Məhkəmə qərarları › İş №2(103)-7232/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7232/2021

17.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7232/2021 17.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi ilə İddiaçı “Azəriqaz” İB-nin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli 2(010)-1937/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «Azəriqaz» İstehsalat Birliyi Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən iddiaçı «Azəriqaz» İstehsalat Birliyinə vurulmuş 2284,22 manat məbləğində zərərin əvəzinin, pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 2614,22 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq “Azəriqaz” İB-nin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azəriqaz” İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında daha öncəki tarixlərdə, eləcə də 07.11.2018-ci il tarixində AKX- 0041306/11-2018 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “Azəriqaz” İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana “Azəriqaz” İB-nin Bakı X2 Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Cavabdeh bağlanmış müqavilənin 2.3.2ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək), “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) və “Qaz təchizatı haqqında” Qanunun 6.2-ci bəndinin tələbləri pozularaq istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətlərindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən fotoçəkilişlərlə lentə alınmışdır. Həmçinin qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli və qanunazidd hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən aktlar tərtib olunmuş, 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 100,80 manat, 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, 31.01.2019-cu il tarixli ******* saylı akt əsasında 853,20 manat, 24.09.2018-ci il tarixli ******* saylı akt əsasında 172,80 manat, 28.03.2017-ci il tarixli ******* saylı akt əsasında 233,60 manat olmaqla, cəmi 1801 manat məbləğində “Azəriqaz” İB-yə maddi zərərin dəydiyi müəyyən olunmuşdur. Lakin cavabdehin 11/2017 tarixli 233,60 manat və 09/2018 tarixli 172,80 manat borcları Smart sayğaca keçirilmişdir. Bundan əlavə, cavabdehin 07/2012-ci il tarixindən 260,60 manat məbləğində debitor borcu qalmaqdadır. Bu müddət ərzinə abonent hər ay müxtəlif məbləğdə olmaqla cəmi 612 manat ödəniş həyata keçirmiş, onun da 183,60 manatı borca görə tutularaq ümumi borcdan silinmişdir (260,50 + 233,60 + 172,80 - 183,60 = 483,22 manat). Cavabdeh tərəfindən iddiaçı “Azəriqaz” İB-yə ödənilməli borc məbləği hazırda AGİS və GASREPORT üzrə sistemdən çıxarılmış saldolar üzrə ümumi olaraq 2284,22 manat təşkil edir (1801 manat + 483,22 manat = 2284,22 manat). Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli 2(010)- 1937/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31.01.2019-cu il tarixli ******* saylı akt əsasında 853,20 manat məbləğində dəymiş ziyanın əvəzinin və 20 manat dövlət rüsumunun məcburi qaydada tutularaq iddiaçı “Azəriqaz” İB-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən dəfələrlə qaz xəttinə qanunsuz qoşulmalar olmuş, lakin birinci instansiya məhkəməsi həmin aktlar üzrə hesablanmış ziyanın əvəzini tutmamış, qətnamə maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiyinə görə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli 2(010)-1937/2021 saylı qətnaməsi iddiaçı "Azəriqaz" İstehsalat Birliyinin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki , iş materiallarında olan 07.11.2018-ci tarixli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, tərəflər arasında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən “Azəriqaz” İstehsalat Birliyi müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq Cavabdeh evini keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq “Azəriqaz” İstehsalat Birliyinin Bakı X2 Departamenti tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin Müqavilənin 2.3.1-ci bəndinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini ödəmək istehlakçının vəzifəsidir. Həmin Müqavilənin 2.3.4-cü bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin ödəmək istehlakçının vəzifəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Apellyasiya şikayətinin məzmunundan görünür ki, apellyasiya baxışının predmetini qətnamənin iddia tələbinin təmin olunmayan hissəsinin yoxlanılması təşkil edir. İş materiallarından görünür ki, 28 mart 2017-ci il tarixdən 29 noyabr 2019-cu il tarixədək olan dövrdə abonent Cavabdeh barəsində üst-üstə təbii qazdan istifadə qaydalarının pozulması haqqında 14 akt tərtib olunmuş, abonentə 1801 manat maddi ziyan hesablanmışdır. Aktların heç biri abonent tərəfindən imzalanmamış, “Azəriqaz” İB tərəfindən məhkəmələrə göndərilmiş çoxsaylı işlərdə olduğu kimi, hazırkı işdə olan aktlarda da abonent tərəfindən akta imza olunmaqdan imtina olunması qeyd olunmuşdur. Abonentin barəsində təbii qazın talanmasına görə 14 akt tərtib olunsa da, təqsirli şəxsin təbii qazın talanması və ondan istifadə qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti orqanlara müraciət olunmamışdır. Bundan əlavə, iddia ərizəsinə əlavə olunmuş fotoşəkillərin abonentə məxsus evdə çəkilməsini və nə vaxt çəkilməsini müəyyən etmək mümkün olmamışdır. İddiaçı “Azəriqaz” İB tərəfindən məhkəməyə təqdim olunmuş sübutlar qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə, yəni iddianın rədd olunmuş hissəsində iddianın təmin olunmasına əsas vermir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli 2(010)- 1937/2021 saylı qətnaməsi iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar