Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-721/2021 26.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-1056/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən 2000 manat pulun, həmin pul vəsaitini vaxtında qaytarmadığına görə qətnamənin çıxarıldığı gün üçün bank uçot dərəcəsi əsas götürülməklə faiz borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2018-ci ilin okytabr ayında «xxxx» Neft Şirkətində işləyən Cavabdeh şirkətdə ona uyğun iş yerinin olub-olmadığını soruşanda sonuncu, ona dayısının «xxxx»da müdir olmasını demiş və onu da həmin yerə işə düzəldə biləcəyini bildirmişdir. Lakin bu işə düzəlmək üçün 2000 manat pul ödəməli olacağını da bildirmişdir. O, razılaşdıqdan sonra elə həmin ərəfədə Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi, 23 saylı ünvanın qarşısında 2000 manat pulu Cavabdeh vermişdir. Lakin Cavabdeh verdiyi sözə əməl etməyərək onu işə düzəltməmişdir. Vəziyyətin belə olduğunu görəndə cavabdehdən pulunu geri istəmiş, pulunun qaytarılmamasını görüb məcburiyyət qarşısında şikayət ərizəsi ilə Binəqədi Rayon Polis İdarəsinə müraciət etmişdir. Lakin, cavabdehin əməlində cinayət tərkibi olmadığına görə xx xxxxxxxx 2019-cu il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. O, cavabdehdən pulununun qaytarılmasını istəyərkən sonuncu ona maaş kartını vermiş və bildirmişdir ki, hər ay 200 manat kartdan çıxartmaqla borcu kart vasitəsi ilə ödəyəcək. Lakin o,həmin kartdan istifadə etmək istəyərkən, kartın bağlı olduğunu görmüşdür. Yəni həmin kartdan heç bir məbləğ çıxarta bilməmişdir. Cavabdeh həqiqətəndə ondan xx.xx.2019-cu il tarixində 2000 manat pulun alması barəsində əl yazması da vardır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)- 1056/2020 saylı qətnaməsi ilə (hakim Nigar Nəbizadə) iddia ərizəsi qismən təmin olunmuş, Cavabdeh 1000 (bir min) manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun 15 (on beş) manat hissəsinin tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 121,52 manat məbləğində pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət olunmuşdur. İddiaçı məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv olunmasını, iddianın tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni iddianın təmin olunmayan hissəsində əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsini, cavabdehin ondan 1000 manat deyil, 2000 manat pul almasını, şahidlərin ifadələrinin nəzərə alınmaması və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini əsassız sayaraq birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İlkin olaraq qeyd edilməlidir ki, iddia ərizəsi qismən təmin olunmuş, cavabdeh qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz iddiaçının apellyasiya şikayəti həddində (iddianın təmin olunmaması hissədə) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Cavabdeh izahatında iddiaçıdan faizə 1000 manat pul almasını, həmin pulun 800 manatını qaytarmasını, iddiaçıya həmçinin 600 manat dəyərində «Samsung A3» markalı mobil telefonu verməsini bildirmişdir. İşdə olan sadə yazılı formada tərtib edilmiş xx.xx.2018-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh X2 işə düzəltmək üçün pul (qəbzdən pulun miqdarının 1000 manat və ya 2000 manat olması aydın deyildir). Cavabdeh məhkəmə iclasında verdiyi izahatında həmin qəbzin onun tərəfindən yazılıb imzalanmasını etiraf etmiş, lakin bildirmişdir ki, o, həmin qəbzi yazarkən 1000 manat yazmış və həmin məbləğdə «1» rəqəmi sonradan iddiaçı tərəfindən «2» edilmişdir. İşdə olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə xəttşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş mülki işin 8-ci vərəqəsində olan «Mən Cavabdeh...» sözləri ilə başlayan və «xx.xx.2018 İmza: Abbasov (imza)» sözləri ilə bitən qəbzin mətninin üçüncü sətirdəki «000» rəqəmlərinin önündəki rəqəmin yerində düzəlişlər aparılmışdır. Lakin təqdim olunmuş qəbz kserosurət olduğu üçün həmin düzəlişlərin hansı üsulla aparıldığını və ilkin hansı rəqəmin olduğunu müəyyən etmək mümkün olmadı. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X10 ifadəsində göstərmişdir ki, cavabdehi bir dəfə görmüşdür. Yeganə ilə (İddiaçı Yeganə adı ilə çağırırlar) dükanın yanından keçirdilər və Yeganə Rüfətdən soruşdu ki, işi nə oldu. Rüfət də dedi ki, tezliklə düzələcək. Yeganə ona bildirdi ki, Rüfət onu işə düzəltmək üçün 2000 manat pul alıb. O, da xahiş etdi ki, Rüfət onun ərini də işə düzəltsin. Rüfət onun ərinin işə düzəldilməsi üçün 3000 manat istədi. İddiaçı faizə pul verməklə məşğul deyildir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X11 ifadəsində göstərmişdir ki, Yeganəni çoxdan tanıyır. Cavabdehə pul verilən gün Yeganə ona zəng elədi ki, görüşüb birlikdə salona getsinlər. Salondan çıxanda Yeganə yolda Rüfətlə görüşdü və pulu Rüfətə verdi, Rüfət isə əlindəki kağızı Yeganəyə verdi. Yeganə ona dedi ki, Rüfət onu aşbaz işinə düzəldəcək. Yeganə də Rüfətə buna görə 2000 manat məbləğində pul verdi. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən göstərmişdir ki, iddiaçının sübut kimi istinad etdiyi qəbzin əsli iş materiallarında olmasa da, həmin qəbzin mövcudluğu və qəbzin Cavabdeh tərəfindən imzalandığı işin mübahisəsiz hallarındandır. Cavabdeh həmin qəbzi tərtib edərək imzalamasını məhkəmə iclaslarında dəfələrlə etiraf etmiş, lakin qəbzdə yazılmış məbləği mübahisələndirmişdir. Cavabdehin sözlərinə görə qəbzə ilkin olaraq 1000 manat yazılmış və «1» rəqəmi sonradan cavabdeh tərəfindən «2» rəqəminə düzəldilmişdir. İddiaçı qeyd olunan qəbzin əslini tapa bilmədiyinə görə ekspert tərəfindən həmin məsələyə aydınlıq gətirilməsi mümkün olmamışdır. İddiaçı öz tələbinin əsası kimi iddia ərizəsinə cavabdehin etirafedici izahatını əks etdirən cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxxxx 2019-cu il tarixli qərarının surətini əlavə etmişdir. Lakin həmin qərarda cavabdeh 2000 manatın deyil, iddiaçıdan 1000 manat məbləğində pulun borc alınmasını göstərmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı apellyasiya şikayətində cavabdehə 1000 manat deyil, 2000 manat pul verməsini göstərmiş, lakin tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Əksinə, cavabdeh həm izahatlarında, həm də iddiaçının şikayəti üzrə təhqiqat orqanında verdiyi yazılı izahatında iddiaçıdan cəmi 1000 manat pul almasını bildirmişdir. İddiaçı isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının sübut kimi təqdim etdiyi sadə yazılı formada tərtib edilmiş xx.xx.2018-ci il tarixli qəbzin surətindən də pul vəsaitinin məhz 2000 manat olması birmənalı görünmür. Çünki, qəbzdəki rəqəmə düzəliş olunmuş və birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə xəttşünaslıq ekspertizası zamanı da qəbzdəki rəqəmin 1000, yoxsa 2000 olmasını müəyyən etmək mümkün olmamışdır. Çünki, iddiaçı qəbzin əslini məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, həmin sübutu təqdim etmək iddiaçının üzərinə düşür. MPM-nin 89.3-cü maddəsinin tələbinə görə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Bununla yanaşı, iddiaçı apellyasiya şikayətində şahidlərin ifadələrinin nəzərə alınmamasını da göstərmişdir. Məhkəmə kollegiyası həmin dəlilə münasibət bildirərək qeyd edir ki, şahidlərin ifadələrindən iddiaçı tərəfindən cavabdehə məhz 2000 manat pul verilməsi sübuta yetirilmir. Məsələn, şahid X6 ifadəsindən görünür ki, o, məhz iddiaçının ona deməsindən bilmişdir ki, cavabdehə 2000 manat pul verib, digər şahidin ifadəsindən isə 2000 manat pul vəsaitinin verilməsi şəraiti aydın deyildir. Eyni zamanda, əgər pul vəsaiti bilavasitə şahidlərin iştirakı ilə verilmişdirsə, o zaman pulun alınması ilə bağlı tərtib olunmuş qəbzdə onların da iştirakı göstərilərdi. Həmçinin, şahidlər bilavasitə iddiaçı ilə yaxın münasibətlərdə olan şəxslər olduğundan, onların ifadələri iddiaçının mənafeyinə uyğun olmuşdur. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və işdə olan sübutları nəzərə alaraq, hesab edir ki, iddiaçı cavabdehə 2000 manat pul verməsini mötəbər sübutlarda əsaslandıra bilməmişdir. İşdə olan sübutlar pul vəsaitinin məbləğinin 1000 manat olması qənaətinə gəlməyə əsas verir. Eyni zamanda, yuxarıda qeyd edildiyi kimi, cavabdeh də iddiaçıdan cəmi 1000 manat pul almasını istər əvvəllər (polisdə təhqiqat zamanı), istərsə də məhkəmə araşdırması zamanı etiraf etmişdir. MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göründüyü kimi iddiaçı apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Eyni zamanda iddiaçının izahatı da iddianın tam əsaslı olunması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, iddia qalan hissədə də (faizlərin ödənilməsi) əsassız olmuş, iddiaçı həmin hissədə də tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmiş, həmçinin həmin hissədə tələbinin konkret həddini (məbləği) göstərməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri, həmçinin apellyasiya şikayətinin dəlillərinin əsassız olmasını nəzərə alaraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Birinci instansiya məhkəməsi yoxlanılan hissədə sübutları düzgün qiymətləndirmiş, maddi hüquq normaları baxımından qanuni və əsaslı qətnamə qəbul etmişdir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-1056/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-1056/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-721/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-721/2021
26.01.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver