçün verilmişdir) və yeni etibarnamə təqdim etmədiyindən o, prosesə buraxılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Məhkəmə kollegiyası izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan "xxxx" Mənzil-Tikinti Kooperativi-kooperativ ilə İddiaçı-payçı arasında bağlanmış 06 fevral 2013-cü il tarixli 72 nömrəli müqavilədən görünür ki, müqavilənin predmetini kooperativə ayrılmış ünvan 1 ünvanında payçıların vəsaiti hesabına inşa ediləcək yaşayış binasının 72 nömrəli mənzili təşkil edir (1.1-ci maddə). Kooperativ yuxarıda qeyd olunan ünvanda yaşayış binasını inşa etməyi öhdəsinə götürmüşdür (2.2-ci maddə). Mənzilin tikinti və hesablaşma sahəsi 144,32 kv.m.-dir (2.4-cü maddə). Payçı mənzili qəbul etməyi və mənzilin müəyyən edilmiş dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür (2.6-ci maddə). "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş müvafiq maliyyə arayışından görünür ki, ünvan 1 ünvanında inşa edilən kooperativ yaşayış binası "xxxx" Mənzil-Tikinti Kooperativinə məxsusdur. Bu binanın 2-ci girişi 5-ci mərtəbəsində ümumi sahəsi 144,32 kv.m, yaşayış sahəsi 80,9 kv.m. olan 3 otaqlı 72 nömrəli mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir, onun kooperativə borcu yoxdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mənzilin layihəsinin mövcud mənzil məcəlləsi tələblərinə uyğun hazılanmasına dair 24 dekabr 2020-ci il tarixli hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən 23 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşən 3 otaqlı, 72 nömrəli mənzilin açıq eyvan 1/3 əmsalla hesablanmaqla (9.37:3=3.12) ümumi sahəsinin 131,98 kv.m olduğu qeyd olunmuşdur. Beləliklə, müəyyən edilmişdir ki, tərəflər arasında 2013-cü ildə bağlanmış müqavilə üzrə mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilsə və iddiaçı hazırda həmin mənzildə yaşasa da, artıq uzun müddət keçməsinə baxmayaraq, cavabdeh tərəfindən lazımı sənədlər verilmədiyi üçün iddiaçı mənzilini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirə bilmir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı cavabdehlə aralarında bağlanmış müqavilə əsasında aldığı mənzilin dəyərini cavabdehə tam ödədiyindən, həmçinin müqavilə üzrə icra edilməmiş öhdəliklər qalmadığından, hazırda iddiaçıya sözügedən mənzilin daşınmaz əmlakın rəsmi reyestrində qeydiyyatdan keçirmək üçün müvafiq sənədlər lazım olduğundan, həm də belə sənədlərin verilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, iddiaçının tələbi haqlı tələbdir və iddia təmin edilməlidir. Məhkəmə Kollegiyası, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşıraq hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır, məhkəmə iş üçün əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, düzgün nəticəyə gəlmişdir. Cavabdeh tələb olunan sənədləri verməməsini müvafiq müqavilədə mənzilin qeyd olunan ümumi sahəsinin 144,32 kv.m. deyil, 162 kv.m. olması və buna görə də əlavə olaraq 27.000 manat məbləğində pul vəsaitinin iddiaçı tərəfindən kooperativin hesabına ödəməli olması ilə əsaslandırır. Kollegiya qeyd edir ki, tərəflər arasında bağlanılmış müqavilədə mənzilin sahəsi 144,32 kv.m göstərilmiş, onun da dəyəri tam ödənilmişdir. Həmçinin mütəxəssis tərəfindən aparılmış ölçmə işləri nəticəsində müəyyən edilmişdir ki, mənzilin sahəsi nəinki 162 kv.mdir, hətta müqavilədə nəzərdə tutulmuş 144,32 kv.m-dən də azdır. Ona görə də cavabdehin qeyd etdikləri əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.6-cı maddəsinə əsasən, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.6-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Mülki Məcəllənin 324.1-maddəsinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə görə, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə isə öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Tərəflər arasında bağlanmış 20.07.2006-cı il tarixli 14 saylı müqavilədə Kooperativ (cavabdeh) mübahisəli mənzili Payçıya (iddiaçıya) təhvil verməyi öhdəsinə götürür dedikdə, təkcə mənzilin özünün yox, həm də həmin mənzil üzərində alıcı hüquqlarını qeydə aldırmaq üçün zəruri olan bütün sənədləri verməyi də öhdəsinə götürməsi kimi qəbul olunmalıdır, əks yanaşma mülki dövriyyənin sabitliyinə xələl gətirmiş olardı. Kollegiya hesab edir ki, məhkəmə yaşayış sahənin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün qanunvericilikdə nəzərdə tutulan sənədlərin iddiaçıya təqdim olunmasının təmin edilməsi barədə haqlı nəticəyə gəlmişdir. Apelyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, işin hallarına uyğun qətnamə qəbul etmişdir; apelyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsini qanunsuz və ya əsassız hesab etmək, habelə onu ləğv etmək üçün əsas deyil. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1711/2021 saylı iş üzrə 26 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7147/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7147/2021
16.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver