Məhkəmə qərarları › İş №2(103)-7211/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7211/2021

09.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7211/2021 09.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli 2(009)-877/2020 saylı qətnaməsindən cavabdeh Bakı şəhəri 2 saylı Notariat Kontoru tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 2 saylı notariat ofisinin notariusu X2 tərəfindən verilmiş 04.12.2019-cu il tarixli icra qeydinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli 2(009)-877/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Bakı şəhəri 2 saylı Notariat Ofisinin notariusu Zəminə Abdullayeva apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri notariat fəaliyyəti baxımından vahid ərazidir. 1-ci instansiya məhkəməsi iddianın təmin edilməsinin əsas dəlili kimi icra qeydinin borclunun olduğu yer üzrə çıxarılmamasını, bununla da "Notariat haqqında" Qanunun 76-cı maddəsinin pozulmasını göstərmişdir. Cavabdeh hesab edir ki, həmin qanunun 76-cı maddəsinə əməl etmişlər. 2 saylı notariat ofisi Bakı şəhəri Səbail rayonu ərazisində yerləşir. İddiaçının halhazırda faktiki yaşadığı yer isə Bakı şəhərinin digər rayonu olan Qaradağ rayonudur. Yəni, hər iki ünvan Bakı şəhəridir və Bakı şəhəri notariat fəaliyyəti baxımından vahid dislokasiya ərazisi sayılır. Qaradağ rayonu da Bakı şəhəri üzrə ərazi dislokasiyasına daxil olduğundan icra qeydinin Qaradağ rayonu deyil, Səbail rayonu ərazisində yerləşən notariat ofisində çıxarılmasını qanun pozuntusu saymaq əsassızdır. Ən azı bunun əksini təsbit edəcək heç bir hüquq norması yoxdur. Digər tərəfdən icra qeydini aparan notariat ofisinin borclunun faktiki yaşayış yerini müəyyən etmək ücün sənəd toplama öhdəliyi voxdur. Notarius tələbkarın nəzərdə tutulmuş sənəd və məlumatları təqdim etdiyi üçün icra qeydi aparılmışdır. Notariat qurumu olaraq hər hansı pozuntuya yol verilməmişdir. Digər tərəfdən, icra qeydi çıxarılmamışdan öncə bank tərəfindən kredit müqaviləsi üzrə iddia müddətinin ötürülüb ötürülməməsi, dövlət rüsumunun lazımi qaydada ödənilməsi, öhdəlik barədə borclunın vaxtında məlumatlandırılması və s. məsələlərə əməl edilməsi notariat ofisi tərəfindən yoxlanılır. Yalnız bütün tələblər ödənildikdən sonra icra qeydi çıxarılır. Hazırki mübahisə üzrə yuxarıda sadalanan zəruri tələblər bank tərəfindən lazımi qaydada yerinə yetirildiyindən icra qeydi tam qanuni əsaslarla çıxarılmışdır. Bundan əlavə icra qeydinin Qaradağ rayonu deyil, Səbail rayonu ərazisində yerləşən notariat ofisində çıxarılması iddiaçının banka olan kredit borcuna, onun artıb-azalmasına, borclunun gediş-gəlişinin çoxalmasına heç bir formada təsir etmir. Hər bir halda icra qeydi borclunun iştirakı olmadan çıxarılır və həmin icra qeydi borclunun yaşayış yeri üzrə İcra və probasiya şöbəsində icra olunur. Bu iş də borclunun hazırkı faktiki yaşayış yeri üzrə Qaradağ Rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Danılmaz fakt ondan ibarətdir ki, iddiaçının kredit müqaviləsi üzrə Cavabdeh2 ASC- yə borcu vardır və İddiaçı ödənişi etməkdən yayınır. Məhkəmə isə işə formal əsaslarla deyil, işin həqiqi halları və tərəflərin qarşılıqlı hüquq münasibəti üzrə mahiyyəti üzrə baxmalı, bu mənada hansısa formal “əsasa” görə icra qeydini etibarsız hesab etməməli idi. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7078/2020 nömrəli iş üzrə 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul olanaraq iddia tələbi rədd edilmişdir. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 may 2021-ci il tarixli 2(102)-2607/2021 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7078/2020 nömrəli iş üzrə 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 may 2021-ci il tarixli 2(102)-2607/2021 saylı qərarında qeyd edilmişdir ki, “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən notarius tərəfindən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş iddia müddətləri keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli və bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci maddəsi, həmçinin nəzərdə tutur ki, tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 iş günü müddətində icra qeydi aparır. Notarius tərəfindən icra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılmalıdır. Qaydaların 162-ci maddəsinə əsasən müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Nəzərə alınmalıdır ki, notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Həmin siyahının İİ hissəsinin 2-ci bəndinə müvafiq olaraq Banklar tərəfindən kredit müqaviləsi üzrə icra qeydi almaq üçün aşağıdakılar təqdim olunmalıdır: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı. Beləliklə, qanunvericilik bəzi tələblər, o cümlədən, banklar və digər kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə yaranmış borcların qaytarılması tələbləri üzrə məhkəmədən kənar sadələşdirilmiş qayda – notarius tərəfindən icra qeydi verilməklə tələbin icraya yönəldilməsi qaydasını müəyyən etsə də, borcluların hüquqlarını və qanunla qorunan mənafelərini nəzərə alaraq belə icra qeydlərinin verilməsinə bir sıra ciddi tələblər irəli sürmüş və borclulara həmin qeydləri və borcun məbləğini məhkəmədə mübahisələndirmək imkanı vermişdir. Bu cür mübahisələrə məhkəmələr tərəfindən baxılarkən icra qeydinin verilməsi zamanı tələbkarlar və notariuslar tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə düzgün riayət edilib-edilmədiyinə, o cümlədən, borcun mübahisəsiz olduğunun notarius tərəfindən yoxlanıldığına, tələb üzrə iddia müddətinin keçdiyinə, tələbkarın müəyyən edilmiş qaydada və müddətlərdə borcluya icra qeydinin aparılacağı barədə bildiriş göndərdiyinə, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının hansı hissədə gecikdirilməsinə xüsusi diqqət yetirilməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, mövcud qanunvericiliyə əsasən sadalanan tələblərə riayət edildiyini yoxlamaq və icra qeydinin normativ hüquqi aktların tələblərinə uyğun verilməsini təmin etmək notariusun vəzifəsi olduğu, habelə bu sənədlər notariat orqanında saxlandığı üçün borclu tərəfindən mübahisələndirildiyi halda sadalanan məsələlərə dair sübutları məhkəməyə təqdim etmək vəzifəsi notariat orqanlarının üzərinə düşür. Çünki, MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşımaqla yanaşı, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Baxılan iş üzrə iddiaçı iddia ərizəsini, həmçinin onunla əsaslandırmışdır ki, icra qeydinin verilməsi barədə ümumiyyətlə məlumatsız olmuş, tələb olunan borcun məbləği Bank tərəfindən əsassız şişirdilmiş, notarius borcun məbləğinin mübahisəsiz olduğunu araşdırmamış, qanunla müəyyən edilmiş müddətlər nəzərə alınmadan kredit müqaviləsi üzrə icra qeydi verilmişdir. İddiaçı tərəfindən borcun məbləği mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi borcun mübahisəsiz olduğu barədə qənaətə gəlmişdir. Məhkəmə yalnız icra qeydinin verilməsi zamanı notarius tərəfindən aidiyyət qaydalarının pozulmadığına istinad edərək, tələbkar və notarius tərəfindən mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarının tələblərinə düzgün riayət edilib-edilmədiyi üzrə hüquqi dəyərləndirmə aparmamış və MPM-in sübutetmə ilə bağlı müddəaları nəzərə almadan iddianın təmin olunmaması barədə məhkəmə aktı qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı bildirdi ki, o, əsas borcdan yayınmır. Gecikmə gününü bank qəsdən 295 gün göstərib. Bank 7000 manatdan çox borc hesablayıb. Həmçinin notariusun qeyd etdiyi şəxsiyyət vəsiqəsi onun köhnə vəsiqəsidir. Bank tərəfindən ona bildiriş gəlməyib, heç telefonla da məlumat verməyiblər. 3658 manat əsas borcdur. Amma onun həmin məbləğdən ödənişləri var. 800 manat ödəniş etmişdir. Faiz məbləği isə hədsiz çoxdur. 36 ay müddətinə borcu götürmüşdü. Məhkəmə iclasında üçüncü şəxs Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 bildirdi ki, yazılı bildiriş tərəfin ünvanına göndərilib. Onların borcu həmin bildirişi göndərmək idi. Bildirişin əldə edilib-edilməməsinin mütləqliyi barədə qanunun göstərişi yoxdur. Kredit müqaviləsi varsa, borcun olması mübahisəsiz haldır. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş cavabdeh Bakı şəhəri 02 saylı Notariat Ofisi nümayəndəsinin iştirakını təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi şikayət qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianın təmin edərkən qeyd etmişdir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Hazırkı mülki işdə isə iddia ərizəsindən və iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçının qeydiyyat yeri ünvan 3 ünvan isə ünvan 4, mənzil 13 olmaqla cavabdeh 2 saylı Notariat Kontorunun fəaliyyət göstərdiyi əraziyə daxil deyildir. Beləliklə, cavabdeh iddiaçının olduğu yer üzrə səlahiyyəti olmadan icra qeydi verməklə qanuvericiliyin tələblərinə riayət etməmişdir. 2 saylı notariat kontorunun notariusu tərəfindən verilmiş 04.12.2019-cu il tarixli icra qeydi «Notariat haqqında» Qanununun tələblərinə zidd olaraq verildiyindən, həmin icra qeydi etibarlı hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qismən əsaslı olduğundan qətnamənin ləğv edilməsi üçün əsas olsa da, iddianın rədd edilməsi üçün əsas deyildir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 may 2021-ci il tarixli 2(102)-2607/2021 saylı qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburi olduğundan hazırki iş üzrə o göstərişlərin məcburiliyi mütləq qəbul edilir. Əvvəla, “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli və bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci bəndi də nəzərdə tutur ki, tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 iş günü müddətində icra qeydi aparır. Göründüyü kimi, tələbkar tərəfindən qeyd olunan normaların tələblərinə riayət edilməməsini notarius nəzərə almamışdır. Belə ki, apellyasiya baxışı zamanı tələbkarın nümayəndəsinin təqdim etdiyi sənədin surətindən də bəlli olur ki, əvvəla borcluya bildiriş “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi vasitəsilə göndərilməmiş, “Zaman Ekspres” kuryer xitməti vasitəsilə göndərildiyi iddia olunur. Kuryer xidməti isə sifarişli poçt göndərişi sayılmır. Bundan əlavə, həmin bildirişin həqiqətən göndərildiyi və mötəbərliliyi də şübhəlidir və qəbzə “ünvan bağlıdır” qeydi yazılmaqla geri qaytarıldığı görünür. Ancaq tələbkar bank bildirişin borcluya çatdırılmasını təsdiq edən sənədi icra qeydinin aparılması barədə ərizəyə əlavə etməliydi və notarius da mütləq bu sənədi gördükdən sonra icra qeydi verməli idi. İkincisi, notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Həmin siyahının İİ hissəsinin 2-ci bəndinə müvafiq olaraq Banklar tərəfindən kredit müqaviləsi üzrə icra qeydi almaq üçün aşağıdakılar təqdim olunmalıdır: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı. Göründüyü kimi, notarius tələbkar tərəfindən həmin siyahıda göstərilən sənədlərin hamısının, o cümlədən alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışının ona təqdim olunmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bu cür vəziyyətdə notariusun borcun mübahisəsiz olmasının yoxlanılması da mümkünsüz vəziyyətə düşür. Belə ki, işdə olan notariat icra qeyd haqqında ərizədən(bax.i.v.26) görünür ki, tələbkar borcludan cəmi 7168.80 manat tələb etsə də, bu məbləğin 3976.53 manatı faiz, 3192.27 manatı isə əsas borca aiddir. Bu halın özü artıq borcun mübahisəli olduğuna dəlalət edir. Ona görə də notarius icra qeydi verməmişdən əvvəl bu halları yoxlamalı idi. Qanunvericiliyə əsasən bu tələblərə riayət edildiyini yoxlamaq və icra qeydinin normativ hüquqi aktların tələblərinə uyğun verilməsini təmin etmək notariusun vəzifəsidir. Başqa sözlə bu sənədlər notariat orqanında saxlandığı üçün borclu tərəfindən mübahisələndirildiyi halda həmin məsələlərə dair sübutları məhkəməyə təqdim etmək vəzifəsi notariusun üzərinə düşür. Borclu isə hazırki işdə borcun məbləğini mübahisələndirir və bank tərəfindən şişirdildiyi üçün icra qeydinin etibarsızlığını tələb edir. Bu cür vəziyyətdə borcun məbləğinin mübahisəsiz olduğunu sübut etmək yükü artıq cavabdehin üzərinə düşür. Cavabdeh notarius isə apellyasiya şikayəti versə də məhkəməyə gələrək qeyd olunan hallara aydınlıq gətirmək istəməmişdir. Üçüncüsü, cavabdeh şikayətində həmçinin göstərir ki, danılmaz fakt ondan ibarətdir ki, iddiaçının kredit müqaviləsi üzrə Cavabdeh2 ASC- yə borcu vardır və İddiaçı ödənişi etməkdən yayınır, məhkəmə isə işə formal əsaslarla deyil, işin həqiqi halları və tərəflərin qarşılıqlı hüquq münasibəti üzrə mahiyyəti üzrə baxmalı, bu mənada hansısa formal “əsasa” görə icra qeydini etibarsız hesab etməməli idi. Göründüyü kimi, məhz bu dəlilin özü də notariusun qərərsizsiziliyini istisna edir. Çünki, notarius əgər tələbkarın mənafeyinə uyğun fikir söyləyirsə, o cümlədən borclunun ödəniş etməkdən yayındığını bəyan edirsə, demək icra qeydi verərkən də qərəzli olmuş, hətta bundan sonra da məhkəməni icra qeydini formala əsasa görə etibarsız hesab etməkdə qınayır. Şübhəsiz ki, bu yolverilməz yanaşmadır və istər-istəməz notariusun icra qeydi verərkən də qeyri obyektiv olduğuna dəlalət edir. Bununla yanaşı, birinci instansiya məhkəməsi iddianı yalınz “Notariat haqqında” Qanunun 76-cı maddəsində nəzərdə tutulan “borclunun olduğu yer üzrə notarius” müddəasını səhv təfsir etməklə təmin etməkdə haqlı olmamış və səhvə yol vermişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, notarius yalınz iddiaçının olduğu yer üzrə səlahiyyəti olmadan icra qeydi verməklə qanunvericiliyin tələblərinə riayət etməmişdir. Ancaq cavabdehin Bakı şəhəri Səbail rayonu ərazisində yerləşməsi, iddiaçının isə faktiki yaşadığı yerin Bakı şəhəri Qaradağ rayonu ərazisi olması qeyd olunan normanın tələblərinin pozulması demək deyil. Çünki, hər iki ünvan Bakı şəhəridir və notariat fəaliyyəti baxımından vahid dislokasiya ərazisi sayılır. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli 2(009)-877/2020 saylı qətnaməsi ləğv edilməli, iddia təmin edilməli, Bakı şəhəri 2 saylı Notariat Ofisi tərəfindən verilmiş 8İ-4879 nömrə ilə reyestrdə qeyd edilmiş 04.12.2019-cu il tarixli icra qeydi etibarsız hesab edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli 2(009)- 877/2020 saylı qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. Bakı şəhəri 2 saylı Notariat Ofisi tərəfindən verilmiş 8İ-4879 nömrə ilə reyestrdə qeyd edilmiş 04.12.2019-cu il tarixli icra qeydi etibarsız hesab edilsin. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar