Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-722/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC, Cavabdeh subroqasiya qaydasında onun xeyrinə 976 manat ziyan, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh, apellyasiya şikayəti verərək, iddianın qismən təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi işi tam və ətraflı araşdırmamışdır. Əvvəla ona görə ki, yol-nəqliyyat hadisəsi cavabdehin təqsiri ucbatından baş verməmiş, işin araşdırılması qanuni əsaslarla aparılmamışdır. Məhkəmə, cavabdehin izahatını nəzərə almamış, mübahisəli olan maddi zərərin məbləği dəqiqləşdirilməmiş, vəsatət verilməsinə baxmayaraq, vurulmuş maddi zərərin məbləğinin dəqiqləşdirilməsi üçün müvafiq ekspertiza keçirilməmişdir. Ona görə ki, vurulmuş avtomobilin yalnız ön hissəsi, təkərinin diametrinin yalnız ¼ hissəsi, özü də yüngül əzilərək sıyrılması kimi sadəbəsit bir zədəsi 960 manatdan qat-qat az dəyərləndirilməlidir. Cavabdeh məhkəmədə bildirmişdir ki, o da qiymətləndirmə üçün müvafiq orqana müraciət etməlidir, buna görə də məhkəmədən vaxt verilməsini xahiş etmişdir ki, qiymətləndirmə barədə qüsur aktı təqdim etsin. Bundan başqa, iddiaçı tələbinin əsaslarını sübut edə bilməmiş, məhkəmə də vurulmuş avtomobilin çox yüngül əzilərək, sıyrılmış hissəsinin fotoşəkilinə baxmadan, sözügedən qiymətləndirməyə dair hesabatda avtomobilin sıradan çıxmamış hissələrinin hansı əsaslara görə 509 manat xərclənilməklə yeni detallarla dəyişdirilməsinə və sair xüsusatlara ümumiyyətlə diqqət yetirməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh, apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi isə, şikayətə etiraz edərək, təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası, qətnaməni, yalnız cavabdehin mübahisələndirdiyi hissədə yoxlamışdır. Belə ki, apellyasiya şikayətindən görünür ki, cavabdeh, vurulmuş zərərə görə iddiaçı qarşısında məsuliyyət daşıdığını qəbul edərək, yalnız hesablanmış zərərin məbləği hissəsində qətnamə ilə razılaşmır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, tərəfləri dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi avtomobilə dəymiş zərərin məbləği hissəsində dəyişdirilməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı “xxxx” ASC tərəfindən Azərbaycan Respublikası DİN Maddi texniki Təminat Baş İdarəsinin Avtomobil Təsərrüfatına məxsus “Chevrolet Niva” markalı, 99-AP780 dövlət qeydiyyat nişanlı avtomobil 10.09.2018-ci il tarixdə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzər bir il müddətinə sığortalanmışdır. 06.01.2019-cu il tarixdə Cavabdeh, həmin avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə X1 idarə etdiyi “Kia Rio” markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Abşeron RPİ DYPŞ-nin 08.03.2019-cu il tarixli qərarı ilə Cavabdeh, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. “Kia Rio” markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər, “xxxx” ASC-nin 30.03.2019-cu il tarixli, 80177 saylı qüsur aktına əsasən 976 manat müəyyən edilməklə, iddiaçı tərəfindən sığorta ödənişi olaraq X3 ödənilmişdir. Hazırda iddiaçı, cavabdehin təqsiri üzündən baş vermiş yol-nəqliyyyat hadisəsi nəticəsində “Kia Rio” markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 976 manat sığorta ödənişi etdiyini bildirərək, həmin məbləğin subroqasiya qaydasında ona ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsi, Mülki Məcəllənin 936.1-ci, 936.2-ci, 936.5-ci və və 1108.1-ci maddələrinə istinad edərək, hesab etmişdir ki, iddiaçı bu tələbini irəli sürməkdə haqlıdır. Çünki, Cavabdeh, “Chevrolet Niva” markalı, 99-AP780 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydasını pozaraq, iddiaçının sığortaladığı yol nəqliyyyat hadisəsi nəticəsində “Kia Rio” markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Buna görə də, cavabdeh, delikt normaları çərçivəsində mülki məsuliyyət daşıyır. Cavabdehin, zərərin məbləği hissəsində iddiaya qarşı etirazına münasibətdə isə rayon məhkəməsi bildirmişdir ki, cavabdehə dəymiş zərərin qiymətləndirilməsi prosesində iştirakı ilə əlaqədar bildiriş göndərilmiş, lakin cavabdeh həmin prosesdə iştirak etməmişdir. Hal-hazırda zərərin şişirdildiyi barədə etirazları isə formal xarakter daşıyır. Belə ki, cavabdeh zərərin məbləği ilə razılaşmamasını əsaslandırmamış, zərər dəymiş avtomobilin qiymətləndirilməsinə dair hesabatda qiymətlərin şişirdilməsi ilə bağlı konkret faktlar təqdim etməmişdir. Bu baxımdan, məhkəmə, dəymiş zərərin məbləğini ağlabatan və ədalətli hesab etməklə, həmin hesabatda müəyyən edilən qiymətlərin şişirdilməsi ilə bağlı şübhə doğuran məqamların müəyyən edilməməsi qənaətinə gəlmişdir. Cavabdeh, qətnaməni bu hissədə mübahisələndirərək, apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı tərəfindən tərtib edilmiş qüsur aktında “Kia Rio” markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərər qat-qat artıq göstərilmiş, məhkəmə isə vurulmuş zərərin məbləğini dəqiqləşdirilməmiş, eyni zamanda əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə tərəfindən verilmiş vəsatəti əsassız olaraq təmin etməmişdir. İşə apellyasiya icraatı qaydasında baxılarkən məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinin dəlillərinin yoxlanılması məqsədilə 07.04.2021-ci il tarixli qərardadla iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. “xxxx” MMC-nin 21.05.2021ci il tarixli, UNİ/M 23-195/21 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, 06.01.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Kia Rio” markalı, **- ZU-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol qanadı, ön bamperinin sol hissəsi, ön sol qapı (cızıq olmaqla) zədələnməsi müəyyən edilmişdir. Nəqliyyat vasitəsinin zədələnmiş hissələrinin bərpası üçün (ehtiyyat hissələrinin qiyməti və təmir xərcləri nəzərə alınmaqla) 238 manat tələb olunur. Avtomobilin təmiri və zədələnmiş hissələrinin bərpası üçün iş materiallarında olan “xxxx” ASC tərəfindən tərtib olunan 30.03.2019-cu il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirməsinə dair hesabatda gösətrilmiş təmir işlərinin görülməsinə və avtomobilin yenisi ilə əvəz olunmuş hissələrinin bir qisminə zərurət olmamışdır (ön sol qanadın yenisi ilə əvəz olunmasına ehtiyac yox idi, qəza ön sol amartizatorun və ön sol çaşkanın sıradan çıxmasına səbəb ola bilməzdi, razval-təkər çəpliyinin nizamnlanması çaşka dəyişməsinə ehtiyac olmadığından mümkün deyil, digər diskin təmirinə ehtiyac olmamışdır, ön sol amartizator və ön sol çaşka dəyişməsinə zərurət olmadığından çilingər xidmətinin göstərilməsi məqsədəuyğun olmamışdır). Kollegiya vurğulayır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, Kollegiya, qeyd olunan mübahisəli halların xüsusi bilik tələb etdiyini nəzərə almaqla, ekspert rəyini həmin halların müəyyən edilməsi üçün mötəbər hesab edir və bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi “Kia Rio” markalı, **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği hissəsində dəyişdirilərək, cavabdehdən iddiaçının xeyrinə subroqasiya qaydasında tutulmalı olan məbləğ “xxxx” MMC-nin 21.05.2021-ci il tarixli eskpert rəyinə uyğun olaraq 238 manat müəyyən olunmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Həmin Məcəllənin 384.0.2-ci və 384.0.3-cü maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər, habelə qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2227/2020 saylı iş üzrə 31 avqust 2020-ci il tarixli qətnaməsi “Cavabdeh “xxxx” ASC-nin xeyrinə subroqasiya qaydasında 976 manat tutulması” hissəsində dəyişdirilsin: Cavabdeh iddiaçı “xxxx” ASC-nin xeyrinə subroqasiya qaydasında 238 (iki yüz otuz səkkiz) manat tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi 200 manat Cavabdeh tutularaq, “xxxx” MMC-nin hesabına ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-722/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-722/2021
30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver