Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-724/2024 13.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “daşınmaz əmlakın naturada bölgüsü və payın müəyyən edilməsi tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 sentyabr 2023-cü il tarixli qətnamədən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı vəkili (nümayəndəsi) Vəkil1, Cavabdeh1 özünün və vəkili (nümayəndəsi) Vəkil2 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı, cavabdehlərə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsində yerləşən 36 saylı (yeni qaydada Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Xanoğlan Bayramov küçəsi, ev 155) fərdi yaşayiş evinə olan 2/4 hissədə payının hazırda faktiki istifadəsində olan hissəsinin texniki pasportda göstərilən sxemlərə və (məhkəmə baxışı zamanı verilmiş) ekspert rəylərə uyğun yeni ünvan verilməklə naturada ayrılaraq onun xüsusi mülkiyyətinə verilməsi və həmin evdə digər mülkiyyətçilərlə birlikdə qalan payının 1/3 hissədə müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli ev xüsusi və paylı mülkiyyət hüququ ilə 2/4 hissədə (evin 279,2 kv.m hissəsi və torpaq sahəsinin 0,062 ha hissəsi) İddiaçı, 1/4 hissədə (evin 55,8 kv.m hissəsi, torpaq sahəsinin 0,124 ha hissəsi) Cavabdeh1, 1/4 hissədə (evin 66,8 kv.m hissəsi, torpaq sahəsinin 0,0096 ha hissəsi) Cavabdeh2 məxsusdur. Cavabdehlərlə evə və torpaq sahəsinə dair hüquqlarının həyata keçirilməsində anlaşılmazlıqlar yaranmışdır və bu hal iddiaçının mülkiyyət hüququnun kobud şəkildə pozulmasına səbəb olur. Ona görə də evin məhkəmə tərəfindən naturada ayrılması zərurəti yaranmışdır. b) tərəflərin birinci instansiya məhkəməsində işə baxılmasında iştirakı və iştirak etmiş şəxslərin verdikləri izahatlar barədə məlumat
3. İddiaçının vəkili (nümayəndəsi) Vəkil1 iddia tələbini müdafiə edərək izahatında Rayon Məhkəməsinə əlavə olaraq bildirmişdir ki, iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası keçirilmiş və xx.xx.2022-ci il tarixli 10/5814 saylı ekspert rəyinə əsasən mübahisəli evin tərəflərin paylarına uyğun olaraq naturada bölünməsinin texniki cəhətdən mümkün olmaması müəyyən edilmişdir. Bundan sonra iş üzrə əlavə məhkəmə tikinti-texniki ekpertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cu il tarixli 10/685 saylı ekspert rəyi ilə əsas suallara ətraflı cavab verilməsə də, həmin rəy ilə evin “A” tikilisinin texniki pasportda göstərilən 1, 2, 3, 4, 5, 6, 9, 10 saylı literdə qeyd olunan tikililəri, eləcə də ümumi sahəyə əlavə edilməyən İİ mətbəx və İİİ kölgəliyin və texniki pasporta əsasən 0,1240 ha torpaq sahəsindən isə 0,0278 ha hissəsinin iddiaçının hal-hazırda faktiki istifadəsində olması, həmin mülkiyyətin iddiaçının istifadəsində olan hissəsinin hal-hazırda faktiki vəziyyətdə texniki pasportda göstərildiyi kimi olduğu, yəni paylardan kənar təcrid şəkildə ayrı girişçıxışı olmaqla naturada ayrılmış vəziyyətdə olması göstərilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyinə əsasən, mübahisəli evin və həmin evin həyətyanı sahəsinin iddiaçının hazırda faktiki istifadəsində olan hissəsinin həmin mülkiyyətin 55/248 hissəsini təşkil etməsi, iddiaçının faktiki istifadəsində olan 55/248 hissəsinin mövcud vəziyyətinə naturada ayrılmasının hazırki rəyin 2 saylı əlavəsində göstərilmiş sxemə uyğun mümkün olması və iddiaçının faktiki istifadəsində olan 55/248 hissəsinin naturada ayrılaraq ona verildikdən sonra həmin mülkiyyətin iddiaçıya məxsus 69/193 hissəsinin digər mülkiyyətçilərlə birlikdə qalması müəyyən edilmişdir. Ekspert rəyləri ilə sübuta yetir ki, tərəflər arasında fərdi yaşayış evi artıq faktiki olaraq naturada bölünmüş, tərəflərin hər birinin həyəti və evi ayrılmışdır. Lakin iddiaçının istifadəsində olan evin və həyətin hissəsi 2/4 hissədən az olmuş, iddiaçıya təxminən 1/4 hissə verilmiş, qalan hissəsi isə cavabdehlərin faktiki istifadəsində qalmışdır. Mübahisəli evin ümumi sahəsi 558,4 kv.m, evin yerləşdiyi torpaq sahəsinin isə 0,124 ha olması və həmin mülkiyyətin 2/4 hissəsinin, yəni yarısının iddiaçıya məxsus olması nəzərə alınarsa, evin 279,2 kv.m hissəsi və torpaq sahəsinin 0,062 ha hissəsi iddiaçıya məxsusdur. Ekspert rəyinə əsasən isə “A” tikilisinin texniki pasportda göstərilən 1, 2, 3, 4, 5, 6, 9, 10 saylı literlərdə qeyd edilən tikililər və torpaq sahəsinin isə 0,0278 ha hissəsi iddiaçının faktiki istifadəsindədir. Evin texniki pasportuna əsasən isə evin “A” tikilisinin 1, 2, 3, 4, 5, 6, 9, 10 saylı literləri ümumilikdə 100,6 kv.m təşkil edir, yəni evin iddiaçıya məxsus 279,2 kv.m hissəsindən cəmi 100,6 kv.m hissəsi və torpaq sahəsinin 0,062 ha hissəsindən isə cəmi 0,0278 ha hissəsi iddiaçının faktiki istifadəsindədir və bu hissə həmin evin ona məxsus 2/4 hissəsinin yarısından azını təşkil edir (279,2:2=139,6 və 0,062:2=0,031) "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyinə əsasən isə, mübahisəli evin və həmin evin həyətyanı sahəsinin iddiaçının faktiki istifadəsində olan hissəsi həmin mülkiyyətin 55/248 hissəsini təşkil edir və iddiaçının faktiki istifadəsində olan 55/248 hissəsi naturada ayrılaraq ona verildikdən sonra həmin mülkiyyətin iddiaçıya məxsus 69/193 hissəsi digər mülkiyyətçilərlə birlikdə qalır. "xxxx" MMC-nin rəyi ilə iddiaçının faktiki istifadəsində olan hissə daha dəqiq hesablanmış və həmin rəydə də iddiaçının istifadəsində olan hissənin iddiaçıya məxsus 2/4 hissənin yarısından da az olması müəyyən edilmişdir. Əgər iddiaçının faktiki istifadəsində olan hissə naturada ayrılaraq iddiaçıya verilərsə bu iddiaçıya məxsus 2/4 hissənin təxminən yarısı, ümumi mülkiyyətin isə təxminən 1/4 hissəsi olacaq ki, həmin pay naturada ayrılaraq iddiaçıya verildikdən sonra həmin evə dair paylı mülkiyyətçilərin, yəni iddiaçının və cavabdehlərin hər birinin 1/3 hissədə payı qalacaqdır. İddiaçının faktiki istifadəsində olan 55/248 hissəsinin naturada ayrılaraq ona verildikdən sonra evin üzərində iddiaçının 69/193 hissə, Cavabdeh1 62/193 hissə və Cavabdeh2 62/193 hissədə payı qalmış olur. İddiaçının qalan 69/193 hissəsini yuvarlaşdırdıqda 1/3 hissə təşkil edir. Dəqiq hesablamalara görə iddiaçının həmin mülkiyyətdə qalan payı 1/3 hissədən də artıq olur, iddiaçı qalan mülkiyyətdə iddiaçının payının 1/3 hissədə müəyyən edilməsinə etiraz etmir. Bu hal isə cavabdehlərin hüquqlarına toxunmur, əksinə onların mülkiyyətində olan paylarını cüzi də olsa çoxaldır. Əgər evin iddiaçının faktiki istifadəsində olan hissəsi naturada ayrılaraq iddiaçının ayrıca mülkiyyətinə verilərsə, iddiaçının digər payçılarla qalan hissəsi demək olar ki, onların hissələrinə bərabər olacaq, qalan mülkiyyətdə onların hər birinin 1/3 hissədə payı qalacaqdır.
4. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə Rayon Məhkəməsinə məlumat verməmişlər. Rayon Məhkəməsi bu halın işin baxılmasına mane olmadığını nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinin tələblərinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxmışdır.
5. Cavabdehlər məhkəmə iclaslarında iştirak etməsə belə, Cavabdeh1 iddiaya yazılı etiraz təqdim edərək iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh1 iddiaya etirazı onunla əsaslandırılmışdır ki, torpaq sahəsi iddiaçı ilə cavabdehlər arasında 1970-ci ildən paylara uyğun olmayan formada qarşılıqlı razılıq əsasında faktiki olaraq bölünərək mişar daşı ilə hasarlanmışdır. 1952-ci ildə inşa edilmiş ev isə paylara uyğun bölünmüşdür. Payçılar özlərinin ayrı-ayrılıqda giriş-çıxışını müəyyən etmiş, əlavə həyətyanı sahələrində yeni fərdi yaşayış evləri tikərək oradan daimi olaraq istifadə edir və yaşayırlar. Bu ev onların ata evi olmuş, atasının sağlığında bölgü aparılmış və hazırki vəziyyətə qədər hazırki bölgüləri qəbul edərək yaşayırlar. Hər bir payçı özünə düşən hissədə yeni evlər tikmiş, təmir işləri aparmış, tikililər və torpaq sahəsi dövlət qeydiyyatına alınmışdır. İddiaçının belə bir iddiası var idisə onda əvvəldən etiraz edərdi və onlar da bu qədər iş görməz, bu qədər tikinti aparmazdılar, təmir işləri, hasarların təmiri işləri və digər işləri görməzdilər. Hər üçü öz imzası ilə və iradəsi ilə addım ataraq bu vəziyyəti qəbul edərək, razılıqlarını notarial qaydada bildirmişlər. Bu razılıqdan sonra iddia qaldırılması əsassız və qanunsuzdur. Cavabdeh1 etirazı ilkin olaraq verilmiş iddia ərizəsinə münasibətdə verilmiş, “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə verildikdən sonra həmin ərizəyə cavabdeh tərəfin yazılı münasibəti daxil olmamışdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə
6. Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, mübahisəli evə olan 2/4 payının hal-hazırda faktiki istifadəsində olan hissəsi ekspert rəylərində (Məhkəmə tikinti-texniki ekspertizasının 10/685 saylı, xx.xx.2023-cü il tarixli rəyi və "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyi) göstərilən sxemlərə uyğun naturada ayrılaraq iddiaçının xüsusi mülkiyyətinə verilməsini və evdə digər mülkiyyətçilərlə birlikdə qalan payın isə 1/3 hissədə müəyyən edilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmasını, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsini qət etmişdir.
7. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli evin iddiaçının faktiki istifadəsində olan hissəsinin naturada ayrılaraq, onun xüsusi mülkiyyətinə verilməsi, qalan hissəsinin isə digər mülkiyyətçilərlə birlikdə ümumi paylı mülkiyyətdə qalması (məhkəmə tikinti-texniki ekspertizasının 10/685 saylı xx.xx.2023-cü il tarixli rəyinə və "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyinə əsasən) mümkündür. Mübahisəli evin iddiaçının faktiki istifadəsində olan hissəsi naturada ayrılaraq ona verildikdən sonra həmin fərdi yaşayış evində iddiaçının və cavabdehlərin hər birinin payı 1/3 hissədə qalır. Ekspert rəyi ilə bu payların iddiaçıya münasibətdə 69/193 hissə, yəni 1/3 hissədən çox, Cavabdeh1 münasibətdə 62/193 hissə, yəni 1/3 hissədən az, Cavabdeh2 münasibətdə 62/193 hissə, yəni 1/3 hissədən az olması müəyyən edilir. Lakin iddiaçı iddia ərizəsində onun faktiki istifadəsində olan hissəsinin naturada ayrılaraq ona verildikdən sonra həmin fərdi yaşayış evində onun payının 1/3 hissədə müəyyən edilməsini xahiş etdiyinə görə, qalan iki mülkiyyətçinin də payının 1/3 hissə olması müəyyən edilməsi mümkündür və bu halda cavabdehlərin mülkiyyəti artdığına görə onların hüquqları pozulmur. d) apellyasiya şikayəti barədə məlumat
8. Cavabdeh1 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
9. Əsasları iddiaya etirazın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Cavabdeh1 öz hissəsində yeni yaşayış evləri inşa etməsinə və təmir-bərpa işləri görməsinə 100.000 manatdan çox xərc çəkmişdir. Lakin Rayon Məhkəməsi işə qərəzli baxaraq, payçıların vermiş olduğu notarial ərizələrə, mübahisəli evin 50 ildən çox müddət ərzində faktiki bölgüyə uyğun qəbul edilməsinə hüquqi qiymət verməmiş, ancaq müstəqil ekspert rəyini əsas götürərək cavabdehin mülkiyyət hüququnun pozulmasına səbəb olmuş qanunsuz qətnamə qəbul etmişdir. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı barədə məlumat
10. Cavabdeh1 və onun vəkili (nümayəndəsi) Vəkil2 apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və apellyasiya şikayətinin, habelə iddiaya qarşı verdikləri etirazın məzmununa uyğun izahat verdilər.
11. İddiaçının vəkili (nümayəndəsi) Vəkil1 apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsini məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi.
12. İş üzrə digər Cavabdeh2 işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq, məhkəmənin iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir.
13. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. g) apellyasiya baxışının hədləri barədə məlumat
14. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Rayon Məhkəməsinin qətnaməsi iddianın tam təmin edilməsi hissəsində qismən ləğv edilərək, iddianın “daşınmaz əmlakdan ayrılmış hissəyə yeni ünvan verilməsi barədə” hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qeyd edilən hissədə iş üzrə icraata xitam verildiyi üçün hazırki qətnamə ilə Rayon Məhkəməsinin qətnaməsinin əsaslılığına apellyasiya baxışının predmetində qalan hissəsinə hüquqi qiymət verilir.
15. Bundan başqa qeyd edilməlidir ki, Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verməsə də, Rayon Məhkəməsinin qətnaməsinin əsaslılığına apellyasiya baxışında qalan hissədə tam həcmdə hüquqi qiymət verilir. Çünki mübahisə predmeti bölünməzdir. MPM-in 372.6-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. h) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
16. Məhkəmə, apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmetində qalan hissədə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia apellyasiya baxışının predmetində qalan hissədə rədd edilməlidir.
17. Belə ki, mübahisəli fərdi yaşayış evinin üzərində 2/4 hissədə iddiaçının, 1/4 hissədə Cavabdeh1, 1/4 hissədə Cavabdeh2 payı “Daşınmaz əmlakın dövlət reyestrində” xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır.
18. Mübahisəli fərdi yaşayış evi üzərində paylar yuxarıda qeyd edildiyi kimi müəyyən edilsə də, payçılar arasında faktiki olaraq bölünmüş, faktiki bölgü paylara uyğun deyil, amma payçılar uzun müddətdir faktiki bölgüyə uyğun mübahisəsiz qaydada fərdi yaşayış evindən istifadə edirlər.
19. “Daşınmaz əmlakın dövlət reyestrindən” müxtəlif tarixlərdə verilmiş “Çıxarışlardan” görünür ki, mübahisəli fərdi yaşayış evi xx.xx.2017-ci il tarixli qeydiyyat məlumatına əsasən 0,0096 ha torpaq sahəsi və 66,8 kv.m daşınmaz əmlakdan, xx.xx.2020-ci il tarixli qeydiyyat məlumatına əsasən 0,123990 ha torpaq sahəsi və 132,30 kv.m daşınmaz əmlakdan ibarət olmuş, sonuncu - xx.xx.2021-ci il tarixli qeydiyyat məlumatına əsasən isə 0,124 ha torpaq sahəsi və 558,4 kv.m daşınmaz əmlakdan ibarətdir.
20. Göründüyü kimi, payçılar öz faktiki sahələrində zamanla fərdi yaşayış evinin ölçülərinin artması ilə müşayiət edilən müəyyən yaxşılaşmalar həyata keçirmiş, torpaq sahəsinin ölçüləri böyümüş və fərdi yaşayış evinin sahəsinə edilmiş əlavələr tərəflərin verdikləri razılıq ərizələri nəticəsində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 2017-ci ildən 2021-ci il tarixədək 4 il ərzində mübahisəli evin torpaq sahəsinin ölçüləri 0,0096 hektardan 0,124 hektaradək (təqribən 14 dəfə), daşınmaz əmlakın ölçüləri isə 66,8 kv.metrdən 558,4 kv.metrədək (təqribən 9 dəfə) artmışdır.
21. Payçıların ayrı-ayrılıqda verdikləri və xx.xx.2021-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizələrindən görünür ki, hər biri paylı mülkiyyət hüququ üzrə ona məxsus mübahisəli fərdi yaşayış evinin və həmin evin yerləşdiyi sahəsi 0,123990 ha olan torpaq sahəsinin layihəyə əsasən inşa edilmiş yeni tikililərin qeydiyyata alınmasına etiraz etmir, razıdırlar.
22. Məhkəmə tikinti-texniki ekspertizasının 10/5814 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, mübahisəli fərdi yaşayış evinin paylara uyğun olaraq naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Həmin rəyin tədqiqat hissəsindən görünür ki, tədqiqat obyektinə baxış keçirilərək ölçü işləri aparılmışdır. Baxış zamanı texniki pasportda göstərilən tikililərin faktiki vəziyyətlə uyğunluq təşkil etdiyi, mübahisəli torpaq sahəsində bir neçə fərdi yaşayış evinin yerləşdiyi, payçılar arasında tikililərin və torpaq sahəsinin bir neçə hissəyə paylara uyğun olmayaraq əvvəlcədən bölünərək mişar daşı ilə hasarlandığı müəyyən edilmişdir.
23. Məhkəmə tikinti-texniki ekspertizasının 10/685 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, mübahisəli fərdi yaşayış evinin həyətyanı sahəsinin üzərində tikilmiş tikililər nəzərə alınmadan həmin torpaq sahəsinin iddiaçının 2/4 hissəsinə uyğun olaraq naturada ayrılıb onun mülkiyyətinə verilməsinin mümkün olduğu müəyyən edilir. Fərdi yaşayış evinin “C” və “E” tikililəri tam olaraq, eləcə də, ümumi sahəyə əlavə edilməyən İ tikilisi və texniki pasporta əsasən 0,1240 ha torpaq sahəsindən isə 0,0403 ha hissəsi Cavabdeh2 hal-hazırda faktiki istifadəsindədir. Fərdi yaşayış evinin “A” tikilisinin texniki pasportda göstərilən 11, 7, 8, 14, 12, 13, 15, 16 saylı literlərdə qeyd olunan tikililəri (qeyd: 12, 13, 14, 15, 16 saylı literlərdə olan tikililər ümumi sahəyə əlavə edilməmişdir), “D” tikilisi tam olaraq, eləcə də, ümumi sahəyə əlavə edilməyən İV və V literləri və texniki pasporta əsasən 0,1240 ha torpaq sahəsindən isə 0,0558 ha hissəsi Cavabdeh1 hal-hazırda faktiki istifadəsindədir. Fərdi yaşayış evinin “A” tikilisinin texniki pasportda göstərilən 1, 2, 3, 4, 5, 6, 9, 10 saylı literlərdə qeyd olunan tikililəri, eləcə də, ümumi sahəyə əlavə edilməyən İİ mətbəx və İİİ kölgəliyin və texniki pasporta əsasən 0,1240 ha torpaq sahəsindən isə 0,0278 ha hissəsi iddiaçının hal-hazırda faktiki istifadəsindədir. Fərdi yaşayış evinin və torpaq sahəsinin iddiaçının istifadəsində olan hissəsi halhazırda faktiki vəziyyətdə texniki pasportda göstərildiyi kimi olduğu, yəni, paylardan kənar təcrid şəkildə ayrı giriş-çıxışı olmaqla naturada ayrılmış vəziyyətdədir. Həmin rəydə qeyd edilmişdir ki, “A” tikilisinin 12, 13, 14, 15, 16 saylı literlərində olan tikililərinin faktiki vəziyyətdə mövcud olduğu, lakin həmin tikililər ümumi sahəyə əlavə edilmədiyi üçün texniki pasportun “yaşayış evlərinin texniki göstəriciləri” bölməsində qeyd edilmiş “A” tikilisinin 132,3 kv.m ümumi sahəsi ilə faktiki vəziyyət arasında uyğunsuzluğun olduğu müəyyən edilmişdir. Bu səbəbdən də payçıların hal-hazırda faktiki istifadələrində olan hissələrinin həmin mülkiyyətin neçədə bir hissəsini təşkil etmələrini müəyyən etmək mümkün olmamışdır.
24. İddiaçının vəkili (nümayəndəsi) Vəkil1 şifahi vəsatəti əsasında Rayon Məhkəməsi tərəfindən dindirilmiş ekspert X2 iş üzrə verdiyi rəyi təsdiq edərək izahatında göstərmişdir ki, tikililər qeyri-bərabər şəkildə bölünüb. Faktiki olaraq torpaq sahəsi iddiaçının istifadəsində 3 sotdur. Paylar qeyri-rəsmi şəkildə bölünmədən sonra, tikililər də rəsmi şəkildə payçıların arasında bölünməlidir və həddindən artıq əlavə tikili var. Tikililərin ümumi sahəsi 558 kv.metrdir. Lakin texniki pasportda bir çox hissəli tikililər yoxdur. Cavabdeh1 qalan hissə ümumi sahəyə salınmamışdır. Sənəd üzrə 13 sotdur, faktiki isə iddiaçının istifadəsində 3 sota yaxındır. Torpaq sahəsini 1/4 hissədə bölmək mümkündür, lakin iddiaçının torpaq sahəsi az olur. Qərardaddakı 5-ci sualın cavabı odur ki, torpaq sahəsi faktiki istifadədir, artıq ayrılıb. Torpaq sahəsi faktiki 1/4 hissədən azdır. Literlər faktiki ilə eynidir.
25. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, mübahisəli fərdi yaşayış evinin həyətyanı sahəsinin üzərində tikilmiş tikililər nəzərə alınmadan həmin torpaq sahəsinin iddiaçının 2/4 hissəsinə uyğun olaraq naturada onun mülkiyyətinə verilməsi mümkündür və bu rəyin 1 saylı əlavəsində göstərilmiş sxemə uyğun olmalıdır. Fərdi yaşayış evinin və həmin evin həyətyanı sahəsinin Cavabdeh2 hal-hazırda faktiki istifadəsində olan hissəsi həmin mülkiyyətin 80/248 hissəsini təşkil edir. Fərdi yaşayış evinin və həmin evin həyətyanı sahəsinin Cavabdeh1 hal-hazırda faktiki istifadəsində olan hissəsi həmin mülkiyyətin 113/248 hissəsini təşkil edir. İddiaçı faktiki istifadəsində olan 55/248 hissəsinin mövcud vəziyyətdə naturada ayrılması hazırki rəyin 2 saylı əlavəsində göstərilmiş sxemə uyğun mümkündür və İddiaçı faktiki istifadəsində olan 55/248 hissəsi naturada ayrılaraq ona verildikdən sonra (həmin mülkiyyətin iddiaçının faktiki istifadəsində olan 55/248 hissəsi, naturada ayrılaraq ona verildikdən sonra) fərdi yaşayış evinin mülkiyyətçilərinin həmin evdə paylı mülkiyyəti aşağıdakı kimi qalır: İddiaçı - 69/193 hissə, Cavabdeh1 - 62/193 hissə və Cavabdeh2 - 62/193 hissə.
26. “İddiaçı və digərlərinə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, ev 36 yerləşən paylı mülkiyyətin bölünməsi haqqında” xx.xx.2023-cü il tarixli rəyə əlavədən görünür ki, mübahisəli fərdi yaşayış evinin İddiaçı faktiki istifadəsində olan hissəsi naturada ayrılaraq ona verildikdən sonra fərdi yaşayış evinin mülkiyyətçilərinin həmin evdə paylı mülkiyyəti hansı qaydada qalır sualına cavab olaraq onların tərəfindən aparılmış hesablamalarla İddiaçı faktiki istifadəsində olan 55/248 hissəsi naturada ayrılaraq ona verildikdən sonra fərdi yaşayış evinin mülkiyyətçilərinin həmin evdə paylı mülkiyyətinin aşağıdakı kimi qalması müəyyən edilmişdir: İddiaçı - 69/193 hissə; Cavabdeh1 - 62/193 hissə; Cavabdeh2 - 62/193 hissə. Həmin rəqəmlərə əsasən mülkiyyətin qalan hissəsində İddiaçı payı 1/3-dən çox, Cavabdeh1 payı 1/3-dən az və Cavabdeh2 payı 1/3-dən az müəyyən edilir. Yəni İddiaçı faktiki istifadəsində olan hissəsi naturada olaraq ona verildikdən sonra fərdi yaşayış evinin mülkiyyətçilərinin həmin evdə payı yuvarlaqlaşdırılarsa mülkiyyətçilərin həmin evdə paylı mülkiyyəti aşağıdakı kimi qalır: İddiaçı - 1/3 hissə; Cavabdeh1 - 1/3 hissə; Cavabdeh2 - 1/3 hissə.
27. Rayon Məhkəməsi işdə olan rəyləri əsas götürərək yuxarıda qeyd edilən nəticəyə gəlmişdir. Məhkəmənin qənaətinə görə Rayon Məhkəməsi gəlmiş olduğu nəticə ilə maddi və prosessual hüquq normalarının tələblərini pozmuş və səhv qətnamə qəbul etmişdir.
28. Belə ki, məhkəmə tikinti-texniki ekspertizasının 10/5814 saylı, xx.xx.2022-ci il tarixli rəyi ilə mübahisəli fərdi yaşayış evinin paylara uyğun olaraq naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir.
29. Məhkəmə tikinti-texniki ekspertizasının 10/5814 saylı, xx.xx.2022-ci il tarixli rəyi ilə isə, hər bir payçının faktiki istifadəsində olan sahələr müəyyən edilmiş və iddiaçının istifadəsində olan sahənin faktiki olaraq naturada ayrıldığı qeyd edilmişdir.
30. Bundan sonra iddiaçı onun əmlak üzərində olan payının faktiki istifadəsində olan hissəsinin ekspert rəylərində və texniki pasportda göstərilən sxemlərə uyğun yeni ünvan verilməklə naturada ayrılaraq onun xüsusi mülkiyyətinə verilməsi və həmin evdə digər mülkiyyətçilərlə birlikdə qalan payının 1/3 hissədə müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
31. Əvvəla Məhkəmə hesab edir ki, iddia tələbi qeyri-müəyyəndir. Çünki iddiaçı hansı ekspert rəyi və texniki pasportda olan sxemlərə uyğun bölgünün aparılmasını dəqiq göstərməmişdir. "xxxx" MMC-nin rəyi isə ekspert rəyi hesab edilmir, mütəxəssis rəyi sayılır ki, Rayon Məhkəməsi tərəfindən mülki işin baxılmasına mütəxəssis cəlb edilməmişdir.
32. Apellyasiya icraatı zamanı da Məhkəmə buna zərurət görülməmişdir. Çünki iddiaçının faktiki istifadəsində olan hissənin naturada ayrılmasına o halda yol verilə bilər ki, ümumi paylı mülkiyyətdə qalan payların bölgüsünün aparılması mümkün olsun. İddiaçının təqdim etdiyi mütəxəssis rəyində belə ayrılmadan sonra payların qeyri-bərabər, yəni İddiaçı - 69/193 hissə; Cavabdeh1 - 62/193 hissə; Cavabdeh2 - 62/193 hissədə müəyyən edilməsinin mümkünlüyü qeyd edilmiş və bu payların yuvarlaqlaşdırılması ilə payçıların hər birinin 1/3 hissədə pay sahibi ola biləcəyi vurğulanmışdır.
33. Belə anlaşılır ki, cavabdehlərin hər birinə 1/3 hissədən az pay düşməsinə baxmayaraq, iddiaçı öz payından bir hissəni cavabdehlərə onların iradəsinin əleyhinə məhkəmə qətnaməsi əsasında bağışlamaqla öz payından müəyyən hissənin ayrılmasına nail olmağa çalışır.
34. Rayon Məhkəməsi isə cavabdehlərin razılığının və belə bir tələbinin olmamasına baxmayaraq, onların əmlak üzərində payını iddiaçının payı hesabına artırmaqla maddi və prosessual hüquqi əsası olmayan və mülki qanunvericiliyin prinsiplərinə zidd olan qənaətə gəlmişdir.
35. “İddiaçı” “cavabdehin” mənafeyi naminə iddia qaldıra bilməz. Çünki “cavabdeh” iddia tələbinin yönəlməli olduğu şəxsdir. Bu baxımdan iddianın təmin edilməsinin “cavabdehin” maraqlarına uyğun olması fikri prosessual baxımdan da yolverilməzdir. İddia tələbini qəbul etmək cavabdehin hüququdur. Bu, onun üzərinə vəzifə kimi qoyula bilməz. Hazırki iş üzrə cavabdeh tərəf isə hesab edir ki, iddianın təmin edilməsi onun mənafeyinə uyğun deyil.
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər (maddə 220.1.). Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (maddə 220.2.). Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (maddə 220.3.).
37. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının faktiki istifadəsində olan hissənin naturada ayrılmasından sonra əmlakda qalan payların yeni bölgüsünün aparılması mümkün olmadığı üçün iddia payın naturada ayrılması hissəsində də əsassız hesab edilməlidir.
38. Bundan başqa, torpaq sahəsi üzərində olan daşınmaz əmlaklar dövlət reyestrində qeydiyyatdan keçdiyi üçün həmin tikililər nəzərə alınmadan torpaq sahəsinin paylara uyğun bölgüsünün müəyyən edilməsinin hazırki iş üçün əhəmiyyəti yoxdur.
39. Məhkəmə həmçinin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas təşkil edə bilməz. Çünki torpaq sahəsi üzərində inşa edilmiş yeni tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına payçıların hər birinin razılığını bildirməsi və ya əmlakın paylara uyğun olmayan şəkildə faktiki bölgüsü mülkiyyət hüququnu aradan qaldırmır.
40. Buna baxmayaraq, apellyasiya şikayəti fərqli əsaslarla da olsa qətnamənin ləğv edilməsinə yönəldiyi üçün şikayət qismən əsaslı hesab edilməlidir. h) apellyasiya baxışının nəticələri
41. Göründüyü kimi iddiaçı tərəfindən cavabdehlərə qarşı irəli sürülmüş və hazırki apellyasiya baxışının predmetini təşkil edən tələb əsassızdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə əhəmiyyət kəsb edən halları düzgün müəyyən etməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq (apellyasiya baxışında qalmış) iddia tələbini təmin etmişdir. Rayon Məhkəməsinin bu nəticəsi əsaslı hesab edilə bilməz. Apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır.
42. Odur ki, apellyasiya baxışının nəticələrini nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmetində qalan hissədə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi apellyasiya baxışının predmetində qalan hissədə təmin edilməməlidir.
43. Belə ki, MPM-in tələblərinə görə, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir (maddə 389.). Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir (maddə 390.). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun (maddə 387.1.).
44. MPM-in 385-ci maddəsinin tələbinə görə isə, yuxarıda qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.
45. Məhkəmə həmçinin bildirir ki, iddia tələbi apellyasiya baxışının predmetində qalan hissədə cavabdehlərə qarşı təmin edilmədiyindən cavabdehlər hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.
46. İddiaçı, iddia tələbi apellyasiya baxışının predmetində qalan hissədə təmin edilmədiyindən və iddia tələbi qiymətləndirilməyən tələb hesab edildiyindən MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
47. Beləliklə göstərilənləri nəzərə alan, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 sentyabr 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmetində qalan hissədə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı irəli sürdüyü “daşınmaz əmlakın naturada bölgüsü və payın müəyyən edilməsi tələbi barədə” iddiası təmin edilməsin. İddiaçı tərəfindən hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə uyğun olaraq və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən kassasiya şikayəti verilə bilməz.