Məhkəmə qərarları › İş №2(103)-7154/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7154/2023

29.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7154/2023 29.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 cavabdeh İddiaçınə qarşı iş üzrə (Açar sözlər: işgüzar nüfuzun müdafiəsi, mənəvi zərərin ödənilməsi, məlumatın təkzib edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 və Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, e-2(009)- 1674/2023 nömrəli qətnaməsindən ikin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İlkin iddia üzrə cavabdehlər ünvan 1 ünvanında yerləşən yaşayış binasında həmin binanın ümumi əmlakı sayılan mansard hissəsinin ilkin iddia üzrə iddiaçı tərəfindən qeyri-qanuni satılması ilə əlaqədar şikayət əsasında prokurorluqda cinayət işinin başlanılması barədə məlumat yaymışdır. İlkin iddia üzrə iddiaçı həmin məlumatın həqiqəti əks etdirmədiyini və nəticədə onun işgüzar nüfuzunu ləkələdiyini iddia edərək, məhkəməyə müraciət etmişdir. İlkin iddia üzrə cavabdehlər isə ilkin iddia üzrə iddiaçının vaxtılə hüquq mühafizə orqanlarına həqiqəti əks etdirməyən məlumatları əsas götürərək şikayət verdiyini bildirmiş və bu əsasla qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, MTK-nın işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması nəticəsində vurulmuş 50000 (əlli min) manat məbləğində zərərin, 270 (iki yüz yetmiş) manat məbləğində vəkil xərcinin, həmçinin 240 (iki yüz qırx) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış binası inşa etmişdir. Həmin binanın sahə mülkiyyətçiləri tərəfindən "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti təsis edilmişdir. Hazırkı cavabdehlər qeyd edilən MMMC-nin idarə heyətinin üzvləri olaraq ünvan 1 ünvanında yerləşən yaşayış binasının bloklarının giriş hissələrində, eləcə də mənzillərin giriş qapılarında elan yerləşdirmiş və elanda yalan olduğunu bilə-bilə MTK-nın işgüzar nüfuzunu ləkələyən məlumat yaymışlar. Belə ki, həmin elanın 6-cı bəndində MTK barəsində qeyd etmişlər ki, binamızın ümumi əmlakı sayılan mansard hissəsini qeyri-qanuni satdıqları üçün şikayətimiz əsasında prokurorluqda cinayət işi başladılıb. İddiaçı Bakı şəhəri Səbail rayon prokuroru Natiq Əsədova xx.xx.2023-cü il tarixli, 028/23 nömrəli sorğu ilə müraciət edərək, İddiaçı MTK-ya qarşı hər hansı cinayət işinin başlanılıb-başlanılmaması barədə məlumatın verilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon prokurorunun müavini Ədalət Aslanovun xx.xx.2023-cü il tarixli, 04/23-25 nömrəli məktubu ilə bildirilmişdir ki, İddiaçı MTK-ya qarşı rayon prokurorluğunda cinayət işinin istintaqı və ya material üzrə araşdırılma aparılmamışdır. Göründüyü kimi, cavabdehlərin MTK barəsində yaydıqları məlumatlar həqiqətə uyğun deyildir. Cavabdehlər bu yalan məlumatı yaymaqla cəmiyyət, yaxud ayrıayrı qruplar və ya şəxslər arasında MTK barəsində mənfi rəy yaratmışlar. İddiaçının işgüzar nüfuzunun qorunması, onun cəmiyyətdə müsbət imic formalaşdırmasına, tərəfdaşların etibarını qazanmasına və ya gəlirlərinin artmasına xidmət edir. İddiaçı hesab edir ki, işgüzar nüfuz hər bir təşkilatın əmtəə nişanı, patent kimi qeyri-maddi aktividir və onu qorumaq istənilən təşkilatın əsas qayğılarından biridir. Qeyd edilənlərə rəğmən MTKnın işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması nəticəsində vurulmuş zərəri 50.000 manat məbləğində qiymətləndirərək iddia tələbinin təmin olunmasını xahiş edir. Bundan əlavə, iddiaçı məhkəmədə mülki hüquqların müdafiə edilməsi və pozulması hüququnu bərpa etmək üçün vəkilin göstərdiyi yardıma görə 270 manat xərc çəkmişdir və hesab edir ki, qeyd edilən xərcin, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi də cavabdehlərdən müştərək qaydada tutulmalıdır.

4. Sonradan iddiaçı iddia tələbinin artırılmasına dair ərizə ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması nəticəsində 50.000 manat məbləğində vurulmuş zərərin, eləcə də 270 manat vəkil xərcinin və 240 manat dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsi, həmçinin ünvan 1 ünvanında yerləşən “Badamdar Residence” yaşayış binasının bütün bloklarının giriş hissələrində, eləcə də bütün mənzillərin giriş qapılarında elan yerləşdirərək mübahisənin əsası olan məlumatın təkzib edilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. Daha sonra cavabdehlər müxtəlif tarixlərdə, ayrı-ayrılıqda İddiaçı MTK-ya qarşı “məlumatların təkzib olunması və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş və tələblərini belə əsaslandırmışlar ki, “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarına əsasən qeyd edilən rayonların ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması qərara alınmışdır. Bu qərara əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsində yerləşən qəzalı vəziyyətdə bina sökülərək onun yerində İddiaçı tərəfindən çoxmənzilli yaşayış binası inşa edilmiş və 2019cu ildə istismara verilmişdir. Binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxunun mülkiyyət hüququnun xeyli müddət əvvəl mənziltikinti kooperativinin üzvlərinə keçməsinə baxmayaraq, MTK mənzil qanunvericiliyinin tələblərini kobud şəkildə pozaraq özünü ləğv etməmiş və MMMC-yə çevrilməmişdir. Hətta barəsində binada mövcud olaraq yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxunun mülkiyyət hüququ mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay müddətində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilməməsinə və ya qəbul edilmiş həmin qərarla bağlı hüquqi şəxslərin qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlərin görülməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 393-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş vəzifəli şəxslər iki min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimənin tətbiq edilmə riski belə MTK-nı mənzil qanunvericiliyinin tələblərinə riayət etməsinə məcbur edə bilməmişdir. Sözügedən binanı idarə edən MTK-nın idarəetmə ilə bağlı lazımi keyfiyyətlərə malik olmaması, binanın problemlərinə biganəliyi, sakinlərin iradlarına laqeyd yanaşılması, sakinlərlə kobud rəftar edilməsi, fəaliyyətinin şəffaflığının olmaması və sair bu kimi neqativ məqamlar öz nəticəsini tez bir zamanda göstərmiş, binada mövcud olan problemlər öz həllini tapmaq əvəzinə, daha da dərinləşmiş və nəticədə sakinlərin böyük bir hissəsinin haqlı narazılığına səbəb olmuşdur. Binada olan vəziyyət mənzil mülkiyyətçilərinin ümumi maraqlarına zidd olduğundan çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında mənzil qanunvericiliyi ilə müəyyən edilmiş hüquqlarından istifadə edilməklə Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin təsis edilməsi barədə qərar qəbul edilmiş və bunun nəticəsi olaraq 11 may 2023-cü il tarixdə "xxxx" MMMC qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır. Dövlət qeydiyyatına alındıqdan sonra "xxxx" MMMC İddiaçı MTK-ya məktubla müraciət edərək 01 iyun 2023-cü il tarixədək təhvil-təslim prosesinə başladılmasını xahiş etsə də, bu müraciət cavabsız qalmış, keçirilmiş görüşlər zamanı isə MTK-nın sədri idarəçiliyi MMMC-yə təhvil vermək niyyətində olmadığını bildirmişdir. Mənzil mülkiyyətçiləri tərəfindən MMMC-nin təsis edilməsindən sonra MTK MMMC-nin üzvlərinə, xüsusən də cəmiyyətin sədrinə və onun kimi aktiv iştirakçılarına qarşı faktiki olaraq müharibə elan etmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq binanı idarə etməli olan MMMC-nin elan lövhəsinə vurulan elanları çox operativ şəkildə qopardılır (ehtimal edirlər ki, MTK-nın nümayəndələri tərəfindən qopardılır). MMMC-nin İdarə Heyətinin üzvlərinə qarşı qarayaxma kompaniyası aparılır, onların iş yerlərinə müxtəlif şikayətlər yazılır, sakinlərdən fərqli-fərqli adla imza toplamaqla həmin imzalardan cəmiyyətə qarşı şikayətlərdə istifadə edilir və cəmiyyətin fəaliyyət göstərməsinə mümkün olan bütün vasitələrlə maneə olurlar. MTK-nın ona və cəmiyyətin digər aktiv üzvlərinə qarşı verdiyi “işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi də onlara qarşı aparılan böhtan kampaniyasının tərkib hissəsidir. Aydın məsələdir ki, MTK-nın məqsədi MMMC-nin aktiv iştirakçılarına problemlər yaratmaqla onları məsələlərdən kənarlaşdırmaq, istənilən yolla binanın idarəçiliyini özlərində saxlamaqdır. Mənzil mülkiyyətçiləri ilə MTK arasında olan problemlər mətbuatda da geniş işıqlandırılmışdır. 20 iyun 2023-cü il tarixli, 042/23 nömrəli iddia ərizəsində iddia tələbinin əsası kimi təqdim edilən elanındakə “binamızın ümumi əmlakı sayılan mansard hissəsini qeyri-qanuni satdıqları üçün şikayətimiz əsasında prokurorluqda cinayət işi başladılıb” ifadəsi ilə bağlı MTK X2, Cavabdeh1, Cavabdeh3 Söhrab oğlu, Həşimov Emil, Cavabdeh2, X3 və Tutayuk Fuadın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə xüsusi icraat qaydasında şikayət vermişdir. Səbail Rayon Məhkəməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.6, 302.1.7 və 302.2.3-cü maddələrini, həmçinin MTK-nın xüsusi ittiham qaydasında şikayətinin geri qaytarılması barədə ərizəsini nəzərə alaraq xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsi və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi üçün heç bir qanuni əsasın olmamasını qeyd edərək xüsusi ittiham qaydasında şikayət və ona əlavə olunmuş sənədlərin İddiaçı Mənzil Tikinti Kooperativə geri qaytarılması barədə 06 iyun 2023-cü il tarixli, 1(009)-226/2023 nömrəli qərar qəbul etmişdir. MTK-nın xüsusi ittiham qaydasında şikayətinin geri qaytarılması barədə ərizəsi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.8-ci maddəsinin tələblərinə uyğun olaraq şikayəti vermiş şəxsin şikayətindən imtina etməsi və təqsirləndirilən şəxslə barışması anlamına gəlir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(009)-226/2023 nömrəli qərarı preyudisial əhəmiyyətə malikdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İşgüzar nüfuz – şəxsin (fiziki və ya hüquqi) təsərrüfat fəaliyyəti ilə bağlı qabiliyyətinə, digər işgüzar keyfiyyətlərinə cəmiyyət (kollektiv, təşkilatlar) tərəfindən verilən qiymətdir. İşgüzar nüfuzun müdafiəsi təşkilatın cəmiyyətdə müsbət imic formalaşdırmasına, tərəfdaşğların etibarını qazanmasına və ya gəlirlərinin artmasına xidmət edir. İşgüzar nüfuz təşkilatın əmtəə nişanı, patent kimi qeyri-maddi aktividir və onu qorumaq istənilən təşkilatın əsas qayğılarından biridir. Göründüyü kimi mənzil-tikinti kooperativləri biznes qurumumları kimi nəzərdən keçirilməməli, onlar üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi həyata keçirib, həmin binanı qısa müddətdə idarə edib ləğv edilməlidir. Mənzil qanunvericiliyinin tələblərinə əməl etməyən MTK-lara münasibətdə "xxxx" anlayışının tətbiq edilməsi düzgün deyil və MTK-nın hazırki mövcudluğu belə qanunsuz olduğundan onun hər hansı işgüzar nüfuzundan söhbət gedə bilməz. MTK tərəfindən onların Azərbaycan Respublikasının CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələri barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə xüsusi icraat qaydasında verdiyi əsassız şikayət, MTK tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, surəti isə Bakı şəhər Baş Polis İdarəsinə, Bakı şəhər Səbail rayon Polis İdarəsinə, Səbail rayon Polis İdarəsinin 41-ci Polis bölməsinə ünvanladığı əsassız, şər və böhtanlarla dolu 07 iyun 2023-cü il tarixli, 036/23 nömrəli şikayət ərizəsi (ərizədə MTK onu və cəmiyyətin digər aktiv üzvlərini dəstə adlandırır, onları ictimai asayışın pozan və normal həyat fəaliyyətinə təhlükə yaradan şəxslər kimi qələmə verir, sakinlərin rahatçılığını pozmaqda, sakinləri piket və mitinq keçirməyə çağıraraq onları ayağa qaldırmağa və xırda xuliqanlıq etməyə sövq etməkdə ittiham edir) onların şərəf və ləyaqətləri ləkələyən yalan məlumatlardır. MTK-nın qanunazidd davranışları nəticəsində onlar mənəvi sarsıntı, iztirab və qorxu hissi yaşamış və bu sarsıntılar hazırda da onların normal həyat və iş fəaliyyətinə mənfi təsir göstərməkdədir. Şəxsin öz mənzil hüquqlarını bilməsi və bu hüquqların həyata keçirilməsini tələb etməsi MTK tərəfindən onlara neqativ damğanın vurulması üçün əsas deyil. Onların istədikləri yalnız və yalnız MTK tərəfindən qanunvericiliyin, xüsusən də mənzil qanunvericiliyinin tələblərinə əməl edilməsinə nail olmaqdır. Odur ki, MTK-nın qeyriqanuni hərəkətləri nəticəsində onlara dəymiş mənəvi zərəri ayrı-ayrılıqa 3000 manat həcmində qiymətləndirlər. Göstərilənləri nəzərə alaraq onlar ayrı-ayrılıqda İddiaçı MTK tərəfindən onların şərəf, ləyaqəti və ya işgüzar nüfuzunu ləkələyən məlumatların təkzib olunması və bu məlumatların yayılması nəticəsində onlara vurulmuş mənəvi ziyanın kompensasiyası olaraq 3000 manat məbləğində vəsaitin və ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq hər-birinə ayrı-ayrılıqda ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər.

6. Birinci instansiya məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, e-2(009)- 1674/2023 nömrəli qətnaməsi ilə (hakim Ş.Abdullayev) ilkin iddia tələbi qismən təmin edilərək, qarşılıqlı iddia tələbləri isə rədd edilərək aşağıdakı nəticəyə gəlinmişdir: - "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin üzvləri olaraq ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən “Badamdar Residence” yaşayış binasının sakinlərinə zərf içərisində təqdim etdikləri elanın 6-cı bəndində İddiaçı MTK barəsində göstərilənlər həqiqətə uyğun olmayan, işgüzar nüfuzu ləkələyən məlumat hesab edilsin; - İlkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 üzərlərinə ünvan 1 ünvanında yerləşən “Badamdar Residence” yaşayış binasının sakinlərinə zərf içərisində təqdim etdikləri elanın 6-cı bəndində İddiaçı MTK barəsində “binamızın ümumi əmlakı sayılan mansard hissəsini qeyri-qanuni satdıqları üçün şikayətimiz əsasında prokurorluqda cinayət işi başladılıb...” kimi məlumatla əlaqədar qətnamə qanuni qüvvəsini aldıqdan sonra bir ay müddətində təkzib verilməsi vəzifəsi həvalə edilsin; - Təkzib həmin məlumatın yayıldığı formada, yəni zərfə yerləşdirilməklə «Təkzib» başlığı altında «"xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti olaraq İddiaçı MTK barədə cinayət işinin başlanması barədə bundan əvvəl yerləşdirdiyimiz məlumatları təkzib edirik» kimi tərtib edilərək “Badamdar Residence” yaşayış binasının sakinlərinə təqdim edilsin; - İlkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada işgüzar nüfuzunu ləkələyən məlumatın yayılması ilə bağlı vurulmuş mənəvi ziyanın əvəzi kimi İddiaçı MTK-nın xeyrinə 3000 (üç min) manat məbləğində pul tutulsun; - İlkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı MTK-nın xeyrinə hüquqi xidmət üçün ödədiyi 270 (iki yüz yetmiş) manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat, cəmi 370 (üç yüz yetmiş) manat məbləğində pul tutulsun; - İlkin iddia tələbi qalan hissədə təmin edilməsin; - İddiaçı Cavabdeh3 cavabdeh İddiaçı MTK-ya qarşı cavabdeh İddiaçı MTK tərəfindən onun şərəf, ləyaqəti və işgüzar nüfuzunu ləkələyən məlumatların təkzib olunması və bu məlumatların yayılması nəticəsində ona vurulmuş mənəvi ziyanın kompensasiyası olaraq 3000 (üç min) manat məbləğində vəsaitin və ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməsin; - Məhkəmə xərcləri qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin; - İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı MTK-ya qarşı cavabdeh İddiaçı MTK tərəfindən onun şərəf, ləyaqəti və işgüzar nüfuzunu ləkələyən məlumatların təkzib olunması və bu məlumatların yayılması nəticəsində ona vurulmuş mənəvi ziyanın kompensasiyası olaraq 3000 (üç min) manat məbləğində vəsaitin və ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməsin; - Məhkəmə xərcləri qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin; - İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı MTK-ya qarşı cavabdeh İddiaçı MTK tərəfindən onun şərəf, ləyaqəti və işgüzar nüfuzunu ləkələyən məlumatların təkzib olunması və bu məlumatların yayılması nəticəsində ona vurulmuş mənəvi ziyanın kompensasiyası olaraq 3000 (üç min) manat məbləğində vəsaitin və ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməsin; - Məhkəmə xərcləri qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin.

7. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinə münasibətdə belə qənaətə gəlmişdir ki, məhkəmə iclasında “Badamdar Residence” yaşayış binasının sakinlərinə ilkin iddia üzrə cavabdehlər tərəfindən paylanılan zərflər içərisində olan məlumatda İddiaçı MTK barəsində qeyd olunan məlumatda- “binamızın ümumi əmlakı sayılan mansard hissəsini qeyri-qanuni satdıqları üçün şikayətimiz əsasında prokurorluqda cinayət işi başladılıb...” ifadəsinin həqiqətə uyğun olmaması, iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumat kimi qiymətləndirilməli olması müəyyən edildiyindən, ilkin iddia həmin məlumatın təkzib olunması hissəsində əsaslı hesab edilməlidir. Belə ki, şərəf və ləyaqətin müdafiəsi ilə əlaqədar iddialar üzrə sübutemə vəzifəsi cavabdehlərin üzərinə düşdüyündən, cavabdehlər tərəfindən isə müraciətdə yayılan məlumatların həqiqiliyi ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, həmin məlumatlar yayılarkən heç bir konkret və sübut edilmiş fakta istinad edilmədiyindən, əksinə məhkəməyə iddiaçı tərəfindən belə məlumatın mövcudluğunu təkzib edən sübutlar təqdim edildiyindən, həmin məlumat iddiaçının işgüzar nüfuzuna xələl gətirən məlumat kimi qiymətləndirilməlidir. İddiaçı tələbində «Təkzib» başlığı altında "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti olaraq İddiaçı MTK barədə cinayət işinin başlanması barədə bundan əvvəl yerləşdirdiyimiz məlumatları təkzib edirik» kimi məlumatın binanın blokların giriş hissəsində, eləcə də bütün mənzillərin giriş qapılarında yerləşdirilməsini xahiş etsə də, məhkəmə iclasında həmin məlumatın zərfə yerləşdirərək bina sakinlərinə şəxsən təqdim olunması qaydasında yayılması müəyyən edildiyindən, təkzib barədə tərtib ediləcək məlumat da həmin qaydada, yəni zərfə qoyularaq sakinlərə təqdim edilməlidir. İşgüzar nüfuzunu ləkələyən məlumatların yayılması nəticəsində mənəvi ziyanın əvəzi kimi 50.000 manat məbləğində pulun cavabdehlərdən tutulması hissəsi üzrə isə tələb qismən təmin edilməlidir. Belə ki, ilkin iddia üzrə cavabdehlər tərəfindən ilkin iddia üzrə iddiaçı barəsində həqiqətə uyğun olmayan məlumatları yaymaqla onun işgüzar nüfuzuna zərər yetirmişdir. İddiaçı tikinti şirkəti kimi Bakı şəhərində yüksək mərtəbəli binaların tikintisini həyata keçirib onun satışı ilə məşğul olduğundan, belə məlumatların yayılması iddiaçının fəaliyyətində alıcılar tərəfindən həmin MTK-ya etibar və güvən etimadının itirilməsinə səbəb ola bilər. Lakin ilkin iddia üzrə iddiaçının mənəvi zərərə görə ilkin iddia üzrə cavabdehlərdən müştərək qaydada tələb etdiyi 50.000 manat ağlabatan deyildir və buna görə də ilkin iddia üzrə cavabdehlərdən müştərək qaydada mənəvi zərərə görə 3000 (üç min) manat məbləğində pulun alınaraq ilkin iddia üzrə iddiaçıya verilməsi ədalətli və ağlabatandır.

8. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələblərinə münasibətdə belə qənaətə gəlmişdir ki, qarşılıqlı iddialar üzrə cavabdehin qarşılıqlı iddialar üzrə iddiaçılar barəsində hüquq mühafizə orqanına ünvanlandığı ərizələr, onların şərəf və ləyaqətini ləkələyən məlumatlar kimi qiymətləndirilə bilməz. Şərəf və ləyaqətə toxunan məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması, şəxsin şərəf və ləyaqətini ləkələyən məlumatlar kimi qiymətləndirilmir və belə məlumatlar yalnız kütləvi informasiya vasitələrində yayıldıqda mülki məsuliyyət yarada bilər.

9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» xx.xx.1999-cu il tarixli, 7 nömrəli, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» xx.xx.2008-ci il tarixli, 7 nömrəli, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi” haqqında xx.xx.2014-cü il tarixli, 3 nömrəli qərarlarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. İlkin iddia üzrə cavabdehlər ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, ilkin iddia tələbinin tamamilə rədd edilməsini, qarşılqlı idda ərizələrinin isə təmin olunmasını xahiş etmişlər.

11. Apellyasiya şikayətləri ayrı-ayrılıqda belə əsaslandırılmışdır ki, məhkəmə prosesi zamanı məhkəmənin gəldiyi nəticəni təsdiq edən hər-hansı bir sübut təqdim edilməmiş, tərəflərin təqdim etdikləri sübutlar hakim tərəfindən düzgün qiymətləndirilməmiş, iş üçün əhəmiyyətli olan hallar müəyyənləşdirilməmişdir. Belə ki, hakim qətnaməsində tərəflərin məhkəmə prosesində təqdim etdiyi sübutları sadəcə sadalamış, onları qiymətləndirməmiş, onların tərəflərin iddia tələblərində qeyd etdiyi hansı halları müəyyən etdiklərini göstərməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.6, 302.1.7 və 302.2.3-cü maddələrinə və MTK-nın xüsusai ittiham qaydasında vermiş olduğu ərizəsini geri qaytarması barədə ərizəsini nəzərə alaraq xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul etmişdir. Məhkəmənin həmin qərarı barədə MTK apellyasiya şikayəti ilə müraciət etməmiş və qərar qanuni güvəyə minmişdir. MTK həmin iş üzrə də məhkəməyə xüsusi-ittiham qaydasında müraciət etdikdə ancaq hal-hazırki iş üzrə təqdim etdiyi həmin mətn olan məktubu təqdim etmişdir. Məhkəmə haqlı olaraq həm həmin mətn ilə əlaqədar olaraq MTK-nın şikayətinin əsassız olmasını və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyini və digər xüsusatları da nəzərə alaraq qərar qəbul etmişdir. Qeyd edilən qərarla da məhkəmə xüsusi ittiham qaydasında şikayət olunan şəxslərin həmin şikayət ərizəsində istinad olunan əməlin törədilməsinə aidiyyəti olmamalarını təsdiq etmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi 28 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə MPM-nin 82.4-cü maddəsinin tələblərini də kobud surətdə pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Cavabdeh1 nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etdi.

14. İddiaçının nümayəndəsi isə apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi.

15. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Konstitusiyasının: 46-cı maddəsinin birinci və ikinci hissələrinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Hazırkı apellyasiya şikayətində qətnamə ilkin iddia tələbi üzrə cavabdehlər, qarşılıqlı iddia tələbi üzrə iddiaçılar tərəfindən ilkin iddia tələbinin təmin edilmiş, qarşılıqlı iddia tələbinin isə rədd edilmiş hissəsində mübahisələndirildiyindən, ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh isə apellyasiya şikayəti vermədiyindən qətnamənin əsaslılığı yalnız apellyasiya qaydasında mübahisələndirilən hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni həll edərkən, işgüzar nüfuzu ləkələyən məlumatın yayılması ilə bağlı vurulmuş mənəvi zərərin əvəzi kimi cavabdehlərdən İddiaçı MTK-nın xeyrinə müştərək qaydada 3000 (üç min) manat məbləğində pul tutulması istisna olmaqla, qalan hissələrdə işin hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını işin müəyyən edilən hallarına düzgün tətbiq etmiş və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

22. Məhkəmə kollegiyası ilk növbədə qətnamənin “"xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin üzvləri olaraq ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən “Badamdar Residence” yaşayış binasının sakinlərinə zərf içərisində təqdim etdikləri elanın 6-cı bəndində İddiaçı MTK barəsində göstərilənlər həqiqətə uyğun olmayan məlumat, işgüzar nüfuzu ləkələyən məlumat hesab edilsin” hissəsini əsaslı hesab edir və belə nəticəyə gəlir ki, həmin hissə üzrə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

23. Belə ki, “Badamdar Residence” yaşayış binasının sakinlərinə ilkin iddia üzrə cavabdehlər tərəfindən “binamızın ümumi əmlakı sayılan mansard hissəsini qeyri-qanuni satdıqları üçün şikayətimiz əsasında prokurorluqda cinayət işi başladılıb...” cümləsi qeyd olunmuş zərflərin paylanılması işin mübahisəsiz halıdır və iş materialları ilə təsdiq olunur.

24. Bununla yanaşı iş materiallarında olan Bakı şəhəri Səbail rayon prokurorluğu tərəfindən İddiaçı MTK-nın sədri Rauf Əsədullayevə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, İddiaçı MTK-yə qarşı rayon prokurorluğunda cinayət işinin istintaqı və ya material üzrə araşdırma aparılmamışdır. Göründüyü kimi qeyd olunan məlumatın həqiqəti əks etdirməməsi həmin məktubla sübut olunur.

25. Odur ki, qeyd olunan məlumatın həqiqətə uyğun olmaması, iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumat olduğu üçün birinci instansiya məhkəməsi qeyd olunan məlumatı həqiqətə uyğun olmayan və işgüzar nüfuzu ləkələyən məlumat hesab edərək, həmin məlumatın təkzib olunması hissəsində ilkin iddia tələbini təmin edərək, həmçinin təkzib barədə tərtib ediləcək məlumatın yayıldığı qaydada, yəni zərfə qoyularaq sakinlərə təqdim edilməsi vəzifəsini cavabdehlərin üzərinə qoyaraq düzgün nəticəyə gəlmişdir.

26. Məhkəmə kollegiyası bu qənaətə gələrkən onu da nəzərə alır ki, iş üzrə cavabdehlərin sakinlərə payladıqları elanlar, yaxud onların mətni "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin ümumi yığıncağında qəbul edilməmiş və tərtib olunmamışdır. Hər halda, cavabdehlər tərəfindən işə baxan məhkəməyə bununla bağlı hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bir sıra sakinlər, o cümlədən hazırkı iş üzrə cavabdehlər elanı özləri tərtib etmiş və bina sakinlərinə paylayaraq yaymışlar.

27. Qeyd olunanlardan əlavə birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə ilkin iddia tələbini “işgüzar nüfuzu ləkələyən məlumatların yayılması nəticəsində mənəvi ziyanın əvəzi kimi 50.000 manat məbləğində pulun tutulması” hissəsində qismən təmin etmiş, lakin nəzərə almamışdır ki, Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə məxsusdur.

28. Hazırki mülki işdə isə birinci instansiya məhkəməsi tərəfindən xeyrinə mənəvi zərərin ödənilməsi qət edilən şəxs fiziki yox, hüquqi şəxs olan İddiaçı MTK-dır.

29. Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər (“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli, 7 nömrəli Qərarı).

30. Odur ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarındakı hüquqi mövqeyə əsaslanaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, qətnamə ilkin iddia tələbinin “mənəvi zərərin tutulmasının qismən təmin edilməsi” hisssəsində maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından ləğv edilməli və həmin hissədə yeni qətnamə çıxarılmaqla tələb rədd edilməlidir.

31. Məhkəmə kollegiyası bu qənaətə gələrkən onu da nəzərə alır ki, iddiaçının tələbi əslində mənəvi zərərin deyil, Mülki Məcəllənin 21 və 1097.1-ci maddələrinə müvafiq olaraq maddi zərərin ödənilməsindən ibarət olmuş, məhkəmə MPM-in 218.3-cü maddəsinin tələbinə zidd olaraq bu zərəri mahiyyətcə mənəvi zərər kimi qiymətləndirmiş və iddiaçı bununla razılaşaraq qətnaməni apellyasiya qaydasında mübahisələndirməmişdir.

32. Qarşılıqlı iddia tələblərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddialar üzrə iddiaçılar məhkəmədən cavabdehin onlar barəsində hüquq mühafizə orqanlarına ünvanlandığı ərizələri onların şərəf və ləyaqətini ləkələyən məlumatlar hesab edilməsini xahiş etmiş, lakin nəzərə almamışlar ki, şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç hal aydınlaşdırılmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması (Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» 7 saylı xx.xx.1999-cu il tarixli qərarı).

33. Lakin iş materiallarında müəyyən edilir ki, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən qarşılıqlı iddia üzrə iddiaçılar barəsində hər-hansı məlumatı yayması öz təsdiqini tapmır. Belə ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir(“Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli 3 nömrəli Qərarı).

34. Odur ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbi üzrə şərəf və ləyaqətə toxunan məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunmasının şəxsin şərəf və ləyaqətini ləkələyən məlumatlar kimi qiymətləndirməməkdə düzgün nəticəyə gəlmişdir.

35. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən apellyasiya şikayətlərinin dəlillərini mənəvi zərərlə bağlı hissə istisna olmaqla qalan hissələrdə formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin mübahisələndirilən həmin hissələrdə ləğvi üçün əsas ola bilməz.

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli qətnaməsi qismən - ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 işgüzar nüfuzu ləkələyən məlumatın yayılması ilə bağlı vurulmuş mənəvi zərərin əvəzi kimi İddiaçı MTK-nın xeyrinə müştərək qaydada 3000 (üç min) manat məbləğində pulun tutulması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia rədd olunsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar