Məhkəmə qərarları › İş №2(103)-7214/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7214/2020

12.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7214/2020 12.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “müqaviləyə xitam verilməsi və maddi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-134/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İlk iş üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddiaçı üzrə cavabdeh, qarşılıqlı iddiaçı üzrə iddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh müqavilə üzrə aldığı 8.600 manat, öhdəliklərini icra etmədiyi üçün kirayə haqqı olaraq ödədiyi 3.000 manat, mənəvi zərər olaraq qiymətləndirdiyi 25.000 manat, ümumilikdə, 36.600 manat pulun, həmçinin ödədiyi 30 (otuz) manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddiaçı üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Abşeron quşçuluq Sovxozu ərazisində 0,25 ha torpaq sahəsi ona məxsusdur. Həmin torpaq sahəsində 80 kv.m ərazisində fərdi yaşayış evi tikmək üçün internetdə verilən elan vasitəsi ilə Cavabdeh oglu ilə tanış olmuşdur. Evin tikintisi barədə onunla razılaşaraq, aralarında ilkin olaraq xx xxxx 2017-ci il tarixdə “Podrat müqaviləsi” bağlamışlar. Həmin evin tikintisi ücün 33000 (otuz üç min) manat məbləğində pulun ödənilməsi barədə razılığa gəlmişlər. Müqavilənin şərtlərinə görə o, ilkin ödəniş kimi xx xxxx 2017-ci il tarixdə Cavabdeh 3.000 manat məbləğində pul ödəmiş, qalan 30.000 manat pulu isə ödəniş cədvəlində qeyd olunan ödənişlərlə 48 ay müddətinə qrafiklə ödənilməsi barədə öhdəlik götürürmüşdür. xx xxxx 2017-ci il tarixli “Podrat müqaviləsi”nə görə cavabdeh fərdi yaşayış evinin tikintisini xx.xx.2019-cu il tarixdə başa çatdırılmalı idi. xx xxxxxxx 2017-ci il tarixdə Cavabdeh oglu ona zəng edərək, təcili görüşmək üçün onu öz yanına çağırmış, Abşeron rayonu, Abşeron quşçuluq Sovxozu ərazisində sahəsində 70 kv.m ərazisində fərdi yaşayış evi tikmək ücün ona yeni müqavilə bağlanmalı olduğunu bildirmişdir. Yeni müqavilədə evin tikintisinin xx.xx.2018-ci il tarixdə başa çatdırılmasını cavabdeh öhdəsinə götürdüyü ücün, o, cavabdehin bu təklifi ilə razılaşmış, cavabdehlə yeni “Podrat Müqaviləsi” müqavilə bağlamışdır. O, ödəniş cədvəlində qeyd olunan ödənişləri vaxtı vaxtında ödəmiş, öhdəliklərini icra etmişdir. Lakin, cavabdeh evin tikintisini xx.xx.2018-ci il tarixdə başa çatdırmağı öz öhdəsinə götürsə də, demək olar ki, heç bir iş görmədən, yalnız keyfıyyətsiz formada bir neçə daşı daş üstünə qoyub, ondan aylıq ödənişləri alıb, tikintini aparmaqdan yayınmış, öz öhdəliklərini icra etməmişdir. Cavabdeh ondan ümumilikdə müqavilə üzrə 8.600 manat pul alıb. Hal-hazırda o, ailəsilə birlikdə Bakı şəhərində kirayə evdə yaşayır. Hər ay kirayə haqqı olaraq 250 manat pul ödəyir. xx.xx.2018-ci il tarixdən tikilməli olan evinə köçməli idi. Lakin, cavabdeh onu əlavə maddi zərərə salmış, o, xx.xx.2018-ci ildən hal-hazıra kimi xx.xx.2019-cu il tarixədək hər ay 250 manat olmaqla, 3.000 manat kirayə haqqı ödəmişdir. Bu ödəniş cavabdehin öhdəliklərini icra etməməsi ilə əlaqədar yaranıb. Cavabdehin bu hüquqazidd hərəkətləri nəticəsində mənəvi sarsıntı keçirmiş, ümid etdiyi evinə sahib ola bilməmiş, hələ də kirayələrdə yaşayaraq hər gün əzab çəkir, bütün bunlar ona psixoloji sarsıntı verir və mənəvi zərər çəkir, cavabdeh mənəvi zərəri kompensasiya etməlidir, mənəvi zərəri o, 25.000 manat məbləğində qiymətləndirir, həmin məbləğ cavabdehdən tutulmalıdır. Cavabdehdən müqavilə üzrə aldığı 8.600 manat, onun təqsiri ilə bağlı yaranmış kirayə haqqı olaraq ödədiyi 3.000 manat, mənəvi zərər olaraq qiymətləndirdiyi 25.000 manat, ümumilikdə, 36.600 manat pul vəsaiti cavabdehdən məhkəmə qaydasında tutulmalıdır. Qeyd olunanlara əsasən, Cavabdeh müqavilə üzrə aldığı 8.600 manat, öhdəliklərini icra etmədiyi üçün kirayə haqqı olaraq ödədiyi 3.000 manat, mənəvi zərər olaraq qiymətləndirdiyi 25.000 manat, ümumilikdə, 36.600 manat pulun, həmçinin ödədiyi 30 (otuz) manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “müqaviləyə xitam verilməsi və maddi zərərin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh İddiaçı arasında bağlanmış podrat müqaviləsinə xitam verilməsi və cavabdehdən ona vurmuş olduğu zərər qismində 4200 manat məbləğində pul vəsaiti alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddaçı Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Abşeron Quşçuluq sovxozu ərazisində 0,2 ha torpaq sahəsində ümumi sahəsi 80 kv.m olan fərdi yaşayış evinin tam tikintisi ilə əlaqədar onunla cavabdeh İddiaçı arasında Podrat Müqaviləsi bağlanmışdır. Həmin Müqaviləyə əsasən xx xxxxxx 2018-ci ildən başlayaraq xx xxxxxx 2021-ci ilədək İddiaçı tərəfindən ödəniş edilməli və xx xxxxxx 2019-cu il tarixə qədər o, Abşeron rayonu, Abşeron Quşçuluq sovxozu ərazisində 0,2 ha torpaq sahəsində ümumi sahəsi 80 kv.m olan fərdi yaşayış evinin tikintisini inşa çatdırıb, İddiaçı təhvil verməlidir. Qeyd edilən müqavilə ilə əlaqədar aralarında ödəniş cədvəli tərtib edilmiş və həmin cədvələ əsasən İddiaçı xx xxxxxx 2021 –ci ilədək hər ay 400 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Müqavilə təminatsız bağlanmış, müqavilə bağlanan zaman İddiaçı maddi durumunun qənaətbəxş olmasını, hər ay 400 manat ödəmək iqtidarında olmasını bildirmiş, bu üzdən o, cavabdehin maddi durumu ilə əlaqədar heç bir şübhə olmadan onunla podrat müqaviləsi imzalayıb, həmin müqaviləyə əsasən işə başlamışdır. İşin icrası zamanı İddiaçı ona müraciət edərək, maddi vəziyyətinin pisləşməsi nəticəsində qrafik üzrə mütəmadi ödəniş edə bilməyəcəyini, ödənişin sərbəst qaydada etmək istədiyini bildirmişdir. O, cavabdehlə razılaşmış, sonuncunun maddi durumu onda şübhə yaratdığına, öz öhdəsinə götürdüyü öhdəliyi yerinə yetirmək iqtidarında olmamasını gördüyünə görə, o da işləri ödənişlərə uyğun aparmağa başlamış, buna baxmayaraq, 2019cu ilin mart adək işlərin 40%-ni görmüşdür. Yəni, onlar tərəfindən həmin müqavilənin şərtləri tam yerinə yetirilərək, evin tikilişi müqavilənin şərtlərinə uyğun aparılmış, buna baxmayaraq xx xxxxxx 2019-cu ildən cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. O, cavabdehə müqavilə üzrə ödəniş etməsini tələb etdikdə, isə cavabdeh ödəniş etməkdən imtina etmiş, əksinə onun barəsində Polis Bölməsinə şikayət edərək, ondan ödədiyi pulu geri tələb etmişdir. Bundan sonra o, cavabdehə yazılı bildiriş ünvanlayaraq, müqavilə ilə əsas borcun 1200 manat, cərimə borcunun 720 manat olmaqla ümumilikdə manat borcun 10 gün müddətinə ödənilmədiyi təqdirdə, müqaviləyə əsasən aparılan tikintinin dayandırılaraq, aparılmış tikinti işlərinin faiz nisbətinə münasibətdə gözlənilən qazancın ödənilməsini ondan tələb edilməsini bildirmişdir. Cavabdeh isə birmənalı olaraq müqavilə üzrə heç bir ödəniş edilməyəcəyini ona bildirmiş, bu üzdən o, müqavilənin icrasını dayandıraraq, ona dəymiş zərərin ödənilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Belə ki, hal-hazıradək tikinti işlərinin 40%-i görüldüyündən, tikinti işləri cavabdeh tərəfindən ödəniş edilmədiyinə görə dayandırıldığından, həmin tikinti başa çatdırılsaydı, əldə edilməsi gözlənilən qazancın 40%-i miqdarında pul vəsaitinin cavabdehdən alınması üçün məhkəməyə müraciət etmişdir. Onunla cavabdeh arasında bağlanmış Podrat Müqaviləsinin 5.6-cı maddəsinə əsasən Sifarişçi ödənişi 15 gün gecikdirdikdə, tikinti dayandırılır. Ödəniş 5 gün gecikdirilə bilər. 5 gündən artıq gecikərsə, hər gecikən günə 2 % əlavə olunacaq. Həmin Müqavilənin 7.2-ci bəndinə əsasən müqavilə bağlandıqdan sonra ləğv oluna bilməz. Əgər ləğv olunarsa, Podratçının qazancının 40%-70%-i ödənilməlidir. Göründüyü kimi, cavabdehlə bağlanmış müqaviləyə əsasən cavabdehin ödənişi gecikdirməsinin müddəti artıq 90 günü ötdüyündən, ödəməli olduğu məbləğdən əlavə onun 720 manat cərimə borcu yaranmışdır. O, həmin müqavilə əsasında işə işçilər cəlb etmiş, müqavilənin icrası ilə əlaqədar tikinti materialları almış, işin 40 faizini görüb 7780 manat pul vəsaiti xərcləmişdir. Bu pul vəsaiti yalnız onun öz hesabına xərclənən pul vəsaitidir ki, onun həmin müqavilədən gözlədiyi qazanc bura daxıl deyildir. Qeyd edilən müqavilə onun sahibkarlıq fəaliyyətinin tərkib hissəsi olduğuna görə həmin müqavilə üzrə onun gözlədiyi qazancı 12700 manat idi. İşlərin 40 faizini gördüyünə görə Müqavilənin 7.2-ci bəndinə əsasən onun həmin qazancının da 40 faizini (12700x40%=5080) cavabdehdən tələb etmək hüququ vardır. Qeyd olunanlara əsasən, onunla cavabdeh İddiaçı arasında bağlanmış podrat müqaviləsinə xitam verilməsi və cavabdehdən ona vurmuş olduğu zərər qismində 4200 manat məbləğində pul vəsaiti alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-134/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsinə dair tələblərinin qismən təmin edilməsi, Cavabdeh 8.600 manat və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi və ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı müqaviləyə xitam verilməsi və maddi zərərin ödənilməsi tələbinin təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manatın Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin ilkin iddianın təmin olunan, həmçinin qarşılıqlı iddia tələbinin təmin edilməməsi ilə bağlı hissələrində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, ilkin iddia üzrə iddiaçı qətnaməni mübahisələndirməmiş, cavabdeh isə şikayətində qətnaməni qeyd edilən hissədə mübahisələndirmişdir. Başqa sözlə ilkin iddia tələbinin təmin olunmayan hissələri hazırki apellyasiya baxışı çərçivəsində yoxlanılmır. Apellyasiyanın hədləri ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətlərinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayon İcra Hakimiyyətinə məxsus Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0.025 ha torpaq sahəsi üzərində olan torpaq sahəsi İddiaçı xeyrinə yüklü edilmişdir, bu barədə daşınmaz əmlakın reyestrində xx.xx.2009-cü il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli Podrat müqaviləsindən müəyyən olunur ki, Cavabdeh bundan sonra “Podratçı” adlanacaq və İddiaçı oglu bundan sonra “Sifarişçi” adlanacaq aşağıdakı məzmunda müqavilə bağlayır: “Podratçı” sifarişçiyə aid olan Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində 0.2.5 a torpaq sahəsində ümumi sahəsi 80 kv.m olan fərdi yaşayış evinin tam tikintisini öhdəsinə götürür. “Podratçı” qarşılıqlı razılaşmaya əsasən “Sifarişçi”nin sifarişi ilə əvvəlcədən yerinə yetiriləcək işin haqqını bu müqaviləyə əsasən müəyyən edir. Hər iki tərəf yerinə yetirələcək (görüləcək) işlərin haqqının ödənilməsi ilə razılaşdıqdan sonra Podratçı” bu müqavilədə müəyyən olunmuş müddətə işləri kefiyyətli yerinə yetirib “Sifarişçi” yə təhvil verməyi, “Sifarişçi” isə müqavilədə göstərilən məbləği “Podratçı”ya ödəməyi öz öhdəsinə götürür. Görüləcək işlər müəyyən edilmiş tikinti qaydalarına uyğun olmalıdır. Sifarişçi əlavə işlər gördürərsə görülən işin pulu nağd ödəməlidir və ya razılaşma əsasında əlavə kredit cədvəli, əlavə görülən işlər və razılaşma müqaviləsi tutulmalıdır. Tikinti xx.xx.2019-cu il tarixində başa çatdırılır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli Podrat müqaviləsindən müəyyən olunur ki, Cavabdeh bundan sonra “Podratçı” adlanacaq və İddiaçı oglu bundan sonra “Sifarişçi” adlanacaq aşağıdakı məzmunda müqavilə bağlayır: “Podratçı” sifarişçiyə aid olan Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində 0.2.5 a torpaq sahəsində ümumi sahəsi 70 kv.m olan fərdi yaşayış evinin tam tikintisini öhdəsinə götürür. “Podratçı” qarşılıqlı razılaşmaya əsasən “Sifarişçi”nin sifarişi ilə əvvəlcədən yerinə yetiriləcək işin haqqını bu müqaviləyə əsasən müəyyən edir. Hər iki tərəf yerinə yetirələcək (görüləcək) işlərin haqqının ödənilməsi ilə razılaşdıqdan sonra Podratçı” bu müqavilədə müəyyən olunmuş müddətə işləri kefiyyətli yerinə yetirib “Sifarişçi” yə təhvil verməyi, “Sifarişçi” isə müqavilədə göstərilən məbləği “Podratçı”ya ödəməyi öz öhdəsinə götürür. Görüləcək işlər müəyyən edilmiş tikinti qaydalarına uyğun olmalıdır. Sifarişçi əlavə işlər gördürərsə görülən işin pulu nağd ödəməlidir və ya razılaşma əsasında əlavə kredit cədvəli, əlavə görülən işlər və razılaşma müqaviləsi tutulmalıdır. Tikinti xx.xx.2018 tarixində başa çatdırılır. Mülki işin materiallarında olan “Görüləş işlər”ə dair sənəddən müəyyən olunur ki, hasarın tikintisi üçün 1200 manat, funtamentin tikintisi üçün 3000 manat, 5 daş kürsü üçün 2200 manat xərclənmişdir. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)- 4027/2019 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 22847 saylı rəyindən müəyyən olunur ki, tədqiqat Abşeron rayonu, Quşçuluq sovxozu ərazisində yerləşən, İddiaçı mülkiyyətində olan 0,025 ha torpaq sahəsində Cavabdeh tərəfindən aparmış tikinti işləri üzrə aparılmışdır. Tədqiqat obyektinə tərəflərin iştirakı ilə baxış keçirilmiş və ölçü işləri aparılmışdır. Cavabdeh ilə İddiaçı ilə xx xxxxxxx 2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, Abşeron rayonu, Quşçuluq sovxozu ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 0,025 ha torpaq sahəsində 70 kv.m. ölçüdə fərdi yaşayış evinin tam tikintisinin öhdəsinə götürülmüşdür. Baxış zamanı tədqiq olunan tikilin sahəsi aşağıdakı kimi müəyyən olunur; 1 saylı tikilinin sahəsi 21,6 m2 (3,0x7,2m) 1 saylı tikilinin sahəsi 4,60 m2(2,0x2,3m) 1 saylı tikilinin sahəsi 10.8 m2 (3,1x3,5m) 1 saylı tikilinin sahəsi 25.8 m2(1,2x2,0m+3,5x6,7m) Cəmi: 62,8 m2 Baxış keçirilən zamanı inşa olunmuş yarımçıq tikilinin xarici divarları 40 sm ölçüdə 80 sm hündürlükdə, daxili divarları 20 sm qalınlığında, 60 sm hündürlükdə mişar daşı ilə divar hörülmüşdür. Xarici divarların bünövrəsinə 14 mm ölçüdə atılaraq 20x50sm ölçüdə beton tökülmüş, daxili divarların bünovrəsinə yastısına 1 sıra mişar daşı düzülmüşdür. Həyətyanı torpaq sahəsi 60m uzunluğunda 1 metr hündürlüyündə mişar daşı ilə hörülmüş bünövrəsinə yastısına 1 sıra mişar daşı düzülmüşdür. Tədqiq olunan ünvanda aparılmış tikinti-təmir işlərinin dəyərini müəyyən etmək məqsədilə hal-hazırki bazar qiymətlərinə uyğun qiymət normaları tətbiq olunmaqla smeta tərtib olunmuşdur. Aparılan hesablamalar nəticəsində tədqiq olunan ünvanda aparılmış tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 2730,1 manat məbləğində müəyyən olunmuşdur. Qərardadın üçüncü-beşinci və yeddinci sualları ilə bağlı qeyd olunur ki, yaşayış evinin xarici divarların bünövrəsinin dərinliyi 20 sm və daxili divarların bünövrəsinə 1 sıra daş düzüldüyü nəzərə alaraq, həmin binanın dayanaqlığına təsir edən bünövrəni tikinti-texniki normalara uyğun aparılmadığı müəyyən olunmuş, lakin normaları kim tərəfindən pozulması tikinti ekspertinin səlahiyətinə aid deyildir. Eyni zamanda inşa olunacaq yaşayış evinin bünövrəsi tikinti-texniki normalara uyğun aparılmadığı nəzərə alaraq, həmin bünövrənin birmərtəbəli 5 metr hündürlüyü olan fərdi yaşayış evinin tikintisinin davam etdirmənin dayanlığına təsir edə bilər. Beləliklə aparılmış tədqiqatla Abşeron rayonu, Quşçuluq sovxozu ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 0,025 ha torpaq sahəsində Cavabdeh ilə İddiaçı ilə xx xxxxxxx 2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 70 kv m ölçüdə inşa olunmalı fərdi yaşayış evi yarımçıq olduğu üçün, podrat müqaviləsi icra olunmamışdır. Abşeron rayonu, Quşçuluq oğlunun mülkiyyətində olan 0,025 ha torpaq sahəsində Ələsgər oğlunun aparmış tikintitəmir işlərinin bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 2730,1 manat məbləğində müəyyən olunur. Tədqiq olunan ünvanda aparılmış tikinti-təmir işləri nəticəsində istifadə olunmuş materialların və əmək haqqının ayrı-ayrılıqda dəyəri və tikilinin ölçüsü rəyə əlavə olunmuş smetada ətraflı göstərilmişdir. Yaşayış evinin xarivi divarların bünövrəsinin dərinliyi 20 sm və daxili divarların bünövrəsinə 1 sıra daş düzüldüyü nəzərə alaraq, həmin binanın dayanaqlığına təsir edən bünövrəni tikinti-texniki normalara uyğun aparılmadığı müəyyən olunmuş, lakin normaları kim tərəfindən pozulması tikinti ekspertinin səlahiyətinə aid deyildir. Eyni zamanda inşa olunacaq yaşayış evinin bünövrəsi tikinti-texniki normalara uyğun aparılmadığı nəzərə alaraq, həmin bünövrənin birmərtəbəli 5 metr hündürlüyü olan fərdi yaşayış evinin tikintisinin davam etdirmənin dayanlığına təsir edə bilər. Tədqiqatin nəticəsi: Abşeron rayonu, Quşçuluq sovxozu ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 0,025 ha torpaq sahəsində Cavabdeh ilə İddiaçı ilə xx xxxxxxx 2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, 70 kv.m. ölçüdə inşa olunmalı fərdi yaşayış evi yarımçıq olduğu üçün, podrat müqaviləsində nəzərdə tutulmuş tikinti işləri faktiki olaraq icra olunmamışdır. Abşeron rayonu, Quşçuluq sovxozu ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 0,025 ha torpaq sahəsində Cavabdeh aparmış tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 2730,1 manat məbləğində müəyyən olunur. Tədqiq olunan ünvanda aparılmış tikinti-təmir 'işləri nəticəsində istifadə olunmuş materialların və əmək haqqının ayrıayrılıqda dəyəri və tikilinin ölçüsü rəyə əlavə olunmuş smetada ətraflı göstərilmişdir. Abşeron rayonu, Quşçuluq sovxozu ərazisində yerləşən yaşayış evinin xarivi divarların bünövrəsinin dərinliyi 20 sm və daxili divarların bünövrəsinə 1 sıra daş düzüldüyü nəzərə alaraq, həmin binanın dayanaqlığına təsir edən bünövrəni tikinti-texniki normalara uyğun aparılmadığı müəyyən olunmuş, lakin normaları kim tərəfindən pozulması tikinti ekspertinin səlahiyətinə aid deyildir. Eyni zamanda inşa olunacaq yaşayış evinin bünövrəsi tikinti-texniki normalara uyğun aparılmadığı nəzərə alaraq, həmin bünövrənin birmərtəbəli 5 metr hündürlüyü olan fərdi yaşayış evinin tikintisinin davam etmənin dayanıqlığına təsir edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqaviləolmalıdır. Həmin Məcəllənin 752-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. Həmin Məcəllənin 753-cü maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. Müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 756-cı maddəsinə əsasən əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. Zərərin əvəzinin ödənilməsi miqdarı bir tərəfdən gecikdirmənin müddətindən və muzdun miqdarından asılı olaraq, digər tərəfdən isə, əgər sifarişçi müddəti pozmasaydı, podratçının öz iş qüvvəsindən başqa şəkildə istifadə etməsi nəticəsində ala biləcəyindən asılı olaraq müəyyənləşdirilir. Həmin Məcəllənin 759-cu maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 760-cı maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 762-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıqaşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Həmin Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Kollegiya hesab edir ki, iddiaçının sifarişi ilə Abşeron rayonu, Abşeron quşçuluq Sovxozu ərazisində 0,25 ha torpaq sahəsində tikilən fərdi yaşayış evinin inşası zamanı Cavabdeh tərəfindən müqavilənin şərtlərinin yerinə yetirilməməsi nəticəsində ona ziyan dəydiyi faktı müəyyən olunduğundan, birinci instansiya məhkəməsi ilkin iddia tələbini qismən əsaslı hesab etməkdə haqlı olmuşdur. Belə ki, iş üzrə verilmiş ekspert rəyində də qeyd olunmuşdur ki, Abşeron rayonu, Quşçuluq sovxozu ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 0,025 ha torpaq sahəsində Cavabdeh ilə İddiaçı ilə xx xxxxxxx 2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, 70 kv.m. ölçüdə inşa olunmalı fərdi yaşayış evi yarımçıq olduğu üçün, həmçinin bünövrəsi zəif olduğu üçün podrat müqaviləsində nəzərdə tutulmuş tikinti işləri faktiki olaraq icra olunmamışdır. Kollegiya qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsi üzrə də birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni hesab edir və bununla bağlı hər hansı əlavə əsaslandırma aparılmasına zərurət görmür. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Xüsusilə qeyd olunmalıdır ki, Cavabdeh qarşılıqlı iddia tələbinin araşdırılmasına imkan verəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir; halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-134/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar