Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7225/2020 23.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X4 və Cavabdeh2 nümayəndəsi və vəkili X1 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı «xxxxxxxxxxxxx» ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqrasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 5000 manat məbləğində dəymiş ziyanın və 30.40 dövlət rüsumunun «xxxxxxxxxxxxx» ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.Burcayev, iş № 2(008)-5842/19) iddia təmin edilmiş, Cavabdeh2 5000 manat məbləğində pul vəsaitinin və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun «xxxxxxxxxxxxx» ASC-nin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh2 apelyasiya şikayəti verərək Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxxx 2018-ci il tarixdə saat 15:30 radələrində Bakı şəhəri, Z.Bünyadov prospekti Çermet körpüsünün üstündə Cavabdeh2 “xxxxxxxxxxxxx” ASC-də sığortalanmış Cavabdeh1 məxsus olan “Lexus RX 350” markalı, ** VL *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələblərini pozmuş, nəticədə X2 məxsus olan və X5 tərəfindən idarə olunan “Nissan Sunny” markalı, ** HP *** dövlət nömrə nişanlı və Salmanov Emil Şövkət oğluna məxsus olan və X6 tərəfindən idarə olunan “Saipa 131 EX” markalı, ** FO *** dövlət nömrə nişanlı avtomobillərlə toqquşmuşdur. Nərimanov rayon DYPŞ tərəfindən təqdim olunmuş xx.xx.2018-ci il tarixli TP 617399 saylı İnzibati Qərara əsasən “Lexus RX 350” markalı, ** VL *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh2 təqsirli tərəf kimi rəsmiləşdirilmişdir. xx xxx 2018-ci il tarixli 01770 saylı Ödəniş tapşırığına əsasən “xxxxxxxxxxxxx” ASC tərəfindən X3 dəymiş zərər görə 3581.06 manat və 01769 saylı Ödəniş tapşırığına əsasən Salmanov Emil Şövkət oğluna dəymiş zərər görə 1418.94 manat məbləğində ödəniş edilmişdir. Qeyd oluanlara əsasən iddianın təmin edilməsi, yəni Cavabdeh2 5000 manat məbləğində dəymiş ziyan və 30.40 dövlət rüsumunun «xxxxxxxxxxxxx» ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamədə Cavabdeh2 avtomobili səlahiyyəti olmadan idarə etməsini göstərsə də, buna əsas ola biləcək DYPŞ-nin hər hansı bir qərarına istinad etməmişdir. Ona görə də qətnamə ləğv olunmalı, iddia rədd edilməlidir. Cavabdehin nümayəndəsi və vəkili T.Şükürov məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi F.Ələkbərov apelyasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi rədd olunmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh2 xx xxxxx 2018-ci il tarixdə saat 15:30 radələrində Bakı şəhəri, Z.Bünyadov prospekti Çermet körpüsünün üstündə “xxxxxxxxxxxxx” ASC-də sığortalanmış Cavabdeh1 məxsus olan “Lexus RX 350” markalı, ** VL *** dövlət nömrə nişanlı avtomobili idarə edərəkən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələblərini pozmuş, nəticədə X2 məxsus olan və X5 tərəfindən idarə olunan “Nissan Sanny” markalı, ** HP *** dövlət nömrə nişanlı və Salmanov Emil Şövkət oğluna məxsus olan və X6 tərəfindən idarə olunan “Saipa 131 EX” markalı, ** FO *** dövlət nömrə nişanlı avtomobillərlə toqquşmuşdur. Hadisə ilə əlaqədar «xxxxxxxxxxxxx» ASC tərəfindən X3 dəymiş zərərə görə 3581.06 manat və 01769 saylı Ödəniş tapşırığına əsasən Salmanov Emil Şövkət oğluna dəymiş zərərə görə 1418.94 manat məbləğində ödəniş edilmişdir. Hazırda «xxxxxxxxxxxxx» ASC məhkəmədə həmin məbləğin geri qaytarılması ilə bağlı subroqasiya qaydasında iddia qaldırmışdır. İddia ərizəsində cavabdeh kimi Cavabdeh2 ilə yanaşı Cavabdeh1 da göstərilmiş olsa da, iddiaçının 5000 manat məbləğində ziyanın subroqasiya qaydasında ödənilməsi tələbi yalnız Cavabdeh2 qarşı yönəlmişdir. İddiaçı tələbinin faktiki əsası kimi Cavabdeh2 hadisə vaxtı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada sürücülük hüququnun olmamasına istinad etmişdir. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəlləsinin 936.5, 1096, 1097, 1108, 1114-cü və “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmiş və qənaətini onunla əsaslandırmışdır ki, yol-nəqliyyat hadisəsi baş verən zaman yüksək təhlükə mənbəyi olan avtomobil həmin avtomobili idarə etmək səlahiyyəti olmayan Cavabdeh2 tərəfindən idarə edildiyindən, habelə Cavabdeh2 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirliliyi DİN Baş Dövlət X12 tərəfindən tətrib edilmiş AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla sübuta yetirildiyindən həmin mənbənin vurduğu ziyana görə Cavabdeh2 məsuliyyət daşımalıdır. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən 922.1, 926.1, 936.5, 1096, 1097, 1108, 1114-cü, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü və “Yol hərəkəti haqqında” Qanunun 35-ci maddələri ilə əsaslandırmışdır. Cavabdehin apelyasiya şikayətinin əsas dəlili qətnamədə Cavabdeh2 avtomobili səlahiyyəti olmadan idarə etməsinin düzgün göstərilməməsi və nəticədə maddi hüquq normalarının düzgün tətbiq olunmaması barədədir. Məhkəmə kollegiyası aşağıdakılara görə apelyasiya şikayətinin dəlillərini əsaslı sayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, “xxxxxxxxxxxxx” ASC-də sığortalanmış “Lexus RX 350” markalı, ** VL *** dövlət nömrə nişanlı avtomobil Cavabdeh1 mülkiyyətindədir və mülkiyyətçi tərəfindən hələ xx.xx.2007-ci ildə Cavabdeh2 həmin minik avtomobilini idarə etmək səlahiyyəti verilmişdir. Hadisə baş verən vaxtı Cavabdeh2 etibarnamə əsasında minik avtomobilini idarə etmək hüququ olmuşdur. Eləcə də, Rusiya Federasiyasının səlahiyyətli orqanları tərəfindən verilmiş sürücülük vəsiqəsinə əsasən Cavabdeh2 “B”, “C”, “E” kateqoriyalı avtomobilləri idarə etmək hüququ olmuşdur. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü və “Yol hərəkəti haqqında” Qanunun 35-ci maddələrinə istinad edən birinci instansiya məhkəməsinin qənaətinə görə Cavabdeh2 əcnəbi vətəndaş olduğundan o, sürücülük vəsiqəsini Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə aldığı gündən bir ay müddətində dəyişdirməli idi. Məhkəmə bu qaydaya əməl olunmamasını avtomobilin səlahiyyəti olmayan şəxs tərəfindən idarə olunması kimi qiymətləndirmiş və hesab etmişdir ki, iddiaçının məhz bu səbəbdən cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, sürücülük vəsiqəsinin dəyişdirilməməsi cavabdehin sürücülük hüququnun olmaması və avtomobilin səlahiyyəti olmayan şəxs tərəfindən idarə olunması kimi qiymətləndirilə bilməz. “Yol hərəkəti haqqında” Qanunun 35-ci maddəsində sürücülük vəsiqəsinin dəyişdirilməsi nəzərdə tutulmuş olsa da, cavabdeh buna görə inzibati məsuliyyətə cəlb olunmamışdır. Cavabdehin barəsində İXMnin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbiri onun avtomobili ara məsafəsini gözləmədən idarə etməsinə görə tətbiq edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə göstərilən vəziyyətdə sığorta şirkətinin subroqasiya hüququ yaranmamışdır və bu səbəbdən də iddia tələbi əsaslı sayıla bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası MPM-nin 385.1.1 və 385.1.4-cü maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilərək yeni qətnamə çıxarılmalı və iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh2 apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı «xxxxxxxxxxxxx» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqrasiya qaydasında pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-7225/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7225/2020
23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver