Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7239/2022 05.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏ (Açar sözlər: “mənzilə istifadə hüququna xitam verilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Yusifov Cahangir Afər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə Qaradağ Rayon Məhkəməsinin 2(002)-2117/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh pasport qeydiyyatından çıxarılmasına əsası üçün ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyət hüququ əsasında ona məxsus mənzildən istifadə hüququna həmin mənzildən pasport qeydiyyatından çıxarılması əsası ilə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi belə əsaslanmışdır ki, cavabdehin ona məxsus mənzildə yaşamamasını məhkəmədə təsdiq edə bilən şahidləri vardır, habelə hazırkı iddia ərizəsinə sübut kimi əlavə etdiyi qonşularının iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktla təsdiq olunur ki, həqiqətəndə cavabdeh ona məxsus mənzildə qeydiyyatda olsa da, 2017-ci il tarixdən hazıradək həmin mənzildə yaşamır. Cavabdeh ilə onun arasında mənzildən istifadə hüququ ilə bağlı hər hansı rəsmi razılaşma, müqavilə bağlanmamış, həmin mənzilindən cavabdehin istifadə hüququ daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyatdan keçməmişdir. Həmçinin cavabdeh uzun müddətdir ki, onun mənzilində yaşamır və nəticə etibarı ilə onun iddiaçının mənzilində qeydiyyatda qalması formal xarakter daşıyır, həmçinin əsassız olaraq onun həmin mənzil ilə bağlı hüquqlarının məhdudlaşdırılmasına səbəb olur.
3. Qaradağ Rayon Məhkəməsinin 2(002)-2117/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Gülnar Əhmədova) ilə iddia ərizəsi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
4. İddiaçı apelyasiya şikayətini verərək, qeyd etmişdir ki, rayon məhkəməsində maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. Belə ki, işin hallarından və cavabdehin etirafından da görünür ki, cavabdeh yetkinlik yaşına çatmış şəxsdir, ailəlidir, dörd övladı var və ailəsi ilə birllikdə Abşeron rayonu Xırdalan şəhərində yaşayış sahəsinə malikdirlər, habelə 2017-ci ildə etibarən həmin yaşayış sahəsində ailəsi ilə birlikdə yaşayır. Cavabdeh məhkəmədə ailə qurduqdan sonra başqa yaşayış sahəsində yaşadığını özü etiraf etmişdir. İddiaçı tərəf olaraq mən məhkəmədə cavabdehin ona məxsus mənzildə yaşamasına heç vaxt mane olmadığını, cavabdehin başqa yaşayış yerinin olmadığı təqdirdə, yalnız özünün onun mənzilində yaşamasına etiraz etmədiyini, habelə cavabdehin qeyri-rəsmi nikadan olan xanımla və həmin nikahdan olan uşaqları ilə onun mənzilində yaşamaq hüququnun olmadığını bildirmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
5. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi, bildirdi ki, cavabdeh başqa ünvanda öz ailəsi ilə kirayədə yaşayır, onun iddiaçının evində qeydiyyatı formal xarakter daşıyır.
6. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, o, həmin mənzildə doğulmuş, orada yaşamış, 2011-ci ildə mənziin anasının adına özəlləşdirilməsinə razılıq vermiş, sonra anasının istəmədiyi xanımla ailə qurduğu üçün anası onun əşyalarını evdən atmışdır, hazırda məcburiyyətdən ailəsi ilə birlikdə kirayə mənzildə yaşayır, evi yoxdur, həmin evdə yaşamaq istəyir. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
7. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:
8. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verərək, öz ifadəsində iddiaçının qonşusu olduğunu, həm iddiaçı, həm da cavabdehi tanıdığını, neçə ildir ki, onların qonşusu olduğunu, onların necə ailə olduqlarını bildiyini, cavabdeh çox tərbiyəli uşaq olduğunu, indi ailələrində belə bir mübahisə yarandığını, onun evləndiyi xanımla bağlı cavabdehin evi tərk etdiyini, anasının onları necə əziyyətlə böyütdüyünü bildirdi.
9. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək, öz ifadəsində iddiaçının qonşusu olduğunu,hər ikisini yaxşı tanıdğını, cavabdehin onların gözü qarşısında böyüdüyünü, 5-6 ildir orada yaşamadığını, aralarında davadalaş olduğunu,cavabdehin indiki həyat yoldaşı ilə evləndiyindən, həmin evi tərk etdiyini, cavabdehin harada yaşadığını bilmədiyini,başqa şəxslə yaşadığını bildirdi.
10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri,Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi ev 45, mənzil 14 saylı mənzil xüsusi mülkiyyət formasında X1 adına xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır.
11. Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 152 saylı MKİS-nin xx.xx.2022-ci il tarixli 08 nömrəli arayışından görünür ki, Bakı şəhəri,Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi ev 45, mənzil 14 saylı mənzili mülkiyyətçisi İddiaçı olmaqla, X4 xx.xx.2011-ci ildən,X2 xx.xx.2011-ci ildən həmin mənzildə daimi pasport qeydiyyatdadırlar, qeydiyyatda olmalarına baxmayaraq, həmin ünvanda yaşamırlar. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyası
12. Maddə 13 İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
13. Maddə 29 İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsi:
14. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
15. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
17. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
21. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
22. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
23. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
24. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
25. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
28. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
29. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
30. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri: Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmalıdır.
31. Belə ki, Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mahiyyət etibarı ilə iş üzrə düzgün nəticəyə gəlmişdir.
32. Məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, cavabdeh mübahisə predmeti olan mənzildə doğulmuş, orada yaşamış, 2011-ci ildə mənzilin anasının adına özəlləşdirilməsinə razılıq vermiş, həmin evdə mülkiyyətçi iddiaçı ilə birlikdə yaşamış, sonradan anasının istəmədiyi xanımla evləndiyi üçün anası ilə mübahisə zəmnində həmin evi məcburiyyət qarşısında tərk etmişdir, həmin evə ehtiyacı var, öz evi yoxdur.
33. MPM-in 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
34. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
35. 2009-cu ilin oktyabrın 1-ə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-54-cü maddələrinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsindən icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri),onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
36. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər.
37. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.
38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
39. Yuxarıda qeyd edilənlərə əsasən hazırkı iş üzrə cavabdeh iddiaçının oğlu olmaqla onun mənzilində istifadə hüququ vardır, bu səbəbdən onun istifadə hüququna müvafiq kompensasiya ödənilməklə xitam verilməsi mümkündür.
40. Bununla məlum olur ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilə bilməz. Nəticə:
41. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
42. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçıya aid edilməlidir.
43. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Qaradağ Rayon Məhkəməsinin 2(002)-2117/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Cahangir Yusifov Anar Tanrıverdiyev