Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7219/2022 23.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın və borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 sentyabr 2022-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ona vurduğu maddi zərərin əvəzi olaraq 59.000 manat, cavabdehin ondan aldığı borcun qaytarılması məqsədi ilə isə 2.000 ABŞ dollarının (məzənnəyə uyğun olaraq Azərbaycan manatı) cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının keçmiş qudası Baba Hacıquliyev 2014-cü ilin əvvəlində iddiaçıya müraciət edək oğlu, hazırki iş üzrə cavabdehin – Cavabdeh pula ehtiyacının yarandığını bildirmiş və cavabdehə 50.000 manat məbləğində pulun borc verməsini xahiş etmişdir. İddiaçı qudasına müsbət cavab vermişdir. Razılığa əsasən, iddiaçı, həmin zaman qüvvədə olan məzənnəni nəzərə alaraq özündə olan müvafiq məbləğdə ABŞ dollarını dəyişmiş və cavabdehlə görüşərək, 50.000 manatı məbləğində pulu cavabdehə şəxsən vermişdir. Bir qədər sonra cavabdeh iddiaçıya müraciət edərək atasının müalicəsi ilə əlaqədar iddiaçıdan 2.000 ABŞ dolları məbləğində borc almışdır. İddiaçının övladı Sunay Şahqasımov həmin vaxt iddiaçının yanında olmuşdur. 2015-ci ildə ölkədə 2 dəfə baş vermiş devalvasiyanın nəticəsi ilə ABŞ dollarının dəyəri Azərbaycan manatına nisbətdə qalxmış və bundan sonra cavabdeh iddiaçıya 50.000 manatı qaytarmışdır. İddiaçı bildirir ki, cavabdehə 50.000 manat məbləğində borc vermək üçün özündə olan ABŞ dollarını Azərbaycan manatına dəyişən zaman 1 ABŞ dollarının dəyəri 0,78 Azərbaycan manatı, cavabdeh borcu qaytaran zaman isə 1 ABŞ dollarının dəyəri 1,70 Azərbaycan manatı olmuşdur. Göründüyü kimi cavabdehin bu kimi hərəkəti nəticəsində iddiaçıya 59.000 manat ziyan dəymişdir. Lakin cavabdeh bu fərqi iddiaçıya ödəməkdən imtina edir. Bundan başqa, cavabdeh, iddiaçıdan aldığı 2.000 ABŞ dolları məbləğində borcu da qaytarmır. Bunları nəzərə almış iddiaçı şikayət ərizələri ilə polis orqanlarına müraciət etmiş, ərizəsi əsasında Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsində araşdırılma aparılmış və toplanmış material əsasında son nəticədə xx.xx.2021-ci il tarixdə qəbul edilmiş qərarla cinayət işinin başlanması rədd edilmiş və iddiaçıya mülki icraat qaydasında məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Polis orqanında araşdırma bir neçə dəfə aparılmışdır. Cavabdehin polis orqanlarına verdiyi izahatlardan görünür ki, o, 2014-cü ildə iddiaçıdan 50.000 manat məbləğində borc almasını, həmin borcu 2016-cı ildə qaytardığını, 2.000 ABŞ dolları məbləğində borcu isə almadığını bildirmişdir. Cavabdeh dəfələrlə söz verib borcu qaytaracağı barədə üzərinə öhdəlik götürsə də sözünə əməl etməmiş, dəymiş zərəri və borcu ödəməmişdir. Bu səbəbdən də, iddiaçı, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının cavabdehə 50.000 manat məbləğində borcun verməsi faktı iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar və Bakı Şəhər Baş Polis İdarəsinin xx.xx.2022-ci il tarixli arayışı hazırki mülki iş üzrə preyudisial xarakter daşımır. Bundan başqa iddiaçı, onun tərəfindən cavabdehə 2.000 ABŞ dolları məbləğində borc verməsini təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. c) apellyasiya şikayəti barədə məlumat
5. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
6. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, 27-ci Polis Bölməsinin xx.xx.2021-ci il tarixli qərarı qüvvədədir və həmin qərarla iddiaçının cavabdehə 50.000 manat borc pul verməsi müəyyən edilir. Lakin Rayon Məhkəməsi bunu nəzərə almamışdır. Bundan başqa iddiaçı iddia ərizəsində də qeyd etmişdir ki, o, cavabdehə 2.000 ABŞ dolları məbləğində pulu borc verərkən övladı Sunay Şahqasımov onun yanında olmuşdur, ancaq Rayon Məhkəməsi bu istiqamətdə araşdırma aparmamış, Sunayı şahid qismində dindirməmişdir. d) apellyasiya baxışı iclasında tərəflərin iştirakı
7. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
8. Cavabdeh apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da iclasa gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Onun gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələbindən çıxış edərək işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
9. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
10. Belə ki, hazırki iş üzrə iddiaçının hazırki iş üzrə cavabdehin hərəkətlərindən etdiyi şikayət əsasında aparılmış tədqiqat hərəkətləri nəticəsində toplanmış material üzrə Yasamal RPİ-nin 27-ci PB qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardan görünür ki, 50.000 manat məbləğində pulu cavabdehə deyil, qudası Baba Hacıquliyevə vermiş və ona dəymiş ziyanın ödənilməsini də, məhz Baba Hacıquliyevdən tələb etmişdir. Qərardan daha sonra görünür ki, Baba Hacıquliyev vəfat etdiyindən tədqiqatçı mərhumun övladı ilə - hazırki iş üzrə cavabdeh ilə telefon əlaqəsi yaratmış və sonuncu bildirmişdir ki, atası həqiqətən də iddiaçıdan borc almış və qaytarmışdır, lakin özü iddiaçıdan ümumiyyətlə borc almamışdır.
11. Bakı Şəhər Baş Polis İdarəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, hazırki iş üzrə iddiaçının hazırki iş üzrə cavabdehin hərəkətlərindən etdiyi şikayət əsasında aparılmış araşdırma zamanı iddiaçı polis orqanına izahat verərək 50.000 manat məbləğində pulu cavabdehə verdiyi bildirmişdir. Həmin arayışdan görünür ki, cavabdeh polis orqanına verdiyi izahatda bildirmişdir ki, 2014-cü ildə iddiaçıdan aldığı 50.000 manat məbləğində borcu 2016-cı ildə iddiaçıya qaytarmışdır. O, iddiaçıdan 2.000 ABŞ dolları məbləğində pulu borc almamışdır.
12. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2.). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (maddə 1097.1.).
13. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
14. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərindən hazırki mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, vurulmuş zərərin əvəzinin cavabdehdən onun xeyrinə tutulmasını tələb edən iddiaçı ilk növbədə sübut etməlidir ki, həmin zərər ona cavabdeh tərəfindən yetirilmişdir. Hazırki iş üzrə iddiaçı tələbinin əsası kimi Yasamal RPİ-nin 27-ci PB-nin xx.xx.2021-ci il tarixli qərarına istinad etsə də, yuxarıda artıq qeyd edildiyi kimi həmin qərarda hazırki iş üzrə cavabdehin iddiaçıdan 50.000 manat və ya 2.000 ABŞ dolları məbləğində borc almasını təsdiq edə biləcək hal müəyyən edilməmişdir. Belə olan halda hesab edilməlidir ki, həmin qərar iddianın əsaslı olmasına dəlalət edə biləcək preyudisial və mötəbər xarakterli sübut kimi qəbul edilə bilməz.
15. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi eyni əsasla eyni nəticəyə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlili əsassızdır.
16. Bakı Şəhər Baş Polis İdarəsinin xx.xx.2022-ci il tarixli arayışına gəldikdə isə qeyd edilməlidir ki, MPM-nin tələblərinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (maddə 81.). Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur (maddə 82.1.). Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (maddə 82.3.). Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir (maddə 82.4.).
17. Qeyd edilən prosessual hüquq normalarının tələblərini nəzərə alan Məhkəmə bildirir ki, hər hansı bir şəxsin şikayəti əsasında polis orqanı tərəfindən aparılmış araşdırma nəticəsində tərtib etdiyi arayış iddianın əsaslı olmasına dəlalət edə biləcək preyudisial və mötəbər xarakterli sübut kimi qəbul edilə bilməz.
18. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi eyni əsasla eyni nəticəyə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlili əsassızdır.
19. İddia ərizəsində və apellyasiya şikayətində iddiaçı bildirir ki, o, cavabdehə 2.000 ABŞ dolları məbləğində pulu borc verərkən övladı Sunay Şahqasımov onun yanında olmuşdur, ancaq Rayon Məhkəməsi bu istiqamətdə araşdırma aparmamış, Sunayı şahid qismində dindirməmişdir.
20. Bununla bağlı Məhkəmə qeyd edir ki, Mülki Məcəlləsinin tələblərinə görə, borcalan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.1.). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.).
21. Mülki Məcəllənin xx.xx.2016-cı il tarixədək qüvvədə olmuş redaksiyada 740-cı maddəsində qeyd edilmişdir ki, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər.
22. MPM-nin tələblərinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir (maddə 8.1.). Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir (maddə 9.1.). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2.). Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1.). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2.). Şahidin çağırılması barədə vəsatət qaldıran şəxs şahidin soyadını, adını, atasının adını və yaşadığı yeri göstərməyə borcludur (maddə 104.6.).
23. Göründüyü kimi mülki işlər üzrə ədalət mühakiməsini həyata keçirən məhkəmələr iş üzrə tərələrin heç birinə üstünlük vermir; məhkəmələr öz təşəbbüsü ilə sübut toplamır; iş üzrə tərəflər sübutlarını işə baxan birinci instansiya məhkəməsinə təqdim edirlər; şahidin çağırılması iş üzrə tərəfin (tərəflərin) vəsatəti (vəsatətləri) əsasında həyata keçirilir.
24. Lakin iş materiallarından görünür ki, işə Rayon Məhkəməsi tərəfindən işə baxılarkən iddiaçının vəkili (nümayəndəsi) hər hansı bir şahidin, o cümlədən iddiaçının övladı Sunay Şahqasımovun şahid qismində dindirilməsi barədə Rayon Məhkəməsinə vəsatət verməmişdir.
25. Bundan başqa iş materiallarından görünür ki, iddiaçının vəkili (nümayəndəsi) məhkəmə baxışı iclasının protokoluna dair qeydlər də verməmişdir.
26. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi öz təşəbbüsü sübut toplamaqda haqlı olmuşdur. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlili əsassızdır. g) apellyasiya baxışının nəticəsi
27. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
28. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
29. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 sentyabr 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, qətnamədən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.