Məhkəmə qərarları › İş №2(103)-716/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-716/2021

25.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-716/2021 25.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Qurbanlı Aysel Elşən qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdeh2 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-2678/2020 saylı qətnaməsindən Cavabdeh2 apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış “Hyundai İX 35” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 4825 manat sığorta ödənişi məbləği və ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 4855,40 manat pulun cavabdehlərdən tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh2 xx.xx.2013-cü il tarixdə idarə etdiyi “Kamaz 53229” markalı, ** JV *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, H.Əliyev prospektində manevretmə qaydasını pozaraq X3 məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış “Hyundai İX 35” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan vurmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, “Kamaz 53229” markalı, ** JV *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə tarixində icbari sığorta şəhadətnaməsi olmamışdır. Cavabdeh1 MMC-nin mülkiyyətində olan həmin avtomobilin icbari sığorta şəhadətnaməsi olmadığı üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli olması DYPİ-nin AYP 554501 saylı X5 Protokolunda öz əksini tapmışdır. Zərərin qiymətləndirilməsinə dair “xxxx” Firmasının təqdim etdiyi xx.xx.2013-cü il tarixli akta uyğun olaraq, “Hyundai İX 35” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobilə 5225 manat zərər təyin edilmişdir. MİP-120227-B36 saylı sığorta müqaviləsinin 683/2013 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti sığortalıya 400 manat azadolma məbləği çıxmaqla 4825 manat sığorta ödənişi həyata keçirmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 2678/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdehlər “Cavabdeh1" MMC-dən və Cavabdeh2 subroqasiya hüququ əsasında 4825 manat və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4855,40 manat məbləğində pulun tutularaq iddiaçı "İddiaçı" Sığorta Şirkəti ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən apelyasiya şikayəti verən Cavabdeh2 onun ləğv və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, onun idarə etdiyi avtomobil sığortalı olmuş, Sığorta aktından da müəyyən edilir ki, 3677 manat sığorta ödənişi təyinatı əsasında subroqasiya hüququnun keçdiyi İddiaçı Sığorta Şirkətinin hesabına köçürülmüşdür. İddiaçı sığorta müqaviləsi üzrə 4825 manatı xx.xx.2013-cü ildə sığortalıya ödəmiş, lakin subroqasiya hüququndan 7 il sonra istifadə etmişdir ki, bununla da iddia müddətinin axımı keçmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Əmək kitabçasının təsdiq edilmiş surətini təqdim edərək, qeyd etdi ki, 2010-cu ildən “xxxx” MMC-də işləmiş, lakin 2013-cü ildə əmri verilmiş və rəsmiləşdirmə aparılmışdır. Hadisə baş verən tarixdə avtomobili etibarnamə əsasında idarə etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi qeyd etdi ki, müəyyən edilmişdir ki, 3677 manat onların Şirkətinə ödənilmişdir, ona görə qalan məbləğin cavabdehlərdən tutulmasını tələb edirlər. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış digər cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. İşin müəyyən edilmiş hallarına əsasən, Cavabdeh2 "Cavabdeh1" MMC-nin mülkiyyətində olan avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq, "İddiaçı" Sığorta Şirkəti ASC-də sığortalanmış X3 məxsus “Hyundai İX 35” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, xx.xx.2013-cü il tarixli X5 iş üzrə qərarla Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. Sığorta aktından görünür ki, xx.xx.2013-cü il tarixdə Bakı şəhəri, Heydər Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "İddiaçı" Sığorta Şirkəti ASCdə sığortalanmış “Hyundai İX 35” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəyərək sığorta hadisəsi baş vermiş və nəticəsində “Hyundai İX 35” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 5225 manat, ödənilmiş sığorta ödənişinin məbləği isə 4825 manat təşkil etmişdir. “xxxx” firması tərəfindən tərtib olunmuş xx.xx.2013-cü il tarixli zərər aktından görünür ki, “Hyundai İX 35” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 5225 manat məbləğində ziyan dəymişdir. xx.xx.2013-cü il tarixli, 1771 saylı kassa məxaric orderinin surətindən görünür ki, "İddiaçı" Sığorta Şirkəti ASC tərəfindən MİP-1 nömrəli 683/2013 saylı sığorta aktına əsasən X1 nümayəndəsi X2 4825 manat sığorta ödənişi verilmişdir. "Cavabdeh1" MMC tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli vəkalətnamənin surətindən görünür ki, "Cavabdeh1" MMC ona məxsus “Kamaz 53229” markalı, ** JV *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyi Cavabdeh2 1 (bir) il müddətinə etibar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir (maddə 936.2). Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər (maddə 936.5). Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyət nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Kollegiya hesab edir ki, iddiaçının tələbi qismən əsaslıdır və cavabdehlərdən tutulmalı olan məbləğ düzgün müəyyən edilməmişdir. Apelyasiya şikayətinə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı Sığorta Şirkəti 2013-cü il tarixdə “xxxx” ASC-yə ünvanlandığı M597/13 nömrəli məktubla sonuncu tərəfindən icbari sığorta şəhadətnaməsi ilə sığortalanmış “Kamaz 53229” markalı, ** JV *** dövlət qeydiyyat nişanlı avtomobillə İddiaçı Sığorta Şirkətində könüllü sığorta müqaviləsi əsasında sığortalanmış avtomobilin toqquşması nəticəsində tərəflərindən sığortalanmış avtomobilə dəymiş ziyana görə ödənilmiş 4825 manat sığorta ödənişinin İddiaçı Sığorta Şirkəti ASC-nin bank hesabına köçürülməsi xahiş etmişdir. “xxxx” ASC tərəfindən tərtib olunmuş xx.xx.2013-cü il tarixli Sığorta aktından görünür ki, sığortalanmış “Kamaz 53229” markalı, ** JV *** dövlət qeydiyyat nişanlı avtomobilin “Hyundai İX 35” markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində sığorta hadisəsi baş vermiş, həmin hadisə cari sığorta ilində ikinci hadisə olmuş və 3677 manat sığorta ödənişi müəyyən edilmişdir. xx.xx.2013-cü il tarixli ödəniş tapşırığından görünür ki, “xxxx” ASC tərəfindən xx.xx.2013-cü il tarixli M597/13 nömrəli məktub və 1978/CML-517/2013 (AA/221458) sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına 3677 manat sığorta ödənişi edilmişdir. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi də bu halı etiraf edərək, bildirmişdir ki, 3677 manat “xxxx” ASC tərəfindən onlara ödənilmişdir. Belə olan halda müəyyən edilir ki, iddiaçının subroqasiya qaydasında cavabdehlərdən tələb etdiyi sığorta aktına əsasən tərəflərindən ödənilmiş 4825 manat məbləğində pulun 3677 manatı onlara ödənilmişdir, odur ki, həmin pulun yenidən cavabdehlərdən tələb edilməsi və tutulması yolverilməzdir. Ona görə də, iddiaçı tərəfindən ödənilmiş 4825 manat sığorta ödənişindən “xxxx” ASC tərəfindən onlara ödənilmiş 3677 manat sığorta ödənişi çıxılmalı və ödənilməmiş qalan 1148 manat məbləğində (4825-3677) pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Cavabdeh2 iddia müddəti ilə bağlı dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, hazırki halda öhdəlik sığorta müqaviləsindən deyil, vurulmuş zərərin nəticələrinin aradan qaldırılmasından əmələ gəldiyi üçün bu cür iddialara Mülki Məcəllənin 373.1-ci maddəsi ilə müəyyən edilən ümumi iddia müddəti (10 il) şamil edilir. Belə olan halda da, iddiaçı tərəfindən iddia müddətinin ötürülmədiyi aydın olur. Kollegiya hesab edir ki, qətnamə dəyişdirilməli, cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı məbləğ 1148 manat müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh2 apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2678/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən – subroqasiya hüququ əsasında cavabdehlərdən tutulmalı olan sığorta ödənişinin məbləğinə aid hissədə dəyişdirilsin. Cavabdehlər “Cavabdeh1" MMC və Cavabdeh2 İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə subroqasiya hüququ əsasında tutulmalı olan sığorta ödənişi 1148 manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar