Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7153/2020 01.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Cavabdeh2 iştirakı ilə İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında geri qaytarılması”tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 xx xxxx 2014-cü il tarixdə idarə etdiyi Cavabdeh1 məxsus “Vaz 21093” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Buzovna-Mərdəkan şossesində hərəkətdə olarkən yol hərəkəti qaydasını pozmaqla piyada X3 ehtiyatsızlıqdan vurduğunu və nəticədə adı çəkilən şəxsin hadisə yerində vəfat etdiyini, hadisədən sonra Cavabdeh2 avtomobili etibarnamə olmadan idarə etdiyinin məlum olduğunu, yol-nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli olmasının Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hökmündə öz əksini tapdığını, X1 vəfatına görə 5000 manat sığorta ödənişi təyin olunduğunu və 036156 saylı sığorta aktına əsasən ödənildiyini, Cavabdeh2 avtomobili idarə etmək hüququ olmadan idarə etdiyi, Cavabdeh1 isə etibarnamə olmadan avtomobili Cavabdeh2 verdiyi üçün “İcbari sığortalar haqqında” Qanunun 25-ci maddəsinə əsasən ödənilmiş sığorta məbləğinin onlardan tutulmalı olduğunu bildirmiş, cavabdehlərdən 5000 manat sığorta ödənişinin əvəzinin və 30,40 manat dövlət rüsumunun müştərək qaydada xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 5000 manat sığorta ödənişinin əvəzinin və 30,40 manat dövlət rüsumunun, yəni cəmi 5030,40 manatın alınaraq İddiaçı X10 Səhmdar Cəmiyyətinə ödənilməsi qət olunmuşdur. Həmin qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi hüquq normalarının tələblərini pozduğunu, qanunu düzgün tətbiq etmədiyini və sübutlara düzgün hüquqi qiymət vermədiyini irəli sürmüşdür. Qətnamədən Cavabdeh2 da apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmiş, şikayətini zərərçəkmişin hüquqi varislərinə 3600 manat ödəyərək onlarla razılığa gəldiyi halda iddiaçının ona məlumat vermədən sığorta ödənişi etdiyi, avtmobilə dair etibarnamənin müddətini uzatmanın onun vəzifəsi olmadığı və sığorta ödənişinə görə avtomobilin mülkiyyətçisinin məsuliyyət daşıdığı arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək müvafiq qətnamə çıxarılmasını xahiş etmiş, iddiaçının nümayəndəsi və Cavabdeh1 isə məhkəməyə gəlməmişdir. Kollegiya Cavabdeh2 izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, Cavabdeh1 xx.xx.2013-cü il tarixdə özünə məxsus “Vaz 21093” minik markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomaşını X2 etibar etmiş, sonuncu, xx xxxxx 2013-cü il tarixdə sürücülük vəsiqəsi xx xxxxxx 2014-cü il tarixinədək etibarlı olan Cavabdeh2 həmin avtomobilə dair etibarnamə vermiş, avtomobil Cavabdeh2 tərəfindən xx xxxx 2014-cü il tarixdə idarə olunarkən o, Bakı şəhəri, Xəzər rayonu, Buzovna-Mərdəkan şossesində yolnəqliyyat hadisəsi törətmiş və hadisə nəticəsində X5 vəfat etmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmü ilə Cavabdeh2 təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilmiş, mərhumun ailə üzvü olan X4 İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 5000 manat sığorta ödənişi verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki Məcəllənin bilavasitə subroqasiya hüququnu tənzimləyən 936.1-ci və 936.2-ci maddələrinə görə də, subroqasiya hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1108-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 56.1.1-ci maddəsinə görə, fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50 000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat müəyyən edilir; 14.2.1-ci maddəsinə görə isə, zərərçəkənin ölməsi ... nəticəsində ... sığorta məbləği 100 faiz nisbətində ödənilir. Həmin Qanunun 25.1.3-cü maddəsinə görə isə, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Qanunvericiliyin göstərilən müddəalarının mənasından göründüyü kimi, subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Hazırki işin halları baxımından isə vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs, mülki məsuliyyəti icbari qaydada sığortalanmış, lakin hadisə zamanı avtomaşını müvafiq hüququ olmadan idarə etmiş Cavabdeh2dur. Bu baxımdan kollegiya hesab edir ki, Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz; onun “zərərçəkmişə ödədiyi məbləğin nəzərə alınmaması” arqumentinə münasibətdə isə qeyd olunmalıdır ki, zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir - iddiaçı şirkətin isə zərərçəkmiş şəxsin varisinə məhz 5000 manat ödəmiş olduğu mübahisəsizdir. Kollegiya iddiaçının nümayəndəsinin apellyasiya şikayətini də aşağıda şərh olunanlara görə əsassız hesab edir: Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən, “yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər”. Yuxarıda qeyd olunduğu kimi, “Vaz 21093” minik markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətçisi olan Cavabdeh1 tərəfindən xx.xx.2013-cü il tarixdə etibarnamə əsasında X2 etibar edilmiş, sonuncu, xx xxxxx 2013-cü il tarixdə sürücülük vəsiqəsi xx xxxxxx 2014-cü il tarixinədək etibarlı olan Cavabdeh2 həmin avtomobilə dair etibarnamə vermiş, avtomobil Cavabdeh2 idarəetməsində olarkən yol-nəqliyyat hadisəsi baş vermişdir. Belə aydın olur ki, Cavabdeh1 mülkiyyətində olan və yüksək təhlükə mənbəyi hesab edilən “Vaz 21093” minik markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilmülki hüquq pozuntusunu (yol nəqliyyat hadisəsini) törətmiş Cavabdeh2 istifadəsinə mülkiyyətçi tərəfindən deyil, sonuncunun etibar etdiyi şəxs tərəfindən verilmişdir; bu baxımdan qiymət verilməli olan məsələ, avtomobilin Cavabdeh2 istifadəsinə verilmiş olmasında Cavabdeh1 təqsirli olub-olmadığıdır. Məhkəmə kollegiyası hesab edir ki, yüksək təhlükə mənbəyi hesab edilən “Vaz 21093” minik markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 sahibliyindən hüquqa zidd şəkildə götürülməmişdir; hərgah, avtomobil Cavabdeh2 tərəfindən qanuni əsas olmadan idarə edilmişdirsə belə, bu halda da onun Z. Qurbanovanın sahibliyindən məhz “digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində” çıxmış olduğu qəbul edilməlidir. Hər bir halda, Mülki Məcəllənin 1108.2-ci maddəsinin mənasına görə, adı çəkilən şəxs (Cavabdeh1) həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımamalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından birinci instansiya məhkəməsi Cavabdeh1 qarşı iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8221/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri apellyatorlara aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-7153/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7153/2020
01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver