Məhkəmə qərarları › İş №2(103)-7193/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7193/2021

09.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7193/2021 09.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2123/2020 saylı, 11 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı “Azəriqaz” İstehsalat Birliyi və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiаçı «Azəriqaz» İstehsalat Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən Cavabdeh tərəfindən iddiaçı “Azəriqaz” İstehsalat Birliyinə vurulmuş 2680.89 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə isə 2710.89 manat pulun cavabdehdən məcburi qaydada tutularaq “Azəriqaz” İB-nin Azərbaycan Beynəlaxalq Bankı “Azəriqaz” Şöbəsi üzrə (Kod 805573, VÖEN **********, M/H AZ02NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ72İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2123/2020 saylı, 11 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 1357.29 (min üç yüz əlli yeddi manat iyirmi doqquz qəpik) manat məbləğində dəymiş ziyan və 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin xeyrinə ödənilməsi qət edilmişdir. “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, qətnamənin ləğv ediləməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 1-ci instansiya məhkəməsində işə birtərəfli, qərəzli və qeyri-obyektiv baxmışdır. Birincisi iş materiallarına əlavə edilmiş fotoşəkillərdən də aydın şəkildə görünür ki, cavabdehin mənzilində qanunsuz qoşulma var. İkincisi əgər məhkəmə işi obyektiv araşdırsaydı müəyyən edərdi ki, cavabdeh 2016-cı ildən etibarən bu günə kimi heç bir ödəniş həyata keçirməyib. Bu özü şübhə doğuran məqamdır. İstehlakçının altı ilə yaxındır ki, ödəniş etmədən təbii qazdan hansı formada istifadə etdiyi sual yaratdığına baxmayaraq, hakim bu xüsusları araşdırmamışdır. Məhkəmə yalnız cavabdehin özünü müdafiə xarakterli çıxışlarını sübut kimi qəbul etmiş və iddiaçının sənədlərini bilinməyən səbəbdən fakt kimi qəbul etməmişdir. Bu kimi hallar isə qazpaylayıcısını ziyana salmaqla yanaşı istehlakçılar arasında intizamsızlıq yaradır. Belə ki, bir qrup şəxs istifadə etdiyi təbii qaza görə pul ödədiyi halda bu kımi şəxslər isə pul ödəmədən qazdan qeyri-qanuni istifadə etmiş sonda isə məhkəmə onun borcunu silmişdir. Tərəflər arasında imzalanmış müqavilənin 2.3.5-ci bəndinə əsasən istehlakçı (bizim halda iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrini icra edilməməsi nəticəsində qazpaylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şuranın 14.03.2011-ci il tarixli, 11 №-li qərarı ilə təsdiqlənmiş “istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması, hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na əsasən müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə qaydaları”'nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli, 80 saylı qərarın 6.5-ci bəndinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Birinci instansiya məhkəməsi isə qeyd olunan aktları sübut kimi qəbul etməməklə yanlış nəticəyə gəlmişdir, belə ki, materialları mübahisəsiz olaraq müəyyən edilmişdir kı, iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulma halları olmuşdur. Belə olan halda hesab edir ki, işin müəyyən edilmiş hallarından və iş materiallarında olan sənədlərdən də, göründüyü kimi “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tələb olunan məbləğ qanuni və əsaslıdır. Birlik hesab edir ki, istehlakçı qazın alqı-satqısı barədə müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və belə olan halda öhdəlikləri icra etmədiyi və pozduğu üçün məsuliyyət daşımalıdır. Cavabdeh da apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, Cavabdeh tələbinə dair yeni qətnamə qəbul edərək, Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, fərdi yaşayış evi mərhum atası X2 məxsusdur, eyni zamanda "Qaz paylayıcı qurğu sayğacda X1 adınadır. 22.06.2017-ci ildə sayğac quraşdırılmayıb. Mənzildə olan qaz sayğacının kartı işləmədiyi üçün müraciət etmişlər "Azəriqaz" İstehsalat Birliyi tərəfindən bildirilmişdir ki, mərhumun adına kart verilə bilməz. Buna əsasən Cavabdeh ilə müqavilə bağlanıb. X1 adına abonent kodu olduğu halda ünvan 1 ünvanına heç bir sənəd onun tərəfindən təqdim olunmadığı halda "Azəriqaz" İstehsalat Birliyinin Bakı Regional Qazın satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Cavabdeh bu barədə Bakı Apellyasiya Məhkəməsi tərəfindən aldığı Suraxanı Rayon Məhkəməsinin 11.11.2020-ci il tarixli 2(010)-2123/2020 saylı qətnaməsində yazıldığını gördü. Araşdırıb öyrəndi ki, **********00000 nömrəli abonent kodu 3666.21 manat borc vəsaiti ilə X3 məxsusdur. İddiaçı "Azəriqaz" istehsalat Birliyi 1-ci instansiya məhkəməsində işə birtərəfli, qərəzli və qeyri-obyektiv baxılmasını bildirmişdir. Təəssüfki bu hallar iddiaçı "Azəriqaz" İstehsalat Birliyi tərəfindən gözdən yayınmışdır. Qeyd: qaz sayğacı işləmədiyi üçün 04.03.2020-ci il tarixdə 12-31 saylı müqaviləyə əsasən Akt № ******* 04.03.2020-ci il tarixdə X1 adına yuxarıda qeyd olunan ünvana-yeni qaz sayğacı (Markası G-4, № **********7) quraşdırılıb, istifadə etdiyi qazın dəyərini 18.05.2020-ci il tarixdə 8.20 manat, 15.07.2020-ci il tarixdə 20 manat, 16.08.2020-ci il tarixdə 3.60 manat, 02.09.2020-ci il tarixdə 8.40 manat, 18.10.2020-ci il tarixdə 15 manat, 26.11.2020-ci il tarixdə 14.10 manat, 16.12.2020-ci il tarixdə 10 manat, 17.01.2021-ci il tarixdə 10.60 manat, 17.02.2021-ci il tarixdə 12.80 manat, 22.03.2021-ci il tarixdə 11 manat ödəniş etmişdir.Qanunvericilik sübutetmə yükünün tərəflər arasında bölüşdürmüşdür. İşə baxılması vaxtı və yeri haqqında iddiaçı «Azəriqaz» İstehsalat Birliyinə və cavabdehə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı səbəbini göstərmədən nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdeh isə məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, «Azəriqaz» İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında 22.06.2017-ci il tarixində 12/23255 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə” imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “Azəriqaz” İstehsalat Birliyi abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana «Azəriqaz» İstehsalat Birliyinin Bakı Regional Qazın satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Sözügüdən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı 1002AQ**********6 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdehin istifadəsində olan G-4 markalı 1002AQ**********6 saylı qaz sayğacına baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə müəyyən olunmuş, ******* saylı, 30.11.2018-ci il tarixli ******* saylı, 28.12.2018-ci il tarixli ******* saylı, 31.01.2019-cu il tarixli ******* saylı, 28.02.2019-cu il tarixli ******* saylı, 29.03.2019-cu il tarixli ******* saylı, 30.04.2019-cu il tarixli ******* saylı, 30.05.2019-cu il tarixli ******* saylı, 28.06.2019-cu il tarixli ******* saylı, 31.07.2019-cu il tarixli ******* saylı, 30.08.2019-cu il tarixli ******* saylı, 30.09.2019-cu il tarixli ******* saylı, 30.10.2019-cu il tarixli ******* saylı, 29.11.2019-cu il tarixli ******* saylı, 30.12.2019-cu il tarixli ******* saylı, 01.2020-ci il tarixli ******* saylı aktlar tərtib olunmuşdur. Həmin aktlar əsasında cavabdeh tərəfindən iddiaçıya zərər vurulduğu müəyyən edilmişdir. Həmçinin, məhkəmə iclasında iştirak edən cavabdeh sayğaca kənar xətt qoşduqlarını etiraf etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən ona vurulmuş zərəri tələb etməkdə haqlı olmuşdur. Lakin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş bildiriş-xəbərdarlıqdan görünür ki, **********00000 abonent kodlu istehlakçıya 02.09.2020-ci il tarixə 1357.29 manat məbləğində yekun borc hesablanmışdır. Həmçinin, iş materiallarında olan abonentin saldosundan görünür ki, abonentin 05.2020-ci il tarixə 1340.69 manat məbləğində borcu olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq məbləğ sonuncu qəbzdə yekun borc kimi göstərilən 1357.29 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissələrdə ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətlərinin dəlilləri həcmində yoxlayır. İddiaçı apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin tam ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni ilk iddianın təmin edilməyən, (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Cavabdehin apellyasiya şikayətinin obyektini də birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, maddi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Cavabdeh iddiaçıya maddi ziyan vurduğunu, yəni sayğacdan kənar qazdan istifadə etdiyini etiraf etmiş, lakin tələb edilən məbləğdə iddiaçıya zərər vurmadığını bəyan edir. İddiaçı isə məhkəmənin təmin etdiyi məbləğdə deyil, özünün tələb etdiyi məbləğdə ona ziyan vurulduğunu göstərsə də buna dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Belə ki, cavabdehin 2016-cı ildən bugünədək ödəniş etmədiyini göstərsə də bu dəlillər əsaslı hesab edilə bilməz. Çünki, cavabdehlə qazın alqı-satıqısı barədə müqaviləni 22 iyun 2017-ci il tarixdə bağlamışdır. Cavabdehin özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazdan qeyri-qanuni istifadəyə dair 2017-ci ildə yalnız bir akt tərtib edilmiş, digər aktlar 2018 və 2019-cu illərdə, bir akt isə 2020-ci ildə tərtib edilmişdir. Məhkəməyə isə 10 mart 2020-ci ildə müraciət etmişdir. Qeyd olunan aktların mötəbərliliyi də ziddiyyətli olduğundan qəbul edilə bilməz. Çünki, bütün aktlarda hələ 14 dekabr 2016-cı ildə vəfat etmiş Sabir Hüseynovun imza etməkdən imtina etdiyi göstərilmişdir. Bu hal ona dəlalət edir ki, qeyd olunan aktlar formal tərtib edilmişdir. İkincisi, cavabdeh iddiaçıya tələb etdiyi məbləğdə, yəni 2680.89 manat məbləğində zərər vurmuşdursa, onda hansı səbəbdən 02 sentyabr 2020-ci il tarixə, başqa sözlə məhkəməyə müraciət etdikdən təxminən 6 ay sonra yekun borc kimi 1357,29 manat tələb edərək cavabdehə bildiriş-xəbərdarlıq göndərmişdir(bax.i.v.116-117). Təbii ki, bu cari borc ola bilməz, çünki iddiaçı cavabdehdən sayğacdan kənar qazdan istifadə etdiyi üçün pul tələb edir. Əlbətdə, cavabdeh iddiaçıya sayğacdan kənar qazdan istifadə etdiyinə görə vurduğu zərəri ödəməlidir. Ancaq qazdan istifadə ilə bağlı maddi zərər də vurulan həcmdə ödənilməlidir. Üçüncüsü, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş itirilmiş təbii qazın dəyərinin hesablanması barədə sənədlər iddia tələbini əsaslı edən sübutlar kimi qiymətləndirilə bilməz. Çünki, itirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə nəinki cavabdehin, ümumiyyətlə hansısa şəxsin iddiaçıya hansısa miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. İddiaçı qeyd olunan dövrdə cavbdehin sayğac vasitəsilə hansısa həcmdə qaz istehlak etdiyinə dair də məhkəməyə sübut təqdim etməmiş, əksinə cavabdeh apellyasiya şikayətində 04.03.2020-ci ildə quraşdırılmış yeni sayğac vasitəsilə istehlak etdiyi qazın dəyərini ödədiyi məbləğləri göstərmiş, iddiaçı isə cavabdehin apellyasiya şikayətinin bu dəlillərinə münasibət bildirməmişdir. Buna görə də cavabdehin qeyd olunan məbləğdə qaz istehlak etməsi də inandırıcı və ağlabatan görünmür. Dəymiş zərərin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şuranın 14.03.2011-ci il tarixli, 11 №-li qərarı ilə təsdiqlənmiş “istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması, hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na əsasən müəyyən edilməsi isə mötəbər sayıla bilməz. Çünki, həmin sənədin normativ hüquqi akt kimi qeydiyyatdan keçməsinə dair sübut da iddiaçı tərəfindən təqdim edilməmişdir. Dördüncüsü, cavabdehin şikayətində göstərdikləri dəlillər də qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, cavabdeh də mübahisələndirdiyi hissədə qətnaməni qanunsuz və əsassız hesab etsə də, qanunsuzluğun nədən ibarət olduğunu və əsassızlığın nədə ifadə olunduğunu konkret olaraq göstərmir. Ümumi dəlillərdən istifadə edilməsi iddianın təmin olunan hissədə əsaslılığını təkzib edə bilməz. Abonent kodunun məhkəmə tərəfindən səhv göstərilməsi də işə qeyri-obyektiv və qərəzli baxılması kimi qiymətləndirilə bilməz. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərdikləri dəlillər qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissələrdə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Apellyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2123/2020 saylı, 11 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar