Məhkəmə qərarları › İş №2(103)-7190/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7190/2022

02.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7190/2022 02.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli 2(007)- 3548/2021 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 30.000,00 manat məbləğində maddi və 150.000,00 manat məbləğində mənəvi ziyanın tutulub ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 2019-cu il dekabr ayında cavabdeh ona birgə sahibkarlıq faliyyəti ilə məşğul olmağı təklifi etmişdir. Bu məqsəd ilə zəli istehsalına böyük təlabat olduğunu bildirmişdir. Onun hesablamalarına görə zəli yetişdirib satmaqla hər 3 ayda 1.200.000,00 manat məbləğində gəlir əldə etmək mümkündür. Zəli yetişdirmək və satışını təşkil etmək üçün onun bazası olduğunu bildirmişdir. Cavabdehin təklifi ilə razılaşaraq zəli yetişdirib satmaq biznesinə qoşulmuşdur. 2020-ci ilin yanvar ayında 23.000,00 manat dəyərində zəli alıb cavabdehin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, albalılıq bağ massivində yerləşən, bağ evinin həyətində inşa edilmiş su hovuzuna boşaldılmışdır. Həmin hovuzda zəli yetişdirməli və artırmalı idi. Bu işlə cavabdehin özü və yaxınları məşğul olmalı idi. Bununla yanaşı olaraq müştərilər axtarıb tapma vəzifəsi ona həvalə edilirdi. Aradan bir neçə ay keçmiş onun tapdığı müştəri ilə birlikdə cavabdehin bağ evinə gələrkən hovuzda zəli aşkar edilməmişdir. Cavabdeh məlumat verdi ki, zəlilərin hamısını oğurlamışlar. İnandırıcı olmayan bu məlumat, ona qarşı inamını alt-üst etmişdir. Bundan sonra birgə işləmək həvəsi qalmamışdır. Cavabdeh yalan məlumat vermişdir ki, Sabunçu dairəsindən sol tərəfdə onun 270 kv.m torpaq sahəsi var və həmin sahədə qeyri yaşayış obyekti tikib, orada zəli mərkəzi yaratmaq olar. Amma həmin obyekt sənədləşdirilməmişdir. Cavabdehin təklif etdiyi sahədə lazımi tikinti işləri aparıb sənədləşdirmək lazım idi. Bu məqsədlə o ilkin sənədləri təqdim edib Əmlak xidmətləri Mərkəzindən imtina almışdı. Həmin torpaq sahəsinin rəsmiləşdirilməsi məqsədi ilə iddia ərizəsi yazıb Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. Sonrakı araşdırmalar zamanı ona məlum olmuşdur ki, həmin torpaq sahəsinə dair verilmiş bütün sənədlər saxtadır. Bundan sonra cavabdeh ondan 3000 manat pul istəmişdir ki, guya o, yerli bələdiyyə ilə danışmış və yeni sənədlər tərtib edib verəcəklər. Həmin vaxt kənarda olduğu üçün hər ikisinin tanışı olan Musanın vasitəçiliyi ilə ona 2000 manat məbləğində pul göndərib,1000 manat isə sonra verəcəyini bildirib, sonradan məlum olub ki, cavabdeh ondan aldığı pulu bələdiyyəyə verməyib. Ondan xərclədiyi pulların və əldə edəcəyi mənfəətin hesabını tələb edərkən o, ona heç bir borcu olmadığını bildirdi və əksinə şəriklik üçün ortaya qoyduğu pulları tələb etmişdir. Onların hesablamaları ilə hər 3 aydan bir onlar birlikdə 1.200.000,00 mənfəət əldə etməli idilər. Lakin cavabdehin qeyri-ciddi və məsuliyyətsiz əməlinin nəticəsi olaraq o, 30.000 manat nağd vəsaitindən və əldə edə biləcəkləri mənfəətdən məhrum olmuşdur. Cavabdeh ona etibar etdikləri zəlini bağ evindən özü satmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli 2(007)- 3548/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 4000 ədəd zəli, bu mümkün olmadıqda isə onun dəyəri olan 2850 manat pul vəsaitinin tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 15 manat hissəsinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, qalan 15 manat hissəsinin isə İddiaçı aid edilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1485/2022 nömrəli 11 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3803/2022 saylı 30 avqust 2022-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1485/2022 nömrəli, 11 fevral 2022-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri aşağıdakılardan ibarət olmuşdur: “Tərəflərin arasında olan münasibətlərdən görünür ki, onlar iqtisadi fəaliyyət göstərib gəlir əldə etmək barədə danışıqlar aparmışdır. İşə baxmış məhkəmələr işin bu vəziyyətində ilk növbədə işə baxılmasının ümumi və ya kommersiya məhkəməsinə aid olmasını müəyyən etməli idi. Tərəflərin hər ikisi sahibkarlıq subyekti olmaqla, aralarındakı mübahisə ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən irəli gəlir. Belə olan halda, hazırkı mübahisəli hüquq münasibəti kommersiya mübahisələrinə aid olmaqla ona dair işə kommersiya məhkəməsində baxılmalıdır. İşə mahiyyəti üzrə baxmış məhkəmələr isə, bu halları nəzərə almayaraq, mübahisənin ümumi və ya kommersiya məhkəməsinə aid olması məsələsini həll etmədən işi icraata götürməklə onun məhkəmə aidiyyəti ilə bağlı qaydaları pozmuşlar”. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli 2(007)-3548/2021 saylı qətnaməsi ləğv edilməli, mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad olunan 18 sentyabr 2020-ci il tarixli Qərarına müvafiq olaraq MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Qərarının 12 və 13-cü bəndlərində qeyd edilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Baxılan işdən görünür ki, həm iddiaçı (VÖEN **********) həm cavabdeh (VÖEN **********) fərdi sahibkardırlar. Göründüyü kimi, tərəflərin hər ikisi sahibkarlıq subyekti olmaqla, aralarındakı mübahisə ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən irəli gəlir. Belə olan halda, hazırkı mübahisəli hüquq münasibəti kommersiya mübahisələrinə aid olmaqla ona dair işə kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Mülki Prosessual Məcəlləsinin 387.2.9-cu maddəsinə görə işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.5, 387.2.1, 397-398 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli 2(007)- 3548/2021 saylı qətnaməsi ləğv edilsin. Mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar