Məhkəmə qərarları › İş №2(103)-722/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-722/2025

10.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-722/2025 10.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X7 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X8” ASC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Qasımzadə (Ələsgərova) Brilliant Elçin qızına qarşı “paylı mülkiyyətdə olan mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda mənzilin açıq hərracdan satılması və paylarına mütənasib surətdə bölüşdürülməsi” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1012/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh Qasımzadə (Ələsgərova) Brilliant Elçin qızına (bundan sonra, cavabdeh) qarşı “paylı mülkiyyətdə olan mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda mənzilin açıq hərracdan satılması və paylarına mütənasib surətdə bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən 1 nömrəli mənzilin tərəflərin paylarına uyğun olaraq X1 ¼ hissədə, İddiaçı ¾ hissədə naturada bölünməsi, bu mümkün olmadıqda isə mənzilin açıq hərracdan satılaraq əldə edilmiş vəsaitin tərəflər arasında bölünməsi və yerdə qalan vəsaitin ipoteka üzrə borcun ödənilməsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)- 3936/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ünvan 2 ünvanında yerləşən 1 nömrəli mənzilin üzərində X1 ¼ hissədə, İddiaçı ¾ hissədə mülkiyyət payları müəyyən edilmiş, eyni zamanda həmin mənzilin xx.xx.2021-ci il tarixli alqı-satqısı və ipoteka müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdən başlayaraq qalıq borcun ¼ hissəsi X2, ¾ hissəsi İddiaçı aid edilmişdir. Bundan sonra cavabdehlə dəfələrlə əlaqə yaradaraq əmlakların qarşılıqlı razılıq əsasında bölünməsini və ya əvəzləşdirilməsini təklif etsə də, bu günə qədər heç bir razılıq əldə edilməmişdir. Cavabdeh faktiki olaraq mənzildə yaşayır, eyni zamanda banka ödənişləri etməli olduğu halda bundan da yayınır. Belə olan halda qeyd edilən əmlakın naturada bölünməsi, bu mümkün olmadıqda isə qanunvericiliyin tələb etdiyi qaydada mübahisənin həll edilməsi labüddür. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1012/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia qismən təmin edilərək, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi 17 saylı evdə yerləşən 1 saylı mənzili açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və satış pulunun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri olan İddiaçı (3/4 hissə) və Qasımzadə (Ələsgərova) Brilliant Elçin qızı (1/4 hissə) arasında onların paylarına münasib olaraq bölüşdürülməsi, tərəflərə çatan pul vəsaiti tərəflərin paylarına mütənasib olaraq bank qarşısında yaranmış ipoteka üzrə borcun ödənilməsinə yönəldilməsi və Qasımzadə (Ələsgərova) Brilliant Elçin qızından dövlət nəfinə keçirilmiş ekspertiza xərci – 100 (yüz) manat məbləğində pulun tutulması, iddia tələbi qalan hissədə təmin olunmaması qət olunmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, payların qanunvericliyin tələblərinə uyğun formada bölünməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı mübahisəli mənzilin ipoteka saxlayanı "xxxx" KB ASC müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində icraata cəlb olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, iddiaçının mənafeyinin üstün tutulması, əmlakın real bazar dəyərinin müəyyən olunmaması, paylı mülkiyyətlə bağlı qanunvericliyin tələblərinin tərəflər arasında olan münasibətlərə uyğun formada tətbiq olunmasına məhkəmə tərəfindən riayət olunmaması və s. formada əsaslandırılaraq, əmlak üzərində payların qanunvericliyə uyğun formada bölünməsi xahiş olunmuşdur. İzahatlar, prosessual məsələlər: Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, tərəflər əvvəllər ər-arvad olmuş, sonradan boşanmışlar. Birgə nikah dövründə əldə olunmuş mübahisələndirilən mənzil məhkəmə qərarı ilə bölünmüş, iddiaçının ¾, cavabdehin isə ¼ payı müəyyən olunmuşdur. Hazırkı iddia ilə məhkəməyə müraciət etməmişdən əvvəl iddiaçı tərəfindən cavabdehin mənzil üzərindəki payına uyğun olaraq ona müəyyən məbləğdə kompensasiya da təklif edilmiş, lakin müsbət cavab alınmamışdır. Cavabdeh mənzildən istifadə edir, iddiaçı isə mənzilin ipotekasını ödəməklə mənzildən istifadə belə edə bilmir, nəticədə hüquqları pozulur. Həmçinin, həmin mənzil “X8” ASC xeyrinə ipoteka ilə yüklüdür, iddiaçı bank qarşısında öhdəliyini vaxtlı vaxtında icra edir, hər hansı gecikməsi yoxdur. Hazırda iddiaçının əsas tələbi əmlakın bölgüsüdür. İddia ərizəsi verilən zamanı mənzilin açıq hərracda satılacağı düşüncəsi olsa da, hazırda Ali Məhkəmənin vahid məhkəmə təcrübəsi müəyyən edən qərardadı nəzərə alınmaqla hərracın ilkin olaraq qapalı keçirilməsini istəyirlər. Belə olan halda əmlakın iddiaçı tərəfindən əldə olunması imkanı yaranacaq və kredit borcunun vaxtından tez bağlanmasına da ehtiyac olmayacaq. Bu səbəbdən də, iddia tələbində olmasına baxmayaraq, mənzilin hərracdan satılması nəticəsində əldə olunacaq pulun borcun vaxtından tez bağlanmasına zərurət görmür. Bu məsələnin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxırlar. Həmçinin mənzilin bazar dəyərinin müəyyən olunmasına dair apellyasiya icraatı zamanı əldə olunmuş ekspertiza rəyinə etirazı yoxdur. Əvvəlki apellyasiya baxışında iştirak edən üçüncü şəxs "xxxx" KB ASC-nin nümayəndəsi izahatında göstərmişdir ki, mübahisəli mənzil bank qarşısında ipoteka ilə yüklü edilmiş, iddiaçı kredit ödənişlərini vaxtlı-vaxtında həyata keçirməklə, gecikməsi müəyyən edilmir. Bankın hazırki vəziyyətdə iddiaçıya qarşı kredit borcu ilə bağlı hər hansı tələbi yoxdur. Bu səbəbdən də, hazırki tələb üzrə mübahisəli mənzil üzərində bankın ipoteka yüklülüyünün saxlanılması şərti ilə qanunvericiliyin tələblərinə uyğun qaydada qərar qəbul edilməsinə hər hansı etirazları yoxdur. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə bir neçə dəfə rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul olunmaqla, iddia qismən təmin edilməlidir. İlkin olaraq olaraq qeyd edilməlidir ki, işdə olan sübutlara əsasən (qüvvədə olan məhkəmə aktları, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və s.) - mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən 1 nömrəli mənzilin tərəflərin birgə nikah dövründə əldə olunmaqla, üzərində iddiaçının 3/4 hissədə, cavabdehin isə 1/4 hissədə paylarının müəyyən edilməsi, həmçinin mənzilin əldə edilməsi üçün alınmış kredit öhdəliyinin eyni nisbətdə tərəflərə aid edilməsi işin mübahisə olunmayan hallarıdır. Bununla yanaşı, işdə olan xx.xx.2021-ci il tarixli, 119İKİ/21 nömrəli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, mübahisəli mənzil onun əldə edilməsi üçün iddiaçıya verilmiş 60000 manat kreditin təmini kimi “X8” ASC-nın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçının və üçüncü şəxs “X8” ASC-nın nümayəndələrinin izahatlarından görünür ki, iddiaçı tərəifndən kredit müqaviləsi üzrə öhdəliyin pozulması müəyyən edilmir. Həmçinin, işdə olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli təklifindən görünür ki, məhkəmə qətnaməsindən sonra dəfələrlə B.Qasımzadə və onun vəkili ilə əlaqə yaradaraq əmlakın qarşılıqlı razılıq əsasında bölünməsini və ya əvəzləşdirilməsini təklif etsə də, heç bir razılıq əldə edilməmişdir. Hazırda qeyd edilən mənzillə bağlı olaraq ipoteka ödənişləri onun tərəfindən həyata keçirilir və B.Qasımzadə heç bir ödəniş etmir. Baxmayaraq ki, məhkəmə qətnaməsinə əsasən ödənişin ¼ hissəsi B.Qasımzadəyə aid edilmişdir. Bu səbəbdən o, onun payına müvafiq olaraq real bazar qiymətlərinə uyğun kompensasiya ödəməklə onun payının almasını, yaxud payların real bazar qiymətinə uyğun olaraq əvəzləşdirilməsinin keçirilməsini X2 təklif edilmişdir. İşdə olan Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirə bilməməsi barədə MŞB/6-00247 saylı, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, “birgə paylı mülkiyyətdə olan əmlaklara dair kompensasiya verilməklə mülkiyyətə xitam və ya naturada bölgü, mümkün olmadıqda açıq hərracda satılma və pulun mütənasib bölüşməsi, pul tələbi” barədə mübahisəsi üzrə X4 və İddiaçı xx.xx.2024-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin hər iki tərəf mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. İşdə olan məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2- 10/3525 saylı rəyinə əsasən tədqiq olunan mənzlin planlı yerləşməsini, o cümlədən 19 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşməklə, faktiki 2 yaşayış otağından, 1 sanitar qovşağından və 1 mətbəxdən ibarət olduğunu, mənzilə yalnız bir giriş-çıxış qapısı olduğunu, mənzilin tərkibindəki ayrı-ayrı otaqların sahəsinin paylara uyğun olmadığını, həmçinin tədqiq olunan mənzilin təcrid mənzil kimi yalnız bir ailənin yaşaması üçün layihələndirildiyini nəzərə alaraq, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsində yerləşən 17 saylı evin 1 saylı mənzilinin tərəflərin payına uyğun ¼ və ¾ hissələrə naturada bölünməsi (ayrılması) “İnşaat Norma və Qaydaları” 2.08.01.89-nun 1.1,2.2,2.4 və 2.9-cu bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün deyildir. Qeyd olunmalıdır ki, iddiaçının hazırki tələbi əmlakın bölünməsi ilə bağlıdır. Belə ki, qüvvədə olan qanunvericiliyə əsasən ümumi mülkiyyətdə olan əşyanın ideal və real bölgüləri mümkündür. İdeal bölgü əşyanın fiziki cəhətdən bölünmədən əşya üzərində mülkiyyət hüququnda payların müəyyən edilməsini, real bölgü isə əşyanın fiziki cəhətdən mülkiyyətçilər arasında ideal paylarına müvafiq olaraq faktiki bölünməsini nəzərdə tutur. İdeal bölgüdən fərqli olaraq, real bölgüdə hər bir mülkiyyətçi (və ya ayrılan mülkiyyətçi) öz hissəsi üzərində tam mülkiyyət hüququna malik olmaqla, fərdi mülkiyyətçi halına gəlir. Qanunverici paylı mülkiyyətdə olan əşyanın real bölgüsündən əvvəl bütün mülkiyyətçilərin mənafelərini nəzərə almaqla paylı mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona (və ya konkret paya) sərəncam verilməsinə dair aralarındakı ixtilafların həll edilməsi ilə bağlı aşağıda sadalanan bir sıra fərqli hüquqi mexanizmlər müəyyən etmişdir ki, bu da mülkiyyət hüququnun toxunulmazlığı prinsipi çərçivəsində bütün payçıların mülkiyyət hüquqlarının əlverişli şəkildə müdafiəsinə xidmət edir. Paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir. Hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllə, 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi). Qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 02/2024 nömrəli, 6 dekabr 2024-cü il tarixli qərardadının 17-19-cu bəndləri). Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 02/2024 nömrəli, 6 dekabr 2024-cü il tarixli qərardadının 59 və 60-cı bəndlərinə əsasən isə, mülki qanunvericilikdə əşyanın açıq hərracdan satılması halında ilkin satış qiymətinin qətnamə ilə müəyyən edilməli olması barədə imperativ tələb yalnız ipoteka predmeti olan əşyaya münasibətdə nəzərdə tutulmuşdur (“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu, 39.3.3-cü maddə). Mülki Məcəllənin 220-ci maddəsində isə paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması barədə qətnamə qəbul edilərkən ilkin satış qiymətinin məhkəmə tərəfindən müəyyən edilməli olması birbaşa göstərilməsə də, Məcəllədə bununla bağlı qadağanedici norma da nəzərdə tutulmamışdır. Odur ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli və izah etməlidir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər. Yuxarıda qeyd olunduğu kimi qanunvericlikdə ümumi paylı mülkiyyət hüququnda payların ayrılması və bölünməsi mexanizmləri fərqləndirilmiş, işə baxan məhkəmə tərəfindən mübahisə üzrə tərəflərin iradə ifadəsi dəqiq müəyyən edilməklə müvafiq olaraq Mülki Məcəllənin 220-ci və 221-ci maddələri tətbiq olunmalıdır. Hazırkı mübahisə üzrə isə, işin faktiki halları və iddiaçının ümumi mülkiyyətdə payının ayrılmasını tələb etdiyi nəzərə alındıqda, digər payçı (cavabdeh) tək qalır. Bu halda isə, ümumiliyin davam etdirilməsinin mümkün olmadığı müəyyən olunur. Bu halda isə, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru 221-ci maddəsinin tələblərinə uyğun olaraq həll edilməlidir. Lakin, işə baxan birinci instansiya məhkəməsi ümumi paylı mülkiyyətdə payçıların ayrılması qənaətinə gəlməklə (Mülki Məcəllənin 220-ci maddəsini tətbiq etməklə), maddi və prosessual (ipoteka saxlayan kimi “X8” ASC prosesə cəlb olunmamışdır) hüquq normalarının tətbiqində yanlışlığa yol vermişdir. Qeyd edilən hallar isə apellyasiya şikayətinə əsasən qətnamənin MPM-nin 385.1.1 maddəsinə uyğun olaraq ləğvinə tam əsas yaradır. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən iddianın qismən təmin olunması nəticəsinə gəlir. Belə ki, MM-nin 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Hazırkı halda, ümumi paylı mülkiyyətdə ümumiliyin davam etdirilməsinin mümkün olmaması səbəbi ilə əşyanın bölünməsi üzrə ardıcıl iki mexanizmdən birincisi - ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsünun mümkün olub-olmaması yoxlanmalıdır. İşdə olan xx.xx.2024-cü il tarixli tikinti-texniki ekspertizasının aparılması barədə rəyə əsasən mübahisəli ünvanda yerləşən əmlakın fiziki bölgüsü texniki cəhətdən mümkün deyildir. Belə olan halda, həmin mərhələ üzrə hər hansı əlavə araşdırma aparılmasına zərurət olmadan o yekunlaşdırılmalı və bölünmə üzrə növbəti mərhələyə - əşyanın məhkəmə qərarı ilə hərracdan satılmasına keçid olunmalıdır. Apellyasiya baxışı zamanı isə, iddiaç tərəfin mövqeyi və cavabdehin şikayətinin dəlilləri, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 02/2024 nömrəli, 6 dekabr 2024-cü il tarixli qərardadındakı hüquqi mövqeyini də nəzərə alaraq, həmçinin mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən halların araşdırılması məqsədilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1007 nömrəli ekspert rəyinə əsasən - ünvan 2 ünvanında yerləşən 1 nömrəli mənzilin hazırkı orta bazar qiymətinə uyğun ümumi dəyəri təqribən 192809,00 manat (83,0 kv.m x 2323 manat) məbləğində müəyyən edilir. İşdə iştirak edən şəxslərin qeyd edilən rəyə hər hansı etirazı daxil olmamışdır. Həmçinin qeyd edilməlidir ki, ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur. Hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 02/2024 nömrəli, 6 dekabr 2024-cü il tarixli qərardadı) . Məhkəmə baxışı zamanı hərracın forması ilə bağlı iddiaçı tərəfin (cavabdeh tərəfə məhkəmə iclasları barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir) fikri müəyyən edilmiş, o, hərracın qapalı keçirilməsini tələb etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, tərəfləri paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 1 nömrəli mənzil ilkin olaraq qapalı (yalnız paylı mülkiyyətin iştirakçıları üçün) hərracda, bu mümkün olmadıqda isə açıq hərracda satılmalı, mənzilin satış qiyməti 192809,00 manat müəyyən olunmalı, mənzilin satılmasından əldə olunan vəsaitin ¾ hissəsi İddiaçı, ¼ hissəsi isə X2 verilməlidir. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi “tərəflərə çatan pul vəsaitinin tərəflərin paylarına mütənasib olaraq bank qarşısında yaranmış ipoteka üzrə borcun ödənilməsinə yönəldilməsi” hissəsində təmin olunmamalıdır. İlkin olaraq qeyd edilməlidir ki, “X8” ASC-nin müvafiq kredit borcunun ödənilməsi ilə bağlı tələbi mövcud deyildir. Həmçinin, apellyasiya baxışı zamanı istər iddiaçının, istərsə də ipoteka saxlayan “X8” ASC-nin nümayəndəsi kredit öhdəliklərin vaxtlı-vaxtında icra olunduğu, iddiaçının borcun vaxtından əvvəl tam icra olunmasında marağının olmamasını, hazırki vəziyyətdə bankın borcuya qarşı hər hansı tələbinin olmadığını və s. bildirmişlər. Belə olan halda, hazırki mübahisə çərçivəsində kredit borcunun hərracdan əldə edilmiş pul vəsaiti hesabına vaxtından əvvəl məcburi qaydada icrası nə bankın (qeyd edildiyi kimi, bankın ümumiyyətlə belə bir tələbi mövcud deyildir), nə də borclunun mənafeyinə uyğun sayıla bilməz. Bununla yanaşı qeyd edilməlidir ki, tərəflər gələcəkdə hərracdan əldə olunacaq pul vəsaiti hesabına kredit öhdəliyini paylarına müvafiq olaraq könüllü icra etmək hüququna malikdirlər. Lakin, yuxarıda da qeyd edildiyi kimi, öhdəliyin hazırki qətnamə ilə məcburi qaydada icrası işin halları, tərəflərin maraqları və qanunvericiliyin tələbləri ilə uzlaşmır. Eyni zamanda, ipoteka qoyulmuş əmlakın bölünmə predmeti olması halı da bankın ipoteka saxlayan kimi qanunla qorunan hüquqlarına və maraqlarına zidd deyildir. Belə ki, həmin əmlakın istər qapalı hərracdan iddiaçı və ya cavabdehdən biri tərəfindən əldə olunması, istərsə də açıq hərracdan hər hansı digər şəxs tərəfindən satın alınması bankın əşya üzərində mövcud olan ipoteka yüklülüyünü aradan qaldırmır. “İpoteka haqqında” Qanunun 30.2-ci maddəsinə əsasən bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin özgəninkiləşdirilməsi, yaxud hüquqi şəxsin yenidən təşkili nəticəsində və ya vərəsəlik qaydasında həmin əşya başqa şəxsə keçdikdə ipoteka qüvvədə qalır və həmin şəxs ipoteka müqaviləsi üzrə ilkin ipoteka qoyanın bütün vəzifələrini, o cümlədən ilkin ipoteka qoyan tərəfindən lazımınca icra edilməmiş vəzifələri daşıyır. Göründüyü kimi, iddiaçı qeyd olunan hissədə öz tələbini əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 14.2-ci və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilməli, iddia qismən təmin olunmalı, ünvan 2 ünvanında yerləşən 1 nömrəli mənzili onun üzərində “X8” ASC-nin ipoteka yüklülüyü saxlanılmaq şərti ilə ilkin olaraq qapalı (yalnız paylı mülkiyyətin iştirakçıları üçün) hərracda satılmalı, bu mümkün olmadıqda (əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda) isə açıq hərracda satılmalı, hərracda ilkin satış qiyməti 192809,00 manat müəyyən olunmalı, mənzilin satılmasından əldə olunan vəsaitin ¾ hissəsi İddiaçı, ¼ hissəsi X2 verilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsindəki icraat zamanı 100 manat, apellyasiya instansiyası məhkəməsində icraat zamanı 50 manat məbləğində aparılmış ekspertiza tədqiqatının dəyəri (məhkəmə xərci), cəmi 150 manat mövcud olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, həmin məhkəmə xərci tərəflərə bərabər hissələrdə aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh Qasımzadə (Ələsgərova) Brilliant Elçin qızına qarşı “paylı mülkiyyətdə olan mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda mənzilin açıq hərracdan satılması və paylarına mütənasib surətdə bölüşdürülməsi” tələbinə dair mülk iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1012/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1012/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin, iddianın qismən təmin olunması barədə yeni qətnamə qəbul edilsin. Tərəflərin paylı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 1 nömrəli mənzil onun üzərində “X8” ASC-nin ipoteka yüklülüyü saxlanılmaq şərti ilə ilkin olaraq qapalı (yalnız paylı mülkiyyətin iştirakçıları üçün) hərracda, bu mümkün olmadıqda (əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda) isə açıq hərracda satılsın, satışdan əldə olunan vəsaitin ¾ hissəsi İddiaçı, ¼ hissəsi X2 verilsin. Mənzilin hərracda ilkin satış qiyməti 192809,00 (bir yüz doxsan iki min səkkiz yüz doqquz) manat müəyyən olunsun. İddia qalan hissədə təmin olunmasın. Məhkəmə xərci tərəflərə aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 150 (bir yüz əlli) manat pul vəsaitinin 75 (yetmiş beş) manat hissəsi iddiaçıdan, 75 (yetmiş beş) manat hissəsi cavabdehdən tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar