Məhkəmə qərarları › İş №2(103)-7220/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7220/2022

22.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7220/2022 22.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh 53 saylı Notariat Kontoruna qarşı iş üzrə QƏTNAMƏSİ iş № 2(103)-7220/2022 (Açar sözlər: icra qeydinin ləğv edilməsi) Bakı şəhəri, 22 noyabr 2022-ci il Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və üçüncü şəxs X4 vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh 53 saylı Notariat Kontoru və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1252/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı: a) Birinci instansiya məhkəməsində icraat:

1. İddiaçı cavabdeh 53 saylı Notariat Kontoru və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 53 saylı Notariat Ofisinin X1 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, 53 saylı Notariat Ofisinin Xüsusi X1 tərəfindən verilmiş 29 iyul 2021-ci ıl tarixli İcra Qeydinə əsasən ipoteka saxlayan X4 tələbi ilə borc alan ondan ipoteka qoyan X2 məxsus ünvan 1 ünvanında yerləşən əmlaka tutma yönəldilməsi qeyd olunmuşdur (öhdəliyi müəyyən edən müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 70000,00 USD əsas borc, 0,00 USD faiz borcu olmaqla cəmi tutulmalı məbləğ 70000,00 USD təşkil edir). Belə ki, «Notariat haqqında» Qanunun 76-cı maddəsinə əsasən Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. “İpoteka haqqında” Azərbaycan Respubliaksınm Qanunun 37.1-ci maddəsinə əsasən isə İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Bununla bağlı məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, yuxarıda qeyd edilən Qanunların tələbinə əsasən icra qeydinin verilməsinə əsas olacaq halın, yəni müvafiq bildiriş ona çatdırılmamış, icra qeydinin verilməsi barəsində İcra və Probasiya Şöbəsi vasitəsi ilə məlumat almışdır (53 saylı Notariat Ofisi tərəfindən ona şəxsən sifarişli poçt qəbzi ilə hər hansı bildiriş çatdırılmamışdır). Bununla yanaşı bildirmək istərdi ki, tərəflər arasında bağlanmış müqaviləsə əsasən isə tələb olunan məbləğ 70.000 ABŞ dolları deyil, xeyli aşağıdır. Xüsusilə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 saylı «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Qərarının 8-ci bəndində əsasən notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 10 iyun 2011 -ci il tarixli 143-İVQD №-li Qanunu ilə MPM-in XXXVİİİ fəsli («Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər») həmin Məcəllədən çıxarılsa da, «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1252/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir (Hakim: Toğrul Axundov). Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

4. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir.

5. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-1252/2022 saylı qətnaməsi əsassız və qanunsuz olduğundan ləğv edilməli və iş üzrə iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, «Notariat haqqında» Qanunun 76-cı maddəsinə əsasən Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan RespublikasınınQanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. “İpoteka haqqında” Azərbaycan Respubliaksının Qanunun37.1-ci maddəsinə əsasən isə İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Bununla bağlı məhkəmənin diqqətinə çatdırmaq istərdim ki, yuxarıda qeyd edilən Qanunların tələbinə əsasən icra qeydinin verilməsinə əsas olacaq halın, yəni müvafiq bildiriş iddiaçıya çatdırılmamış, icra qeydinin verilməsi barəsində o İcra və Probasiya Şöbəsi vasitəsi ilə məlumat almışdır (53 saylıNotariat Ofisi tərəfindən mənə şəxsən sifarişli poçt qəbzi ilə hər hans ı bildiriş çatdırılmamışdır). Bununla yanaşı bildirmək istərdik ki, tərəflər arasında bağlanmış müqaviləsə əsasən isə tələb olunan məbləğ 70.000 ABŞ dolları deyil, xeyli aşağıdır. İşin faktiki hallarına uyğunolaraq bildirmək istərdik ki, məhkəmə iclasında araşdırılan hallarla müəyyən edilmişdir ki, ümumi borc məbləğindən məhkəmə qətnaməsi elan edilən tarixə 20.500 ABŞ dolları borc qalmış, bu halı isə birinci instansiya məhkəməsi nəzərə almamışdır. Eyni zamnada, iş materiallarında olan sənədlərdən də görünür ki, Notariat Ofisi tərəfindən göndərilmiş bildiriş şəxsən İddiaçı çatdırılmamış, onun şəxsən borcluya çatdırılması təmin edilmişdir. Bu isə ciddi qanun pozuntusudur. Bununla belə, məhkəmə iclasında iştirak edən üçünçü şəxsin nümayəndəsi və vəkili özü də bildirmişdir ki, qalıq borc məbləğindən əlavə olaraq da tərəflər arasında danışıqların nəticəsi olaraq 3.000 ABŞ dollarının da ödənilməsi ilə bağlı məsələ öz həllini tapmışdır. Lakin, birinci instansiya məhkəməsi bu hallara diqət yetirmməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi.

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs E.Quliyevin vəkili Nümayəndə cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

8. Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə bamayaraq o, kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

9. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq: “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu

10. “Notariat haqqında” Qanunun 76-cı maddəsinin 6-cı abzasına əsasən, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur.

11. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələbinə görə borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır.

12. Qanununun 76-cı maddəsinin tələbinə görə, icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

13. “İpoteka haqqında” Qanunun 36.3-cü maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır.

14. Həmin Qanunun 36.4.1-ci maddəsinə əsasən, tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə tutmanın yönəldilməsi proseduru davam etdirilə bilməz. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu

15. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.4-cü maddəsinə əsasən notariat orqanlarının icra qeydləri icra sənədləri sayılır.

Apellyasiya baxışının hədləri:

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

19. İş materiallarında olan xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən X9 borc alan İddiaçı xx.xx.2019-cu il tarixədək 70000 ABŞ dolları məbləğində borca pul vermişdir.

20. xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, X2 məxsus ünvan 1 xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmişdir.

21. X9 tərəfindən Cavabdehna ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, sonuncu xx.xx.2018-ci il tarixli, 3M-1524 reyestr nömrəli ipoteka müqaviləsinə dair icra qeydi açılmasını xahiş etmişdir.

22. İpoteka Predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixli icra qeydindən görünür ki, “Notariat Haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan X4 tələbi ilə borc alan İddiaçı ipoteka qoyan X2 məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən əmlaka tutma yönəldilmişdir.

23. Cavabdeh Nəsimi rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, tərəflər X9, İddiaçı və X3 arasında xx.xx.2018-ci il tarixində, 3M1524 reyestr nömrəsi ilə təsdiq edilmiş ipoteka müqaviləsi icra edilməsi üçün Nəsimi rayon İcra şöbəsinə göndərilmişdir.

24. xx.xx.2021-ci il tarixli İcraata başlamaq haqqında qərar və bildirişdən görünür ki, Cavabdeh 9158 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraat balanılması qərara alınmış və borcluya 10 gün könüllü müddət ərzində icra sənədini icra etməsi bildirilmişdir.

25. Kollegiya iş materialları və apellyasiya şikayətinə əsasən qeyd edir ki, xx.xx.2018ci il tarixli kredit müqaviləsin əsasən, borc verən X9 borc alan İddiaçı xx.xx.2019-cu il tarixədək 70000 ABŞ dolları məbləğində borca pul vermiş və həmin kreditin təminatı kimi, X2 məxsus ünvan 1 xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. X9 Cavabdehna xx.xx.2021-ci il tarixdə ərizə ilə müraciət edərək, xx.xx.2018-ci il tarixli, 3M-1524 reyestr nömrəli ipoteka müqaviləsinə dair icra qeydi açılmasını xahiş etmiş və İpoteka Predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixli icra qeydinə əsasən, “Notariat Haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan X4 tələbi ilə borc alan İddiaçı ipoteka qoyan X2 məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən əmlaka tutma yönəldilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubu ilə icra qeydi icra edilməsi üçün Nəsimi rayon İcra şöbəsinə göndərilmiş və xx.xx.2021-ci il tarixli İcraata başlamaq haqqında qərar və bildirişə əsasən, Cavabdeh 9158 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraat balanılması qərara alınmış və borcluya 10 gün könüllü müddət ərzində icra sənədini icra etməsi bildirilmişdir. İddiaçı cavabdeh 53 saylı Notariat Kontoru və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 53 saylı Notariat Ofisinin X1 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının iddia tələbinin əsasını ona rəsmi qaydada notarius tərəfindən icra qeydinin verilməsində onda bildirişin göndərilməməsi və icra qeydi verilərkən ödənilmiş məbləğlərin nəzərə alınmadan kredit müqaviləsində göstərilmiş borc üzrə icra qeydinin verilməsi təşkil edir.

26. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, 53 saylı Notariat Kontoru tərəfindən verilmiş icra qeydi qanunvericiliyin tələblərinə uyğun aparılmış, bu barədə iddiaçıya və ipoteka qoyana rəsmi qaydada bildiriş göndərilmişdir. İşin bu halı istər iş materiallarında olan icra işinin materiallarında olan qəbzlər, istərsə də tərəflərin etirafedici izahatları ilə öz təqsdiqini tapmışdır.

27. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılşamayaraq qənaətini onunla əsaslandırır ki, məhkəmə tələbkar tərəfindən icra qeydinin verilməsinə dair müraciət edilməmişdən öncə, borclu və ipoteka qoyana rəsmi qaydada bildirişlər göndərilməsi və həmin bildirişlərin qəbul edilməsinə istinad etsə də, “İpoteka haqqında” Qanunun 36.3, 36.4.1 və “Notariat haqqında” Qanunun 76-cı maddəsinin 6-cı abzasında əks olunan tələblərə riayət edilib-edilməməsinə qiymət verməmişdir.

28. Belə ki, qeyd edilən normaların tələbindən görünür ki, qanunverici tutmanın ipoteka predmetinə yönəldilməsindən əvvəl tələbkarın ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etməsini imperativ tələb olaraq müəyyən edir ki, bu da həmin tələbə riayət edilmədiyi təqdirdə icra qeydinin qanuni olmasını istisna edir.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 saylı qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinə əsasən borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli, 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli; ödəniş müddətinin keçirilməsi (əmlakın qaytarılması və ya verilməsi) haqqında notarius vasitəsi ilə kreditorun borcluya göndərdiyi yazılı bildiriş təqdim olunur.

30. Sözügedən Təlimatın 164-cü bəndində göstərilir ki, ödənilməli məbləğ və tələb olunub alınmalı əşyalar, faiz və peniyalarla birlikdə icra qeydində öz əksini tapmalıdır. Həmin Təlimatın 169-1-ci bəndinin “e” yarımbəndində göstərilir ki, tutmanın yönəldilməsi haqqında bildiriş bu bəndin “d” yarımbəndində nəzərdə tutulmuş şəxslərə verildikdən azı 30 təqvim günü keçdikdə və əsas öhdəlik bu müddətdə icra edilməyibsə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra qeydi aparılır. Həmin bəndin “d” yarımbəndində isə göstərilmişdir ki, ipoteka saxlayan tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərilibsə, bildirişdə ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq əks olunubsa və bildiriş müvafiq reyestrdə təsdiqlənibsə, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra qeydi aparılır.

31. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman müəyyən edilmişdir ki, qeyd edilən müddəaların tələblərinə əsasən, tələbkar tutmanın ipoteka predmetinə yönəldilməsindən əvvəl tələbkar ipotekanın dövlət qeydiyyatı orqanına, yəni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməmişdir.

32. Qeyd edilənlərə əsasən kollegiya vurğulayır ki, tələbkar tərəfindən “Notariat haqqında” və “İpoteka haqqında” Qanunların yuxarıda qeyd edilən tələblərinə riayət edilmədiyindən icra qeydinin ləğv edilməsinə dair iddia tələbi əsaslıdır.

33. Kollegiya yuxarıda sadalanan xüsusatlara və qeyd edilən hüquq normalarının tələblərinə əsasən belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbi təmin edilərək, 53 saylı Notariat Ofisinin X1 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli icra qeydi ləğv edilməlidir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

35. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

36. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

37. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.

38. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

39. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1252/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. 53 saylı Notariat Ofisinin X1 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli icra qeydi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar