Məhkəmə qərarları › İş №2(103)-7192/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7192/2020

08.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7192/2020 08.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnun və mülkiyyət hüququna əsas olan əqdin ləğvi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1959/2019 saylı, xx.xx.2020-ci il tarixli qərardadından iddaçı İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnun və mülkiyyət hüququna əsas olan əqdin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə dair xx.xx.2010-cu il tarixində Bakı şəhəri, 41 saylı dövlət notariat kontorunda 4Ə-821 reyestr nömrəsi üzrə X2 ilə Cavabdeh arasında bağlanmış bağışlama müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh tərəfindən həmin mənzilə dair alınan mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx xxxxxxxx 2019-cu il tarixli, 2(009)-1959/2019 saylı qətnaməsi ilə İddiaçı - Cavabdeh qarşı “mülkiyyət hüququnun və mülkiyyət hüququna əsas olan əqdin ləğvi” tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzildə cavabdeh tərəfindən üçüncü şəxslərin qeydiyyata alınmalarının qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1959/2019 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Qeyd olunan qərardaddan narazı qalan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci ildə o, ərizənin nəticəsi ilə bağlı məhkəməyə telefonla müraciət edərkən ona məlum olmuşdur ərizəsi rədd edilmişdir. Hesab edir ki, məhkəmə ərizəsinə tam və hərtərəfli baxmamış və bu səbəbdən həmin qərardad ləğv edilməli və ərizəsi təmin edilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(009)-1959/2019 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Azərbaycan Respublikası MPM-nin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası MPM-nin 158.1.1-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq olar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinin İ, İİİ və V hissələrinə, 28-ci maddəsinin İ və İİİ hissələrinə, 29-cu maddəsinin İİ hissəsinə, 59-cu maddəsinə, 71-ci maddəsinin İ və İİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2018-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Göründüyü kimi qanunverici iş üzrə qəbul ediləcək qətnamənin gələcəkdə real icra edilə biləcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbir görülməsini nəzərdə tutmuşdur. İddianı təmin etmək qərarının qəbul edilməsi üçün əsas, məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüzlüyü ilə əlaqədardır. Lakin, iddiaçı nəzərə almamışdır ki, hazırkı iş üzrə artıq məhkəmə qətnaməsi qəbul edilmiş və iddia tələbi rədd edilmişdir. Qanunvericilikdə “prosesin istənilən mərhələsi” ifadəsi məhkəmə qətnaməsinin qəbul edildiyi anadək olan müddət, o cümlədən iş üzrə icraatın dayandırıldığı müddəti nəzərdə tutulur və bu müddət ərzində məhkəmə işdə iştirak edən şəxsin ərizəsinə əsasən iddianın təmin edilməsi barədə müvafiq tədbirlər görə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddianın təmini tədbiri barədə ərizəni rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1959/2019 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Şeyda Məhərrəmova Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar