Məhkəmə qərarları › İş №2(103)-7237/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7237/2020

23.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7237/2020 23.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1391/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı həmçinin ərizə verərək işə mahiyyəti üzrə baxılıb nəticə verilənədək iddianın təmini tədbiri kimi, Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsi, 9/M.Ə.Rəsulzadə küçəsi, 8 ünvanında yerləşən ikimərtəbəli binanın zirzəmisində cavabdehin adına dövlət reyestrində qeydiyyata alınmış 230,8 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsində, İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinə giriş çıxışı üçün maneə yarada biləcək hər hansı tikinti və quraşdırma işlərinin aparılmasının cavabdehə qadağan edilməsinə dair qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim M.Bağırova, iş № 2(009)-1391/20) iddianı təmin etmə tədbirinə dair ərizə təmin olunaraq, işə mahiyyəti üzrə baxılıb qurtaranadək Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsi, 9/M.Ə.Rəsulzadə küçəsi, 8 ünvanında yerləşən ikimərtəbəli binanın zirzəmisində cavabdeh Nəcəfquliyev X1 adına dövlət reyestrində qeydiyyata alınmış 230,8 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsində, İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinə giriş-çıxış üçün maneə yarada biləcək hər hansı tikinti və quraşdırma işlərinin aparılmasının cavabdehə qadağan edilməsi qərara alınmışdır. Cavabdeh Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından şikayət verərək onun ləğv olunmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, qərardadda təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipi pozulmuş, cavabdeh tərəfindən prosesi aşkar surətdə uzatmağa yönəlmiş hərəkətlər olmadığı halda, mülkiyyət üzərində hər hansı sərəncamvermə hərəkətləri aparılmadığı halda bu Qərardadın qəbulu bir daha qanunvericiliyin tələblərinin pozulduğunun bariz nümunəsidir. Cavabdehin mülkiyyətində olan əmlak üzərində üçüncü şəxslərin məhdud əşya hüququ, servitutu və ya yüklülüyü yoxdur. Belə olduğu təqdirdə cavabdehə qarşı saysız-hesabsız iddialar qaldırıla və sözügedən qərardadlarla hər hansı mübahisəyə dair qətnamə qanuni qüvvəyə minənədək onun mülkiyyət hüquqları məhdudlaşdırıla bilər. Halbuki, bu, mülkiyyət hüququnun kobud pozulması deməkdir. Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə şikayəti qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, tərəflərin izahatlarını dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmamalı və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin iddianın təmini tədbirinin tətbiq edilməsinə dair mövqeyi əsaslı olmuşdur. Belə ki, göstərilən ünvanda hər hansı tikinti və quraşdırma işlərinin aparılması hazırda işə baxılması və sonrakı mərhələlərdə işin hallarının mürəkkəbləşməsinə səbəb ola bilər. Şikayətçinin göstərdiyi hallar mübahisələndirilən qərardadın ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə isə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin etmək üçün tədbir görülə bilər. Qanunun mənasına görə iddianın təmini tədbiri çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Bu tədbirin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və həmin tədbirin prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Öz təbiəti etibarilə iddianın təmini tədbiri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü kimi qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası həmin subyektiv hüququn real bərpası deməkdir. Beləliklə, iddianı təmin etmə tədbiri prosessualhüquqi tədbirdir, müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir və onun yalnız prosessual-hüquqi məqsədi vardir: gələcəkdə qətnamənin icrasını təmin etmək. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar