Məhkəmə qərarları › İş №2(103)-7153/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7153/2022

30.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7153/2022 30.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Ceymulla oğluna qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-7153/2022 (Açar sözlər: pul tələbi) Bakı şəhəri 30 noyabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Vəkil, Cavabdeh, onun nümayəndəsi-vəkili X8 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli e-2(002)-1868/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 30 noyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı həyat yoldaşının məktəb direktoru təyin edilməsi niyyəti ilə Cavabdeh 10.000 manat pul verdiyini bildirir. Bakı şəhəri Qaradağ RPİ İŞ- cinayət işi başlanmasının rədd olunması barədə 16 fevral 2022-ci il tarixli qərarından görünür ki, iddiaçının həyat yoldaşını məktəb direktoru təyin edilməsi niyyəti ilə cavabdehə verdiyi 10.000 manat pul vəsaiti X3 verilmiş, Cavabdeh hər hansı maddi marağı olmamış, X1 Əkbərovdan aldığı 10.000 manat pulun hamısını özü xərcləmiş, həmin puldan 1 manatını belə olsa Cavabdeh vermədiyini bildirmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi zərərin əvəzi olaraq 10.000 manat məbləğində pul, maddi və mənəvi zərərin əvəzi olaraq 5.000 manat olmaqla, ümumilikdə 15.000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2021-ci ilin sentyabr ayında tanışı Cavabdeh 10.000 manat pul vermişdir. Cavabdeh ondan həmin pul məbləğini həyat yoldaşı Mehriban Vəliyevanın işlədiyi məktəbdə direktor vəzifəsinə təyin edilməsini təmin edəcəyi adı ilə almışdır. O da, cavabdehin vədinin təsiri altında qeyd edilən pul məbləğini sonuncuya təqdim etmişdir. Lakin, sonradan məlum olmuşdur ki, Cavabdeh onu aldatmış, bundan sonra ona verdiyi pulun geri qaytarılmasını tələb etməsinə baxmayaraq, bu günədək həmin məbləğdən heç bir geri ödəniş etməmişdir. İşlə bağlı Bakı şəhəri Qaradağ RPİ-yə müraciət edilmiş və cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Hazırki iş üzrə qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda cavabdehin qeyd edilən pul məbləğini aldığını etiraf etməsi mövcuddur. Bundan başqa, cavabdehin onu aldatması, bu günədək də pulunu geri qaytarmaqdan yayınması onun, həmçinin ailə üzvlərinin mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur. Belə ki, cavabdehə verdiyi pul məbləğinin bir hissəsini qohumundan borc götürmüş, digər qismini isə bankdan kredit götürməklə cavabdehə vermişdir. Hazırda həmin borcları ödədiyi üçün də maddi vəziyyəti pisləşmiş, bu da əlavə olaraq əziyyət çəkməsinə səbəb olmuşdur. Cavabdehə pulun verilməsindən bir ilə yaxın vaxt ərzində cavabdehin onu aldatması, cavabdehə dəfələrlə müraciət etməsinə baxmayaraq aldığı pulu qaytarmaması, tələblərinə etinasız yanaşması, vəkilə və hüquq mühafizə orqanlarına müraciət etməsi, bu məqsədlə vaxt itirməsi, vəsait sərf etməsi əsəb gərginliyi keçirməsinə səbəb olmuş, nəticədə ona maddi və mənəvi ziyan dəymişdir.

5. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1868/2022 nömrəli 27 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Kamran Əsədov) iddia təmin edilməmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıdan pul alması sübut olunmamışdır.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 77.1,88, 217.1, 218.1, 218.3, 220.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti iddianın dəlilləri ilə yanaşı, həmçinin, onunla əsaslandırılmışdır ki, məhkəmənin istinad etdiyi yeganə sübut Bakı şəhəri Qaradağ RPİ İŞ-nin baş müstəntiqi, polis mayoru X7 cinayət işi başlanmasının rədd olunması barədə 16 fevral 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Cavabdeh hər hansı pul məbləği almamışdır. Bu isə məhz hazırki iş üzrə cavabdehin öz ifadəsi əsas götürülmüşdür. Faktiki olaraq amma həmin qərarda pul əldə etdiyini, götürdüyüünü məhkəmə nəzərə almamışdır.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

10. Cavabdeh apelyasiya şikayətinə qarşı etiraz verərək apellyasiya şikayətinin rədd edilməsini, qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

c) Proses iştirakçılarının izahatı

11. Məhkəmə baxışı zamanı iddiaçı və onun nümayəndəsi-vəkilləri verilmiş apellyasiya şikayətini müdafiə edərək, dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişlər.

12. Cavabdeh və onun nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

13. Maddə 14.2.7 Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də əsassız varlanmadır.

14. Maddə 1091.1Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

15. Maddə 1092.1 Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən iş üzrə maddi hüquq norması ümumiyyətlə tətbiq edilməmişdir.

23. Belə olduğu təqdirdə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır.

24. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

25. Kollegiya hesab edir ki, tərəflər arasında pulun verilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq yazılı borc müqaviləsi olmadığından tərəflər arasında yaranmış öhdəliyin əsası qismində mülki qanunvericiliyin əsassız varlanmanı tənzimləyən normaları çıxış edir.

26. Kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, qaytarılmasını tələb etdiyi həmin pulun cavabdehin əldə etməsinə dair kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. İş materialları ilə cavabdehin əsassız varlanması təsdiq olunmur.

27. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ RPİ İŞ-nin baş müstəntiqi, polis mayoru X7 qəbul etdiyi cinayət işi başlanmasının rədd olunması barədə 16 fevral 2022-ci il tarixli qərarından görünür ki, iddiaçının həyat yoldaşını məktəb direktoru təyin edilməsi niyyəti ilə cavabdehə verdiyi 10.000 manat pul vəsaiti X3 verilmiş, Cavabdeh hər hansı maddi marağı olmamış, X1 Əkbərovdan aldığı 10.000 manat pulun hamısını özü xərcləmiş, həmin puldan 1 manatını belə olsa Cavabdeh vermədiyini bildirmişdir.

28. İddiaçı şikayəti üzrə Bakı şəhəri Qaradağ RPİ İŞ-də aparılmış araşdırma zamanı izahat vermiş İddiaçı izahatında bildirmişdir ki, “...Kərimulla onun yanında kiminləsə mobil telefon vasitəsi ilə əlaqə saxlamışdır. Həmin vaxtı Kərimulla mobil telefonunu mikrafona qoymuş və onların arasında danışılan söhbəti eşitmişdir...”, “...o, da həmin şəxslə, yəni adı ona sonradan məlum olan X5 danışığını eşitdikdən sonra Kərimullaya bildirmişdir ki, heç bir problem yoxdur, pulu tapıb düzəldər...”, “...Bir müddət sonra X10 rayonuna yaşadığı kəndə qonaq gəlmişdir. Zakir ona demişdir ki, Kərimulla ilə danışıb rayona gələrkən, təhsil şöbəsində məsələni həll edəcək. Həmin gün Zakir ona demişdir ki, təhsil şöbəsinə gedəcəkdir. O, Zakiri Tovuz rayonunda qarşılayarkən ona demişdir ki, təhsil şöbəsindən gəlir, işi danışıbdır...”, “...Aralarında olan söhbət zamanı Zakir demişdir ki, pulu geri qaytaracaqlar. Zakir Hüseynov onun banka olan kreditinin dekabr ayı üçün nəzərdə tutulmuş bir hissəsini, yəni 480 manatını banka ödəmişdir...”.

29. İzahatı alınmış Zakir Hüseynov izahatında bildirmişdir ki, “...20 oktyabr 2021-ci il tarixdə Tovuz rayonuna getmiş, bu işlə bağlı Vəli ilə görüşmüşdür...”, “...O, pulu öz müalicəsi üçün xərclədiyindən ona görə Vəliyə qaytara bilməmişdir...”, “...o, həmin puldan Kərimullaya 1 manat da verməmişdir...”.

30. Göründüyü kimi hazırki mülki mübahisə üzrə daha öncə Bakı şəhəri Qaradağ RPİ İŞ-də aparılmış araşdırma zamanı iddiaçı tərəfindən 10.000 manat pulun Zakir Hüseynova verildiyi, həmin Puldan Cavabdeh hər hansı bir məbləğ çatmadığı təsdiq olunmuşdur.

31. Yuxarıda qeyd edilən araşdırma nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh əməlində cinayət tərkibi mövcud deyildir. X2 əməlində cinayət tərkibi vardır. Çünki o, cinayətin törədilməsindən məlumatı və marağı olmayan Cavabdeh vasitəsilə İddiaçı 10.000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmiş və geri qaytarmamışdır. Lakin, Zakir Hüseynov öldüyündən hazırda onun əməlinə qiymət verilməsi mümkün deyildir.

32. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

33. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iş materiallarında olan sübutlarla Cavabdeh İddiaçı hər hansı pul vəsaiti əldə etməmiş, cavabdehdən aldığı 10.000 manat pulu isə Zakir Hüseynova vermişdir. Cavabdeh həmin puldan heç bir fayda götürməmiş və nəticə olaraq varlanmamışdır.

34. Eyni zamanda məhkəmə kollegiyasi qeyd edir ki, iddiaçının pul tələbi ilə bağlı tələbinin təmin olunması üçün əsaslar müəyyən edilmədiyindən, həmin tələbdən irəli gələn tələbinin digər hissələri də təmin edilməməlidir.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1868/2022 saylı iş üzrə 27 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumları onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar