Məhkəmə qərarları › İş №2(103)-7212/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7212/2020

23.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7212/2020 23.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh Ağəli qızına qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, iş üzrə tərəflərin özlərinin və cavabdehin vəkili (nümayəndəsi) X4 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin qanunsuz hərəkəti nəticəsində ona vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 15.000 manat, vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 10.000 manat, çəkdiyi xərclərin əvəzinin ödənilməsi məqsədi ilə 5.000 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin iddiaçını aldadaraq iddiaçıya məxsus 15.000 manat məbləğində pulu ələ keçirməsi faktı ilə bağlı istintaq orqanı tərəfindən icraatı başlanılmış ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş məhkəmə hökmünə əsasən cavabdeh cinayət məsuliyyətinə cəlb edilmiş, təqsirli bilinərək sınaq müddəti tətbiq edilməklə şərti cəzaya məhkum edilmişdir. Ona qaytarmalı olan 15.000 manat isə ödənməmişdir. Odur ki, qeyd edilən məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, iddiaçı, pozulmuş hüquqlarının bərpası üçün 5.000 manat məbləğində xərc çəkmişdir ki, həmin xərcin əvəzi cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçı mənəvi zərərə məruz qalmış, psixoloji iztirablar keçirmişdir. İddiaçı hesab edir ki, ona dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə cavabdehdən onun xeyrinə 10.000 manat məbləğində pul tutulmalıdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə cavabdehdən iddiaçının xeyrinə 14.100 manat məbləğində pul vəsaitin tutulmasını, qalan hissədə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı yuxarıda qeyd olunan cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmamışdır. Çünki Azərbaycan Respublikası Baş Prokuroru yanında X3 Baş İdarəsinin istintaq şöbəsinin sübutların qiymətləndirilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən (cavabdehin qardaşı) X5 barəsində cinayət təqibinə xitam verilməsi ilə əlaqədar iddiaçının zərərçəkmiş şəxs qismində olan statusuna xitam verilmişdir. Cavabdeh barəsində baxılan cinayət işi üzrə iddiaçının yalnız şahid statusu olmuşdur. İstintaq və məhkəmə orqanları hesab etmişlər ki, iddiaçı rüşvət vermiş şəxs olduğundan zərərçəkmiş şəxs hesab oluna bilməz. Bundan başqa cinayət işi üzrə müəyyən edilmişdir ki, iddiaçıdan pulu Mübariz Hüseynov almış və həmin puldan cavabdehə heç bir qəpik belə çatmamışdır. Cavabdeh və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdilər. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin məzmununa, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Göstərilənləri nəzərə alan Məhkəmə hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, iddia tələbi qismən təmin olunsa da iddiaçı Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Apellyasiya şikayəti vermiş cavabdeh isə iddianın qismən təmin olunmaması barədə Rayon Məhkəməsinin nəticəsini mübahisələndirmir, o, yalnız iddianın bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyini nəticəni mübahisələndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Odur ki, qeyd edilənlərə əsasən Məhkəmə, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Hazırki iş üzrə apellyasiya baxışının nəticələrini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmdən (İş № 1(101)-630/2019) görünür ki, (hazırki iş üzrə cavabdeh) Cavabdeh Azərbaycan Respublikasının CM-nin 178.2.1-ci, 178.2.4-cü, 32.4., 312.2-ci maddələri ilə təqsirli bilinərək 178.2.1-ci və 178.2.4-cü maddələrlə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, 32 4., 312.2-ci maddə ilə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə uyğun olaraq Cavabdeh təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası müəyyən olunmuş, barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq edilməklə 1 il sınaq müddəti müəyyən olunaraq o, həmin cəzaya şərti məhkum edilmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, Cavabdeh qabaqcadan bir qrup şəxslə əlbir olub etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, qabaqcadan əlbir olduğu bir qrup şəxs halında vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə özü və qeyrisi vasitəsi ilə maddi nemət olan pulu rüşvət qismində verməyə qeyrisini təhrik etmişdir. Belə ki, Cavabdeh, öldüyünə görə barəsində cinayət təqibinə xitam verilən qardaşı M.Hüseynov ilə qabaqcadan əlbir olduğu bir qrup şəxs halında birləşib Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tələbə qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamənin” 1-ci və 6.1-ci maddələrinə əsasən ali və orta ixtisas təhsil müəssisələrinin müxtəlif pillələrinə tələbə qəbulunun müasir kompüter texnologiyalarından istifadə etməklə mərkəzləşdirilmiş qaydada test üsulu ilə həyata keçirilməsinə və ona müraciət etmiş şəxsin əsasnamə ilə müəyyən edilən mərkəzləşdirilmiş qaydada test üsulu ilə keçirilən imtahan üzrə hər hansı ali və orta ixtisas təhsil müəssisəsinə qəbul edilmədiyini bilməsinə baxmayaraq 2005-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən təşkil olunmuş imtahanlarda “RF” altqrupu üzrə 103.339 bal, “RK” altqrupu üzrə 96.339 bal, 2008-ci ildə “R” altqrupu üzrə 31 bal toplayıb hər hansı təhsil müəssisəsinə qəbul olunmamasına görə respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrindən birinə qeyri-qanuni yolla qəbul olunmasında köməklik göstərilməsinə dair 2008-ci ilin sentyabr ayında özünə müraciət edən tanışı (hazırki iş üzrə iddiaçı) Ş.X1 rəhbər vəzifəli şəxsləri ilə olan yaxın münasibətlərindən istifadə etməklə onu tələbə kimi həmin universitetə qəbul etdirmək imkanına malik olduqlarını M.Hüseynovla birlikdə yalandan bildirərək aldatmış, məsələni yaxın münasibətdə olduğu göstərilən vəzifəli şəxsə İddiaçı xeyrinə bilə-bilə qanunsuz hərəkətin edilməsinə görə özü və M.Hüseynovun vasitəsi ilə birbaşa yolla maddi nemət olan 15.000 manat verilməsi müqabilində həll edəcəyini bildirəndə bu adla 2008-ci ilin oktyabr ayında İddiaçı özünün yaşadığı ünvan 1 ünvanının yaxınlığında 15.000 manat məbləğində pul vəsaitini alaraq M.Hüseynovla aralarında bölmüş, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində İddiaçı məxsus 15.000 manat məbləğində pul vəsaitini, yəni özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib adı çəkilən şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, M.Hüseynovla qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə edəcəyi bilə-bilə qanunsuz hərəkətin müqabilində birbaşa yolla özü və M.Hüseynov vasitəsi ilə maddi nemət olan pulu rüşvət qismində verməyə İddiaçı təhrik etmişdir. Cavabdeh apellyasiya şikayətində bildirir ki, iddiaçı yuxarıda qeyd olunan cinayət işi üzrə zərərçəkən şəxs olmadığı üçün hazırda maddi ziyan tələb edə bilməz. İddiaçının əməli də hüquqaziddir və buna görə də onun rüşvət kimi verdiyi vəsaiti geri tələb etməyə hüququ yoxdur. Bundan başqa cinayət işi üzrə müəyyən edilmişdir ki, iddiaçıdan pulu M.Hüseynov almış və həmin puldan cavabdehə heç bir qəpik belə çatmamışdır. Mövcud mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı Məhkəmə qeyd edir ki, MPM-nin 82.4-cü maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.4. maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, inzibati və ya iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yuxarıda qeyd edilən həmin hökmdən göründüyü kimi, Cavabdeh aldatma və etibardan sui-istifadə etmə yolu ilə İddiaçı xeyli miqdarda əmlakını ələ keçirməsi qüvvəyə minmiş məhkəmə qərarı ilə öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, həmin cinayət işi üzrə iddiaçının zərərçəkən şəxs qismində tanınıb-tanınmasından asılı olmayaraq iddiaçının hazırkı tələbi irəli sürməyə hüququ var. Çünki Məhkəmənin hazırki iddia tələbi üzrə müəyyən etməli olduğu hal cavabdehin iddiaçıya məxsus pul vəsaitini ələ keçiribkeçirməməsidir. Cavabdehin həmin vəsaiti ələ keçirməsi qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə öz təsdiqini tapır, cavabdeh məhz buna görə də məhkum olunmuşdur. Bundan başqa nəzərə alınmalıdır ki, qanuni qüvvəyə minmiş hökmlə cinayət yolu ilə ələ keçirilmiş məbləğin cavabdehdə qalmaması müəyyən edilməmişdir. İddiaçının cinayət işi üzrə zərərçəkən şəxs qismində tanınıb-tanınmaması, baş vermiş hadisə ilə bağlı iddiaçının hüquqazidd əməli hazırki mülki işə baxılan zaman heç bir əhəmiyyət kəsb etmir. Məhkəmə müəyyən edir ki, cavabdeh pul vəsaitini heç bir hüquqi əsas olmadan əldə etdiyi üçün əsassız varlanmışdır və o, aldıqlarını iddiaçıya qaytarmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Odur ki, göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin hazırki apellyasiya baxışının predmeti olan nəticə qanuni, əsaslı və işin hallarına uyğundur; apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmetini təşkil edən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh Ağəli qızının apellyasiya şikayəti hazırki apellyasiya baxışının predmeti olan hissədə təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamə hazırkı apellyasiya baxışının predmetini təşkil edən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar