Məhkəmə qərarları › İş №2(103)-7159/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7159/2023

12.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7159/2023 12.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-312/2022 nömrəli 26 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 12 dekabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X9 Rover markalı **-TS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X3 adına xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir.

2. xx.xx.2019-cu il tarixdə verilmiş nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnaməyə əsasən X2 Rover Range Rover markalı **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı xx.xx.2026-ci il tarixədək 6 il 6 ay 27 gün müddətinə etibar etmişdir.

3. xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Novxanı kəndi ərazisində baş vermiş yol nəqliyyat hadisəsi İddiaçı istifadəsində və sahibliyində olan **-TS-*** dövlət qeydiyyat nişanlı X9 Rover markalı avtomobil ilə Cavabdeh məxsus **-CF-*** dövlət qeydiyyat nişanlı, Volskvagen Tiguan markalı avtomobil ilə toqquşmuşdur.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 8/2124 nömrəli 03.09 2021-ci il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, təqdim olunan məlumatlara əsasən Volskwagen Tiguan markalı, 10CF025 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin rəyin nəticə hissəsində həmçinin qeyd edilmişdir ki, rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə X9 Rover markalı 99TS435 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparmaq mümkün olmamışdır.

5. xx.xx.2021-ci il tarixli qüsur aktına əsasən X9 Rover markalı **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 22350 manat məbləğində maddi zərər dəymişdir.

6. “X4” MMC-nin xx.xx.2021-ci il tarixli, İEM-44/21 nömrəli rəyinə əsasən rəyin “Tədqiqatın təsviri” hissəsində göstərilən hüquqi aktlar üzrə təsbit edilmiş metodlardan istifadə etməklə və baxış zamanı aşkarlanmış xüsusatlar nəzərə alınmaqla, İddiaçı istifadəsində olan “X9 Rover” markalı, qara metallik rəngli, 2015-ci il buraxılışlı, **-TS-*** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AD № 541531) avtomobilin bərpasına (“original”, yəni kontrafakt olmayan detallarla) detallar üzrə orta bazar qiyməti 19.400 (on doqquz min dörd yüz) manat, işçilik üzrə 2.000 (iki min) manat olmaqla, cəmi çəkiləcək xərcin ümumi dəyəri (ƏDV xaric) - 21.400 manat məbləğində müəyyən edilir.

7. Abşeron DYPİ-nin TP seriyalı ******* nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərarına görə Cavabdeh İXM-nin 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə 40 manat məbləğində cərimə edilmişdir.

8. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsi haqqında Abşeron RPİ-nin DYPŞ-nin xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli qərarı Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə ləğv edilmiş və xx.xx.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın qanunvericiliyə uyğun həyata keçirilməsi üçün materiallar Abşeron Rayon DYPŞ-yə göndərilmişdir.

9. Abşeron RPİ-nin DYPŞ-nin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli qərarına əsasən xx.xx.2022-ci il tarixli 3(012)-430/2022 saylı Abşeron rayon məhkəməsinin qərarına əsasən vət. Cavabdeh barəsində xx.xx.2021-ci il tarixdə tərtib olunmuş İXP ******* saylı inzibati protokol üzrə yenidən araşdırılma aparılmış və yuxarıda qeyd olunanlar nəzərə alınaraq vət. Cavabdeh xx.xx.2021-ci ildə baş vermiş yol nəqliyyat hadisəsində təqsirkar tərəf olması müəyyən olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 22.350 manat maddi ziyanın və vurulmuş mənəvi ziyana görə isə 10.000 manatın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Novxanı kəndi ərazisində yol nəqliyyat hadisəsi baş vermişdir. İstifadəsində və sahibliyində olan **-TS-*** dövlət qeydiyyat nişanlı X9 Rover markalı avtomobil ilə cavabdehə məxsus 10-CF025 dövlət qeydiyyat nişanlı, Volskvagen Tiguan markalı avtomobil ilə toqquşmuşdur. Baş vermiş hadisə ilə əlaqədar müvafiq araşdırma başlanılmış və araşdırma müddətində Abşeron RPİ-nin DYPŞ-nin BDAM tərəfindən müvafiq ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 8/2124 nömrəli, 03.09 2021-ci il tarixli ekspert rəyinə əsasən baş vermiş hadisədə təqsirli tərəf kimi cavabdeh müəyyən edilmişdir. Ekspert rəyinin tədqiqatın nəticəsi hissəsində göstərilir ki, təqdim olunan məlumatlara əsasən Volskvagen Tiguan markalı, 10CF025 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün hərəkətlərində “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin, 69cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Hadisə nəticəsində istifadəsində və sahibliyində olan X9 Rover markalı 99TS435 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 22.350 manat müəyyənləşdirilmişdir. Həmin avtomobilin təmiri ilə bağlı çəkilmiş xərlərə dair “Real Avto MMC tərəfindən xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktı verilmişdir. Təmirlə bağlı avtomobilin markasının aid olduğu rəsmi servis mərkəzinə müraciət edilsəydi şübhəsiz vurulmuş və çəkilmiş xərclər əhəmiyyətli dərəcədə yüksək olacaqdı. Ziyanın ödənilməsi ilə bağlı qarşı tərəfə bir neçə dəfə müraciətlər olunsa da, bununla bağlı heç bir müsbət nəticə əldə olunmamışdır. Hər bir hüquq pozuntusu şəxsə sosial aspektdən maddi ziyan vurmaqla, mənəvi zərərin vurulması ilə nəticələnir.

12. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/8146- 8/2818 saylı xx.xx.2021-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, nəqliyyat vasitəsinə ekspert tərəfindən baxış keçirilərkən, konkret olaraq hansı hissələrinin zədələndiyini, onların təmirlə bərpa oluna bilməsini və ya dəyişdirilməsini müəyyən etmək mümkün deyildir. Həmçinin qeyd olunur ki baxış zamanı nəqliyyat vasitələrinin zədələnmiş hissələrini tam şəkildə müəyyən etmək mümkün olmur. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəsislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Odur qeyd olunan sual üzrə yol nəqliyyat hadisələri ekspertizaları təhqiqatı aparılmır. Nəzəri hesablama yolu ilə, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı "X9 Rover" markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 18950,0 manat müəyyən edilir.

13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 26 yanvar 2022-ci il tarixli 2(005)-312/2022 nömrəli qətnaməsi ilə (hakim Gültəkin Əsədova) iddia qismən təmin edilmiş, Cavabdeh maddi zərərin əvəzi kimi 18.950 (on səkkiz min doqquz yüz əlli) manatın İddiaçı xeyrinə ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manatın Cavabdeh tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.

14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh təqsirli, hüquqqazidd hərəkəti nəticəsində iddiaçının əmlakına zərər dəymişdir, zərərin məbləği müəyyən edilməsi üçün məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, dəymiş zərər 18950 manat məbləğində müəyyən edilmişdir.

15. Mənəvi zərərə aid hissədə məhkəmə göstərmişdir ki, cavabdeh tərəfin əməllərində mülki hüquq pozuntuları, deliktlər nəticəsində, iddiaçı şəxsin mənəvi sarsıntı keçirməsi ilə bağlı səbəli-əlaqə də aşkar edilməmişdir.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 1096, 1097, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına və Mülki Prosessual Məcəllənin 4.1 və 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

17. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə iddia tələbinin baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayətində göstərilmişdir ki, tərəfindən 29 iyul 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında TP4511168 nömrəli qərarından məhkəməyə müraciət olunaraq, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən həmin qərar ləğv olunaraq, araşdırılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Bu kimi, hal mübahisəli haldır. Belə ki, Abşeron Rayon Məhkəməsi qərarı ləğv etdiyi halda, onun avtoqəzada heç bir təqsirinin olmadığı yetirir. Belə bir halda da İddiaçı tərəfindən ondan dəymiş ziyanın tələbi əsassızdır. Buna əsasən tərəfindən ərizə ilə Nərimanov Rayon Məhkəməsinə müraciət olunmuşdur ki, Abşeron Rayon Məhkəməsində qətnamənin çıxıb qanuni qüvvəsini almayınca iş üzrə icraatı müvəqqəti dayandırsın. Lakin hakim bu kimi vacib hal nəzərə alınmayaraq qətnamə çıxarmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1883/2023 nömrəli mülki iş üzrə 26 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər A.N.İmanov (sədrlik edən və məruzəçi), C.A.Yusifov və F.Ş.Talışinski) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilməmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci istansiya məhkəməsinin istinad etdiyi və Cavabdeh təqsirli hesab olunduğu Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsi haqqında Abşeron RPİnin DYPŞ-nin xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli qərarı Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə ləğv edilmiş və xx.xx.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın qanunvericiliyə uyğun həyata keçirilməsi üçün materiallar Abşeron Rayon DYPŞ-yə göndərilmişdir. Göründüyü kimi, hazırkı halda ziyanın bilavasitə cavabdeh tərəfindən vurulması sübuta yetirilmədiyindən, iddiaçı dəymiş ziyanın əvəzinin ödənilməsini cavabdehdən tələb etməsi əsassızdır.

22. İddia tələbinin 10000 manat məbləğində mənəvi zərərin ödənilməsi ilə bağlı hissədə kollegiya hesab edir ki, qeyd edilən tələb iddianın digər hissəsindən (maddi zərərin vurulması) asılı olduğundan və məhkəmənin yuxarıda qeyd olunan mövqeyinə görə maddi zərərin vurulması hissəsində rədd edildiyindən, mənəvi ziyan hissəsində əlavə araşdırmaya lüzum yoxdur. Ona görə də iddia tələbi mənəvi ziyan hissəsinə də əsassızdır və təmin edilə bilməz.

c)Kassasiya instansiya məhkəməsindəki icraat

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra kassasiya instansiya məhkəməsi) 2(102)-3422/2023 nömrəli 05 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər Ə.Xıdırov (məruzəçi), E.Vəiyeva və E.Şamayev) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 aprel 2023-cü il tarixli 2(103)- 1883/2023 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

24. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Abşeron RPİ-nin DYPŞ-nin xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli qərarının Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə ləğv edilməsi və xx.xx.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın qanunvericiliyə uyğun həyata keçirilməsi üçün materialların Abşeron Rayon DYPŞ-yə göndərilməsi hələ hazırkı halda ziyanın bilavasitə cavabdeh tərəfindən vurulmasının sübuta yetirilməməsi demək deyil. Apellyasiya instansiyası məhkəməsi Abşeron Rayon DYPŞ tərəfindən inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılmasının nəticələrini araşdıraraq bu nəticələrə prosessual hüquq normalarının tələbinə uyğun hüquqi qiymət verməli olduğu halda belə araşdırma aparmamışdır.

c) Proses iştirakçılarının izahatı

25. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq tərəflər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

27. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

28. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdı.

29. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

30. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

31. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

38. Qətnamə ilə iddia maddi zərər tələbinə aid hissədə qismən təmin olunmuş, mənəvi zərər hissəsində isə təmin olunmamışdır. Qətnamədən iddiaçı apelyasiya şikayəti verməmişdir. Odur ki, qətnamə yalnız cavabdehin apellyasiya şikayətinə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

40. Göründüyü kimi yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə iddiaçının avtomobilinə ziyan dəymişdir.

41. İddiaçı hazırki tələbində vurulmuş zərəri tələb etmişdir.

42. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 8/2124 nömrəli, 03.09 2021-ci il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, təqdim olunan məlumatlara əsasən Volskwagen Tiguan markalı, 10CF025 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin rəyin nəticə hissəsində həmçinin qeyd edilmişdir ki, rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə X9 Rover markalı 99TS435 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparmaq mümkün olmamışdır.

43. Abşeron DYPİ-nin TP seriyalı ******* nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərara görə Cavabdeh İXM-nin 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə 40 manat məbləğində cərimə edilmişdir.

44. Daha sonra Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsi haqqında Abşeron RPİ-nin DYPŞ-nin xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli qərarı ləğv edilmiş və xx.xx.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın qanunvericiliyə uyğun həyata keçirilməsi üçün materiallar Abşeron Rayon DYPŞ-yə göndərilmişdir.

45. Abşeron RPİ-nin DYPŞ-nin xx.xx.2022-ci il tarixli TP ******* nömrəli qərarına əsasən xx.xx.2022-ci il tarixli 3(012)-430/2022 saylı Abşeron rayon məhkəməsinin qərarına əsasən vət. Cavabdeh barəsində xx.xx.2021-ci il tarixdə tərtib olunmuş İXP ******* saylı inzibati protokol üzrə yenidən araşdırılma aparılmış və yuxarıda qeyd olunanlar nəzərə alınaraq vət. Cavabdeh xx.xx.2021-ci ildə baş vermiş yol nəqliyyat hadisəsində təqsirkar tərəf olması müəyyən olunmuşdur.

46. Göründüyü kimi baş vermiş hadisədə cavabdehin təqsirli olması müəyyən olunmuşdur.

47. Həmçinin yol nəqliyyat hadisəsinin sxemindən də hadisənin baş verməsində cavabdehin təqsirinin olması görünür.

48. İddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində dəymiş ziyanı tələb etməkdə haqlı olmuşdur.

49. Vurulmuş zərərin məbləğinin müəyyən edilməsi məqsədi ilə birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertiza nəticəsində avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 18950,0 manat müəyyən edilmişdir.

50. Məhkəmə də haqlı olaraq ekspert rəyinə əsasən cavabdehdən tutulmalı olan maddi zərəri həmin məbləğdə müəyyən etmişdir.

51. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Cavabdehin apellyasiya şikayəti əsassızdır.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-312/2022 nömrəli iş üzrə 26 yanvar 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar