Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7173/2022 23.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: maddi və mənəvi zərərin tutulması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-414/2022 saylı 23 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan 17 saylı MKİS-in rəisi E.Xeyrullayev, mühəndisi A.Allahverdiyev, sahə nəzarətçisi Ə.Əzizov tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, İddiaçı ərizəsinə əsasən ona məxsus Droqalnıy döngəsi, ev 4 ünvanında yerləşən 22 saylı mənzilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin ünvanda yerləşən 15 saylı mənzilin sanuzel qovşağında yaranmış nasazlıq səbəbindən xx.xx.2021-ci il tarixdən çirkab sular axaraq İddiaçı mənzilinə maddi ziyan vurmuşdur. Məlum oldu ki, su qonşusu Cavabdeh 15 saylı mənzilindən axmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı "maddi və mənəvi zərərin tutulması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçıya məxsusdur. Həmin mənzil binanın 2-ci mərtəbəsində, Cavabdeh məxsus mənzil isə 3- cü mərtəbədə yerləşir. Cavabdeh mənzilindən iddiaçının mənzilinə beş aydır ki su axması nəticəsində mənzilə ciddi maddi zərər dəymişdir. İddiaçı tərəfindən cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də, cavabdeh buna əhəmiyyət verməmiş, su axıntısının qarşısı alınmamışdır. Həmin suların axması nəticəsində iddiaçının evinə külli miqdarda ziyan dəymişdir. Göstərilənlərə əsasən, Cavabdeh iddiaçıya dəymiş 5000 manat məbləğində maddi zərərin, iddianın məhkəmədə qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, vaxt itkisi və vurulmuş mənəvi zərərə görə 1000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, həmçinin su sızıntısının cavabdehin hesabına aradan qaldırılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
4. Məhkəmə qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 10/653 nömrəli, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 22 saylı mənzilin binanın 2-ci mərtəbəsində, cavabdehə məxsus 15 saylı mənzilin isə binanın 3-cü mərtəbəsində yerləşdiyini, 22 saylı mənzilin dəhliz tikilisində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin mülki iş materiallarının məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, Droqalnıy döngəsi, 4 saylı evin 22 saylı mənzilə həmin mənzilin üst mərtəbəsində yerləşən 15 saylı mənzildən su axıdıldığı və nəticədə 22 saylı mənzilin tikililərində qüsurlar əmələ gəldiyi müəyyən olunmuşdur. Bakı şəhəri, Nəsimi rayonu, Droqalnıy döngəsi, 4 saylı evin 22 saylı mənzilində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1456 manat məbləğində müəyyən edilmişdir. Həmin ekspert tədqiqatının dəyəri 50 manat təşkil etmişdir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-414/2022 saylı 23 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Rəşid Səmədov) iddianın qismən təmin edilməsi, Cavabdeh maddi zərərin əvəzi kimi 1456 (min dörd yüz əlli altı) manat, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE**********000208 8501 hesabına köçürülməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1 və 1115-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddia tələblərinin təmin edildiyi hissədə ləğv edilməsini və iddia tələblərinin tam rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Qanunun qeyd edilən tələbləri Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsi tərəfindən pozulmuş, məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tətbiq edilməsində çox ciddi səhvlərə yol vermiş, iddia tələblərinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallara hüquqi qiymət verilməmişdir. Qətnamədə qeyd edilir ki, iddiaçıya məxsus mənzilə baxış keçirilmiş və 17 saylı MKİS tərəfindən xx.xx.2021-ci il tarixdə akt tərtib edilmişdir. Lakin cavabdehə məxsus mənzilinə baxış keçirilməmişdir. Eyni zamanda, qətnamədə ekspert tərəfindən verilmiş 10/653 saylı ekspert rəyinə də, əsaslandırılmışdır. Lakin yenə də, cavabdehə məxsus mənzilinə baxış keçirilməmişdir. Ümumiyyətlə, ekspertlər və məhkəmə tərəfindən baxış keçirilsə idi, cavabdehə məxsus mənzilin, iddiaçı məxsus olan mübahisəli mənzilin üst hissəsində deyil, yan blokda yerləşdiyi, ayrı-ayrı girişlərinin olduğu müəyyən olardı. İddiaçıya məxsus mənzilə su sızması blokun şaxta hissəsindən sızıldığı müəyyən ola bilərdi. Lakin məhkəmə tərəfindən ətraflı araşdırılma aparılmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
12. Maddə 21.1 zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
13. Maddə 21.2 zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
14. Maddə 1096 mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
15. Maddə 1097.1 mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
16. Maddə 1115 zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
17. Maddə 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 372.6 apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Maddə 384.0.1. apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
21. Maddə 385.2. birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin yalnız iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsini xahiş etdiyindən apellyasiya baxışının hədlərini qətnamənin məhz həmin hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Başqa sözlə, qətnamə iddia tələbinin təmin edilməyən hissəsində hazırki apellyasiya baxışı çərçivəsində yoxlanılmır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-414/2022 saylı 23 may 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
26. Belə ki, iş materiallarından göründüyü kimi Azərbaycan Respubliksı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/653 saylı ekspert rəyi ilə Bakı şəhəri, Nəsimi rayonu, Droqalnıy döngəsində yerləşən 4 saylı evin, 22 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 15 saylı mənzildən su axıdıldığı və nəticədə 22 saylı mənzilin dəhliz tikilisinə ziyan vurulduğu müəyyən olunmuşdur. Aparılan hesablamalar nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, Droqalnıy döngəsində yerləşən 4 saylı evin 22 saylı mənzilinə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1456 manat məbləğində müəyyən olunmuşdur.
27. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş faktiki hallara qeyd olunan maddi hüquq normalarının tələblərinə qiymət verərək qeyd etməyi zəruri hesab edir ki, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Droqalnıy döngəsində yerləşən 4 saylı evin, 22 saylı mənzilə Cavabdeh məxsus həmin ünvanda yerləşən 15 saylı mənzildən su axıdıldığı və nəticədə iddiaçıya məxsus ziyan vurulduğu iş materialları ilə təsdiq olunduğundan məhkəmə haqlı olaraq hesab etmişdir ki, Cavabdeh su sızması nəticəsində dəymiş maddi ziyanın əvəzi kimi 1456 (bir min dörd yüz əlli altı) manat məbləğində pul alınaraq iddiaçıya ödənilməlidir.
28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-414/2022 saylı 23 may 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.