Məhkəmə qərarları › İş №2(103)-719/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-719/2022

07.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-719/2022 07.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: anbarın sökülməsi və maddi ziyanın ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Qurbanlı Aysel Elşən qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “anbarın sökülməsi və maddi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli 2(010)-128/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 07 sentyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli “fiziki və hüquqi şəxslərin mülkiyyətinə aid əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair hesabat cədvəlindən görünür ki, ünvan 1 ünvanında yerləşən obyekt İddiaçı mülkiyyətindədir.

2. Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti başçısının Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2083 nömrəli arayışdan görünür ki, Babayev X1 qəsəbəsi, 2-ci Mədən küçəsi, ev 1-də yaşayır.

3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)- 835/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və maddi ziyan” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin iş üzrə keçirilmiş məhkəmə-tikinti texniki ekspertizasının 26 aprel 2019-cuil tarixli 5112 saylı Rəyindən görünür ki, İddiaçı yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, 2-ci Mədən küçəsində yerləşən 1 saylı evin 1-ci mərtəbəsində yerləşən mübahisəli otaqların döşəmələrinin torpaq qatı olduğunu, eləcə də divarlarının perimetr boyu aşağı hissələrinin nəmişlikdən yaranmış qüsurların olduğunu və həmin otaqlarda aşkar olunmuş qüsurların divarlardan deyil, döşəmə səviyyəsindən baş verdiyini nəzərə alaraq, iddiaçının 1 saylı evinin 1-ci mərtəbəsinin sözügedən otaqlarına su sızmasının qonşuluqda yerləşən cavabdehə məxsus evin həyətində inşa edilmiş hamam-tualet tikilisindən baş verə bilməsi halı müəyyən edilməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən həyətdə qazılmış çirkab su anbarının cavabdehin öz vəsaiti hesabına sökülməsi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona məxsus Bakı şəhəri Suraxanı rayonu Suraxanı qəsəbəsi, 2-ci Mədən küçəsi, 1 saylı yaşayış evinə vurulmuş maddi zərərə görə 10000 manat və ona dəymiş mənəvi zərərə görə 2000 manat, ümumilikdə isə 12000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi belə əsaslandırılmışdır ki, ailə üzvləri ilə birlikdə Suraxanı qəsəbəsi, 2-ci Mədən küçəsi, ev 1 ünvanında yaşayır. Həmin ev onun atasına məxsus olmuş, atası vəfat edəndən sonra yaşayış evini miras kimi faktiki qəbul etmiş, təmir etdirib öz məişət şəraitini yaxşılaşdırmış, evin təmirinə böyük məbləğdə vəsait xərcləmişdir. İstər təmirdən sonra, istərsə də təmirdən əvvəl evin divarlarında nəmişlik olmamışdır. Lakin sonradan qonşusu olan cavabdeh özünə məxsus Suraxanı qəsəbəsi, 2-ci Mədən küçəsi, ev 1A ünvanında onların evinə bitişik hamam-tualet inşa etmiş və bu tikililərin istifadəsinə başlanan andan evlərini su basmağa başlamışdır. O, bu barədə cavabdehə öz narazılığını bildirdikdə isə cavabdeh tualetin istifadəsini dayandırsa da, hamamı istifadə etməkdə davam etmişdir. Cavabdehin hamamının kanalizasiyası evin özülünə axdığından evi su basmış, evin otaqlarının suvağı tökülmüş, döşəməsi çürümüş və divarlarda çatlar əmələ gəlmişdir. Bu barədə cavabdehi xəbərdar etsə də, cavabdeh onun sözünə əhəmiyyət verməmiş, nəticədə divarların nəm çəkməsi səbəbindən ev bərbad hala düşmüş, evin abı-havası korlanaraq mənzildə nəmişlik və rütubət yaranmışdır. Evdə yaranmış rütubət arvadının da səhhətinə ciddi təsir göstərmiş, onun xəstəliyi daha da kəskinləşmişdir. Bu vaxta qədər elə bilib ki, cavabdehin evinin kanalizasiyası yoxdur və kanalizasiya suları cavabdeh tərəfindən onun evinin özülünə axıdılır. Ona görə də o bu barədə məhkəməyə müraciət etmiş və kanalizasiyası olmadığına görə cavabdeh tərəfindən ona məxsus evə bitişik tikilmiş hamamın cavabdehin öz vəsaiti hesabına sökülməsi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona məxsus yaşayış evinə vurulmuş maddi və mənəvi zərərin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin məhkəmə araşdırması ilə əlaqədar olaraq məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və iş üzrə ekspert rəyi alınmışdır. Ekspert tərəfindən yerində müayinə aparılan zaman məlum olmuşdur ki, həmin hamamın kanalizasiya sularının axıdılması üçün cavabdeh öz həyətində ona məxsus yaşayış evinə bitişik anbar qazdırmış və məhz həmin anbarın suları ona məxsus evə sızmışdır. Ekspert rəyi ilə artıq müəyyən edilmişdir ki, ona məxsus yaşayış evinin divarları qonşuluqda yerləşən cavabdehə məxsus evin həyətində inşa edilmiş hamam-tualet tikilisindən deyil, döşəmə səviyyəsindən baş verir ki, bunun da səbəbi cavabdeh tərəfindən ona məxsus evə bitişik öz həyətində qazılmış anbardır. Göründüyü kimi, cavabdehin onun evinin altında anbar qazaraq kanalizasiya sularını həmin anbara axıtması nəticəsində ona məxsus yaşayış evi bərbad hala düşmüşdür. Cavabdehin bu qanunsuz əməli nəticəsində evinə 10000 manat maddi ziyan dəymişdir. Belə ki, evə dəymiş zərərin aradan qaldırılması üçün özül bərkitmə işlərinin aparılması, divarların yenidən suvanması, döşəmənin yenidən qurulması və rəng-yağ işlərinin görülməsi zərurəti yaranmışdır ki, bunun üçün də 10000 manat pul vəsaiti gərəkdir. Həmin pul vəsaiti qanunsuz hərəkətləri ilə vurduğu zərərə görə cavabdeh tərəfindən ödənilməli, cavabdehin onun evinə bitişik qazdırdığı anbar sökülməlidir. Eyni zamanda, evinin bərbad hala düşməsi nəticəsində əsəbiləşməsi, arvadının rütubətdən xəstələnməsi, yaşadığı evdə rahatçılığının pozulması nəticəsində ona 2000 manat məbləğində mənəvi zərər də dəymişdir.

6. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək, iddianın anbarın sökülməsi hissəsinə etiraz etmədiyini bildirmiş, lakin iddianın qalan hissəsini qəbul etməmiş, iddianın qismən təmin olunmasını xahiş etmişdir.

7. Hazırk iş üzrə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 21084 nömrəli ekspert rəyinə əsasən, cavabdehin yaşadığı Suraxanı qəsəbəsi, 2-ci Mədən küçəsində yerləşən 1A saylı evin həyətində qazılmış çirkab su anbarı ilə iddiaçının yaşayış evi arasında olan sahənin qazılmaması və həmin sahənin altına çirkab suların axmasını əyani şəkildə görmək mümkün olmadığından, iddiaçının yaşadığı Suraxanı qəsəbəsi, 2-ci Mədən küçəsində yerləşən 1 saylı evin yaşayış otaqlarının divarlarında və döşəməsində yaranmış qüsurların konkret olaraq hansı səbəbdən baş verdiyini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda, qeyd olunur ki, AzDTN 2.6-1-in 4.13-cü bəndinin qeyd hissəsində göstərilənlərə əsasən, həyətyanı sahəsi olan tikililər yaşayış evinin pəncərələrindən, otaqlarından, mətbəxindən və şüşəbənddən qonşu həyətdə yerləşən evin və təsərrüfat tikililərinin (qaraj, hamam, anbar) divarlarınadək olan məsafə, yanğın təhlükəsizliyi, sanitar və məişət şərtlərinə görə yanğına qarşı və sanitar ara məsafələrinə riayət olunmaqla 6 m-dən az olmamalıdır.

8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(010)-128/2020 nömrəli iş üzrə 01 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Miriyeva) iddia qismən təmin edilmiş, ünvan 3 ünvanında yerləşən həyətdə qazılmış çirkab su anbarının cavabdeh tərəfindən öz vəsaiti hesabına sökülməsi, ödənilmiş dövlət rüsumunun 15 manatının cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, 15 manatının iddiaçıya aid edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pulun cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət olunmuşdur.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddianı qismən qəbul edərək anbarın sökülməsi ilə bağlı hissədə iddianın təmin edilməsinə etirazı olmadığını bildirdiyindən, bu iddianın anbarla bağlı hissədə etirafı kimi qiymətləndirilməli və iddia əlavə araşdırma aparılmadan həmin hissədə təmin olunmalıdır.

10. Məhkəmə maddi ziyan hissəsində iddia tələbini əsassız hesab etmiş və bununla bağlı qeyd etmişdir ki, iş materiallarında maddi ziyanla bağlı iddia olunanları təsdiq edəcək hər hansı mötəbər sübut yoxdur, məhkəmə iclasında da bununla bağlı heç bir dəlil təqdim olunmamışdır. Belə olan halda, maddi ziyanla bağlı hissədə iddia sübut edilmədiyindən əsassızdır və təmin olunmamalıdır. Məhkəmə mənəvi ziyan hissəsində də iddianı eyni əsaslarla rədd etmişdir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 80, 81, 88, 191.1, 191.3, 217.3, 217.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarlarına istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apelyasiya şikayətinin dəlilləri

12. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddiasının təmin edilməməsi ilə bağlı hissədə ləğv olunmasını və iddia tələblərinin tam təmin edilməsini xahiş etmişdir. Şikayətini ekspertiza tədqiqatının tam aparılmadığı, ekspertin ona dəymiş ziyanla bağlı təhqiqat həyata keçirmədiyi arqumentləri ilə əsaslandırmışdır.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

v)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-483/2021 nömrəli iş üzrə 11 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni iddia tələblərinin təmin olunmaması ilə bağlı hissədə qismən ləğv edilmiş, maddi zərərin əvəzinin ödənilməsi tələbi qismən təmin olunmuş, cavabdehdən maddi zərərin əvəzi olaraq 5550 manat, dövlət rüsumunun əvəzi olaraq 15,40 manatın alınaraq iddiaçıya ödənilməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmış, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manatın cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət olunmuşdur.

15. Apellyasiya baxışı zamanı təyin olunmuş əlavə əmtəəşünaslıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 04 fevral 2021-ci il tarixli, №10/2268 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus yaşayış evinin otaqlarının divarlarında və döşəməsində yaranmış qüsurların aradan qaldırılması üçün görüləcək təmir-bərpa işlərinə təqribən 5550 manat tələb olunur.

16. İşə apellyasiya qaydasında baxan məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının evinə su sızmasının məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi qənaətinə gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır.

17. Belə ki, alınmış ekspert rəyləri işin digər materialları ilə birgə qiymətləndirildiyində, iddiaçının evinə su sızmasının mənbəyinin məhz cavabdehin həyətində olduğu müəyyən edilir və bu zaman konkret səbəbin hansı olduğu əhəmiyyətli deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının evinə su sızmasının onun təqsiri olmadan baş verdiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür, lakin o, bununla əlaqədar heç bir arqument gətirməmiş, əksinə, iddianı qismən etiraf etmişdir.

18. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının maddi ziyanın ödənilməsi tələbi qismən təmin olunmalı, cavabdehdən 5550 manat onun xeyrinə tutulmalıdır. Bununla belə məhkəmə iddiaçının mənəvi ziyan tələbini əsaslı hesab etməmiş və bununla bağlı qeyd etmişdir ki, həmin tələb kifayət qədər əsaslandırma aparılmadan irəli sürülmüş, onun əsaslı olduğuna dair heç bir sübut məhkəməyə təqdim edilməmiş, iddiaçı ona konkret hansı mənəvi iztirabların vurulmasını müəyyənləşdirməmişdir.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respulikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21, 1096.1, 1097.1, 1111.2-ci, MPM-in 14.2, 77.1-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

c)Kassasiya instansiya məhkəməsindəki icraat

20. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması, yaxud işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra kassasiya instansiya məhkəməsi) 2(102)-4476/2021 saylı 04 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər A.Q.Hüseynov (sədrlik edən və məruzəçi), Ə.G.Nurməmmədov və Z.Ə.Əliyev) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-483/2021 nömrəli iş üzrə 11 mart 2021-ci il tarixli qətnaməsi qismən – maddi ziyanın ödənilməsi tələbinin təmin olunmuş hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

22. Kassasiya instansiyası məhkəməsinin işi yeni apelyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri ondan ibarət olmuşdur ki, “İddiaçının apellyasiya şikayəti əsasında işə baxmış apellyasiya instansiyası məhkəməsi prosessual qanunvericiliyin ona verdiyi ekspertin rəyini, mütəxəssisin məsləhət və şərhini dinləmək, zərurət olduğu halda əlavə və ya təkrar ekspertiza təyin etmək və ya sübutları yerində müayinə etmək imkanlarından istifadə etmədən xüsusi bilik tələb etməsi səbəbindən ekspertiza təyin olunmuş suallar üzrə yekun qənaətə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının yaşadığı evin otaqlarının divarlarında və döşəməsində yaranmış qüsurlar məhz cavabdehin təqsirli hərəkəti (hərəkətsizliyi) nəticəsində baş vermişdir. Məhkəmə bununla bağlı mövqeyini su anbarının cavabdehin həyətində olduğu və bu zaman konkret səbəbin əhəmiyyətsiz olduğu, iddiaçının evinə su sızmasının onun təqsiri olmadan baş verdiyini sübut etmək vəzifəsinin cavabdehin üzərinə düşdüyü, lakin cavabdehin bununla əlaqədar heç bir arqument gətirmədiyi ilə əsaslandırmışdır. Halbuki mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni, o cümlədən təqsirli olmadığı barədə sübutetmə yükünün cavabdehin üzərində olduğu barədə mövqeyini mübahisəyə tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına uyğun əsaslandırmamışdır. Məhkəmə iş üzrə təyin etdiyi əlavə əmtəəşünaslıq ekspertizası üzrə verilmiş ekspert rəyini də MPM-in 88, 101.7, 103.1-ci maddələrinin tələblərinə uyğun tədqiq edib, qiymətləndirməmişdir.”

Proses iştirakçılarının izahatı

23. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

24. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

25. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

26. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

27. Maddə 1096.1, 1096.2. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

28. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

29. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur

33. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apelyasiya baxışının hədləri

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

37. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin maddi ziyan tələbinə aid hissədə yoxlanılması təşkil edir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

39. Məhkəmə Kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, bu hissədə iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

40. Apelyasiya baxışı zamanı iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 03 avqust 2022-ci il tarixli, 10/3374 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh yaşadığı Bakı şəhəri Suraxanı rayonu Suraxanı qəsəbəsi 2-ci Mədən küçəsində yerləşən 1A saylı evin həyətində qazılmış çirkab su anbarından hal-hazırda istifadə edilmir. Sözügedən anbarın içərisi doldurulmuşdur. Su anbarından istifadə edildiyi təqdirdə istifadə nəticəsində İddiaçı yaşadığı Bakı şəhəri Suraxanı rayonu Suraxanı qəsəbəsi 2-ci Mədən küçəsində yerləşən 1 saylı evə yeraltı su sızması halının baş verməsinin mümkün olub-olmamasını müəyyən etmək üçün yalnız həmin anbarın işlək vəziyyətdə olması və iki evin arasında olan sahənin qazılması nəticəsində müəyyən edilə bilər. İddiaçı yaşadığı Bakı şəhəri Suraxanı rayonu Suraxanı qəsəbəsi 2-ci Mədən küçəsində yerləşən 1 saylı evin yaşayış otaqlarının divarlarında və döşəməsində yaranmış rütubətin səbəbini konkret olaraq müəyyən etmək mümkün deyil. Qeyd olunur ki, həmin ərazidə kanalizasiya sisteminin olmaması, ərazidə məskunlaşan əhali tərəfdən çirkab sularının yeraltına axıdılması, o cümlədən atmosfer sularının yağması nəticəsində fərdi yaşayış evlərində döşəmə səviyyəsindən rütubətin yaranması müşahidə olunur.

41. Göründüyü kimi ekspert rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli olan anbar hazırda istifadə edilmir və içərisi doldurulmuşdur.

42. Həmçinin iddiaçıya məxsus evin yaşayış otaqlarının divarlarında və döşəməsində yaranmış rütubətin səbəbini konkret olaraq müəyyən etmək mümkün olmamışdır.

43. Eyni zamanda ekspert rəyi ilə ərazidə kanalizasiya sisteminin olmaması, ərazidə məskunlaşan əhali tərəfdən çirkab sularının yeraltına axıdılması, o cümlədən atmosfer sularının yağması nəticəsində fərdi yaşayış evlərində döşəmə səviyyəsindən rütubətin yaranmasının müşahidə olunduğu da qeyd edilmişdir.

44. Mülki qanunvericiliyə görə, mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin oluna bilər.

45. Lakin hazırki işin hallarından göründüyü kimi, zərər (iddiaçının mənzilində yaranmış qüsurlar) mövcud olsa da, bu zərərin cavabdehin qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulması və sonuncunun təqsiri müəyyən olunmur. Bununla da iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmır.

46. Məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iş materiallarında maddi ziyanla bağlı iddia olunanları təsdiq edəcək hər hansı mötəbər sübut yoxdur, məhkəmə iclasında da bununla bağlı heç bir dəlil təqdim olunmamışdır.

47. İddiaçı 10000 manat maddi ziyan tələb etsə də, iddia tələbinin əsaslı olmasını sübuta yetirə bilməmişdir.

48. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-128/2020 saylı iş üzrə 01 iyun 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən - maddi ziyan tələbinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar