Məhkəmə qərarları › İş №2(103)-7169/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7169/2022

03.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7169/2022 03.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-nə, Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi idarəsinə qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: ipotekaya xitam verilməsi, ipoteka yüklülüyündən azad olunma) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, cavabdeh - ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 iştirakı ilə İddiaçı ləğv prosesində olan Cavabdeh1 ASC-nə, Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi idarəsinə qarşı “ipotekaya xitam verilməsi və əmlakın ipoteka yüklülüyündən azad olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli qətnaməsindən ləğv prosesində olan Cavabdeh1 ASC-nin (Əmanətlərin Sığortalanması Fondunun) nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Şəki Rayon Məhkəməsinin 24 iyul 2015-ci il tarixli qətnaməsi ilə "xxxx" açıq səhmdar cəmiyyətinin X3, İddiaçı, X6, X14 və X7 qarşı “kredit borcunun tutulması, tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi və ipoteka qoyulmuş əmlakın açıq hərracdan satılması” tələbləri qismən təmin edilmiş, X1 "xxxx" ASC-nin xeyrinə 53 952,76 manat əsas, 62,94 manat faiz borcu, 500 manat dəbbə pulu olmaqla cəmi 54 515,7 manat kredit borcunun və 30 manat dövlət rüsumunun tutulması, ipoteka predmetləri olan Şəki şəhəri, N.Nərimanov küçəsində X2 mülkiyyətindəki 0,075 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 67,9 kv.m. yaşayış, 140,7 kv.m. köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 75 000 manat, Şəki şəhəri Qurcana küçəsində İddiaçı mülkiyyətindəki 0.0576 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 49,0 kv.m. yaşayış, 82,8 kv.m. köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 57 000 manat olmaqla satılması, onların satışından əldə olunmuş pul vəsaiti hesabına X2 "xxxx" ASC-yə olan borcunun ödənilməsi, Şəki şəhəri, N.Nərimanov küçəsində yerləşən fərdi yaşayış evi satıldıqda X8, X11, X16 və X9 və onlarla birlikdə yaşayan digər ailə üzvlərinin 1 ay ərzində həmin yaşayış evini tərk etmədikləri halda, Şəki şəhəri, Qurcana küçəsində yerləşən fərdi yaşayış evi satıldıqda İddiaçı və X12 və onlarla birlikdə yaşayan digər ailə üzvlərinin həmin fərdi yaşayış evini tərk etmədikləri halda onların məcburi qaydada çıxarılması, məhkəmə-mühasibatlıq ekspertizası xərci olan 50 manatın X1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin və iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası xərci olan 200 manatın X1 alınaraq "xxxx" MMC-nin hesabına köçürülməsi qət olunmuşdur.

2. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə İddiaçı, X11, İddiaçı və X12 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Şəki Rayon Məhkəməsinin 24 iyul 2015-ci il tarixli qətnaməsinin qismən, yəni “Şəki şəhəri, Qurcana küçəsində İddiaçı mülkiyyətində olan 0,0576 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 49,0 kv.m yaşayış, 82,8 kv.m köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiymətinin 57 000 manat olmaqla satılması və həmin fərdi yaşayış evi satıldıqda İddiaçı, X12 və onlarla birlikdə yaşayan digər ailə üzvləri 1 ay ərzində həmin fərdi yaşayış evini tərk etmədikləri halda onların məcburi qaydada çıxarılmaları” hissəsində ləğv edilməsi, iddianın həmin hissədə təmin olunmaması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, iş üzrə məhkəməxətşünaslıq ekspertiza xərci olan 100 manatın İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

3. Şəki Apellyasiya Məhkəməsi müəyyən etmişdir ki, X8 ilə "xxxx" ASC arasında bağlanmış 15 iyul 2009-cu il tarixli kredit müqaviləsi Hacıbala Hacıbalayevin maraqlarına uyğun bağlanmış, müqavilədə borclu İddiaçı deyil, təmsilçi Hacıbala Hacıbalayev özü olmuş, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə dair ipoteka müqaviləsi də onun etibarnaməsi əsasında Hacıbala Hacıbalayev tərəfindən kredit müqaviləsi üzrə bank qarşısında sonuncunun öhdəliklərinin təmin olunması üçün bağlanmış, beləliklə də Hacıbala Hacıbalayev etibarnamədən öz marağı üçün istifadə etməklə İddiaçı iradəsinin əksinə hərəkət etmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

4. İddiaçı ləğv prosesində olan Cavabdeh1 ASC-nə, Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi idarəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Şəki şəhəri, Qurcana küçəsində mülkiyyətindəki 0,0576 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı 49,0 kv.m yaşayış, 82,8 kv.m köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evinin X10 ilə Cavabdeh1 ASC arasında 15 iyul 2009-cu il tarixli 51 saylı təminatlı kredit müqaviləsi üzrə Cavabdeh1 ASC qarşısında ipotekasına xitam verilməsi, həmin fərdi yaşayış evinin ipoteka qeydlərinin ləğv ediməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qeydlərin aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, X10 ilə Cavabdeh1 ASC arasında 15 iyul 2009-cu il tarixdə 51 saylı kredit müqaviləsi bağlanmış, kredit müqaviləsi üzrə öhdəliklərin təminat üsulu kimi Şəki şəhəri, Qurcana küçəsində yerləşən mülkiyyətindəki 0,0576 ha torpaq sahəsində olan 2 mərtəbəli, 2 otaqlı 49,0 kv.m yaşayış, 82,8 kv.m köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evi xəbəri və razılığı olmadan, tərəfindən tamamilə başqa məqsəd üçün verilmiş etibarnamə əsasında X10 tərəfindən Cavabdeh1 ASC-yə ipotekaya qoyulmuş, 16 iyul 2009-cu il tarixli kassa məxaric orderinə müvafiq olaraq kredit müqaviləsi üzrə pul məbləğini 16 iyul 2009-cu il tarixdə Hacıbala Hacıbalayev götürmüşdür. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 27 oktyabr 2008-ci il tarixli ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDRXdən çıxarışa əsasən həmin əmlak adına mülkiyyət hüququ əsasında 27 oktyabr 2008-ci ildə qeydiyyata alınmışdır. Müəyyən obyektiv səbəblər üzündən X10 bank qarşısında kredit öhdəliklərini icra edə bilməmiş, nəticədə kreditor tərəfindən ipoteka predmetlərinə tutma yönəldilməsi proseduruna başlanılmış, bank tərəfindən X5 qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi” ilə bağlı iddia qaldırılmış, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 mart 2016-cı il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən bankın iddia tələbi tutmanın “İddiaçı mülkiyyətində olan 0,0576 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı 49,0 kv.m yaşayış, 82,8 kv.m köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evinə yönəldilməsi” hissəsində rədd edilmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış həmin fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə dair 15 iyul 2009-cu il tarixli 50 nömrəli ipoteka müqaviləsində ipoteka qoyan qrafasında mülkiyyətçi İddiaçı adının qarşısında olan imzanın kim tərəfindən icra edilməsini müəyyən etmək məqsədilə məhkəmə-xəttşünaslıq ekspertizası təyin olunmuş, ekspertizanın 25 yanvar 2016-cı il tarixli rəyi ilə müəyyən edilmişdir ki, sözügedən ipoteka müqaviləsində ipoteka qoyan qrafasında İddiaçı adının qarşısında olan imza ona məxsus deyil, X5 məxsusdur. Həmçinin, istinad olunan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində göstərilmişdir ki, İddiaçı 14 avqust 2008-ci il tarixli etibarnamə ilə özünə məxsus olan bütün əmlakları idarə etməyi, o cümlədən əmlakı ipoteka (girov) qoymaq, ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı və əqdlər üzrə haqq-hesab aparmağı 14 avqust 2018-ci il tarixə kimi qardaşı X5 etibar etmiş, sonuncu isə həmin etibarnamədən istifadə etməklə öz maraqları üçün əqd bağlamışdır. Beləliklə, məhkəmə bankın iddiasını ipoteka predmetinə tutma yönəldilməsi hissəsində rədd etsə, həmin iş üzrə cavabdehlər və hazırki iş üzrə iddiaçı tərəfindən ipotekanın etibarsızlığına və ipoteka qeydiyyatının DƏDRX-də ləğvinə dair iddia qaldırılmadığından iddia tələbindən kənara çıxmamış və sözügedən fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə dair ipoteka müqaviləsinin etibarsızlığını və ipoteka qeydiyyatının ləğvini qət etməmişdir. Lakin bununla belə sözügedən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində həmin fərdi yaşayış evinin ipotekasının etibarsız olmasına dolayısı ilə hüquqi münasibət bildirilmiş və məhz ipoteka müqaviləsinin etibarsızlığına dair əsaslar müəyyən olunduğundan bankın tələbi tutmanın əmlaka yönəldilməsi hissəsində təmin olunmamışdır.

6. Ləğv prosesindəki “Texnikabank" ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi iddia tələbinə etiraz etmiş, müqavilənin etibarsız hesab olunması məsələsinin qətnamədə öz əksini tapmaması səbəbilə ipoteka yüklülüyünə xitam verilməsinin mümkün olmadığını bildirmişdir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməsi qət olunmuşdur.

8. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, qanuni qüvvəsini almış Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş hallar nəzərə alınmaqla, İddiaçı mülkiyyətində olan 0,0576 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı 49,0 kv.m yaşayış, 82,8 kv.m köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evi ipoteka yüklülüyündən azad edilməlidir. Belə ki, sözügedən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində həmin fərdi yaşayış evinin ipotekasının etibarsız olmasına dolayısı ilə hüquqi münasibət bildirilmiş və məhz ipoteka müqaviləsinin etibarsızlığına dair əsaslar müəyyən olunduğundan bankın tələbi tutmanın əmlaka yönəldilməsi hissəsində təmin olunmamışdır.

9. Gəldiyi nəticənin hüquqi əsaslandırılması zamanı məhkəmə, Mülki Məcəllənin 350-ci, 358-ci, 359.1-ci, 359.3-cü, 362.1-ci, Mülki Prosessual Məcəllənin 82.3cü maddələrinə istinad etmişdir.

10. Qətnamədən ləğv prosesindəki Cavabdeh1 ASC-nin nümayəndəsi (ləğvedici olan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə ipoteka müqaviləsinin etibarsız hesab edilmədiyini nəzərə almamış, işin hallarına uyğun gəlməyən qərar çıxarmışdır.

Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahat

11. Məhkəmə iclasında iştirak edən ləğv prosesindəki Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X13 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçı (nümayəndəsi) məhkəməyə gəlməmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi nümayəndəsini göndərməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

12. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

13. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

15. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

16. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

17. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.

18. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.

19. Maddə 324.1 və 324.2. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

20. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

21. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

22. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.

23. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu (tərəflər arasında hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş və hazırda da qüvvədə olan redaksiyada)

24. Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

28. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

29. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

32. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

35. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

36. Belə ki, hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

37. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir”.

38. Mülki Məcəllədə əqdə verilmiş anlayışdan (§ 19) görünür ki, əqdin əmələ gəlməsi/bağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyil/bağlanmayıb; əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır.

39. Yuxarıda qeyd olunduğu kimi, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə dair bağlanmış ipoteka müqaviləsi etibarlı əqd deyildir. Bu o deməkdir ki, sözügedən əqd əsasında həmin əmlak üzərində bankın ipoteka (məhdud əşya hüququ) yaranmamışdır.

40. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları (§ 29,31) ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. “Q. Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”.

41. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə tərəflər arasındakı münasibətlərə hüquqi müəyyənlik gətirilmişdir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ryabix Rusiya Federasiyasına qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik “res judicata” prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni quvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”.

42. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq qeyd edir ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir.

43. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan suiistifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi.

44. Oxşar mövqe X22 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyribərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur.

45. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2949/2022 saylı iş üzrə 10 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar