Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7169/2020 07.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı “xxxxxxxxxxxx” ASC-nin nümayəndəsi Ömərova Günel Əjdər qızının, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı “xxxxxxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-647/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “xxxxxxxxxxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, **-FN-*** dövlət qeydiyyat nişanlı Opel Astra markalı avtonəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixində “xxxxxxxxxxxx” ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. xx.xx.2018-ci il tarixində Cavabdeh1 etibarnamə olmadan idarə etdiyi, digər Cavabdeh2 məxsus **-FN-*** dövlət qeydiyyat nişanlı Opel Astra marakalı avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədərək **-EP-*** dövlət qeydiyyat nişanlı X3 markalı avtonəqliyyat vasitəsinə maddi zərər vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsilə əlaqədar DYP əməkdaşları tərəfindən Cavabdeh1 barəsində İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. “xxxxxxxxxxxx” ASC tərəfindən tərtib olunmuş zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatlarına əsasən **-EP-*** dövlət qeydiyyat nişanlı X3 markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın miqdarı 2700,00 manat məbləğində müəyyən edilmişdir. “xxxxxxxxxxxx” ASC-nin xx.xx.2019-cu il tarixli sığorta aktlarına əsasən “xxxxxxxxxxxx” ASC tərəfindən dəymiş ziyana görə 2700,00 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2606 manat sığorta ödənişi və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 2636 manat məbləğində pulun “xxxxxxxxxxxx” ASC-nin xeyrinə tutulması qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək onun özünə aid hissəsində ləğv olunmasını və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi hüquq normalarının tələblərini pozduğunu, qanunu düzgün tətbiq etmədiyini və sübutlara düzgün hüquqi qiymət vermədiyini irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən digər cavabdeh mübahisənin həllinin məhkəmənin mülahizəsinə buraxdığını bildirmiş, iddiaçının nümayəndəsi isə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddianın tələbinin Cavabdeh2 münasibətdə təmin olunduğu hissədə yoxlanılması təşkil edir. Çünki iddiaçı və digər cavabdeh qətnaməni mübahisələndirməmişlər. Kollegiya izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 münasibətdə ləğv edilərək, iddia tələbi ona münasibətdə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri DYPİ Yol patrul xidmətinin xx.xx.2018-ci il tarixli inzibati xəta haqqında İXP № ******* saylı protokolunun və inzibati tənbeh vermə haqqında xx.xx.2018-ci il tarixli TP № ******* saylı qərarının surətindən görünür ki, Cavabdeh1 «Yol hərəkəti haqqında» AR İXM-nin 327.1-cı maddəsinə əsasən 40 manat cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli sığorta aktlarından görünür ki, müvafiq qaydada tərtib edilmiş qiymətləndirmə aktına əsasən xx.xx.2018-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində “xxxxxxxxxxxx” ASC tərəfindən dəymiş ziyana görə ümumilikdə 2700 manat məbləğində sığorta ödənişinin zərərçəkənlərə ödənilməsi qərara alınmış və zərərçəkənə ödənilmişdir. İş materiallarında olan “xxxxxxxxxxxx” ASC-nin xx.xx.2019-cu il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatından görünür ki, xx.xx.2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nə-ticəsində **-EP-*** dövlət qeydiyyat nişanlı X3 markalı avtomobilin təmiri ilə əlaqədar ehtiyat hissələrinin və görülmüş işlərin dəyəri ümumilikdə 2700 manat təşkil edir. İş materiallarında olan “xxxxxxxxxxxx” ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli geriyə tələb (subroqasiya) məktubundan görünür ki, cavabdehlərin 15 təqvim günü ərzində 2700 manat məbləğində sığorta ödənişini ödəmələri, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdirlər. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 3585 saylı ekspert rəyindən görünür ki, “**-EP-*** dövlət qeydiyyat nişanlı X3 markalı avtomobilin təmir-bərpa xərci təxminən 2606 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki Məcəllənin bilavasitə subroqasiya hüququnu tənzimləyən 936.1-ci və 936.2-ci maddələrinə görə də, subroqasiya hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1108-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 56.1.1-ci maddəsinə görə, fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50 000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat müəyyən edilir; 14.2.1-ci maddəsinə görə isə, zərərçəkənin ölməsi ... nəticəsində ... sığorta məbləği 100 faiz nisbətində ödənilir. Həmin Qanunun 25.1.3-cü maddəsinə görə isə, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Qanunvericiliyin göstərilən müddəalarının mənasından göründüyü kimi, subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Hazırki işin halları baxımından isə vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs, mülki məsuliyyəti icbari qaydada sığortalanmış, lakin hadisə zamanı avtomaşını müvafiq hüququ olmadan idarə etmiş Cavabdeh1dur. Kollegiya Cavabdeh2 apellyasiya şikayətini aşağıda şərh olunanlara görə əsaslı hesab edir: Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən, “yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər”. Apellyasiya şikayətinə əlavə edilmiş xx.xx.2018-ci il tarixli 7e-859 nömrəli Etibarnamədən görünür ki, **-FN-*** dövlət qeydiyyat nişanlı Opel Astra markalı avtonəqliyyat vasitəsi onun mülkiyyətçisi olan Cavabdeh2 tərəfindən xx.xx.2018-ci il tarixdə etibarnamə əsasında X1 etibar edilmiş, sonuncu avtomobili Cavabdeh1 vermiş, avtomobil Cavabdeh1 idarəetməsində olarkən yol-nəqliyyat hadisəsi baş vermişdir. Belə aydın olur ki, Cavabdeh2 mülkiyyətində olan və yüksək təhlükə mənbəyi hesab edilən **-FN-*** dövlət qeydiyyat nişanlı Opel Astra markalı avtomobilmülki hüquq pozuntusunu (yol nəqliyyat hadisəsini) törətmiş Cavabdeh1 istifadəsinə mülkiyyətçi tərəfindən deyil, sonuncunun etibar etdiyi şəxs tərəfindən verilmişdir; bu baxımdan qiymət verilməli olan məsələ, avtomobilin Cavabdeh1 istifadəsinə verilmiş olmasında Cavabdeh2 təqsirli olub-olmadığıdır. Məhkəmə kollegiyası hesab edir ki, yüksək təhlükə mənbəyi hesab edilən **-FN-*** dövlət qeydiyyat nişanlı Opel Astra markalı avtomobilavtomobil Cavabdeh2 sahibliyindən hüquqa zidd şəkildə götürülməmişdir; hərgah, avtomobil Cavabdeh1 tərəfindən qanuni əsas olmadan idarə edilmişdirsə belə, bu halda da onun Cavabdeh2 sahibliyindən məhz “digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində” çıxmış olduğu qəbul edilməlidir. Hər bir halda, Mülki Məcəllənin 1108.2-ci maddəsinin mənasına görə, adı çəkilən şəxs (Cavabdeh2) həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımamalıdır. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin şikayət vermiş şəxsə münasibətdə ləğvi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə görə isə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; və qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-647/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın Cavabdeh2 qarşı təmin olunmuş hissəsində ləğv edilsin. İddia həmin hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-7169/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7169/2020
07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver