Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-722/2022 06.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçı1 və onun nümayəndəsi (vəkili) X9, Üçüncü şəxs Maraqlı şəxs və onun nümayəndəsi (vəkili) Vəkil, Üçüncü şəxs X4 nümayəndəsi X5 iştirakı ilə, İddiaçı X1 cavabdeh İddiaçı2 (prosessual hüquqi varisi X11) qarşı “ev və çıxış yolundan istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair, həmçinin İddiaçı2 cavabdeh X2 qarşı “evin yaşayış sahəsindən payın müəyyən edilməsi və bölünməsi” barədə iddiaya dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 may 2004-cü il tarixli, 2- 26/2004 saylı qətnaməsindən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs (üçüncü şəxs) Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdeh İddiaçı2 qarşı 04 noyabr 2003-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Biləcəri qəsəbəsi, Vidadi küçəsi ev 4-də yerləşən İddiaçı2 (və ya sərəncam əsasında onun sahəsinə yerləşdirilən şəxslərin) küçəyə çıxış yolunun qarajdan açılmaqla müəyyən edilməsi, otaqlarını örtən talvarın qarşısından küçəyə çıxış yolu kiçik cığır verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir X3 iddiasını onunla əsaslandırmışdır ki, onlar həmin evdə üç ailə olmaqla yaşayırlar və doğma qardaş olduqlarından bir giriş qapısından istifadə etmək ona problem yaratmamışdır. Lakin altı aydır ki, cavabdeh İddiaçı2 tikilinin özünə məxsus hissəsinə kənar şəxsləri yerləşdirmiş və həmin şəxslər ona məxsus pəncərənin ağzından keçməklə onun talvarının altındakı küçə qapısından istifadə edirlər ki, bu da onların arasındakı daimi narazılığa səbəb olur. Eyni zamanda, İddiaçı2 cavabdeh X2 qarşı iddia verərək, ünvan 1 ünvanda yerləşən torpaq sahəsindəki «B» tikilisinin və «A» tikilisində 2 və 4 rəqəmləri ilə qeyd olunan otaqlarının İddiaçı1 və Mustafayev Ağabalanın mülkiyyətinə, yaşayış sahəsinin digər tikililərin isə onun və ailə üzvlərinin mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 iddiasını onunla əsaslandırmışdır ki, mübahisəli ev onun mərhum atası Müzəffərə məxsus olmuş həmin evin çox hissəsini Qasımbala özünə götürmüşdür. Qasımbalanın yaşadığı evin mətbəx və yardımçı otaq kimi istifadə etdiyi tikililərin onun istifadəsinə verilməsi məqsədəmüvafiqdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 may 2004-cü il tarixli, 2- 26/2004 nömrəli qətnaməsi ilə (hakim Z.Əliyeva) X1 iddiası qismən təmin edilərək, Bakı şəhəri, Biləcəri qəsəbəsi, Vidadi küçəsi 4 saylı evin İddiaçı2 ilə Mustafayev (Müzəffərov) Qasımbala Müzəffər oğlu arasında, eni 3 metr olan küçəyə çıxış qapısını yolun tən ortasından hasar çəkməklə iki hissəyə bölünməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, İddiaçı2 Mustafayev (Müzəffərov) Qasımbala Müzəffər oğlu və qeyrilərinə qarşı mənzilin yaşayış sahəsindən payın müəyyən edilməsi və bölünməsinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən maraqlarına toxunulan Maraqlı şəxs apellyasiya şikayəti verərək, iddia tələbinin təmin olunan hissəsində ləğv olunmasını və iddianın tam rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 fevral 2021-ji il tarixli, 2(103)-2017/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə yəni, “Bakı şəhəri Biləjəri qəsəbəsi Vidadi küçəsi 4 saylı evin İddiaçı2 ilə Mustafayev (Müzəffərov) Qasımbala Müzəffər oğlu arasında, eni 3 metr olan küçəyə çıxış qapısını yolun tən ortasından hasar çəkməklə iki hissəyə bölünməsi” hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia təmin edilməmişdir. İddiaçı1 həmin qətnamədən kassasiya şikayəti vermişdir. Azəbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 oktyabr 2021-ci il, 2(102)-4027/2021 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir. Yeni apellyasiya baxışı zamanı kassasiya instansiyasının da göstərişlərinə uyğun olaraq X11 cavabdeh İddiaçı2 prosessual hüquqi varisi kimi, həmçinin mübahisəli daşınmaz əmlakın paylı mülkiyyətçilərindən olan X6 müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində icraata cəlb olunmuşlar. Apellyasiya şikayətinin və etirazın dəlilləri: Apellyasiya şikayəti – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Vidadi küçəsi 4 saylı evin 4/8 hissəsinin 27 fevral 2004-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınaraq həmin tarixdə adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi, evin həyətyanı torpaq sahəsinin də daxil olmaqla torpaq sahəsinin 4/8 hissəsinə dair istifadə hüququnun ona keçməsi, birinci instansiyası məhkəməsi tərəfindən torpaq sahəsinə dair istifadə hüququnun yaranma əsaslarının mübahisənin xarakteri və mahiyyəti, tərəflərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməməsi, iddiaçının isə həmin evin 1/8 hissəsinin mülkiyətçisi olması, məhkəmə tərəfindən eni 3 metr olan küçəyə çıxış qapısının yolun tən ortasından hasar çəkməklə iki hissəyə bölünməsinin qət edildiyi torpaq sahəsinin, məhz onun mülkiyyətinə aid olan hissədə olmaqla onun evə giriş-çıxış yolunun olması, nəticədə evinə ümumiyyətlə giriş-çıxışdan məhrum olması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən üçüncü şəxs və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə izahat vermiş, əlavə olaraq göstərmişlər ki, birinci instansiya məhkəməsinin qətnaməsinin üzərindən 18 il keçsə də, o icra olunmamış, həyətyanı sahədən müvafiq hasar çəkilməmişdir. Göründüyü kimi, iddiaçı belə bir hasarın çəkilməsində maraqlı olmamış, faktiki vəziyyətlə razılaşmışdır. Onun məhkəmə qərarından məlumatı olmamışdır. İddiaçı isə hazırda qətnamənin mövcudluğunu əsas gətirərək hasarı çəkəcəyini bildirməklə onun hüquqlarını məhdudlaşdırmaq istəyir. Hesab edir ki, birinci instansiya məhkəməsi işdə olan sübutları düzgün qiymətləndirməiş, ekspertiza rəyini nəzərə almamış, ümumi istifadədə olan, ensiz həyətyanı torpaq sahəsini faktiki iki yerə bölməkdə haqlı olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmədən apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz təqdim edərək, iddia ərizəsində göstərilənlərə və əvvəllər verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişlər ki, qətnamənin qəbulundan keçən 18 il müddət ərzində qətnaməni faktiki olaraq icra edilməmiş, buna zərurət olmamış, həyətyanı sahədən istifadə əvvəlki vəziyyətdə qalmışdır. Lakin, hazırki vəziyyətdə qətnamənin icrasına zərurət yaranmışdır. Bu səbəbdən də apellyasiya şikayətinin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edirlər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətini əsaslı sayaraq izahatında göstərmişdir ki, X4 xüsusi mülkiyyətində olan yaşayış sahəsinin digər yerdən giriş-çıxış yolu vardır. Lakin hesab edir ki, həyətyanı torpaq sahəsindən qətnamə ilə qət olunmuş formada istifadə qaydasının müəyyən olunması qanuni və əsaslı deyildir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh İddiaçı2 prosessual hüquqi varisi X8 rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, X1 iddiası qismən təmin olunmuş, digər iddiaçı isə rədd edilmiş, qətnaməni iddianın təmin olunan hissəsində maraqlarına toxunan şəxs (paylı mülkiyyətçi) Maraqlı şəxs mübahisələndirmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə ləğv olunmalı, iddia həmin hissədə rədd edilməlidir. İlkin olaraq qeyd edilməlidir ki, kassasiya instansiyasının mövqeyinə görə - ümumi paylı mülkiyyətçilərdən birinin vaxtında işə cəlb edilməməsi, qətnamənin ləğv edilməklə marağına toxunulan paylı mülkiyyətçinin işdə iştiraka cəlb edilməsi, mübahisənin onun payı və mənafelərinin də nəzərə alınmaqla həll edilməsi üçün əsas olsa da, həmin fakt özü-özlüyündə ümumi əşyadan istifadə qaydasının müəyyən edilməsi tələbinin rədd edilməsi üçün əsas deyil. İşdən görünür ki, ilkin iddianın təmin edilmiş hissəsi ümumi paylı mülkiyyətdə olan əşyadan istifadə qaydasının müəyyən edilməsi tələbi ilə bağlıdır. Odur ki, işə mahiyyəti üzrə baxan məhkəmə mübahisə predmeti (ümumi paylı mülkiyyətdə) olan əşyanın nədən ibarət olmasını, buraya yaşayış evi ilə yanaşı həyətyanı sahənin də daxil olub-olmamasını, istifadə qaydasının müəyyən edilməsi tələb olunan sahənin daşınmaz əmlakın dövlət reyestrindəki hüquqi vəziyyətini, o cümlədən hazırkı ümumi mülkiyyətçilərin dairəsini aydınlaşdırmalı, əşyadan istifadə qaydası ilə bağlı mübahisənin nədə ifadə olunduğunu dəqiqliklə müəyyən etməli və iddia tələbinə mülki qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməlidir. Buna baxmayaraq, apellyasiya məhkəməsi Maraqlı şəxs payı və qanuni mənafeləri də nəzərə alınmaqla ümumi paylı mülkiyyətdə olan əşyadan iddiaçının tələb etdiyi istifadə qaydasının mümkün olub-olmamasını yoxlamamışdır. Kollegiya onu da nəzərə alır ki, ilkin iddia üzrə cavabdeh İddiaçı2 21.01.2007-ci ildə ölmüşdür. Bu hal ona dəlalət edir ki, apellyasiya məhkəməsi işə baxarkən həmin cavabdeh sıradan çıxmışdı. Halbuki, prosessual qanunvericiliyin tələbinə görə barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür İşdə olan 13.09.2003-cü il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, İddiaçı2, Bakı şəhəri Biləcəri qəsəbəsi Vidadi küçəsi 4 saylı evin 1/8 payla mülkiyyətçisi kimi qeydə alınmışdır. Onun paylı mülkiyyətinə dair qeydiyyat ləğv edilmədiyi halda, iş üzrə cavabdeh olan İddiaçı2 hüquqi varisinin müəyyən edilmədən mübahisənin həlli prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz. Yeni apellyasiya baxışı zamanı kassasiya instansiyasının göstərişlərinə əsasən X11 cavabdeh İddiaçı2 prosessual hüquqi varisi kimi cəlb edilmiş, yaşayış sahəsinin paylı mülkiyyətçilərinin dairəsi müəyyən edilərək icraata cəlb edilmiş və s. prosessual hərəkətlər yerinə yetirilmişdir. Həmçinin, apellyasiya baxışı zamanı müəyyən (DƏDRX-nin arayışı, çıxarışlar və s.) olunmuşdur ki, Bakı şəhəri, Biləcəri qəsəbəsi, Vidadi küçəsi ev 4-də yerləşən fərdi yaşayış evi 29 aprel 2009-cu il tarixdə 2/8 hissə ilə İddiaçı2, 1/8 hissə ilə X1, 1/8 hissə ilə X4, 4/8 hissə ilə Maraqlı şəxs adına paylı mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Sonradan, Maraqlı şəxs digər payçıların razılığı ilə bölgü sxemi təqdim edərək öz adına ayrıca daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Bununla yanaşı, işdə olan hüquqmüəyyənedici sənədlərdən (qeydiyyat vəsiqəsi, sxem, texniki pasport və s.) görünür ki, mübahisə predmeti olan torpaq sahəsi paylı mülkiyyətçilərin ümumi istifadəsində olmaqla texniki pasportda da öz əksini tapmışdır. İşdən görünür ki, iddianın təmin edilmiş hissəsi ümumi paylı mülkiyyətdə olan əşyadan istifadə qaydasının müəyyən edilməsi tələbi ilə bağlıdır. İddiaçı iddia tələbində göstərilmişdir ki, valideynlərinin vəfatından sonra hər üç qardaş öz paylarına düşən evlərindən ayrı-ayrılıqda istifadə edirlər, lakin onların çıxış qapılarının bir olması axır vaxtlar İddiaçı2 faktiki olaraq evinin satmasından sonra onlara problemlər yaratmışdır. Bu səbəbdən iddiaçı küçəyə çıxış qapısının onun qarajının içərisindən keçməklə verilməsini tələb edir. Mülki Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Mülki Məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Mülki Məcəllənin 215.3-cü maddəsinə əsasən paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Mülki Məcəllənin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Torpaq Məcəlləsinin 52-ci maddəsinə əsasən torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi, istifadəçi və icarəçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında onlara məxsus olan torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır. İki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququnda məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Yuxarıda da qeyd edildiyi kimi işdə olan hüquqmüəyyənedici sənədlərə əsasən mübahisə predmeti olan torpaq sahəsi paylı mülkiyyətçilərin istifadəsində olmaqla texniki pasportda öz əksini tapmışdır. Belə olan halda torpaq sahəsindən fərqli qaydada istifadə də paylı mülkiyyətçilərin razılığı ilə müəyyən oluna bilər. Lakin, işdən görünür ki, iddiaçının bu istiqamətdə (iddia tələbində göstərilən qaydada) təklifinə bütün paylı mülkiyyətçilərin razılığı yoxdur. Belə olan halda isə müahisəli məsələyə məhkəmə qaydasında hüquqi qiymət verilməlidir. İş materiallarında olan ekspertiza rəyindən isə rəyindən görünür ki, İddiaçı1 istifadə etdiyi yaşayış sahəsinin qarşısında torpaq sahəsində sərhəd hasarını çəkməklə digər ailə üzvlərinin istifadəsində olan qarajın içərisindən keçməsi, İnşaat norma və Qaydaları 2.01.02.85-in 4.6-nin və Dövlət Şəhərsalma Norma və Qaydaları AZDTN 2.6.1-in 8-ci cədvəlində və 4.13 bəndində tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün deyildir. Göründüyü kimi, müvafiq istifadə qaydasının müəyyən olunması paylı mülkiyyətçilərin etirazı ilə yanaşı, texniki cəhətdən də mümkün deyildir. Belə olan halda birinci instansiya məhkəməsinin hansı sübuta əsasən - fərdi yaşayış evinin İddiaçı2 ilə Mustafayev (Müzəffərov) Qasımbala Müzəffər oğlu arasında, eni 3 metr olan küçəyə çıxış qapısını yolun tən ortasından hasar çəkməklə iki hissəyə bölünməli olması barədə nəticə gəlməsi anlaşılmaz olmaqla, ümumiyyətlə əsaslandırılmamışdır. Məhkəmə həmçinin, eni cəmi 3 metr (texniki sənədlərə əsasən 2,90 metr) olan ümumi istifadədə olan yolun tən ortadan hasar çəkilməklə bölünməsinin digər paylı mülkiyyətçilərin hüquqlarını məhdudlaşdırmasını da nəzərə almamışdır. Halbuki, Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Marks Belçikaya qarşı» işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Bununla yanaşı, işin faktiki hallarından aydın olur ki, qətnamənin qəbulundan uzun müddət (təqribən 18 il) keçməsinə baxmayaraq, hazıradək müvafiq hasar çəkilməmiş, paylı mülkiyyətçilər torpaq sahəsindən əvvəlki qaydada istifadəyə davam etmişdir. Bu halın özü də torpaq sahəsindən müvafiq qaydada istifadəyə zərurətin mövcud olmamasına dəlalət edir. Beləliklə, işin müəyyən olunmuş halları, qanunvericiliyin qeyd edilən normaları, toplanmış sübutlar, paylı mülkiyyətçilərin mövqeyi və kassasiya instansiyası məhkəməsinin göstərişləri nəzərə alınmaqla, məhkəmə kollegiyası hesab edir ki, əşyadan istifadə qaydasının iddia tələbində göstərilən qaydada müəyyən olunması hüquqi və faktiki cəhətdən mümkün olmamaqla, son nəticədə paylı mülkiyyətçilərin hüquqlarının pozulması ilə nəticələnə bilər. İddiaçı isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, tələbinin əsası kimi istinad edilən halları əsaslandıra bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında da göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Birinci instansiya məhkəməsi isə yuxarıda qeyd edilən halları nəzərə almamış, iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu səbəbdən də, qətnamə yoxlanılan hissədə əsaslı və qanuni sayıla bilməz. Bu hal MPM-in 385.1.1, 385.1.4-cü maddələrinə əsasən qətnamənin yoxlanılan hissədə ləğvinə tam əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilərək, qətnamə yoxlanılan hissədə ləğv olunmalı, iddia həmin hissədə təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı X1 cavabdeh İddiaçı2 (prosessual hüquqi varisi X11) qarşı “ev və çıxış yolundan istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair, həmçinin İddiaçı2 cavabdeh X2 qarşı “evin yaşayış sahəsindən payın müəyyən edilməsi və bölünməsi” barədə iddiaya dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 may 2004-cü il tarixli, 2- 26/2004 saylı qətnaməsindən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs (üçüncü şəxs) Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 may 2004-cü il tarixli, 2- 26/2004 saylı qətnaməsi iddianın təmin olunan hissəsində (yəni, “Bakı şəhəri, Biləcəri qəsəbəsi, Vidadi küçəsi 4 saylı evin İddiaçı2 ilə Mustafayev (Müzəffərov) Qasımbala Müzəffər oğlu arasında, eni 3 metr olan küçəyə çıxış qapısını yolun tən ortasından hasar çəkməklə iki hissəyə bölünməsi” hissədə) ləğv olunsun, iddia həmin hissədə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Rafael Eyvazov Hakimlər Şərafət Məmmədova Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-722/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-722/2022
06.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver