Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7175/2022 14.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-557/2022 saylı, 16 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdeh Zaliyeva (Mikayılova) Aynur Nüsrət qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2015-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Ak.M.Topçubaşov küçəsində yerləşən 21 nömrəli evin 89 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir.
2. Bakı şəhəri 14 saylı MKİS-in rəisi R.Piriyev, MKİS-nin n/mühəndisi A.Rəsulov, mühəndis N.Həsənova, texniki V.Bağırov tərəfindən tərtib edilmiş xx.xx.2016- cı il tarixli akta əsasən Topçubaşov küçəsi, 21 saylı evin 89-cu mənzilin sakinii İddiaçı şikayətinə əsasən həmin ünvanda olmuşlar. Həqiqətən məlum olmuşdur ki, üst mərtəbədə yerləşən 91-ci mənzilində yaşayan Cavabdeh tərəfindən dəfələrlə 89-cu mənzilə su axıntısı baş vermişdir. Cavabdeh dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq heç bir tədbir görməmişdir.
3. Bakı şəhəri 14 saylı MKİS-in rəisi E.Dinayev, mühəndisi N.Əhmədova, s/nəzarətçisi M.Əsgərov tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli akta əsasən Ak. M.Topçubaşov küçəsi, 21 saylı evin 89-cu mənzilin sakini İddiaçı şikayətinə əsasən həmin ünvanda olmuşlar. Baxış zamanı müəyyən olunmuşdur ki, üst mərtəbədə yerləşən 91-ci mənzildə yaşayan Cavabdeh yaşadığı mənzilin mətbəxindən 89-cu mənzilin mətbəxinə su axıntısı baş vermişdir. Nəticədə 89-cu mənzilin mətbəxin tavanına ziyan dəymişdir. Tavanda çatlar, sarı ləkələr əmələ gəlmiş və boya qatı qoparaq mətbəx mebelinin üstünə tökülmüşdür. Tavan yararsız hala düşmüşdür.
4. Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci PB-nin təhqiqatçısı polis mayoru Rasim Əliyev tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərara əsasən xx.xx.2021-ci il tarixdə saat 13:00 radələrində ünvan 1 ünvanında yaşayan İddiaçı ilə qonşusu Mikayılova (Zaliyeva) Aynur Nüsrət qızı arasında su axıtması ilə bağlı sözlü mübahisə baş vermiş, həmin hadisə zamanı onların bir-birlərinə qarşı fiziki zor tətbiq edib vurmaqla bir-birlərinə iş üzrə təyin edilmiş «Məhkəmə-Tibbi Ekspertiza və X5» X7 Nəsimi rayon şöbəsinin verdiyi 841 və 843 saylı ekspert rəylərinə əsasən sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişlər. Belə olan vəziyyətdə isə hadisəni törətmiş İddiaçı və X2 hərəkətlərində İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta olması öz təsdiqini tapdığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, İddiaçı və X6 barələrində AR İXM-nin 157-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün Nəsimi RPİ-nin 20-ci PB-yə həvalə edilməsi qərara alınmışdır.
5. Bakı şəhəri Nəsimi rayon prokurorluğunun cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı və X3 qarşılıqlı müraciətləri əsasında Nəsimi RPİ-nin 20-ci PB-də toplanmış 1241/21 saylı material üzrə Nəsimi RPİ-nin 20-ci PB-nin təhqiqatçısı, polis mayoru Rasim Əlliyevin «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli, material əlavə yoxlama aparılması üçün Nəsimi RPİ-nin 20-ci PB-nə qaytarılmalı və araşdırmanın aparılması bölmənin digər təhqiqatçısına həvalə edilməlidir.
6. Bakı şəhər Baş Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba əsasən, qonşusu tərəfindən döyülməsi və digər qanunazidd hərəkətlərə məruz qalması ilə bağlı şikayətinin Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis bölməsində nəticəsiz qalması barədə müraciəti Nəsimi RPİ-nin 20-ci Polis Bölməsində müvafiq qaydada alınmaqla, təhqiqatçı Rasim Əliyev tərəfindən prosessual araşdırma aparılmış və cinayət işinin başlanılmasının rədd edilməsi, hadisəni törətmiş şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən inzibati qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilərək bölmənin polis sahə inspektoru Elməddin Tağıyevə həvalə edilmişdir. Polis sahə inspektoru Elməddin Tağıyev tərəfindən hadisəni törətmiş Aynur Zaliyeva barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (Döymə) maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, 300 manat məbləğində cərimə tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Tətbiq edilmiş inzibati cərimə vətəndaş Aynur Zaliyeva tərəfindən ödənilmişdir
Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin zərərvuran hərəkətlərinin qadağan olunması və iddiaçıya dəyən maddi ziyan qarşılığında 5000 manat, mənəvi ziyan qarşılığında 10.000 manatın, ödənilmiş 135 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Tələbdə göstərilir ki, ünvan 3un mülkiyyətçisidir. Üst mərtəbədəki 91-ci evin sakini Cavabdeh və onun ailəsi tərəfindən bir neçə dəfə baş vermiş su axıntısı ilə maddi və mənəvi zərərə dücar edilmişdir. Nəticədə evin tavanı pis vəziyyətə düşərək çatlamış, suvağı tökülmüş, üzərində qabarmalar və ləkələr əmələ gəlmiş, mətbəxdəki mebel təkrar su altında qalaraq keyfiyyətini itirmiş, evdəki sudan yaranan nəm şəraitdən ora həşəratların doluşması ilə evin sanitar vəziyyəti korlanmışdır (dezinfeksiyaya ehtiyac var). Həmçinin Aynur tərəfindən hücuma məruz qalmış, aldığı sağlamlıq problemlərinə görə həkimlərə müraciət etmişdir. Bu ilin martında axıntı baş verdikdə dəfələrlə axıntıya məruz qalan mətbəxin tavanında suyun təsirindən artıq uzun 1 çat əmələ gəlmişdir ki, bu da evi qəzalı vəziyyətə düşməsinə doğru aparır. Məsələni araşdırmaq üçün 1 neçə dəfə onun evinə getmişdir və qapısını döymüşdür, amma qapını açmamışlar. İddiaçı bərk əsəb sarsıntısı keçirmiş, təzyiqi qalxmış, başı və ayaqları ağrımış və həkimin məsləhətilə müalicəyə getməyə məcbur olmuşdur. 2-ci dəfə avqustda təkrarlanan su axıntı hadisəsi daha güclü olmuşdur, iddiaçı xəstə və zəif övladını bağa aparmışdır. Avqustun 20-i evə qayıdanda isə gördüyü mənzərə onun təzyiqinin yenidən qalxmasına səbəb olmuşdur. Çünki sentyabrdan univensitetlərdə dərslər başlayırdı və iddiaçı evini yeganə gəlir mənbəyi kimi kirayə verməyə hazırlaşmışdır.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-557/2022 saylı, 16 avqust 2022-ci il tarixli qətnaməsi (hakim Ramin Xəlilov) ilə iddia tələbi qismən təmin edilərək cavabdeh Zaliyeva (Mikayılova) Aynur Nüsrət qızından vurulmuş maddi ziyanın əvəzi kimi 1084 (bir min səksən dörd) manat, mənəvi ziyanın əvəzi kimi 1000 (bir min) manat və 135 (yüz otuz beş) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2219 (iki min iki yüz on doqquz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi; iddia tələbinin qalan hissədə təmin edilməməsi; iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatın cavabdeh Zaliyeva (Mikayılova) Aynur Nüsrət qızından tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayon, Ak.M.Topçubaşov küçəsində yerləşən 21 saylı evin 89 saylı mənzilinə cavabdehin mənzilindən su axıtması baş vermişdir. Bununla bağlı tərəflər arasında mübahisə baş vermiş, həmin hadisə zamanı tərəflərin bir-birlərinə qarşı fiziki zor tətbiq edib vurmaqla bir birlərinə sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişlər. Cavabdeh İXM-nin 157ci (döymə) maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş və barəsində 300 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Hazırda iddiaçı maddi və mənəvi ziyanın ödənilməsini tələb edir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə təsdiq olunmuşdur ki, iddiaçının yaşadığı 89 saylı mənzilinə 91 saylı mənzildən suyun sızması müəyyən edilmişdir. Su sızma nəticəsində iddiaçıya məxsus mənzilinə dəymiş zərərin aradan qaldırılması üçün cəmi 1084 (bir min səksən dörd) manat pul vəsaiti tələb olunur. Eyni zamanda iddiaçının mənzilinə su sızmasının cavabdehin yaşadığı mənzilindən baş verməsi ərazi üzrə 14 saylı MKİS tərəfindən tərtib edilmiş aktla da öz təsdiqini tapmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh Zaliyeva (Mikayılova) Aynur Nüsrət qızı apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-557/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətində göstərilir ki, Zaliyeva (Mikayılova) Aynur Nüsrət qızı İddiaçı ilə qonşudur. İddiaçı ünvan 3ünvanda yaşayır. O, isə üst mərtəbədə 91-ci ünvanda yaşayır. Məhkəmənin xx.xx.2022-ci il tarixli baxışından məlumatı olmamış, ona məhkəmədən bildiriş gəlməmişdir. Övladının səhhəti ilə bağlı evdə çox olmadığı üçün məhkəmə bildirişindən məlumatı olmayıb. Himayəsində 3 az yaşlı övladı var, işləmir, gəlir yeri yoxdur. Yaşadığı ünvan bacısının evidir. Həmin evdən qonşu olan İddiaçı evinə su axıtması baş verməyib. Həmin tarixdə binada su xətti partladığı üçün ümumi mənzillərə su axıdılmışdır. “Jek”dən baxış keçirilmiş və sübut olunmuşdur ki, həqiqətən su xətti partlamışdır və bütün qonşulara ziyan dəymişdir. Bina sakinləri pul yığaraq su xəttini düzəltdirərək bu problemi həll etmişlər. İddiaçı isə həmin evdə yaşamadığı üçün (ildə 2-3 dəfə evə baş çəkməyə gəlir) heç nədən məlumatı olmamışdır. Sonradan evinə gəldiyi zaman yaranmış bu problemin onun tərəfindən qəsdən törədildiyini bildirmiş və səbəbsiz yerə ondan şikayətçi olmuşdur. Təqribən 5 il bundan əvvəl də belə bir hadisə baş vermiş və həmin qonşu, yəni İddiaçı yenə ondan şikayət edərək təzminat almışdır. Artıq bu hal onda adi hala keçmiş və ondan gəlir yeri kimi istifadə etmişdir. Ondan hər dəfə su axıntısını şantaj edərək pul istəmişdir. 500-600 manat məbləğində pul istəyərək evini təmir etdirmək istəmişdir. Vermədiyi təqdirdə ondan səbəbsiz yerə şikayətçi olmuş və məhkəməyə müraciət edərək maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə ona qarşı dava açmışdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 10/363 nömrəli, xx.xx.2022-ci il tarixli rəyi ilə razılaşmır. Onun evinə baxış keçirilmədən, su xətti borusu yoxlanılmadan ekspert rəy vermişdir.
b) Apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən yazılı etiraz təqdim olunub.
13. İddiaçı yazılı etirazında iddia tələbində göstərdikləri ilə eyni məzmunda dəlillər göstərərək apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edib.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
14. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin cavabdehin apellyasia şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
15. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Zaliyeva (Mikayılova) Aynur Nüsrət qızı məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyib. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdein iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2.Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
17. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir.
18. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
19. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarın 1-ci bəndində qeyd olunur ki, «İnsan hüquqlarının və X4 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyriəmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 2-ci bəndinə qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və X4 haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər»anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 7-ci bəndində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir.
Həmin qərarda eyni zamanda göstərilmişdir ki, “Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
21. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
22. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
23. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
25. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi göstərilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
26. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən, qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
27. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə qismən uzlaşdığından, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
28. İddiaçı cavabdehdən maddi və mənəvi zərərə görə pul tələb edir. Maddi və mənəvi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Cavabdeh tərəfindən iddiaçıya zərər vurması müəyyən edilmişdir. Çünki, bu hal iş materialları ilə tam təsdiq olunur.
29. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 18 mart 2022-ci il tarixli, 10/363 №-li rəyi ilə də cavabdehin mənzilindən iddiaçının mənzilinə su axıdıldığı və nəticədə iddiaçıya zərər vurulduğu öz təsdiqini tapmışdır.
30. Göründüyü kimi, iş üzrə keçirilmiş ekspertiza rəyi və 14 saylı Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş aktla iddiaçıya maddi zərər dəyməsi faktı müəyyən olunmuşdur. Ekspert rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Ekspert rəyi məhkəmə üçün məcburi deyildir, onlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verilir. Məhkəmə üçün qabaqcadan müəyyən edilmiş məcburi qüvvəsi yoxdur. Məhkəmə ekspert rəyi ilə razılaşmaya bilər. Lakin iş üzrə keçirilmiş məhkəmə tikinti texniki ekspertizasının rəyi ilə məhkəmənin razılaşmaması üçün əsaslar yoxdur. Buna görə də, həmin rəy, eləcə də akt mötəbər sübut kimi qəbul edilməlidir.
31. Bundan başqa, yuxarıda qeyd olunan maddi hüquq normalarından da göründüyü kimi mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırki iş üzrə, iddiaçının fiziki və mənəvi sarsıntı keçirməsi təkzib olunmur.
32. İddiaçı cavabdehdən vurulmuş mənəvi zərərə görə 10000 (on min) manat tələb edib. Əlbətdə ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi birmənalı olduğundan qeyd olunan məbləğ bəlkə də ona vurulmuş mənəvi zərəri aradan qaldırmaq üçün də kifayət etməz. Çünki, maddi vəsait məbləğindən asılı olmayaraq heç də həmişə vurulmuş mənəvi zərəri kompensasiya edə bilmir. Lakin tələb edilən məbləğin vurulmuş mənəvi zərərə uyğunluğu da əsaslandırılmalı idi. Yəni, iddiaçı tələb etdiyi məbləğlə ona vurulan mənəvi zərərin nəticələrinin aradan qaldırılacağını da göstərmir. Əksinə keçirdiyi mənəvi sarsıntı və iztirabların maddi formada dəyərinin müəyyən etməyin qeyri-mümkün olduğunu iddiaçı özü də təsdiq edir. Mənəvi zərərin məbləği ilə bağlı nə mövcud məhkəmə təcrübəsində, nədəki Ali Məhkəmənin adıçəkilən qərarında konkret olaraq dəqiq məbləğ müəyyən edilməmiş və bunun müəyyən edilməsi də mümkün deyildir.
33. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi mənəvi zərərin miqdarını müəyyən edərkən mənəvi zərərin baş verməsinə səbəb olmuş halları, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri və əmlak vəziyyətini, işin sair diqqətəlayiq hallarını nəzərə alaraq, iddiaçıya dəymiş mənəvi ziyanın əvəzi olaraq cavabdehdən 1000 manat tutulmasını ağlabatan və ədalətli hesab edir. Çünki, apellyasiya instansiya məhkəməsi də cavabdehdən bu məbləğin tutulmasını işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab edir. Ona görə də cavabdehin apellyasiya şikayətində göstərdiklərinin heç bir əsası yoxdur.
34. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-557/2022 saylı, 16 avqust 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh Zaliyeva (Mikayılova) Aynur Nüsrət qızının apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-557/2022 saylı, 16 avqust 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.