Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7147/2023 07.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: hərrac, hərracın nəticələrinin etibarsız hesab edilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı "xxxx" MMC-nə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Mirzəyev Elxan Bəhram oğlundan kredit müqaviləsi üzrə ümumilikdə 34 768,50 manatın Bank "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu 4-cü mikrorayon, 20 Yanvar küçəsi 7 saylı evin 100 nömrəli mənzilinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 76 500 manat olmaqla açıq hərracdan satılması, ipoteka predmetinin hərracda satışından əldə olunan pul vəsaitindən Bank "xxxx" ASC-yə ödənilməli olan borc və məhkəmə xərci ödənildikdən sonra qalıq məbləğin İddiaçı qaytarılması, mənzilin satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin ümumi qaydada Mirzəyev Elxan Bəhram oğlundan tutulması, Bakı şəhəri, Nəsimi rayonu 4-cü mikrorayon, 20 Yanvar küçəsi, 7 nömrəli evin 100 nömrəli mənzilinin açıq hərracda satılmasındanm sonra həmin mənzilin boşaldılması qət edilmişdir.
2. Həmin qətnamə xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minmiş və xx.xx.2022-ci il tarixdə icra vərəqəsi verilməklə icraya yönəldilmişdir.
3. 03 may 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinin rəisi "xxxx" MMC-yə sifariş məktubu göndərərək, Bakı şəhəri, Nəsimi rayonu 4-cü mikrorayon, 20 Yanvar küçəsi 7 saylı evin 100 nömrəli mənzilinin satışının təşkil olunmasını xahiş etmiş, əmlak xx.xx.2023-cü il tarixdə 76 500 manata satılması üçün hərraca çıxarılmış, hərrac baş tutmadığı üçün əmlak ikinci dəfə xx.xx.2023-cü il tarixdə 48 768,75 manata satışa çıxarılmış, təkrar hərrac da baş tutmadığından əmlak həmin qiymətə Bank "xxxx" ASC-nə satılmış, “İpoteka haqqında” Qanunun 42.4-cü maddəsinə əsasən ipoteka saxlayan "xxxx" ASC tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunmuşdur.
4. Əmlakın xx.xx.2023-cü il tarixdə 76 500 manata hərraca çıxarılacağı barədə “Market” qəzetinin xx.xx.2023-xx.xx.2023-cü il tarixli sayısında, ilkin hərracın baş tutmadığı və əmlakın xx.xx.2023-cü il tarixdə 65 025 manata təkrar hərraca çıxarılacağı barədə həmin qəzetin xx.xx.2023-cü il tarixli sayısında, təkrar hərracın da baş tutmadığı barədə xx.xx.2023-cü il tarixli sayısında elanlar verilmişdir.
5. Hərrac barədə xx.xx.2023-cü il tarixdə göndərilən ilk bildiriş İddiaçı ünvanına həm poçt vasitəsilə çatdırılmış, həm də onun mobil telefon nömrəsinə müvafiq SMS göndərilmiş, İddiaçı yaşadığı (qeydiyyatda olduğu) ünvanda bildiriş xx.xx.2023-cü il tarixdə “Ələsgərli” soyadlı şəxs tərəfindən qəbul olunmuşdur.
6. Hərrac barədə xx.xx.2023-cü il tarixdə göndərilən ilk bildiriş Mirzəyev Elxan Bəhram oğlunun yaşadığı (qeydiyyatda olduğu) ünvana xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə çatdırılmış, bildiriş “Mirzəyev(a)” soyadlı şəxs tərəfindən qəbul olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
7. İddiaçı (iddiaçı) "Bakı Hərrac Mərkəzi” MMC-nə (cavabdeh) qarşı iddia ərizəsi (Bank "BTB” ASC üçüncü şəxs qismində göstərməklə) ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, “20 Yanvar” küçəsində istifadə olan 0,14 ha torpaq sahəsində yerləşən 7 nömrəli, 5 mərtəbəli binada, 33,13 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 100 nömrəli mənzilə dair keçirilmiş hərracın nəticələri barədə xx.xx.2023-cü il tarixli 126/23 nömrəli protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bank "BTB” ASC-nin "Promo” filialı ilə Mirzəyev Elxan Bəhram oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli DEN- 00056/19A kredit müqaviləsinə əsasən bank tərəfindən Mirzəyev Elxan Bəhram oğluna şəxsi istifadə məqsədi ilə 24 ay müddətinə, illik 25 faiz ödəmək şərtilə 35 000 manat kredit verilmiş, kredit öhdəliyinin təminatı qismində İddiaçı xx.xx.2019-cu il tarixdə Bank "BTB” ASC ilə DEN-00056-İ519A saylı sonrakı ipoteka müqaviləsi bağlayaraq Bakı şəhəri, Nəsimi rayonu, "20 Yanvar” küçəsi, 7 nömrəli evin 2 otaqlı 100 nömrəli mənzilini ipotekaya qoymuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-2010/2022 nömrəli qətnaməsi ilə Mirzəyev Elxan Bəhram oğlundan kredit müqaviləsi üzrə ümumilikdə 34 768,50 manatın Bank "BTB” ASC-nin xeyrinə tutulması və tutmanın Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, 20 Yanvar küçəsi, 7 nömrəli evin 100 nömrəli mənzilinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 76 500 manat olmaqla açıq hərracdan satılması qət edilmişdir. Mülkiyyətində olan mənzilin qiyməti hazırkı bazar qiymətinə uyğun göstərilməmişdir, qərəzli şəkildə qiymət azaldılaraq mənzil aşağı qiymətə hərraca çıxarılmışdır. Bundan əlavə hərrac keçirilən zaman xəbəri olmamış, ona məlumat verilməmiş, iştirakı təmin edilməmişdir.
9. "xxxx" MMC hərracla bağlı sənədlərin surətlərini məhkəməyə göndərərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.
10. Birinci instansiya məhkəməsinin 16 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.
11. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçıya məxsus ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən açıq hərraca çıxarılıb satılması üçün keçirilən hərrac, “İpoteka haqqında” Qanun və Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə həyata keçirilmişdir, hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün qanuni əsaslar mövcud deyildir.
12. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 317.1-ci, 317.2-ci, 414.2-ci, 414.3-cü, 415.1-ci, 415.2-ci, 415.5-ci, “İcra haqqında” Qanunun 44-cü maddələrinə istinad etmişdir.
13. Qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, işin hallarına uyğun gəlməyən qərar çıxardığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası, verilən izahat
15. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, eyni zamanda vəsatət verərək hərracın keçirilməsi ilə bağlı poçt bildirişlərindəki imzaların iddiaçıya aid olub-olmadığının yoxlanılması üçün ekspertiza keçirilməsini xahiş etmişdir.
16. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin, eləcə də üçüncü şəxsin nümayəndələri məhkəməyə gəlməmişlər.
17. İşin halları, habelə şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınmaqla, işə cavabdehin və Bank "xxxx" ASC-nin nümayəndələrinin iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 319.5. Əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.
19. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.
20. Maddə 416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
21. Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir.
22. Maddə 43. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, əmlakın satılması ilə bağlı hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş, icra icraatının tərəfləri hərracların vaxtı, yeri, forması, keçirilmə qaydası barədə lazımi qaydada məlumatlandırılmışlar.
30. Bu qənaətə gələrlən kollegiya, “F. Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır.
31. Beləliklə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3968/2023 saylı iş üzrə 03 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə