Məhkəmə qərarları › İş №2(103)-7179/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7179/2021

28.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7179/2021 28.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "dəymiş ziyanın ödənilməsi tələbinə dair” 2(006)-785/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "dəymiş ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3005 (üç min beş) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2019-cu il tarixdə Gürcüstan Respublikası Tbilisi şəhərinə getmək istəyən zaman Cavabdeh ilə tanış olmuş və Cavabdeh özünü turizm şirkətinin rəhbəri kimi təqdim etmişdir. 2019-cu ilin noyabr ayında iddiaçı Macarıstana səfərə getmək üçün Cavabdeh ilə əlaqə saxlamış və Cavabdeh ona ucuz qiymətə turun olduğu bildirərək bank kartının şəklini «Whatsap» vasitəsi ilə göndərmiş və həmin kart hesabına 3705 manat ödəməyini və turun baş tutmayacağı halda həmin məbləğin 7 və ya 10 gün ərzində tam olaraq qaytarılacağını bildirmişdir. İddiaçı ona bildirilən bank kartı hesabına əvvəlcə 1205 manat, sonra isə 2500 (ümumilikdə 3705) manat köçürmüşdür. Göstərilən pul Macarıstan Respublikasında səfər üçün ödənilmişdir. Əlavə olaraq, cavabdeh həm də iddiaçıya viza alınması üçün kömək göstərməli idi. Lakin cavabdeh viza alınmasını uzatmış və iddiaçını aldatdığını hiss etdiyi üçün turdan imtina etmişdir. Buna görə də iddiaçının qeyd edilən ölkəyə səfəri baş tutmamışdır. Cavabdeh pulunun qaytarılmasını tələb etmişdir. Cavabdeh həmin məbləği 18.12.2019-cu il tarixdə qaytaracağını bildirsə də, pulu qaytarmamış və iddiaçı bir daha ondan pulunun qaytarılmasını tələb etdikdə onu şantaj edəcəyi ilə hədələmişdir. Buna görə də iddiaçı məcbur olub Suraxanı RPİ-nin 31-ci PB-nə Cavabdeh barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Göstərilən bölmənin baş təhqiqatçısı Rasim Seyidov tərəfindən iddiaçının şikayət ərizəsi mülki xarakterli tələb kimi qiymətləndirilərək cinayət işinin başlanması 29 iyun 2020-ci il tarixli qərarla rədd edilmişdir. Təhqiqat araşdırması zamanı Cavabdeh izahat verərək bildirmişdir ki, 2019-cu ilin noyabr ayında İddiaçı ona müraciət edərək ailə üzvləri ilə birlikdə Macarıstana səyahətə getmək üçün «Viza» əldə olunmasına köməklik etməsini xahiş etmiş və Cavabdeh ona «Viza» alınmasında köməklik edəcəyinə söz vermişdir. Aralarında olan razılaşmadan sonra Cavabdeh özünə məxsus bank kartının nömrəsini İddiaçı vermiş və İddiaçı həmin kart nömrəsinə əvvəlcə 2500 manat, sonra isə 1205 manat köçürmüşdür. Bundan sonra «Viza»nın əldə olunmasında problemlər yarandığı üçün alınması gecikmiş və İddiaçı «Viza»nın alınmasından imtina edərək pulunun qaytarılmasını tələb etmişdir. Cavabdeh bildirdiyi bank kartının hesabına İddiaçı tərəfindən köçürülmüş 3705 manatı onu aldatmaq məqsədi ilə əldə etmədiyini və həmin məbləği qaytaracağını bildirmişdir. Təhqiqat araşdırması zamanı cavabdeh iddiaçıya 700 manat pul ödəmişdir. Lakin iddiaçının müraciət etməyinə baxmayaraq, cavabdeh iddiaçıya qalıq pulu qaytarmaqdan yayınır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 3005 (üç min beş) manat məbləğində pulun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3035 (üç min otuz beş) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, apellyasiya şikayətinin təmin olunmasına dair iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hal-hazırda həmin borcu ödəməyə cavabdehin imkanı yoxdur. Lakin məhkəmə tərəfindən həmin məbləğin tam şəkildə ödəməsi barədə qətnamə qəbul etmişdir. Cavabdeh həmin borcu ancaq hissə-hissə ödəyə bilər. Məhkəmə araşdırması zamanı mübahisənin həllinə qeyri-obyektiv yanaşılmış, mühüm əhəmiyyətli olan işin bütün faktiki hallar aydınlaşdırılmamışdır ki, bunun da nəticəsində səhv qətnamə qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının vəkilini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, iddiaçı ailəsi ilə birlikdə Macarıstana səyahətə getmək üçün viza almaq məqsədilə cavabdehə 3705 manat pul vermiş, sonradan vizanın alınmasında yaranmış problemlərlə əlaqədar iddiaçı ödədiyi pulun geri qaytarılmasını tələb etmiş, lakin cavabdeh tərəfindən həmin pulun 700 manat hissəsi (iddiaçının deməsinə görə) geri qaytarılmışdır. Hazırda iddiaçı ödədiyi pulun qalan hissəsini tələb edir. İddiaçı şikayəti əsasında Suraxanı RPİ-nin 31-ci PB-də araşdırma aparılmış və 29 iyun 2020-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, Cavabdeh izahat verərək bildirmişdir ki, 2019-cu ilin noyabr ayında İddiaçı ona müraciət edərək ailə üzvləri ilə birlikdə Macarıstana səyahətə getmək üçün «Viza» əldə olunmasına köməklik etməsini xahiş etmiş və Cavabdeh ona «Viza» alınmasında köməklik edəcəyinə söz vermişdir. Aralarında olan razılaşmadan sonra Cavabdeh özünə məxsus bank kartının nömrəsini İddiaçı vermiş və İddiaçı həmin kart nömrəsinə əvvəlcə 2500 manat və sonra isə 1205 manat köçürmüşdür. Bundan sonra «Viza»nın əldə olunmasında problemlər yarandığı üçün alınması gecikmiş və İddiaçı «Viza»nın alınmasından imtina edərək pulunun qaytarılmasını tələb etmişdir. Cavabdeh bildirdiyi bank kartının hesabına İddiaçı tərəfindən köçürülmüş 3705 manatı onu aldatmaq məqsədi ilə əldə etmədiyini və həmin məbləği qaytaracağını göstərmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına qanunvericlik normalarını tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, cavabdeh apellyasiya şikayətinin təmin edilməsi üçün hər hansı mötəbər sübutu şikayətə əlavə etməmişdir. Digər tərəfdən, cavabdehin apellyasiya şikayətində tutulan borcun hissə-hissə ödənilməsi ilə mövqeyinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin hərəkət iş üzrə yekun məhkəmə aktı qüvvəyə mindikdən və icraya yönəldikdən sonra, mövcud qanunvericiliyin tələblərinə uyğun həll edilməli olan məsələdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(006)-785/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar